Fransız yazıçısı Michel Houellebecq-in Rusiyanın “Trud” qəzetinə müsahibəsi
- Romanınız əsasında çəkilmiş “Adanın imkanları” filmindəki ədəbsiz Daniel obrazının elə sizin öz portretiniz olduğunu boynunuza alırsınızmı?
- Doğrudan da kitablarımda tez-tez başqa bir həyatda, yerində ola biləcəyim adamların donuna girirəm. Daha doğrusu, taleyimin yön ala biləcəyi, amma almadığı yolları xəyalımda canlandırıram.
Daniel kimi arvadıma qarşı seksual marağımı itirdikdən sonra onu atmaq ehtimalını heç ağlımın ucundan da keçirməmişəm, heç yeniyetmə qızlarla münasibətə can atan digər qəhrəmanıma da bənzəmirəm, amma deyim ki, vaxt olub belə şeyləri ürəyimdən keçirmişəm.
Ümüd edirəm, heç vaxt Daniel kimi həyatdan əlimi üzüb, itimi də yanıma alıb, adamyeyənlərin və vəhşi heyvanların yaşadığı tənha adaya üz tutacaq qədər ümüdsiz vəziyyətə düşməyəcəm. Əsərdə keçmiş komediya aktyoru qarşısına qoyduğu məqsədinə, yəni uğrunda min-bir əziyyətə qatlaşdığı xoşbəxtliyə heç vaxt çatmayacağını yəqin edir və belə bir acı nəticəyə gəlir ki, həyat ona arxa çevirib.
- Yəqin, böyük rus şairi Aleksandr Puşkinin: “Həyatda xoşbəxtlik yox, ancaq hüzur və iradə var” – misrasını eşidibsiniz. Onunla razısınızmı?
- Xoşbəxtlik yox, sevinc hissi var. İnsan daimi, davamlı bir sevinc hissi ilə yaşaya bilər, hələ bir xoşbəxt də olar, amma ziddiyyət burasındadır ki, sevinc, fərəh dolu anlar tezliklə ötüb keçir, kədər isə qalır.
Sevinc güclü və dərin hissdir, insan idrakını qaplayan saf bir heyranlıqdan yaranmış bir emosiyadır. O bir növ sərxoşluğu, məftunluğu, ekstazı xatırladır.
Özüm də şair olduğumdan Puşkini oxumuşam. İngilis və amerikan ədəbiyyatının ancaq XX əsr dövrüylə tanış olsam da, XIX əsrdə yaşamış bütün rus yazarlarıyla tanışam. Amerikan ədəbiyyatına bir suala cavab tapmaq üçün girişmişdim: Necə oldu ki, ABŞ XX əsrin hakim dövlətinə çevrildi. Hələ də bu sualın cavabını tapa bilməmişəm.
- Romanınızdan belə anlaşılır, amerikan həyat tərzinə heç həsəd aparmırsınız. Axı sizin qəhrəmanlarınız heç Fransada da rahat yaşamırlar.
- Əvvəla, kitablarımda dünyanın mənzərəsini daha yumşaq formada əks etdirirəm, əslində isə gerçəklik bundan qat-qat dözülməzdir.
İkincisi, Amerika özü üçün bir istehlakçı cəmiyyəti yaradıb və bunu kultlaşdırmağa çalışır, bu isə mənim ürəyimi bulandırır.
Üçüncüsü isə, yaşım ötdükcə amerikalılarla, avropalıların həyat tərzi arasında fərqin get-gedə silindiyini görməkdəyəm. Bilirsiniz, heç də hər şey xalqdan asılı deyil, çox şeyi fərdlər arasındakı qarşılıqlı münasibətlər müəyyən edir.
- Siz televiziyaları, reklamları, supermarket cazibəsini tənqid edirsiniz. Bəs, əvəzində nə təklif edirsiniz?
- Mən heç də qəzetlərin yazdığı kimi, üsyankar-filan deyiləm. Məsəlçün, kitablarımın seçilmiş təbəqə üçün elit bir şey kimi deyil, supermarketlərdə kütləvi istehlak malları kimi satılmasının tərəfdarıyam. Yeri gəlmişkən, heç kitablarımda supermarketləri tənqid etdiyim də yadıma gəlmir, mənim gözümün düşməni ancaq bahalı brendlər və yüksək dəbli geyimlərdir.
