post-title

Tanrıya inanmamağın gözəlliyi

Həyat insanı divarın bir küncünə sıxışdırıb yumruqlayanda, təpikləyəndə, harasına gəldi zərbələr endirəndə, ən son ümid kimi imdad diləyəcəyi, köməyə çağıracağı misilsiz bir güc sahibi var - Tanrı.

 
 
Sıravi insan həyatında hər hansı bir problem baş verəndə tanrıya üz tutur. Dua edir. Səbir, dözüm verməyi, mümkünsüzü mümkün etməyi, möcüzə göstərməyi xahiş edir. Başqalarının qarşısında heç vaxt əyilməyəcəyi halda, tanrı qarşısında əyilir, öz eqosunu yox edərək yalvarır, göz yaşı tökür, üstəlik bunu böyüklük sayır. Tanrıya üz tutmaqdan, dua etməkdən böyük meditasiya yoxdur çünki. Həyatı asanlaşdırırsan. Çətinliklər qarşısındakı dözümün artır. Ən qaranlıq gecədə belə ümid işığın olur. Bu dünyadakı həyatın çürüyüb puç olsa da, çəkdiyin əzablara görə mükafatlandırılacağına, heç olmasa o biri dünyada xoşbəxtliyə çatacağına inanırsan. Heç kəs cəhənnəmə getməyi planlaşdırmır təbii ki. Sezdirməsələr də, altdan-altdan əksəriyyət cənnətə düşəcəyini güman edir.
 
Həyatı yaşamaq asan məsələ deyil, insanın daim bir xilaskara ehtiyacı var. Ona görə də inanc bir tələbat, meditasiya və mənəvi terapiyadır. 
 
Bəs bir din anlayışına, xilasedici məfhuma, ənənəvi tanrı dünyagörüşünə inanmayanlar necə olsunlar?.. 
 
Uşaq yaşlarımda ilk dəfə tanrıya inanmamaq məfhumunu eşidəndə çaşmışdım, qəzəblənmişdim. Necə yəni inanmamaq? Bu necə mümkündür ki? Bəs biz niyə yaşayırıq? Niyə doğulmuşuq, nə üçün varıq? Bütün bunlar boş yerədirmi? Elə belə də ölüb gedəcəyik, torpağa qarışacağıq, məsələ də bununla bitəcək? Bu ki gülməlidir, absurddur, belə şeyə necə inanmaq olar? Belə də insanmı olar?
 
Cavabı tapmaq çətin olmamışdı. Hər yerdə buna cavab tapmaq olardı: Onlar kinli, təkəbbürlü, içlərindəki zəhərə görə belədirlər, onlar çox sərt şəkildə cəzalanacaqlar...
 
Günlərin bir günü isə anladım ki, bu yalnış düşüncədir. İnanmamaq heç də kinə, təkəbbürə görə deyil. Sorğu-sual edirsən. Şübhələnirsən. Cavablar istəyirsən. Bəzi dini, metafizik qavramları qəbul etmirsən. Həyat, yaradılış, yaradıcı qüvvə, insan, təbiət barədə öz fikirlərin olur. İnanmaq necə təbiidirsə, inanmamaq da o qədər təbiidir. 
 
Çox nadir istisnalar xaric insanların əksəriyyəti özünü seçilmiş insan zənn edir. İnsan daim özüylədir. Nəfəs aldığının, hərəkət etdiyinin, düşündüyünün, arzularının, planlarının olduğunun, yaşadığının  fərqindədir. Onun bir “mən” anlayışı var. Və qəbul etmək istəmir ki, bu “mən” bir gün mövcud olmaya, heçə çevrilə bilər. O ya şüuraltında, ya da anlaqlı şəkildə başına pis işin gəlməyəcəyini, amansız xəstəliyə düçar olmayacağını, çətinliklərin müvəqqəti olduğunu, bütün bunlarla üzləşsə də, bunların onun üçün bir imtahan olduğunu, sonda bu dünyada olmasa da, o biri dünyada mükafatlandırılacağına inanır. 
 
Belə yaşamaq çox asandır.
 
İnancsız olmaq isə əksinə, çox çətindir, təsəvvür edilməyəcək dərəcədə çətindir. Bu o deməkdir ki, qaranlıq gecələr boğazından tutub səni boğa bilər. Fəlakət baş verəndə hansısa möcüzəyə ümid bağlamayacaq qədər köməksiz ola bilərsən. Dua etmək kimi lüksdən, meditasiyadan məhrum ola bilərsən. Bir xilaskardan məhrum ola bilərsən. Yalın əllə, kiçicik vücudunla azman həyatla üz-üzə dura bilərsən...
 
Amma inancsız olmaq həm də güc-qüdrət deməkdir. Həyatı müəyyən qədər başa düşmək deməkdir. Daim yalnızca özünə inanmaq, özünə arxalanmaq, çətinliklərə, gözlənilməzliklərə, problemlərə hazır olmaq deməkdir. İnancsız olmaq düşdüyün vəziyyətə görə yalnız özünün məsuliyyət daşıdığını dərk etmək, hansısa misilsiz, nəhəng, mistik qüvvəyə qəzəbli olmamaq, çünki belə bir məfhuma  inanmadığın üçün qəzəbli olmağın da mənasız olduğu deməkdir. İnancsız olmaq seçilmiş insan anlayışına inanmamaq, bir dəfə gəldiyin bu həyatı daha dolğun, daha mənalı, daha bitkin yaşamağa çalışmaq, öyrənməyə, araşdırmağa, yaxşılara can atmaq deməkdir. 
 
Və belə yaşamaq çox maraqlıdır.
 
***
 
Bu yaxınlarda bir mübahisənin şahidi oldum. Nəyə görə yüksək intellektli insanların, elm adamlarının, filosofların, güclü təhsil sistemi olan ölkələrdəki insanların əksəriyyətinin inancsız olması barədə qızğın müzakirə gedirdi. İnancsız olduğumu gizlədib, dişimi sıxıb uzandıqca uzanan, cansıxıcı mübahisənin yekunlaşmasını gözləyirdim. Birdən mübahisə edənlərdən inanclı olanı ən son nöqtəni qoymaq üçün ucadan belə dedi: “O alimlərin, dediyin adamların gördükləri işlər elə tanrının böyüklüyünü göstərir. Onların hamısı ölüm ayağında, son nəfəslərində peşman olur, tövbə edir, tanrıya inanırlar”. 
 
Qəfil xatırladım ki, mən bu sözləri demək olar, həmişə eşidirəm. 
 
Bunu deyən adamın parıldayan gözlərinə baxdım, dediyinə şəksiz-şübhəsiz inanırdı. Və yalan danışdığının fərqində deyildi...
 
Cavid Ramazanlı
ANN.Az
Yuxarı