Göydə baş verib yerdəki həyatlarına təsir edən təbiət hadisələrini anlamaqda aciz olan insanlar, yaşadıqları yerin coğrafi şərtlərinə uyğun yaradılış hekayələri uydurmağa başlayıblar. Zaman keçdikcə mifologiyalar sistemləşib dinlərə çevrildi, insanlar öz arzularını və yaşamaq istədikləri həyatı onlara dinin verə biləcəyini düşündülər. Dinlərin yaradılışa dair irəli sürdükləri fikirlərlə razılaşsaq, ortaya bir sual çıxır: ilk insanlar - Adəm və Həvva yaradıldıqları və cənnətə qoyulduqları andan etibarən necə yaşamağa başladılar? İlk təəssüratları necə oldu? Heç bir keçmiş səhv və ya düz təcrübəyə əsaslanmadan, anidən yetkin insan kimi yaşamağa çalışmaq necə bir hissdir? İlk sevincləri, ilk kədərləri, ilk uğursuz və uğurlu cəhdləri nələr idi?
Onlar bir-birlərini necə başa düşürdülər? Mark Tven özünəməxsus satirik və düşündürücü tərzi ilə bu suallara öz kitabında cavab axtarır və ya sadəcə ilk insanların yaşayışlarını təsəvvürümüzdə canlandırmağa cəhd edir.
Hekayələrdə həmçinin qadın-kişi münasibətləri fonunda hər iki cinsə məxsus xüsusiyyətlər - qadın sentimentallığı və kişi realizmi də müxtəlif misallarla əks etdirilir.
Kultura.az