post-title

Müsəlmanların ən ciddi problemi İslamdır

Gəlin bir az uzaqdan başlayaq.

 
 
Məktəb illərində şahidi olduğum bir hadisəni xatırlayıram. Məşhur “Bakı-Tbilisi-Ceyhan” neft kəməri mənim doğulduğum kəndin yaxınlığından keçir. Tikintinin qaynar zamanları idi. Kəmərin inşasında çoxlu türk mütəxəssislər çalışırdılar. Türkiyəli TİR sürücüləri isti yay günlərində bəzən kəndimizdə dayanar, kəndin balaca, nimdaş çayxanasında çay içərdilər. Ədalət naminə deməliyəm ki, Məğribdən Məşriqəcən bütün ölkələri fəth etsəm də, bu çayxanadakı kimi dadlı çaya dünyanın heç bir yerində rast gəlməmişəm. Bir dəfə eşitdim ki, kəndimizin cavanları həmin TİR sürücülərindən birini yaxşıca əzişdiriblər. Səbəb də bu olub ki, türk qardaşımız kəndin ortasında (zəruri qeyd: biz bura “ortalıq” deyirik) şortda gəzirmiş. Ayağının əyrim-üyrüm qılları kəndimizin qız-gəlinlərini narahat edir, kəndimizin kişilərinin isə heysiyyətinə toxunurmuş. Hadisəyə şərh verməyəcəyəm... 
 
Bir neçə il bundan öncə, hələ “11 Sentyabr”ın toz-dumanının tam yatmadığı zamanda qərbi Avropa ölkələrinin birinin (Yaddaşım məni aldatmırsa, bu, Hollandiya idi. Prinsipial əhəmiyyət daşımadığından dəqiqləşdirməyə ehtiyac duymadım) miqrasiya naziri açıq-aşkar bəyan etdi ki, mən öz ölkəmdə, öz şəhərimdə qapqara torbaya bürünmüş qadınları və saqqallı, qarabəniz kişiləri görmək istəmirəm. İstəmirəm ki, bizim vətəndaşlar parkda uşaqlarını gəzdirərkən, piknik təşkil edərkən bu mənzərəni görüb narahat olsunlar. Bu əhvalata da kommentari verməyəcəyəm. Bircə onu deyə bilərəm ki, bu qadın nazir əslən tunisli idi. Bütün siyasi fəaliyyəti boyu anti-müsəlman mövqeyindən çıxış etmişdi. Kiçik bir araşdırma aparmışdım, məlum olmuşdu ki, həmin qadın naziri uşaq ikən sünnət ediblər. Görünür, bu iyrənc olay onun psixologiyasında dərin izlər buraxıb. 
 
Məlumatı olmayanlar üçün izah edim ki, İslam dininə etiqad edən şimali Afrika ölkələrində qadınların sünnət edilməsi geniş yayılıb. Uşaq yaşlarında qızların klitorları kəsilib götürülür. Bu, həmin qadınların seksdən zövq almalarının qarşısını alır və beləliklə, həmin qadınların gələcəkdə “əxlaqsız davranışlara” meyil etmələri ehtimalı sıfıra enmiş olur. Əksər hallarda bu əməliyyat kustar üsullarla aparılır, bir qayda olaraq keyləşdiricilərdən istifadə edilmir və çox ağrılı olur. 
 
Yadınızdadırsa, bir-neçə il öncə bir Almaniya vətəndaşı Roma Papasını məhkəməyə vermişdi ki, niyə Papa öz avtomobilində gedərkən təhlükəsizlik kəmərini bağlamayıb. Axı Papa hüquqi nöqteyi-nəzərdən digər vətəndaşlardan heç nə ilə fərqlənmir. Səhv etmirəmsə, məhkəmə həmin vətəndaşın lehinə qərar çıxarmışdı. Bu, o Roma Papası idi ki, əsrlər boyu bütün Avropaya qan uddurmuşdu. Avropa krallarından bac almış, bütün Avropada mütləq şəkildə hökmranlığa nail olmuşdu. Bu, o Roma Papası idi ki, təxminən, iki yüz il əvvələ qədər bütün şizofreniya xəstələrini “içinə cin girmiş” elan edərək eksorsizm (“cin çıxarma”) adlı əzablı proseduranı keçməyə məcbur etmişdi. Kilsənin qoyduğu qaydalara əməl etməyənləri “cadugər”, “gizli yəhudi” adlandıraraq məhv etmiş, Avropada elmin inkişafına, yumşaq desək, mane olmuşdu. 
 
Kapitalist münasibətlərin formalaşması və inkişafı elmi nailiyyətlərə əsaslanır. 1990-cı ilədək Böyük Britaniya iqtisadi inkişaf səviyyəsinə görə dünyada liderlik edirdi. Britaniya (ingilis) mədəniyyəti öz ənənələri, öz aristokratik ab-havası, necə deyərlər, ağıryanalığı ilə seçilir. 90-cı ildə ABŞ bu birinciliyi öz böyük qardaşının əlindən aldı. Elə həmin andan etibarən dünya Amerika mədəniyyətinə, Amerika həyat tərzinə can atmağa başladı. Amerika mədəniyyəti isə ənənələri olmayan, daha yüngül həyat tərzini təbliğ edən, hollivudvari həyat normalarına can atan meyillərlə doludur. İngilis dilini öyrənənlər bilirlər, Britaniya ingiliscəsində qrammatik normalar daha sərtdir. Amerika ingiliscəsi isə daha “azaddır”. Sözləri dalbadal qoşmağı bacardınsa, qarşındakı səni anladısa, demək, sən ingiliscə danışırsan, vəssalam. Qısası, dünyada bütün məsələləri iqtisadi güc həll edir. Məşhur Merfi qanununda zarafatla və bir o qədər də ciddiyyətlə deyildiyi kimi: “Pul kimdədirsə, qaydaları o müəyyən edir”. Hər şey bu qədər sadədir. 
 
