post-title

Nasist himninin peşman olan müəllifi

"Artıq iyirmi ildir ki, mən bu sətirlərin ağır yükü altında yaşayıram. Amma vaxtilə bu sətirləri milyonlarla adam oxuyurdu, bu sətirlər mənə bütün Almaniyada şöhrət qazandırmışdı. Mən bu sətirləri yazanda on doqquz yaşında idim".

 
 
 
Titrəyir torpağın qart sümükləri,
Müqəddəs vuruşa bircə an qalır.
Yoxdur nə utanmaq, nə şübhə yeri!
Həmləyə keçənlər qələbə çalır!
Aydın və əzəli məqsədimiz var!
Gərək bu dünyanı tar-mar edək!
Bu gün Almaniya bizə olub yar,
Sabaha Yer üzü bil, diz çökəcək!..
 
Bu məşhur nasist gənclər himninin sözlərini yazmış məşhur Hans Bauman indi Münhenin “Leopold” mehmanxanasının vestibülündə mənimlə üzbəüz əyləşib. Onun yaşı əllini keçib. Hans Bauman dazbaş, balacaboy adamdır, gərginlikdən qızarıb tərləmiş üzünü yaylığı ilə silərək, sıxıla-sıxıla, bir qədər də günahkarcasına gülümsəyir: “Bəli, taleyin hökmü beləymiş...”
 
O mənimlə danışmağa gəlib: bir neçə ay əvvəl mən “Literaturnaya qazeta"da onun Axmatovadan etdiyi tərcümələri pisləmişdim. Keçmiş yugendfurerin, Fon Şiraxın sevimlisinin, faşist nəğmələri müəllifinin onu tərcümə etməsi təhqir kimi səslənirdi.
 
O, portfelindən mənim məqaləmin fotosurətini çıxarır:
 
- Bilirsinizmi, bəşəri baxımdan sizi başa düşmək olar, amma...
- Nə “amma “?
- "Titrəyir torpağın qart sümükləri"... Artıq iyirmi ildir ki, mən bu sətirlərin ağır yükü altında yaşayıram. Amma vaxtilə bu sətirləri milyonlarla adam oxuyurdu, bu sətirlər mənə bütün Almaniyada şöhrət qazandırmışdı. Mən bu sətirləri yazanda on doqquz yaşında idim. O vaxt Bavariya meşələrinin dərinliyində dəhşətli yoxsulluq içində yaşayır, müəllim işləyirdim. 
 
Kasıblığın nə dərəcəyə çatdığını təsəvvürünüzə belə gətirə bilməzsiniz. Uşaqlar taxta başmaq geyinir, ac yaşayırdılar. İcazə verin sizə "İşsiz" şeirimi oxuyum:
    
Allah, rəva görmə ölümü mənə,
Allah, çörək göndər yazıq bəndənə ...
 
Varlılara, çirkaba batmış meşşanlara nifrət məni partlamaq dərəcəsinə gətirirdi. Hörmət bəslədiyim yeganə adam mənim məktəb tərbiyəçim idi. O, keçmişdə cəbhə zabiti, təyyarəçi olmuşdu, əla idmançı kimi tanınırdı. O, meşəyə yürüşlər təşkil edir, tonqal başında bizə mahnılar oxutdururdu. Yox, o, meşşana bənzəmirdi: onda romantika hissi, yoldaşlıq ruhu, fədakarlıq eşqi vardı. Bir dəfə mən öz nəğməmi, qart sümüklər haqqında yazılmış həmin nəğməni ona göstərdim. Bu çağırış idi, gənclərə müraciət idi: həyatı öz əlimizə alaq, dünya bizə, yəni gənclərə məxsus olmalıdır.  
 
... Hoyte Hert Doyçland,
 Und morgen di qanze Velt!
 
(Bu gün bizi Almaniya eşidir, sabah isə bütün dünya eşidəcək)
 
Müəllim təkcə bir sözü düzəltdi: "Hört" (eşidir ) sözünü "gehört" (məxsusdur) şəklinə saldı, ikicə hərf, xırdaca ön şəkilçisi əlavə etdi, heç qafiyəni də dəyişmək lazım gəlmədi.
 
Nəğməni gənclər məcmuəsində dərc etdilər, mən qol-qanad açdım, özümü şair kimi hiss etdim... Siz mətni yazmaq istəyirsiniz?
 