- Axı siz Fransanı dünyada ən çox tanıdan şeyi - yüksək dəb aləmini gözdən salmağa cürət etmisiniz, məgər bu özü bir üsyankarlıq deyilmi?
- Fransada olduqca çox dəbli brendlər var, bəs gəlin görək böyük sənət adamlarından nə xəbər? Onların kökü çoxdan kəsilib.
- Tanınmış yazar və eyni zamanda yerliniz olan Frédéric Beigbeder-i sənət adamı, yoxsa dəbdə olan brend kimi görürsünüz? Moskvaya əvvəlki səfərlərinizin birində Beigbeder-lə amansız ədəbiyyat mübahisəniz yadıma düşdü.
- Beigbeder-in kitabları əyləncəli olur, onun hadisələrə sərt tənqidi baxışı var. Ancaq o, təbiət etibarilə o qədər tərbiyəli və xoşməramlı adamdır ki, iç silkələyən, dərin hissləri oxucuya çatdırmaq iqtidarında deyil, buna görə də o mənim gözümdə xırda yazıçıdır.
- Sizdən fərqli olaraq Frédéric Beigbeder böyük, saf məhəbbət haqda roman yazmağa müvəffəq oldu və onu “İdeal” adlandırdı. Yeri gəlmişkən, bu romanın baş qəhrəmanı məhəbbətini Moskvada tapır. Bəlkə siz də qəhrəmanınızı məhəbbət arxasınca Rusiyaya yollayasınız?
- Bütün romantiklər böyük sevgi tapmaq azarı ilə yola çıxıb, seksual manyaka çevrilirlər. Məsəlçün, tanınmış yazıçı dostlarımdan biri, pornoqrafiya dəlisidir, amma həm də mənim şeirlərimi oxuyub ürəkdən kövrəlir. Buna görə də insanları romantiklər və realistlərə bölməkdənsə, temperamentlərinə görə - soyuq və isti insanlara bölərdim.
- Bu ki məlum şeydir, gənclikdə hər kəs od-yalov olur, illər keçdikcə isə alovları sönüb, külləri qalır. Sizin qəhrəmanlarınızın davranışlarına yaşları təsir edirmi?
- Elə də yox! Parisdəki tələbə hərəkatını müşahidə edərkən, özümdə bir fikri aşkarladım ki, gənc olsaydım mən də o cəbhəyə qoşulardım, çünki univerisitetdə oxumaq darıxdırıcı bir şeydir. Mühazirədə mürgüləmək əvəzinə, küçələrdə qışqırmaq imkanım olsaydı, niyə də etirazçıların arasında yer almayaydım?
Bir sözlə, həmişə düşünmüşəm ki, inqilabçılar, dünyanın qəddarlığından hiddətlənib, ona daha böyük qəddarlıqla cavab verə bilən adamlardır. Görünür, məndə sadəcə bu növ cəsarət yoxdur, özü də mən tənbəl insan növündənəm.
- Bəs sizi ilhama gətirmək, ya da şoka salmaq üçün nə lazımdır?
- Bu həyatda heyrətləndiyim yeganə şey, kişi ilə qadın arasında yaranan simpatiya, cazibə, bir göz qırpımında baş qaldıran hisslərdir. Həyatda məni şoka salan şeylərə gəldikdə isə, onları kitablarımda yaşayıb, üzərimdən atıram.
- Dediniz ki, qəhrəmanlarınızdan fərqli olaraq yeniyetmə qızla intim münasibətə girməzdiniz. Siz puritansınız?
- Gənclik, seksual təravət və sağlam bədəndən başqa heç nəyə aman verməyən dünya, yavaş-yavaş insan varlığını həzm-rabedən keçirir. Mən bu yalançı həzz yanğısının caynaqlarında parçalanmaq istəmirəm.
Söhbətləşdi: Anjelika Zaozerskaya
Oxu Zalı