post-title

Oskar Uayld: Etiraf məktubları (IV)

Mən tamamilə bir qəpiksiz və evsiz qalmışam. Ancaq həyatda bundan da pis şeylər olur. Tam səmimi deyirəm, bu türmədən ürəyimdə bütün dünyaya qarşı qəzəblə çıxmaqdansa, həvəslə və sevinclə qapı-qapı düşüb çörəyimi dilənərəm. Əgər varlıların evlərindən heç nə ala bilməsəm, kasıblarınkından nəsə əldə edərəm. Çox şeyə malik insanlar acgöz olurlar, aza sahib insanlar isə həmişə bölüşməyə hazırdırlar.

Ürəyim sevgiylə dolarsa yayda quru otun üstündə yatmağa, qış gələndə sıx toxunmuş, ist saman örtük və ya böyük anbarın talvarı altında sığınacaq tapmağa az da olsa etiraz etmərəm. Həyatın zahiri mahiyyətinin mənim üçün daha heç bir əhəmiyyəti qalmayıb. Fərdiyyətçiliyin hansı məqamına vardığıma və ya yol uzun olduğundan, hələ də ona doğru getdiyimi görə bilərsiniz, haraya gedirəmsə qarşıma tikanlar çıxır. 
 
Əlbəttə, bu yolda sədəqə dilənmək mənə görə deyil və əgər gecələri quru ot üstündə yatmalı olsam, aya sonetlər yazmalı olacam. Türmədən çıxanda R-məni iri dəmir başlıqlı darvazanın o biri tərəfində gözləyəcək və o, yalnız öz sevgisinin deyil, həm də çoxlu digər insanların sevgilərinin rəmzidir. Düşünürəm ki, nə olursa olsun, hələ on səkkiz ay da yaşamalıyam, belə ki, gözəl kitablar yaza bilməsəm də, heç olmasa ən azı gözəl kitablar oxuya bilərəm; bundan böyük sevinc nə ola bilər? Bundan əlavə, ümid edirəm ki, yaradıcı qabiliyyətimi yenidən oyada biləcəyəm.
 
Lakin hər şey fərqli olsaydı: heç dostum qalmasaydı; mənə sarı mərhəmətlə açılmış tək bir ev də olmasaydı; tam yoxsullara məxsus cındır plaş və pul kisəsi daşımağı qəbul etsəydim: bədənim al-qırmızı gözəl kətanlar içindəykən ruhumun kindən xəstəhal olmasındansa, bütün hiddətimdən, çətinliyimdən və nifrətimdən azad olan kimi həyatla daha sakit və arxayın qarşılaşa bilərəm. 
 
Və həqiqətən heç bir çətinliyim olmayacaq. Əgər sən doğrudan da sevmək istəyirsənsə, sən onu tapacaqsan.
 
Dərsimin burada bitdiyini deyə bilmərəm. Əgər belə olsaydı, bu nisbətən çox asan olardı. Qarşımda bundan da çox şey durur. Zirvəsinə qalxmağa daha yalçın dağlar, arasından keçməyə daha qaranlıq dərələr var. Və bu güc mənim özümdən qaynaqlanmalıdır. Mənə nə din, nə əxlaq, nə də hikmət kömək edə bilər.
Əxlaq mənə kömək etmir. Mən doğuşdan antinomianam (xristianlıqda ilahi qanunları rədd edib, xilası yalnız saf inamda görənlər- tərc). Mən o kəslərdənəm ki, istisnalar üçün doğulublar, qanunlar üçün yox. Ancaq birinin etdiklərində yalnış olmadığını gördüyüm halda, onun nəyə çevrildiyində doğru olmayanı  görürəm. Bunu öyrənməyim yaxşıdır.
 
Din mənə kömək etmir. Başqalarının verdiyi  gözlə görünməyən etiqadı, mən toxunula və görülə bilinən şeylərə verirəm. Mənim allahlarım əllə düzəlmiş məbədlərdə yaşayırlar; mənim inancım həqiqi yaşamın çərçivəsi daxilində kamil və bitmişdir: olduqca tamamlanmış, ola bilsin ki, cənnətlərini yer üzünə gətirən bütün insanlarınkından daha çox, çünki mən onu yalnız cənnətin gözəlliyində deyil, həm də cəhənnəm qorxusunda tapmışam.
 
Tərcümə: Aygün Qurbanlı
 
Kultura.az
 
Yuxarı