post-title

"Yer üzündə zorakılığın birinci mənbəyi hər zaman din olub"

"İnsanın xislətində öldürmək, dağıtmaq instinkti mövcuddur. Biz onu daim daxilimizdə gəzdiririk, sadəcə o, tədricən zəifləyir, ya da sənət, yaradıcılıq üçün enerjiyə çevrilir, bəzənsə sevgiyə çevrilir, ancaq bir balaca münbit şərait yaranan kimi özünə yol tapıb bayıra çıxır və ən dəhşətli fəlakətlərə yol açır".

 
 
Nobel mükafatlı Peru yazıçısı Mario Vargas Llosa ilə müsahibə
 
- Sizcə, intellektuallar hələ də ictimai funksiyalarını saxlayıblar?
 
- Hə, amma, bizim gənc olarkən düşündüyümüzdən qat-qat az. 50-60-cı illərdə hər kəs intellektualların siyasi və sosial həyata təsir edə biləcəyinə inanırdı. Onların fikirləri nəzərə alınırdı, buna görə də onlar proseslərdən kənara qala bilməzdilər. İndi o ideyanın xeyli sadəlövh olduğunu düşünürəm.
 
Ancaq ədəbiyyatın, həmçinin mədəniyyətin tarixin gedişinə təsirinə şübhə ilə yanaşanlarla, yaradıcılığın məqsədinin ancaq əyləncə olduğunu, parlaq, uca bir şey olsa da, siyasət və sosial həyatda bir iz buraxmadığını deyənlərlə də razı deyiləm. Belə yanaşma kökündən yanlışdır və bu mənada sənətkarlarla, intellektualların cəmiyyət qarşısında cavabdehlik daşıdığına inanıram.
 
- Sizin Parisdə, Madriddə, Limada və Londonda eviniz var. Bu şəhərlərin hər birində olmaqdan nə əldə edirsiniz?
 
- Hələ uşaqlıqdan, dünya vətəndaşlığını tam dərk etməsəm də, içimdə ya dünya, ya da ən azından Avropa vətəndaşı olmaq arzusu vardı. İllərlə Avropanın, xüsusilə də Parisin sakini olmaq arzusu ilə yaşamışam. Bu məsələdə həyat mənim üzümə güldü. İndi yerimi tez-tez dəyişərkən getdiyim heç bir yerdə özümü yad kimi hiss etmirəm. Hətta çoxlarının öyrəşə bilmədiyi London da mən özümü yerlilərdən biri kimi hiss edirəm.
 
- Peruda keçən uşaqlığınızla bağlı nələri xatırlayırsınız?
 
- Mən uşaqlığımı Boliviyada, Koçabambada keçirmişəm. Bir yaşım olanda məni Arekipdən aparıblar, ona görə də uşaqlıq xatirələrimin çoxu Bolivyaya aiddir. Ancaq İncil qaydalarıyla yaşayan, babam, nənəm, əmilərim, anam, mən, əkiz bacılarımdan ibarət ailəmizdə Peru, xüsusilə də mənim doğulduğum, ailəmin gəldiyi cənub şəhəri Arekipin xatirəsi qorunub saxlanılırdı.
 
Buna görə də özümü əsl perulu, arekipli kimi hiss edirəm, amma babamın, əmilərimin və anamın danışdıqlarından başqa o yerlər haqda heç bir xatirəm yoxdur. Erkən yaşlarımda Peru mənim üçün bir növ əfsanə idi, mən onunla ancaq 10 yaşımda tanış ola bildim, o dövrdə iki illiyinə Peruda yaşamağa gəldim. Bu mənim Peruyla ilk yaxınlaşmam oldu.
 
O illərlə bağlı xatirələr yaddaşımda öz izini qoyub və yazdığım bir çox əhvalat üçün ilham mənbəyim olub.
 
11 yaşımda Limaya köçdük, ilk dönəmlərdə bu şəhərlə aramda mürəkkəb münasibət yarandı. Limaya gələndə hər zaman qeydimə qalan, çox sevdiyim anamdan ayrılmalı oldum və heç vaxt üzünü görmədiyim atamın yanında məskunlaşdım. Atam tələbkar, sərt, hətta bir qədər despot adam idi və mən ondan çox qorxurdum.
 
Yəni Limayla ilk tanışlığım elə də xoş olmayıb, mən həmişə onunla münaqişədə olmuşam. Bu mənim romanlarımda da aydın görünür. Peruyla yeganə doğmalığımın indi danışdığım və yazdığım ispancamın orda formalaşmasıdır.
 
- Sizin uzun zamandır saxladığınız bir əşya varmı?
 
- Qohumlarımdan biri, bizimlə birlikdə Parisdə yaşamış qız uşağı Qvadelupada aviaqəzada həlak oldu və mən meyitin tanınması üçün oraya getdim, bu mənimçün dəhşətli bir sınaq idi. O vaxtdan qohumumun qəzaya düşərkən geyindiyi paltardan bir parçanı pul qabımda saxlayırdım. Amsterdamda pul qabım oğurlanana qədər, çox sevdiyim insanın, zərif xatirəsini, o parçanı yanımdan ayırmamışdım, düz otuz il yanımda gəzdirmişdim.
 
- Sizcə, tarixdə ən çox günahsız qurban müharibələrin, yoxsa dinin ucabatından verilib?
 
- Yer üzündə zorakılığın birinci mənbəyi hər zaman din olub, ikincisi isə millətçilik. Bütün böyük din müharibələrinin kökündə də millətçi meyllər dayanıb. Bunlar insanlıq tarixinin Apokalipsisinin iki mənbəyidir.
 
- Bu həmişə beləmi qalacaq?
 
