post-title

Ərəbin dini - Əli Əkbərin yazısı

Oxudum ki, Səudiyyə kralı Əbdüləzizin oğlu Abdulla ölüm ayağındadır. Adamı indiyə qədər üç dəfə öldürüb dirildiblər, amma bu səfər dəqiq məlumatmış. Vəhhabiliyin qibləgahı olan ölkənin daxili işlər naziri isə gedir ABŞ-a, orada CIA direktoru və departamentin, konqressin bütün rəhbərliyi ilə görüşlər keçirir. Təzə kral üçün danışıqlar başlayıb.

 
Hər şey bu qədər açıq, şəffaf ikən adamlar hələ də “vəhşi Şərqlə mübarizə aparan aydınlıq Qərb” nağılına inanırlar. Buyurun - Kral öldü, yaşasın kral. Abdullanın vəhhabilik siyasəti Fahddın siyasətindən nəyi ilə fərqləndi? Heç nəyi ilə. Vəhhabiliyin keçmiş sovetlərdə yayılması uğruna milyardlar xərcləməyə davam etdi. Avropaya da soxuldu, geniş şəbəkə yaratdı. Rusiyaya girdi, orada da yayıldı. Şimal Qafqaz balaca bir ərəb əmirliyini xatırladır.
 
İndi Abdulladan sonra gələcək kral da (orda da varislərin sayı çox azalıb, kral seçimində sıxıntıları var) eyni xətti davam etdirəcək. Əbdülvəhhab olmasaydı, Əbdüləziz ibn Səudun siyasi karyerası üçün münbit zəmin yaratmasaydı, Səudiyyə krallığı da qurulmayacaqdı. Ya da belə deyək, anqlosaksonların geopolitik ambisiyaları olmasaydı, Əbdülvəhhab da olmazdı, deməli Səudiyyə də olmazdı.
 
"Kral seçimində sıxıntıları olacaq" dedim. Əbdüləziz ibn Səud öləndə 44 oğlundan 35-i sağ idi. Ən gəncinin adı Mukrindir. İndiki Abdulla on ildir ölkəni idarə edir. Bir qardaşı var, o da çox qocadır, bu gün-sabahlıqdır. Mukrin isə ibn Səudun cariyəsindən olan oğludur və indi xüsusi xidmətə başçılıq edir. Orda da klan davaları gedir. Sudayra klanı, Əbdüləzizin oğullarından ibarət, ata bir olan qardaşların klanıdır. İndiki Abdulla səkkizinci arvaddan doğulub. Yəni “kim kimə”. Krallıq artıq nəvələrə, üçüncü nəsilə keçməlidir. Nəvələrin də hamısı “liberal”, adətlərdən uzaq, Qərbdə səfa sürən adamlardır. Gec-tez krallıq onlardan birinə keçəcək və görəcəksiniz ki, Səudiyyənin vəhhabilik ekspansiyası siyasəti dəyişməyəcək. Vəhhabilik orada ətalətə bağlı bir mexanizm deyil ki, qocalardan sonra gənclər onu dəyişsinlər. Vəhhabilik dövlətin rəsmi ideolojisi və bel sütunudur.
 
Biz qapalı dairənin içindəyik, sayın oxucu. Səudiyyə vəhhabiliyi maliyyələşdirir, dünyanın hər tərəfindəki emissarlarına pul-para verir, bunu ABŞ da bilir, lakin ABŞ Səudiyyə ilə dost və qardaşdır. Bəs necə olur ki, kökündə sələfilik yatan İŞİD-lə ABŞ və Səudiyyə birgə mübarizə aparırlar? Nəsnənin adını yazmaq olmaz, felin özü bəs edər – sarıyıblar bizi.
 
Deməli, terrorçu Suriyadan qayıdır Belçikaya, ərəb əsilli Belçika vətəndaşıdır və twitterdə yazır ki, “Tüpürüm Avropaya, görün mən nə rahat gəzirəm buralarda, bombam da var, partladacağıq avropalıları” filan. Belçika dövləti nə edir? Xüsusi təyinatlıları göndərib adamı dəlik-deşik edir. Nə soğru-sual, məhkəmə? Baxın, bunların hamısı - Kuaşi-muaşı qardaşları da daxil - qurama belə olsa, verilən mesaj önəmlidir. ABŞ Paris marşında niyə iştirak etmədi? Mesaj ona sərf etmirdi.
 