O, karandaşı əlimdən alıb dairəvi, iri xətlə bu sətirləri dəftərçəmə yazdı :
 
Hürüşsün meşşanlar, bizləri dansın,
Sərsəm sözlərinə kim inanacaq!
Qitələr alışsın, od tutub yansın,
Qələbəysə bizim, bizimdir ancaq!
 
O ehtiyatla çəp-çəp mənə baxdı. Mən soruşdum:
 
 - "Od tutub yanan qitələr" deyərkən  siz nəyi nəzərdə tuturdunuz, bunu konkret olaraq necə təsəvvür edirdiniz? Bəlkə müharibə şəklində təsəvvür edirdiniz?
 
O köks ötürdü:  
 
- Necə deyim... Əlbəttə, müharibə şəklində yox. Daxilimdə sadəcə olaraq ehtiras, pafos, nəsə qeyri-müəyyən bir duyğu baş qaldırmışdı. Öz   sözlərimin axınından nəşələnirdim... Otuz üçüncü ildə nasistlər artıq hakimiyyət başına gəldikdən sonra, məni gözlənilmədən hitlerçi gənclərin rəhbəri Şiraxın yanına çağırdılar. O vaxt belə bir çağrışın mənim üçün nə demək olduğunu anlaya bilərsinizmi? O zamanlar bu, misilsiz şərəfə layiq görülmək idi... Həm də ki Şirax özü şair idi. O, mənimlə həmkar kimi, qələm yoldaşı kimi danışırdı. Bu cür münasibət harada, Almaniyadakı hansı idarə üsulu şəraitində mümkün ola bilərdi? Əvvəllər dövlət polisə, orduya, işgüzar adamlara ehtiyac duyurdu, incəsənət isə bütün dövrlədə öz təbiətinə görə ona yad idi. İndi isə şair dövlətə gərək olmuşdu. Dövlət mənim əlimlə yazılmış sətirlərə ehtiyac hiss edir, onları öz himayəsi altına alırdı... O zamanlar bütün varlığımı bürüyən birinci hiss təşəkkür hissi idi. Qəlbimin dərinliklərindən qopub gələn səmimi təşəkkür hissi. Bu təkcə mənə deyil, poeziyaya etibar göstərildiyinə görə yaranan təşəkkür hissi idi...
 
- Axı elə həmin vaxtlarda Almaniyada Heynenin şeirlərini tonqala atıb yandırırdılar. Tomas və Henrix Mann, Leonqard Frank, Brext, Bexer isə artıq sürgündə idilər. Məgər siz bunu bilmirdiniz?
 
- Əlbəttə, bilirdim...Heyne ! O mənim sevimli şairim idi, mən ona pərəstiş edir, əsərlərini əzbər bilirdim, inanın... Amma bilirsinizmi, Heynenin əsərlərinin qadağan edilməsi bütün ölkəni bürümüş möhtəşəm yenidənqurma ilə müqayisədə xırda bir iş kimi görünürdü. Ah, Hitlerin təsirindən gözləri qamaşan təkcə mən deyildim!..
 
O artıq mənim suallarımdan yorulmağa başlayırdı, onu başa düşəcəyimə ümidini itirirdi. Əslində, o buna alışmışdı. Bilirdi ki, onu əvvəlki kimi yenə də nasist hesab edirlər, sol istiqamətli mətbuatda lağa qoyurlar, tez-tez "qart sümükləri" yada salırlar. O isə çoxdandır ki, siyasətdən uzaqlaşıb: tərcümə lirikası ilə məşğul olur, uşaqlar üçün şeirlər yazır...
 
O, qəhvəyi supercildli bir kitabı mənə göstərdi: "On əsrin rus lirikası" – “İqor Polku dastanı”ndan Bella Axmadulinayadək böyük bir dövrü əhatə edən bu əsərə başqası bütün ömrünü həsr edərdi. Mən mündəricatı gözdən keçirdim: bılinalar, xalq mahnıları... Derjavin, Puşkin, Lermontov, Tutçev, Nakrasov, Fet, Sluçevski, Vladimir Solovyov, İnnokenti Annenski, Poliksena Solovyova, Blok, Xlebnikov, Mayakovski, Erenburq, Mandelştam, Pasternak, Aseyev, Kirsanov, Şefner, Tatyaniçeva, Aliger, Baruzdin, Voznesenski, Yevtuşenko, Tamara Jirmunskaya...
 
- Nə üçün siz tərcüməçi kimi məhz rus poeziyasını seçdiniz?
          
