post-title

Melodiyalar kralı

Əbədi olan şeylər gözəl deyilsə...

 
 
İoann Ştrausu «valsın kralı» adlandırırlar. Və doğrudan da, onun yazdığı 500 valsın içində incilər də var.
 
İsaak Dunayevski, əlbəttə, 500 mahnı yazmayıb, bəlkə də yazıb, lakin mən bir neçəsini eşitmişəm. Və bu 5-6 mahnı onu anlayanlar, musiqisevərlər üçün səcdəgaha dönüb.
 
Vallah, billah, bu mahnılar insan istedadı məfhumuna, çərçivəsinə sığmır, əgər ibtidai, daş dövrü olsaydı, yəqin ki, ona Allah kimi səcdə edərdilər. Çünki bu mahnıları sanki, insan beyni yox, mələklər yaradıb.
 
Sənətdə siyasəti sevməyənlər Dunayevskini guya, sosializmi təbliğ etdiyinə görə tərifləyə bilmirlər. Lakin bu möcüzə-insan nəyi təbliğ edir, etmir, fərqi yox idi, o, insan hisslərinin şahı olan məhəbbətin qüdrətini, gözəlliyini musiqi dili ilə ifadə edirdi, özü də necə!
 
Əgər dahilər Allahın tanıdığı, nəzarəti altında saxladığı 10 milyondan, lap bəlkə, 100 milyondan bir insanlardırsa, beləsini necə cəmi 50 yaşında alıb aparır? Öz yanınamı? Buna inanmaq olmur. İnsanın bir topa alov, tüstü və atomlar toplusuna çevrilib, əbədilik mövcud olması mistika kimi, ağla batmır. Bəs, onda bu boyda istedad necə öldü? Çürüdü getdi, vəssalam?
 
Biz «Kuban kazakları» filmində «Kalina kolluğu çiçək açır» mahnısından bəhs etmişik, lakin bu filmdə bir yox, bir neçə mahnı var. Yerə aid olmayan, murdar işlərlə məşğul olan, burnundan ifrazat axıb gələn «insan» adlı məxluqlara yaraşmayan bu mahnı adamı yandırıb-tökür.
 
Höte yazır ki, gözəllik keçicidir, ona görə ki, yalnız keçici şey gözəl ola bilər. Qəribədir, deyilmi? Deməli, əbədi olan şeylər gözəl deyil. Bəs, almas, topaz, yaqut daşları? Bəli, cansız daşlardır, gün altında bərq vursalar da.
 
Melodiya isə canlıdır, insan qəlbinin səslərdən əmələ gələn surətləridir. Budur, həmin fəlakətli filmdən «Necə idin, elə də varsan» mahnısı. Onun lirizmini, ahəngini, gözəlliyini, emosional təsirini sözlə ifadə etmək mümkün deyil, sadəcə, qulaq asa bilirsən. Və bu dinləmə insan orqanizmi üçün xeyirlidirmi? Mənə elə gəlir ki, «Kalina kolluğu» kimi, bu mahnı da insan qəlbinin hüceyrələrini gəncləşdirir. Onu dinləyərkən, mənim üzümü, gözlərimi görənlər ən azı, təəccüb edərdilər.
 
Dünyada indiyə kimi 10 min, bəlkə də, 100 min bəstəkar olub. Hamısının adı tarixə düşməyib. Mən onların paradını təsəvvür edirəm. Əlbəttə, lap qabaqda dəstə ilə Bethoven, Üzeyir bəy, Dunayevski, Motsart, Rimski-Korsakov, Blanter, Knipper, Şopen, Müslüm Maqomayev, Cahangir Cahangirov və başqaları addımlayırlar. Onlar çox deyillər, cəmi 10-15 nəfərdirlər. Qalanları sadəcə, peşəkarlar, bir-birindən fərqlənməyən opera və simfoniyalar yazan şonberqlər, strabinskilərdir. Həmin 15 ad olmasa, onların yaratdıqları olmasa, deməli, dünyada musiqi yoxdur.
 
Mən bir şeyə də təəccüb edirəm, heç bir pələng, ayı, ceyran, qoyun, at içində seçim aparmaq olmur. Axı, bir atın digərindən bərk qaçması seçim üçün əsas ola bilməz, seçim yaratmaq, qeyri-adi istedadları olanlar arasında və ya 15-20 yaşlarında qızlarda mümkündür. Bəs, Təbiət, kor Təbiət niyə bu cür seçimə imkan verən növ yaradıb? «İnsan» adlı növ?
 
Budur, 10 milyon fabrik məhsulu olan bu cür məxluq içindən biri çıxır Aristotel, Nitsşe, Kafka və Dunayevski olub, bütün sistemləri pozur, həyatın mahiyyətini dəyişir. Niyə? Əgər onların buynuzları olsaydı və ya onlar 50, ya 63 il deyil, 150-200 il yaşasaydılar, mən bu fərqi başa düşərdim. Amma axı, bu 15 nəfər də həmin milyonlar kimi, hətta onlardan da az yaşayır, bəzən hətta ehtiyac içində. Bax, bunu başa düşə, izah edə bilmirəm.
 
Birinin gözəl səsi var, biri bərk qaçır, biri çox uzağa və ya hündürlüyə tullanır, bunları başa düşürəm, orqanizmin xüsusiyyətləridir. Amma «Metafizika»nı, «Türk marşı»nı, «Appasionata»nı, «Koroğlu» operasını, «Kalina kolluğu»nu, Sikstin «Madonna»sını, «Mona Liza»nı yaratmaq və yaradanlar təkrar olunmur.
 
Axı, hələ İsa peyğəmbər demişdir: «Qoyun bu ölülər öz ölülərini dəfn etsinlər». Deməli, insanın diri ikən də, ölü olduğu çoxdan məlumdur. Amma bu xüsusiyyəti dunayevskilərə necə aid edəsən? Necə əlin gəlir onu da bazar hambalı kimi, 50 il yaşadıb, eyni qismətə layiq görürsən? Əgər sənin üçün hamı mütləq dərəcədə eyni şeysə, bəs onda «Kalina kolluğu»?
 
Ayın 20-də bütün günü bütün televiziya kanallarında axmaq vəziyyətə, camaatın dalğa-dalğa, ölü halında ardı-arası kəsilmədən keçib getməyinə baxa bilmədim. Çünki həm yazığım gəlirdi (gör nə günə qoyublar), həm də… necə deyəsən?
 
Bu cür sürü içindən, bu cür məxluqlardan necə Üzeyir kimilər çıxır? Bu boyda sürüdə bir nəfər fikirləşə bilmir ki, 10 milyon adamın küçəyə atılıb sürünə-sürünə yaşamağa məcbur edildiyi, hər ailədə hər gün əlacsızlıqdan və ümidsizlikdən intihara əl atıldığı təşkil edilə-edilə, bu gülməli mərasim kimə və nəyə lazımdır? Və kimə və nəyə görədir?
 
Biz insan cildində doğulan, mələk olub yaşayan və sonra yenə insana dönüb, hamının düşdüyü günə düşən fövqəlbəşərlərin nə məqsədlə dünyaya gəldiyini anlaya bilmirik.
 
Əlisa Nicat
Yuxarı