post-title

Şopenhauer tərbiyəçi kimi

Şopenhauer fərdlər üçün yazırdı. Belə söyləyirdi bir yerdə: "Kütlələr üçün yazmadım, əgər gələcəkdə məni oxuyan olacaqsa, o insan fikirlərimlə tanış olduqca özünü, qəza nəticəsində kimsəsiz bir adaya gəlib çıxan və ağaclarda oynaşan meymunları görməkdən ziyadə, özündən öncə bu adaya düşərək, eyni sıxıntıları, yaşam iztirablarını yaşayan birinin izlərini görərkən təsəlli tapan dənizçi kimi hiss edəcək".

 
Bu mütəfəkkür həyatını çox tənha keçirmişdi. Nə akademik filosoflar və kitab fəlsəfəçiləri, nə də digər akademik çevrələrdən olan yaxın tanışları onun “Həyat fəlsəfəsi”ni və şəxsini üzə çıxarmağa, təbliğ etməyə can atmırdılar. Arada sırada bundan övkələnib deyinsə də, yenidən güclənməyi seçir, yaradıcılığına davam edirdi. Şopenhauer nəyə görə öz dönəminin filosoflarından, professorlarından, oxucularından xoş münasibət, istiqanlılıq görmürdü? Bunu onun belədə ən güclü, "o ,mənimçün yazıb sankı" düşünərək bütün  qoxulaya-qoxulaya,  düşüncələrindən bu mütəfəkkürün psixikasını, ruhi-mənəvi dünyasını dərinden duyub anlayan,  özünə müəllim, tərbiyəçi seçən öncül oxucularından olan digər böyük alman filosofu Fridrix Nitşe gənclik əsərlərinin birində təqribən belə izah edirdi ki,  fəlsəfi yaradıcılıqla məşğul olan insanın ən böyük üstünlüyü, onu  mədəniyyətin digər sahələrində çalışan insanlarından fərqləndirən ən özgün cəhəti daxili azadlığı, eləcə də  sosiallıq içində yaşaya-yaşaya sosial asılılıqlardan maksimum arınması olmalıdı. Fəlsəvi-ictimai doğrular axtarışında olan insan bu cür mərhumiyyətlərə qatlaşmalıdı,  yoxsa özünüifadəsi yarımçıq, səmimilikdən, dürüstlük sarıdan yoxsul hiss olunacaq. Əgər düşüncə insanının, yaradıcının hakim siniflərdən, elmi dairələrdən, kütlə rəylərindən asılılığı varsa,  o,  doğruları bütün çılpaqlığıyla söyləməkdən çəkinəcək. Düşüncə insanı nəinki başqalarına,  hər şeydən öncə özü-özünə yalan danışmamalıdı.  Şopenhauer məhz belə bir filosof həyatı yaşamışdı. 
 
Nitşe Şopenhaueri səciyyələndirəndə üç əsas cəhəti – dürüstlük, şən əhval-ruhiyyəni - əslində Şopenhauer mədəniyyətdə fəlsəfi pessimizmin banisi sayılır – və həqiqətsevərliyi vurğulayaraq onu fransız Montenə bənzədir. Çox gözel şəkildə ifadə  etdiyi poetik fəlsəfi düşüncələrilə anladır ki, uşaqlıqdan qapalı və həssas təbiətilə belə insanlar gənclik dönəmlərindən başlayaraq tədricən tənhalığa sıxışdırılmalarının fərqinə varır,  zaman keçdikcə özləri də təkliyi qəbul edirlər. Çünki  başqa çıxış yolları qalmır. Əgər həqiqilik yolunu seçmisənsə təkliyi də gözə almalısan. Nə qədər ağır olsa da. Şopenhauerin kədəri varlığın anlamsızlığı, irrasional qorxusu və kütlələrin  qorxunc  xislətinin yaratdığı səfil mənzərələrlə üz-üzə duran həqiqi düşünürün məğrur kədəriydi. Pessimizmi  burdan yaranırdı. Mütəfəkkür hər kəsin görüb duyduqlarını olduğu kimi qələmə almalıdı, bu yüksəkliyə gedən yol insanın  öncə öz fərdi təbiətini öyrənməyə cəhd göstərməsindən, ruhunun dərinliklərinə enməsindən başlayır. Nitşe yazırdı: "Şopenhauerin nitqi - bu onun diqqətli dinləyicisiylə apardığı vicdanlı, dürüst, azca kobud  hiss olunsa da mehriban söhbətidir. Belə yazıçılar bizdə çox azdı. Danışanın qüdrətli özgüvəni səsinin ilk çalarlarından bizi ələ almağa başlayır, sanki  biz dağ meşəsinə daxil oluruq, dərin nəfəs alır və özümüzü yenidən gümrah hiss edirik. Bizi tənha, möhkəm atmosfer bürüyür, burada yalnız daxili dünyalarının hökmdarı olan insanlara xas təkrarolunmaz azadlıq və təbiilik duyulur’’.
 