Söhbətimiz bir növ istintaqı xatırladırdı: mən dəftərçəmdə qeydlər edir, o isə üzbəüz oturub özünü itirmiş halda olub-keçənləri izah etməyə, əməllərinə bəraət qazandırmağa çalışırdı.
 
- Ah, bu uzun əhvalatdır. Həmin əhvalat hələ müharibə illərində, cəbhədə, ilk dəfə ruslarla görüşdüyüm, rus danışığını eşitdiyim vaxtdan başlanıb... Bizim polk Volxov ətrafında balaca bir kənddə məskən salmışdı. Rus danışığının ahəngdarlığı, adamlar, təbiət məni sehrləmişdi...Sonra məzuniyyət alıb evə gəldim, arvadım Rusiyadan gətirilmiş bir qadın götürdü (“gətirilmiş, götürdü” sözləri mənə bərk toxundu, dərhal həmin sözləri dəftərçəmə yazdım, onun isə heç halı da dəyişmədi. Onun üçün bunlar adi məişət sözləri idi). Biz o qadını doğma adamımız kimi sevdik. O, rus poeziyasını yaxşı bilirdi, axşamlar  tez-tez Krılovun təmsillərini, Nekrasovun, Puşkinin şeirlərini əzbər söyləyir, bizə bir qədər rus dili öyrədirdi (“işğal altında olan əhali ilə danışa bilmək üçün” - deyə mən özlüyümdə əlavə etdim). Onun sonrakı həyatı barədə heç nə bilmirəm. 
 
Amma həmin qadın ilk dəfə qəlbimə şübhə toxumu səpdi: mən bu müharibədə iştirak etməklə düzmü iş görürəm? Ruhdan düşmək üçün başqa bir səbəb də vardı. Bu səbəb bizdə yaşayan və arvadıma musiqi dərsi verən başqa bir qadınla bağlıdır. Həmin qadın yəhudi idi, bununla belə biz onu ailəmizin üzvü sayırdıq. Qırx ikinci ildə onu apardılar. Mənim şeirlərimdə boy atan və mənim sözlərimlə dünyanı təzələməyə and içən adamlar apardılar. Nə etmək olardı? Mən makedoniyalı İsgəndər haqqında pyes yazmağa başladım, onu kobud və amansız istilaçı kimi qələmə aldım. Pyes zəif idi, amma burda eyham vardı! Söhbətin kimdən getdiyini hamı başa düşməli idi. Məşhur aktyor Qrundgens tamaşanı hazırlamağa girişdi. Lakin Göbbels də iy bilməkdə mahir idi: mənim pyesimi qadağan etdilər, özüm isə yenidən Şərq cəbhəsinə, səngərlərə yollandım, əsgərlərimlə birlikdə bütün əzab və məhrumiyyətlərə dözdüm. Demək olar ki, mən cəbhəyə bu mənfur aləmdən canımı qurtarmaq üçün qaçmışdım, səngərlərdə sifarişçilərimdən və hamilərimdən sığınacaq tapmaq istəyirdim, qəzetlər isə yazırdılar ki,  şanlı şairimiz əldə silah fürerin yolunda çarpışır. Özü də bunu təkzib etməyə cəsarətim çatmırdı: axı əslində hər şey onların yazdığı kimi idi.
 
 - Siz yenə də şeir yazırdınızmı?
 
 - Yazırdım... Amma tamamilə başqa ruhda. Çap olunmaq üçün yox. Yeri gəlmişkən deyim ki, belə sətirlərim də vardı: “Əgər müharibə hər şeyin atasıdırsa, qoy mərhəmət də hər şeyin anası olsun...”
 
Biz yerimizdən qalxdıq. Mən onun hədiyyə etdiyi kitabı götürdüm və sözarası dedim ki, bir dəfə onun "Qart sümüklər" nəğməsindən bir neçə sətri tərcümə etmişəm.
 
O sevincək halda soruşdu:
 
 - Necə ? Nə yolla?
 - Bir antifaşist romanda həmin nəğmədən misal gətirirlər: nasist gənclər onu oxuyurlar.
 O dedi :
 - Maraqlıdır. Bəlkə söyləyəsiniz?
 O başını geri əyib öz sətirlərini dinlədi, sonra xahiş etdi :
 - O sətirlərin tərcüməsini yadigar olaraq yazıb mənə verin.
 
Lev Ginzburq
 
Hazırladı : Röyalə Məmmədova
 
Kultura.az
Yuxarı