Bu gün bizdə fəaliyyət göstərən xeyli sayda sayt və portallar var ki, bircə gün hətta bircə dəfə o sayta daxil olmaqla, orada kimlərin çalışması, hansı düşüncədə insanların bu saytı işlətməsi və hansı məqsədlə işlətməsi sənə tam aydın olsun. Hər gün istəmədən belə olsa, xəbər başlıqları gözümüzə soxulan bu saytların xəbərləri əsasən səfeh inanclar, dəhşətli qeyri-adi hadisələr haqqında nağıllar, vəhşət saçan xəbərlər və əsasən intim başlıqlı xəbərlər və şəkillərdən ibarət olur. Avam, internetdə boş-boşuna avaralanan və gördüyü, dayaz ağlını çəkən hər şeyə tıklayan yarımçıq insanlara hesablanmış xəbərlər.
Əlbəttə, bu dünyanın hər yerində var - sadəcə klikə hesablanmış, insanların diqqətini asanlıqla çəkən xəbərlər vasitəsilə pul qazanmaq. Ancaq bununla bərabər, başqa ölkələrdə həm də ciddi və çox keyfiyyətli saytlar da var ki, orda siz ciddi samballı mətnlərlə, müsahibələr və araşdırmalarla tanış ola bilərsiz. Bu cür saytlara girəndə yazılar, mətnlər səni buraxmır. Ona görə bu saytlar daim çətinlik çəkmədən izləyici qazana bilir və öz ağırlığı ilə bəhs olunan axmaq saytları sıxışdırıb sıradan çıxarır. Küncə sıxıb yerini göstərir.
Bizdə isə əksinə bu xəbər başlıqları, bu silsilədən olan xəbərləri tirajlayan saytlar digər hamısını üstələyir. Sayt klik qazanır, ancaq klik edən heç nə qazanmır. Hətta əksinə, əsəbi, fantaziyası, ruh halı bu xəbərlərlə daha da pozulur. Razılaşaq ki, gözəl qadınların lüt bədənlərinə baxmaq, ağır qətl xəbərləri oxumaq, müxtəlif intim söhbətlərlə fikri məşğul eləmək heç kimə yaxşı heç nə vermir.
Bizim bugünki əsas sayt və portalların xəbər başlıqlarına baxaq. Məsələn, bu gün hələ aralarında seçilən, mədəniyyət, incəsənət saytı olan Kulis.az-da gedən bəzi yazı başlıqları.
1) Sevgilin pornofilmə çəkilibsə
2) Prezervativin kəşfi, çimərlik və soyunan qadın
3) Savaşmaq və soyunmaq haqqında seçim
4) Evliykən sevgilisindən uşağı olan Acun
5) Bacısı zorlanmış kişi nə edir?
6) Kütləvi seks çatışmazlığı
7) Subaylara fahişə pulu verilsin
8) İran qızlarının çılpaq şəkilləri
9) Harada ana öz qızına yengəlik edir?
10) Skype-da qız soyundurmaq seksual inqilabdırmı?
İndi bu sayt haqqında bir oxucuda hansı fikir yaranmalıdır? Şəxsən məndə belə təəssürat yaranır ki, saytı nümayişkaranə şəkildə seksdən, içkidən, qadınlardan danışmağı xoşlayan hansısa ərgən dəstəsi idarə edir. Axı bu qədər olmaz. Ədəbiyyat portalı adına iddialı sayt sadəcə pornoqrafiya səhifəsinə çevrilib sanki. Vəziyyət o qədər pisdir ki, hətta bəzən çox yaxşı bir yazının da başlığına tamamilə dəxlisiz bir intimlik çıxarmaqla qeyri-ciddi bir yazı təəsüratı yaradırlar. Söz düşmüşkən keçənlərdə Ailəm.az saytı Cəlil Məmmədquluzadənin “9 yaşında” yazısının adını dəyişib “Səkinənin ərə getməkliyi” eləmişdi. Bu qədər yəni...
Söz yox, saytda faydalı, lazımlı yazılar olmamış deyil, ancaq ümumi görünüş və sima məsələsində sayt özünü qorumağı bacarmır. Harda kulis.az saytından paylaşım var, orda ya lüt qadın şəkli olacaq, ya da intim xəbər başlığı. Halbuki əslinə qalsa hər bir sayt bu baxımdan özünü ucuz zövqü təmsil edən təbəqənin saytı kimi görsənməkdən qorumalı deyilmi?
Burda iş belə gətirdi kulis.az saytından söhbət düşdü. Həm də yəqin kulis.az-dan gözləntimiz başqadır. Ancaq digərlərində də vəziyyət fərqli deyil, hətta daha betər. Elə indicə bu yazını bağlayıb facebook-a qayıdanda orada müxtəlif saytlardan ölüm-itim, başkəsmə, insan yandırma, seks, xəyanət başlıqlı paylaşımlarından başqa bir şey görməyəcəksiniz. Nə redaktorun, nə xəbər hazırlayanın, nə müxbirin, heç birinin heç bir narahatçılığı yoxdu. Bir neçə ya real, ya saxta qız profili açıb 2,3 min dost yığmaq və sonra axmaq xəbərlərini ora-bura dürtüşdürmək. Bu boyda ofis, bu qədər insan, ancaq heç bir fayda və keyfiyyət yox. Oturublar rahat ofislərdə, ordan-burdan uydurma, səfeh xəbərləri "copy-paste" edib insanlara qarşı terror informasiya qruplaşması kimi fəaliyyət göstərirlər. Azərbaycandakı müasir elektron KİV-i xırda istisnalarla ancaq belə xarakterizə eləmək olar: Terror informasiya qruplaşmaları. Onların işi-gücü sadəcə inanlar mənən terrora məruz qoymaqdır, başqa heç nə...
Nurlan Hüseynov
Kultura.az