İnsanların böyük çoxluğusa özlərindən, iç dünyaları qarşısındakı qorxudan baş götürüb siyasətə, dinə, dövlətə qulluğa və hətta elmə belə qaçırlar. Əlbəttə ki, zəkasıyla öz varlığını incələmək kimi çox özəl zehni üstünlükdən ya fərqinə varmadan, ya da bilərəkdən uzaqlaşaraq təmtəraqlı, çətin anlaşılan filosofemalarla, terminlərlə bol universitet təhsilinə ömrünü həsr edən, dövlət himayəsiylə bəslənən akademik filosoflar və onların saxta idealizminə uyan oxucu-tələbə dəstəsi, universitet mühitindən, dini qurumlarla, hakimiyyətlə əlaqələrdən və qohumluq münasibətlərindən qopmuş, həyatı göz önündəki ziddiyyətləri, ağırlığı və ağrı-acısıyla birgə görüb şərh edən bu həqiqətpərəst  mütəfəkkürü ya görməzdən gələcək, ya da anlamaqda çətinlik çəkəcəkdilər.  
 
Şopenhauer fərdi həyat yolunu fəlsəfiləşdirirdi,  yaratmaqda olduğu mənəvi mədəniyyət öz təbiətindən doğurdu. Buna görə də onun yaradıcılığını həyatıyla,  xarakteriylə tanışlıq olmadan kifayət qədər əxz etmək mümkün deyil. Avropa mədəniyyətinə, xüsusilə Volter yaradıcılığına heyranlıq duyan atası bankir-maliyyəçiydi. Sonradan intihar etdiyi söylənilən atasının erkən ölümü Şopenhauerin uşaq zəkasında silinməz iz buraxır. Sonralar hansısa əsərində yazacaqdı: əgər ölüm olmasaydı, insanlar çətin ki filosofluq edərdilər. 
 
Şən, yüngülxasiyyətli anasına göstərdiyi acıqlı münasibətdən fərqli olaraq, hər zaman atasını xoş duyğularla xatırlayırdı. Zaman keçdikcə anasıyla münasibətləri lap gərginləşir və gələcək filosof qərara gəlir ki, anasından ayrılıb tənha həyat yaşasın. Beləcə, atasından ona miras qalan sərvətlə ömrünün sonunadək qənaətlə ehtiyac görmədən yaşayır. O, atasına hər zaman minnətdarlıq duyurdu qəlbində, çünki həyatının ən böyük xoşbəxtliyi saydığı yaradıcılıqla azadə şəkildə və sosial-maddi çətinlik yaşamadan rahatlıqla məşğul olmasını onun maddiyyatla bağlı çəkdiyi zəhmətinə, iradəsinə borclu sayırdı. "Fəlsəfəm mənə heç bir maddi üstünlük qazandırmadı, ancaq məni çox bəlalardan, israfçılıqdan, xoşagəlməz vərdişlərdən qorudu’’, - yazırdı.  Şopenhauer  kültür insanıydı. Sənət onunçun çox yüksək, həyata anlam yükləyən, onu mənalandıran ən dəyərli bəşər yaradıcılığıydı. Öz fəlsəfəsini də elm deyil, müxtəlif insan davranışları və hadisələrdən ibarət həyat mənzərələrini şərh edən incəsənət adlandırırdı. Ancaq dərin səmimiyyətlə,  azaddüşüncəli mütəfəkkür özgüvəniylə qələmə aldığı, Nitşenin təbirince desək, orijinal ədəbi üslübuyla "almanüzeri" sayılacaq əsərlərinə qarşı nə universitet tələbələrindən, nə də fəlsəfə professorlarından diqqət görməyən Şopenhauer zaman keçdikcə daha da pessimistləşir, mizantropik əhval ruhiyyəyədək sürüklənirdi. 
 
