Başqalarının həyatlarına qarşı etinasız olmağa başlamışdım. Məni məmnun edən hər yerdən ləzzət alırdım və beləcə də davam edirdim. Unutmuşdum ki, adi gündə edilən hər kiçik əməl insan xarakterini formalaşdırır və ya dəyişdirir və buna görədir ki, otağında gizlində etdiyin bir şey üçün nə vaxtsa bir gün evinin damında aşkarcasına ağlayırsan. Özümə hakim kəsilməkdən vaz keçmişdim və bundan xəbərsiz idim. Həzzin mənə ağalıq etməsinə izn vermişdim. Sonum biabırçılıqla nəticələndi. İndi mənim üçün yalnız bir şey var, mütləq məzlumluq.
Təxminən iki ilə yaxındır ki, həbsdə yatıram. İçimdə vəhşi çarəsizlik oyanıb; hətta baxdıqca zavallı görünən kədərimi tərk etmək; dəhşətli və aciz qəzəbim; acı və nifrətim; hönkürərək ağladığım əzabım; səsi-ünü yetməyən səfalətim; lal olan kədərim. Mən əzabın hər mümkün halından keçdim. Vördzvorsun nə demək istədiyini özündən daha yaxşı anlayıram: “Əzab müddətsiz, anlaşılmaz və qaranlıqdır. O, sonsuzluq kimi xüsusiyyətə malikdir.”
Lakin əzablarımın sonsuz olacağı fikrinə sevindiyim dönəmlərdə, onların mənasız olmalarına dözə bilmirdim. İndisə haradasa içimdə gizlənən bir şey tapmışam, o mənə deyir ki, dünyada elə bir şey yoxdur ki, mənasız olsun, özü də əzab kimi bir hiss. İçimdə çox dərinlərdə, sanki xəzinə kimi gizlənən o hiss Təvazökarlıqdır.
O, məndə qalan ən son və ən yaxşı şeydir: gəlib çatdığım ən son kəşf, yeni inkişaf üçün başlanğıc nöqtəsidir. O, düz mənim içimdən baş qaldırıb və bilirəm ki, tam vaxtında gəlib. O, nə əvvəllər gələ bilərdi, nə də sonralar. Kimsə onun haqda mənə söyləsəydi, rədd edərdim. Onu mənə gətirsəydilər, imtina edərdim. Onu özüm tapdığım üçün saxlamaq istəyirəm. Və belə də etməliyəm. Onda həyat eleməntləri olan bir şey var, yeni həyat elementləri, o mənim üçün “VİTA NUOVA” dır (Dante Aligyeri, “Yeni Həyat” əsəri- tərc). Bütün hər şeydən ən qəribəsi odur. Malik olduğun hər şeyi təslim etmədən, onu əldə edə bilməzsən. Bu o vaxt baş verir ki, hər şeyini itirirsən və bilirsən ki, başqası ona sahiblənir.
İndi anladım ki, o mənim içimdədir, nə etməli olduğumu tam aydın görə bilirəm. Və mən belə ifadə işlətdiyim zaman, heç bir kənar dəstəyə və ya göstərişə eyham vurmadığımı deməyə ehtiyac yoxdur. Mən bunların heç birini qəbul etmirəm. Mən indiyədək olduğumdan daha çox fərdiyyətçi olmuşam. İnsanın öz daxilindən bir şeylər əldə etməsindən savayı, hər şey gözümdə ən kiçik dəyərə malikdir. Mənim təbiətim özünü-dərketmənin yeni üsulunu axtarır. Məni maraqlandıran şey yalnız budur. Və ilk etməli olduğum şey, özümü bütün dünyaya qarşı hiss etdiyim istənilən mümkün mərhəmətsiz hisslərdən azad etməkdir.
ardı var...
Tərcümə: Aygün Qurbanlı
Kultura.az