Hazırda yaşanan budur - Avropa anqlosakson siyasətinə dirəşir. Dünyanın başına bəla olmuş vəhhabiliyin yayılmasını təmin edən, belə bir tarixi ənənəsi olan anqlosakson hegemonluğuna üsyan edir. Fransızlar, almanlar, avstriyalılar, isveçrəlilər, italyanlar, ispanlar – hamısı ABŞ-a nifrət edirlər. Ölkələrə və insanlara yox, bu irqçi nifrət deyil. Onlar anqlosaksonların dünyadakı liderliyi ilə barışmaq istəmirlər.
 
Yoxsa ərəb kimdir ki, sırf özünün maraqları və onları bu boyda arealda həyata keçirmək imkanları olsun? Özləri, qureyş və törəmələri yüz il əvvəl, hətta daha çox, giriblər anqlosaksonlara, harınlayıb oturublar, amma dinləri bizim başımızı ağrıdır.
 
 Tamam, demirsiniz islam cahanşümuldur, bütün bəşəriyyət üçündür? Yaxşı da, biz bu dini və kitabı qəbul etdik, özümüzə uyğun bir yolla gedirik, özümüz necə elə lazımdır, elə başa düşüb yaşayarıq bu dini. Nəhayətdə biz ərəb deyilik, öz xüsusiyyətlərimiz var, ərəbin bizə əlavə təlim keçməsini də istəmirik. Ərəbin təfsirinə ehtiyacımız yoxdur. Bizim öz islam anlayışımız var, adətlərlə yoğrulub, onu içimizdə əritmişik, özümüzə uyğunlaşdırmışıq və heç bir ateist, xristian, yəhudi, buddist etiraz etmir belə islama. Doğrudan da, altıncı əsrdəki kimi geyinməyən və düşünməyən, tərəqqi və irfanın bu gün harda olduğunu anlayan, arada araqdan vuran, ya da vurmayan, donuz yeməyən, cümədən cüməyə namazını qılan, ya heç onu da qılmayan, partlamaq, baş kəsmək kimi əməllərdən iyrənən, dünyəviliyin böyük qazanc, nailiyyət olduğunu bilən bir adamın müsəlmanlığı ilə kimin nə işi var?
 
Rəsmi qaydada bəyan edilməlidir ki, “Biz, Azərbaycan olaraq, islam dünyasına hörmət edirik, heç kəslə problemimiz yoxdur, siz də bizə problem yaratmayın. Zatən cənubumda siyasi şiəlik var, onunla arada dilləşirəm, siz də ta hardan hara, öz təliminizi bura gətirməyin. Amma sizə hörmətimiz var, əlbəttə, yaxşı olardı qızları sünnət edib, adamları daşqalaq etməyəsiniz, oğurluğa görə əl kəsməyəsiniz, indi hüquq sistemi daha mütərəqqidir, peyğəmbərin dedikləri isə o zaman üçün mütərəqqi idi, islamın da ən əsas qayəsi ən mütərəqqi və yeni fikirlərin toplumda təsis edilməsidir, deməli, hər dövrün tərəqqi mərkəzi haradırsa, oradan yararlanmaq lazımdır. Amma siz daşqalaq, əlkəsmə, başkəsmə kimi şeyləri norma qəbul edirsinizsə, özünüz bilin, amma gəlib bizim ölkəmizdə belə şeyləri təbliğ etməyin”.
 
Dövlət Departamentinin Azərbaycana dair illik hesabatlarının birində belə yazılmışdı “Azərbaycanda vəhhabiləri sıxışdırırlar, tolerantlıq göstərmirlər”. Bunu ABŞ deyir, təsəvvür edirsiniz? Super güc olanda nə olar? Adamın bir tərbiyəsi, qanacağı olar.
 
Hər bir dövlətin özünü zərərli fikir və təlimlərdən qorumaq haqqı var. ABŞ bu məsələdə qələt edər, bir söz deyər. Aydın, demokrat, dünyavi insanları həbsxanalara tıxamaqla yox, dünyaviliyin dayaqlarını möhkəmləndirməklə və bu insanların, gənclərin potensialından yararlanmaqla zərərli təlimlərdən, ərəb təsirindən qorunmaq olar. Hökumətin əlində vəhhabiliyin kökünü kəsmək çox asan işdir, xalq da dəstək verəcək. Hamısının dalından təpik vurmaq lazımdır - xəvaric, sələfi, vəhhabi, təkfirçi, məkfirçi – hamısının. Guya bunların daxili razborkaları bizi maraqlandırır? Məni yox. ABŞ ağzını açanda da deyirsən, “fuck you!”.
 
 Amma bu qədər adamı (adlarını yazsam yarım səhifə tutar) içəri atanda və səndən bunun hesabı soruşulanda, sən “fuck you” deyə bilmirsən, çünki haqsızsan.
 
Musavat.com
Yuxarı