- Ən azından hələlik belədir. Günümüzdə dinin həm dəhşətli, həm də sərhəd tanımayan mənfi əlamətlərini görürük, o birdən-birə əminamanlıq şəraitini qaynar müharibəyə çevirə bilir, xalqlar arasına böyük sədd çəkir. Biz Avropanın mərkəzində, Balkanlarda millətçiliyin necə baş qaldırdığını gördük, qəflətən irrasional bir qığılcımla qeyri-insani, vəhşi meyllər təzahür etməyə başladı. Belə fəlakətlərin kökünü araşdıranda, həmişə gedib din və millətçiliyin üzərinə çıxırsan.
 
- Burda günah kimdədir?
 
- Günah dini fundamentalist, fanatik formalara salanlarda və millətçiliyi dinə çevirənlərdədir. Millətçilər özlərini doğulduqları yerlə, doğma dilləri ilə eyniləşdirib bir növ yeni dini forma yaradırlar.
 
Bu müsbət hisslər fanatik formaya keçib, qorxunc zorakılıqlar doğurur. Həmçinin İntibah dövründə fanatizmə, dini və irqi dözümsüzlüyə, hər kəsi eyni bir həqiqətə inandırma çabalarına qarşı çıxış edən mədəni yüksəlişin vəhşilik və mədəniyyətislik qarşısında gücsüz qalması olduqca kədərlidir. Hətta əksinə Almaniya kimi dünyanın ən sivil ölkəsinin 30-cu illərdə, necə birdən-birə kollektiv dəlilik olan nasizmə yuvarlanmasına şahid olduq. İslam aləmində də buna bənzər şeylər baş verməkdədir.
 
Bəzən bunu inancın irrasional forması adlandırırlar, ancaq görürük ki, İslamdan başqa hər şeyi inkar etmək, hər şeyi silib atmağa çalışmaq, təbii ki, bunun nəticəsində ortaya çıxan misilsiz zorakılıqları dəstəkləmək əhalinin savadsız təbəqəsi deyil, əksinə yüksək intellektual səviyyəli fiqurların işidir. 
 
- Bəlkə zorakılığa meyl, insan təbiətindən gəlir?
 
- Bəli, insanın xislətində öldürmək, dağıtmaq instinkti mövcuddur. Biz onu daim daxilimizdə gəzdiririk, sadəcə o, tədricən zəifləyir, ya da sənət, yaradıcılıq üçün enerjiyə çevrilir, bəzənsə sevgiyə çevrilir, ancaq bir balaca münbit şərait yaranan kimi özünə yol tapıb bayıra çıxır və ən dəhşətli fəlakətlərə yol açır.
 
Bu dağıdıcı instinkti zəiflətmək üçün insanın kəşf etdiyi mexanizmlərdən biri demokratiyadır. Demokratiya fərqli inancların, adət-ənənələrin və dillərin bir yerdə qarşılıqlı güzəştə gedərək mövcud olması deməkdir.
 
Demokratiya insanlığın inkişafına olduqca böyük təkan verdi, ancaq o insan təbiətində kök salmış dağıtmaq instinktini aradan qaldıra bilmədi. Dindarlar həmin instinkti “ilkin günah” adlandırır, yerdə qalanlar üçün isə şüuraltından gələn, bəzən rasional təfəkkürün üzərinə qalxan, onu məhv edən, son nəticədə insanın içində nifrət səltənətini quran bir instinktdir. Tolerantlıq sağ qalmağın yeganə qarantıdır.
 
- 60-cı illərdə həyata keçməsinə inam olan layihələr, indi artıq mümkünsüz görünür, sizcə, bu müddət ərzində tarixi şərait çoxmu dəyişib?
 
- 60-cı illərdə ideal cəmiyyət arzusu dünyanın xoşməramlı insanları arasında bütün nəsillərin ürəyində kök saldı. 68-c ildə Kuba inqilabının qalibiyyəti bu hissin parlaq təzahürünə çevrildi.
 
İnsanlar Kuba inqilabçılarının qəhrəmanlıq avanqardının mücəssəməsi kimi ideal cəmiyyət qurmasını gözləyirdilər. Bu arzudan çoxlu cəlbedici, romantik ictimai fiqurlar doğuldu. Nəticədə Latın Amerikasının az qala hər ölkəsində amansız, qeyri-insani əməlləri ilə tanınan bir diktator hakimiyyətə gəldi. Onlardan eləsi oldu ki, ölkədə yenicə başlayan demokratik prosesi partizan müharibələrinə, milli-azadlıq hərəkatlarına çevirdi.
 
Çili və Uruqvay kimiləri isə artıq oturuşmuş demokratik ənənələrdən tamam üz döndərdi. Bundan sonra sıfırdan başlamaq lazım gəldi, “görkəmli” idealistlərin gözdən saldıqları və istismarçılıq kimi təqdim etdikləri demokratiyanı bərpa etdilər. Axır ki, insanlıq demokratiyanın ən əlverişli quruluş olduğunu anladı, bir gecəyə ideal cəmiyyət qurmağa çalışmaqdansa, əvvəlcə bəsit demokratik sistem qurub onu tədricən inkişaf etdirmək daha doğrudur, belə olan təqdirdə maksimalist inqilabçıların qurduqları dövlət düzənlərinə nisbətən günahsız qurbanların sayı xeyli az olar.
 
Doğrudan da maksimalist inqilabçılar son nəticədə ancaq azadlığın məhdudlaşdırılması ilə məşğul olur, azadlığı məhdudlaşdırmaq isə sosial tərəqqinin qarşısını alır. Bu 50-ci illərin ünlü simaları olan Sartr və Lukasın öyrətdiklərinə ziddir.
 
"El Comercio"
 
Oxu Zalı
Yuxarı