Moskva Dövlət Universitetini bitirmiş, azad fikirli davranışına görə 1834-cü ildə həbs edilmişdi. Həbsdən çıxıb, yenə eyni ruhla antirejim məzmunlu əsərlər yazmış və yenidən tutulacağını görüb 1847-ci ildə həmişəlik Rusiyanı tərk etmişdir.
Avropanı gəzmiş, Almaniya, Fransa, İtaliya və İsveçrədə yaşayıb, çoxlu sayda bədii, publisistik və fəlsəfi əsərlər yazmışdır.
Bədii əsərləri, əlbəttə, rus ədəbiyyatında yeni səhifə açmayıb, lakin siyasi, fəlsəfi publisistikasına görə yalnız Avropa mütəfəkkirləri ilə müqayisə oluna bilər və onların da ən seçilmişləri ilə.
«Fransa və İtaliyadan məktublar» əsərində Almaniya, Fransa, İtaliya xalqları, onların xarakteri, taleyi, siyasi rejimləri, 1789-93, 1830, 1848-ci il Fransa və Avropa ölkələrində baş verən inqilablar haqqında çox dərin mənalı, yüksək publisistik ehtiraslı düşüncələrini bu gün belə, nəfəs dərmədən, həyəcansız oxumaq mümkün deyil.
Rus ədəbiyyatında və xüsusən, ictimai, siyasi, fəlsəfi fikrində ikinci belə bir zəkanın əmələ gəlməməsi məni bir daha əmin edir ki, Gertsen familyasının (mənası almanca «ürək», «herz») götürülməsi heç də təsadüfi deyil, atasının alman mənşəli olduğunu göstərir. Bu mənada bu qüdrətli zəkanın mənşəyi aydınlaşır. Çünki rus beyni nəinki bu cür dərinliklərə, hətta bu həqiqətlərə heç bir şəkildə və heç bir şəraitdə qadir deyil.
Gertsenin hələ gənc yaşında zülm yuvasını tərk edib, fikir səltənətinə köçməsi də onun, əcdadlarının qan səsinə səs verməsi kimi bir şeydir.
Gertsen, bizim bu yazı kimi, kiminsə və kimlərinsə ümumiyyətlə, nə düşündüklərini və ya nələr barədə düşündüklərini şərh etməkdən çox uzaq olub, tamamilə həyat və hadisələr barədə özünün düşüncə və qənaətlərini qələmə almışdır. Və bu düşüncə və qənaətlər parlaq, obrazlı və doğru idi. O, dumanlı konsepsiyalar arxasında gizlənmir, həyat və onun mahiyyətini tamamilə yeni, təkrarsız bir ehtirasla açıb-tökürdü.
Bu dərin mühakimələr çox vaxt amansız və kədərli idi. Bu cəhətdən şəxsən mənim üçün Gertsen, çox qəribə səslənsə də, Nitsşenin ideya mənbələrindən biri sayıla bilər. Bəli, hətta belə!
Və bütün bunlar onu bir mütəfəkkir kimi, Belinski və çernışevskilərdən və onların məktəblərinin nümayəndələrindən çox-çox yüksəkdə qoyur.
Mən əvvəllər uzun müddət onun inqilab və sosializm ideyalarına rəğbətinin mahiyyətini dərk etməyib, daha doğrusu, məsələnin mahiyyətinə baş vurmadığımdan Gertsenə rəğbətim az idi. Sonralar, ötəri də olsa, onun inqilabi ideyalarında rassionalizmlə tanış olub, bir mütəfəkkir kimi «Dünya filosofları» və «Müdriklik məbədi» antalogiyalarına daxil etdim. Çünki bir real və aydın düşünən bir mütəfəkkir kimi Gertsen, Hegel kimilərdən belə, yüksəkdədir. Bu, çoxlarına qəribə gələ bilər, çünki ya onun siyasi, fəlsəfi publisistikası ilə tanış, ya da bu əsərlərdəki həqiqətləri qiymətləndirmək gücündə deyillər.
Sovet dövründə onu sosializm ideyalarına rəğbəti olan bir yazıçı kimi, daha çox təbliğ edirdilər, ideyalarının mahiyyətinə çox da baş vurmurdular. Hərçənd ki, tamamilə sovet ideologiyasına zidd olan əsərləri hətta keçən əsrin 50-ci illərində külliyyat şəklində çap da olunmuşdu. Təəssüf ki, mən həmin külliyyatı asanlıqla əldə edə biləcəyim halda, bu fürsəti əldən qaçırmışam. Hazırda əlimdə 30 cildliyinin yox, 9 cildliyinin 1 cildi var və bu yazını həmin cilddəki əsərlərə əsasən qələmə alıram.
Beləliklə, Gertsen nə deyib?
Mən də uzun illər, 90-cı illərdə ölkəmizdə bərqərar olan rejimə qədər hər cür inqilabın əleyhinə idim. Yalnız sonralar başa düşdüm ki, Gertsen inqilab arzulamaqda nə qədər haqlı imiş.
Lakin necə inqilab? 1789-93-cü illər Fransa burjua inqilabı və ya 1917-ci il Rusiyada hakimiyyət çevrilişi kimi yox. Hər iki hadisə Fransa və Rusiya xalqları üçün elə bir fəlakət oldu ki, 10 illərlə ağlasığmaz terror və zorakılıqlardan ölkə 100 il geri atıldı.
Gertsen çarizmə, tiranlıq və diktaturaya son qoyan inqilabları arzulayırdı. Lakin belə inqilablar nadir hallarda baş verir. Əksər inqilablar nəinki öz əleyhdarlarını, Fransa və Rusiyada olduğu kimi, hətta öz övladlarının belə, başlarını yeyir. Robespyer, Dantonun, Stalin isə Trotskidən tutmuş, hamının başını yediyi kimi.
Lakin 1789-93-cü il inqilabının söndürülməsi Gertsendə etiraz oyatmırsa, 1830 və 1848-ci il inqilablarından sonrakı qəddarlığı Gertsenin öldürücü atəşləri ilə rastlaşır. Xüsusilə, inqilablara səbəb olan monarxiya təmsilçilərini Gertsen necə parlaq epitetlərlə öldürür. Budur, belə dahiyanə epitetlərdən bir neçə misal:
«Din kannibalları» (bugünkü İran rejiminə necə yaraşır!);
«Xroniki ümid xəstələri» (Azərbaycanda hər seçkiqabağı müxalifət partiyaları və qəzetlərinin çığır-bağırla hazırlığı);
«Polis quldurları» (ümumiyyətlə, hər yerdə belədir, amma bizdə xüsusilə!);
«Tiransız tiranlıq» (Çində və başqa ölkələrdə);
«Xeyirxahlıq çaqqalları» (Avropa ölkələri başçıları və parlamenti).
Əlisa Nicat