post-title

Herman Hesse - Ədəbiyyatçının iş günləri

Xanım Aydının tərcüməsində Nobel mükafatlı yazıçı Herman Hessenin "Ədəbiyyatçının iş günləri" adlı essesini təqdim edirik.

 
 
Şəhərdən, cəmiyyətdən uzaqlaşmış, tənhalığa çəkilmiş bir insan üçün poçtun böyük əhəmiyyəti var. Sən nə qədər də fikrini cəmləməyi, özünə qapılmağı arzulasan da, həyat buna imkan vermir. Görüşmək istəmədiyin, sevmədiyin insanlar  hər səhər məktub şəklində özlərini sizə yetirər, evinizə, atmosferinizə əməyin, zəhmətin, həyatın və müəyyən qədər həqiqətlərin gücdən düşmədiyini göstərmək üçün daxil olarlar. Lakin indi müharibənin sonundakı həyəcanlı alatoranlıqlarda mənim müxbirliyim necə də cılız və təsadüfü görünür. Məhz indi – ona bu qədər ehtiyacımız olduğumuz bir zamanda, bir çox dostlarımızdan ötrü bu qədər çox darıxdığımız, yaxın bildiyimiz insanlar üçün narahat olduğumuz bir vaxtda həqiqət axınından,  xəbərlərdən, insani qorxulardan, demək olar ki, heç bir əsər-əlamət qalmayıb. Görəsən, mənim ən sadiq dostum, naşir Peter Zurkamp sağdır? O, mənə olan inamına və sədaqətinə görə gestapo divarları arxasında fəlakətlərə məruz qalmışdı. Görəsən, mənim məhv edilmiş kitablarım barəsində heç düşünürmü? Son məktublarında bir neçə ay öncə Terezindən (Çex respublikasının ərazisində yerləşən faşist  konslageri) ünvansız sürgün olunmuş insanlar, görəsən, sağdırlarmı? Mənim dostum, qohumum, orqan və çembalo ifaçısı, musiqişünas müharibədə Polşa lazaretində sıravi tibbi-sanitar olan Ferromontun aqibəti necə oldu? Bu cür məni narahat edən yüzlərlə suala günlərlə, həftələrlə, aylarla cavab gözləyirəm. Bir il öncə təsəvvürümə belə gətirə bilməzdim ki, Almaniyadan hələ də üzərinə Hitler markaları yapışdırılan məktubları necə səbirsizliklə gözləyə bilərəm. 
 
Həyat davam edir. Poçt işi isə hələ də tam canlanmayıb. Həqiqətən də, gözlədiyin, intizarında olduğun məktubların əvəzində heç də böyük əhəmiyyəti olmayan, gözlənilməyən məktubları alırıq. Amma ilk baxışdan bu cür lazımsız görünən məktublar da bəzən insanı düşünməyə vadar edir. 
Məsələn, dünən səhər mənə poçtla bir çox yazılarla yanaşı üç məktub da gəlib. İlk baxışdan mənasız görünsələr belə, onlar da real həyatın və ümumdünya gündəliyinin yenilikləridirlər. Oxuyub əhvali-ruhiyyəm yüksəldi, hətta üzümə təbəssüm də qondu. 
 
Birinci məktub o birilərindən daha qalın görünürdü. Və mən ona şübhəylə baxırdım. Adətən, bu cür məktublarda bəzən yaşlı, bəzənsə gənc həmkarlarım mənə öz əsərlərini göndərirdilər ki, onları oxuyum, dəyərləndirim və çap etdirmək üçün nəşriyyat tapmağa köməklik göstərim. Məktubu açdım. Fərziyyələrim məni aldadırmış. Bu, əlyazma deyildi. Əksinə, mənə çox tanış olan "İnzel" nəşriyyatında çap olunmuş mənim seçilmiş şeirlərimdən ibarət olan bir kitabça idi. Kitabı bukinist mağazasından almış bu məktubu göndərən şəxs məni kitabın forzasındakı ithafla yanaşı, öz əl işim olan oval gül çələngi ilə diqqətimi çəkdi. Mən bir zaman bunu xüsusi zövq vermək istədiyim bir insan üçün çəkmişdim. O isə görünür, buna qiymət verməmiş, kitabı bukinistə satışa verib. Bax indi isə həmin kitabı bu adam bukinistdən almış və o şəklin, həqiqətən də, mənim çəkdiyimi təsdiqlətmək üçün mənə göndərmişdir. Boyun qaçıra bilmərəm. Gərək onu tanıyım və yeni sahibə istədiyi məlumatı verim. 
 