Həmişə onu oxuyanda düşünürəm ki, görəsən bu insan bu dünyada sonadək necə dözüm göstərə bildi? Özü özüylə danışırmış təəssüratı yaradaraq: "Zira bizim bu uyqar dünyamız yüksək rütbəliləriylə, əsgərləriylə, təhsilli insanlarıyla,  hüquqşunaslarıyla, rahibləriylə, filosoflarıyla və daha bilmədiyim digərləriylə qarşılaşdığımız böyük bir maskalı baldan başqa nədir ki? Fəqət bu sözünü etdiklərimiz göründükləri kimsələr deyillər,  bu ünvanlar hər biri fərqli maskadan ibarətdir və bir qayda olaraq maskaların arxasında sərvət ovçularıyla qarşılaşarsız. Bir insan məqsədli şəkildə kollegiyadan əldə etdiyi və sırf başqasını daha sağlam və qərarlı şəkildə məğlubiyyətə uğratmaq üçün hüquq maskasını üzünə keçirir,  bir başqası oxşar niyyətlə vətənpərvərlik və ictimaiyyətçi maskasını tərcih edər və bir üçüncüsü din, yaxud dində islahatçılıq maskasını mənimsər. Bir çoxları hər cür məqsəd üçünsə zatən fəlsəfə, hətta insansevərlik maskasını və bilmədiyim daha başqalarını üzlərinə keçirmişlər..’’ yazan insan necə sonadək yaşam mücadiləsi apara bildi,  həyatın bayağılığına qarşı necə dirəniş göstərməyi bacardı? Hansı dərəcədə iradə sərf etdi bu mübarizəyə? 
 
Şopenhauerin faciəsi bir mütəfəkkürdən ziyadə insan təbiəti və yaşam mücadiləsinin yaratdığı səfalətə dözməyə məhkum olmuş, yaşadığı topluma bütün varlığıyla uyğunlaşa bilməyən,  sonadək öz fərdiyyətinə sadiq qalmağı seçən  insanın faciəsiydi. Və belə bir insan nə qədər təəccüblü, eyni zamanda təbii  görünsə də "çünki, dürüst üzlərinə hərhansı bir güvənsizlik qırıntısı olmadan baxabiləcəyi itlər olmasaydı, insanların bitib-tükənməz riyakarlıqlarına, saxtakarlıq  və qərəzkarlıqlarına necə dözə bilər, necə təsəlli tapa bilərdi insan?", - deyib itləri  özünə ən yaxın dost sayırdı. Onunla ruhunun dərinliklərində hansısa dərəcədə yaxınlıq duyan oxucu belə misralarını oxuyarkən bu filosofun insani səmimiyyətinə heyranlıq duymaya bilmir.  Həyat bilgisinə onu öz özlüyündə dəyər sayaraq  zehni-mənəvi inkişaf naminə yiyələnmək onu antik yunan mütəfəkkürləriylə qohumlaşdırırdı. Şopenhauerin fəlsəfəsindən müxtəlif etik-estetik mövzular çıxarmaq olar, gələcəkdə bu barədə yazılacaq yəqin, ancaq bu yazıda bir məqama toxunmaq istəyirəm. Yaradıcılığından keçən əsas xətt buydu: Həyat başdan başa iztirabdı. Dünyanın iztirabı həzzindən daha çox və şiddətlidi. Vəhşilər bir-birini yeyir, əhilləşmişlərsə bir-birini aldadaraq yaşayır və buna dünyanın gərdişi deyirlər. Bu xaos, yaşam mücadiləsi, didişmə, yanılma və aldanmalar məmləkətində yaşamağa məhkum olmuş düşünən bir insan üçün ən doğru zehni qurtuluş yolu hansıdı? Bu yol sənətdən, müxtəlif dövrlərin və ölkələrin yetirdiyi dahilərin yaratdığı əsrarəngiz əsərlərdən alınan bilgi və estetik  həzzalmadı. Estetik seyrədalma bizi həyatın ağır sıxıntısından, darıxdırıcı yaşam mübarizəsindən bir anlıq olsa da ayırır, hüzurla dolu zehni dünyaya qovuşdurur, daxili boşluğumuzun məngənəsində boğulmaqdan xilas edir. Zahiri, maddi nəsnələrin yaratdığı sevinclər ötəri, keçici və doyumsuzdurlar, insana ən böyük həzzi yalnız özündə olan və heç kimin ondan qoparıb ala bilməyəcəyi zehni mənəvi özəllikləri bəxş edir... 
 
Başdaşının üzərində nə yazılsın sualına yaşlı vaxtlarında "artıq heç nə, eləcə Artur Şopenhauer yazın, məni tapmaq istəyən axtarıb tapacaq’’ cavabını vermişdi. Onu tapanlar oldu. "O, mənim oxuduqlarım arasında ən dahiyanəsidi" deyən Tolstoydan tutmuş, Herman Hesseyədək böyük yazıçılar, Freyd ve Enşteyn kimi elmi zəkalar sonralar çox oxuyub təsirləndilər Şopenhauerdən.  Ancaq böyük filosof artıq həyatda yox idi, seçilmiş xələflərinin onun fəlsəfəsinə göstərdikləri maraqdan doğacaq möhtəşəm sevinc hissini yaşamadan köçüb getmişdi həyatdan.
 
Rüstəm Məmmədov
 
Kultura.az
Yuxarı