Bu işdən tez yaxa qurtarmaq üçün elə bir-iki sətir yazmışdım ki, kabinetimə bizim evdə qonaq olan və mənim hər səhər qarşısında bir az poza aldığım rəssam dostum gəldi. Biz salamlaşdıq. O, molbertini yerləşdirib, köynəyini geyinib, önlüyünü taxana, palitrasına nəzər yetirənə kimi, mənə göndərilənlərin arasından ən böyüyünü – düz, yastı, kağızın dörddə biri boyda olan əyilməyən bir bağlamanı seçib çıxartdım. Sanki, tanıdığım hər hansı bir rəssam mənə şəkil hədiyyə göndərmişdi. Poza aldığım zaman müddətində mənim sevgi və hörmətlə çəkdiyim, lakin bəyənilməyib bukinistə satılmış gül çələngli kitab barəsində düşünməkdənsə, təsəvvürümə gözəlliklər gətirmək daha xoş olardı. Buna nə qədər də laqeyd yanaşsam da, xətrimə dəydiyini hiss etdim. Və beləliklə də, mən naməlum şəxs tərəfindən göndərilən bağlamanı açmaq qərarına gəldim. Əgər bu mənim zənn etdiyim kimi hər hansı bir gənc rəssamın rəsm, şəkil, qravüra və ya litoqrafiyasıdırsa, indi alacağım poz zamanı onun barəsində düşünərdim, söhbətləşərdim. Lakin zənnimdə yanılmışdım. Qalın kartondan olan qovluqda  ikiyə qatlanmış vərəqlər  – 4 səhifəlik dəftər və üstəlik, məktub da varıydı. O həmin vərəqləri bu şəkildə doldurub ona geri göndərməyimi xahiş edirdi: ilk iki səhifədə mən, xüsusilə, ondan ötrü öz əlyazmamla qısaca tərcümeyi-halımı yazmalı, o biri səhifədə şəklimi yapışdırmalı, sonuncu səhifədə isə bunu yazan adama nəsə çəkib ithaf etməliydim. 
 
Necə qəribə bir məktubdur! Bu qeyri-adi xahiş yazılmış məktub və qovluğu molbert arxasına yenicə əyləşmiş dostuma göstərdim. O, əvvəlcə çox təəccübləndi. Lakin sonra qovluğa baxıb gülümsəyərək söylədi: “Mənə də bu cür məktub gəlib. Rəsm, foto və ya ithaf istəyiblər. Düşünürəm ki, o adi bir adam deyil, kolleksiyaçıdır”. 
 
İndi artıq nə edəcəyimi bilirəm. Biz gülüşdük və seans başladı. Rəssam modelin fitnə-fəsadları ilə qəhrəmancasına savaşır, mənsə iyulun istisində düşüncələrə dalaraq, az qala, mürgüləyirdim. 
 
Sonra gərək qalan poçtu da nəzərdən keçirim. Ardınca məni cəmi bir sürpriz gözləyirmiş. Yaxınlıqda olan şəhərdən bir nəfər mənə italyanca yazıb ki, təcili ona zəng edib vacib bir işlə bağlı görüş təyin edim. Görəsən, bu dəfə nə məsələdir? Çox güman ki, onun uşaqlarından biri şeir yazır və mən məktəbli səviyyəsində olan şeirlərə əsasən, uşağın istedadını qiymətləndirməliyəm. Amma xarici dilli yazıçıya müraciət etməsi mənə çox təəccüblü gəldi. 
 
Bizim evdə telefonla bağlı məsələlərə həyat yoldaşım baxır. Ona görə də məktubu xanımıma verdim. O, zəng vurdu. Bir xanım dəstəyi qaldırdı. Soyadımızı eşidən kimi o, bizim nə vaxt onlara gələ biləcəyimizi xəbər aldı. 
Yoldaşım etiraz edərək mənim artıq yaşlı bir adam olduğumu, daha əvvəlki kimi çevik, hərəkətli olmadığımı və nə məsələ ilə bağlı məni ora dəvət etdiyini soruşdu. O, mənim haqqımda hər şeyi – necə yazıçı olduğumu da, öz işimdə peşəkarlığımı da artıq bilirdi. Lakin onun istəyi adi bir istək olmadığından telefonda bu barədə danışmaq istəmirdi. Mənim yoldaşımsa israrla dəvətin səbəbini soruşdu. Zəng vuran xanım bir az düşünərək tutulmuş və bir az da həyəcanlı səslə dedi: “Bəli, mən sizə deyə bilərəm. Söhbət romandan gedir". 
 
Yoldaşım təəccüblə ona cavab verdi: "Roman? Nə roman? Kim isə roman yazıb və siz istəyirsiniz ki, mənim yoldaşım onu oxusun?" 
 
Etiraz: "Yox, heç də elə deyil. Senyor romanı oxumamalıdır, özü yazmalıdır. Bizim evdə baş verən hadisələr bir roman üçün yaxşı material ola bilər. Biz çox soraq etmişik. Lakin bu əsərin yazılmasını sizin həyat yoldaşınıza həvalə etmək istəyirik. O, nə vaxt bizə gələ bilər?" 
 
Yoldaşım cavab verdi: "Senyor, həqiqətən də, romanlar yazır. Lakin o, öz təxəyyülünün məhsulunu canlandırır. Bu başqa cür ola bilməz. Bizi üzrlü hesab edin”. Bunları eşidən qadın xeyli məyus oldu. 
 
Beləliklə, mən ahıl yaşımda öyrəndim ki,  necə müəyyən hallarda həkimə, polisə, vəkilə ehtiyac duyulur, o cür də bəzən ədəbiyyata və ədibə də böyük ehtiyac olur. Və bunu telefonda izah etmək mümkün deyil. Mənim bugünkü poçtum zəngin olmasa da, onda mənfi də heç nə yox idi. Bir anlıq, kolleksiyaçıya göndərdiyi qovluğ tamamlanmamış olsa da, geri göndərmək istəyinə düşdüm. Lakin düşündüm və etmədim.                                                 
 
Kult.az
Yuxarı