Qərb fəlsəfəsi elmi xristian dininin cəngindən xilas etməyi, 1000 ildən də çox bir zaman kəsiyində dinin mənasız ehkamları arasında itib-batmış antik Avropa mədəniyyətini dirçəltməyi bacardı. Afərin, səd afərin! 
 
“Terror”  “qorxu” deməkdir, qorxu olan yerdə isə sevgidən, humanizmdən, qarşılıqlı hörmətdən, ümumiyyətlə, insanı anlayışlardan danışmaq mənasızdı. 
 
Bu gün bəzi müsəlman alimləri (!) islamçıların terroruna haqq qazandırmağa çalışırlar. Onlar gileylənirlər ki, bu gün bütün güc resursları, “yerin altı da, üstü də”, kosmos da Qərbin əlindədir və müsəlmanların bomba partlatmaqdan başqa yolları qalmır. Onlar öz qeyri-insani davranışlarına haqq qazandırmağa çalışırlar. İddia edirlər ki, Qərb İslamı məhv etməyə çalışır. Burda zəruri bir sual ortaya çıxır: İslamı məhv etmək Qərbin nəyinə gərəkdir? 
 
Qayıdaq bir az əvvələ. İddia edirlər ki, sivilizasiya Şərqdən başlayır, avropalılar çimməyi, dallarını aftafa ilə yumağı müsəlmanlardan öyrəniblər. Əvvəla, son arxeoloji araşdırmalar bu iddianı alt-üst etdi, məlum oldu ki, ilk ictimai hamamlar məhz Avropa slavyanlarına aiddir. Bu məsələnin üzərində dayanmaq istəmirəm. Tutaq ki, doğrudan da, sivilizasiyanın beşiyi Şərqdir, lap elə müsəlmanlar ilk sivil insanlardırlar, bəs niyə tarixin hansısa mərhələsində bu mədəniyyət tənəzzül etməyə başladı? Axı nə baş verdi? Pişikmi asqırdı, itmi hürdü? Bu suallara cavab verməyə çalışaq. Əvvəla ordan başlayaq ki, bütün bu iddiaların hamısı özünüaldatmalardır. İnsan, geniş mənada, toplum özünü aldatmağa başlayıbsa, demək, vəziyyət ümidsizdir. O, öz qüsurlarını görməyəcək. Hər imkanda öz qüsurlarına haqq qazandırmağa çalışacaq. 
 
Səhvi düzəltmək üçün ilk növbədə o səhvin fərqinə varmaq lazımdır. Ən vacib məsələlərdən biri məhz budur. Özündənrazı İslam təfəkkürü isə o səhvləri, qüsurları görmək imkanından məhrum. O, bütün həqiqətləri dərk etdiyinə özünü inandırmış vəziyyətdədir. “Hər şey Quranda yazılıb”. O bütün enerjisini və zamanını əbcəd hesabı apararaq hansısa rəqəmləri tutuşdurmağa, uyğunluqlar tapmağa, yeni kəşflərin hamısı haqda “Quran”da işarələr olduğunu sübut etməyə sərf edir. Burnu divara dirənəndə isə deyir: “Allah istəsə, hər şey ola bilər, lap dəvə karvanı tikiş iynəsinin deşiyindən də keçər”. Mənim əzizlərin, bütün kainat fizika qanunlarına tabedir və fizika qanunlarına görə dəvə karvanı tikiş iynəsinin deşiyində keçə bilməz! Allah haqqı, keçəmməz! Bu primitiv həqiqəti qəbul etmək üçün axı elə də yüksək İQ səviyyəsi, savad tələb edilmir. 
 
İslam düşüncə (?) sistemi dini ehkamlarla ziddiyyət təşkil edən bütün hökmləri küfr hesab edir. Avropada isə vəziyyət başqadır: bu gün Vatikan kilsəsi öz mövqeyini xeyli yumşaldıb. O, rəsmi şəkildə Yerin yumru olmasını və öz oxu ətrafında fırlanmasını, hətta Təkamül nəzəriyyəsini qəbul edir. Bu gün din Avropa insanının gündəlik həyatına, elmi laboratoriyasına, yataq otağına soxula bilmir. O, yəni xristian dini bütün maddi nemətlərdən əl çəkərək, öz zərərsiz, məsum, ruhani (mənəvi) həyatını yaşayır və bu, onu tarixin səhnəsindən birdəfəlik və urvatsız şəkildə silinmək kimi dəhşətli sondan xilas edir. 
 
İslam dini isə Şərq cəmiyyətində öz hakimiyyətini o qədər möhkəmləndirib ki, o, insanların qidalanmasına; nə yeməsinə, nə qədər yeməsinə, hansı pozalarda sevişməsinə, nə zaman sevişməsinə, kimlə sevişməsinə rahatca müdaxilə cəsarəti tapır. 
 
Müsəlman Şərqi yalanlar uydurmağa və öz yalanlarına inanmağa davam edir: “Filan alim sonunda İslamı qəbul etdi”, “Qərb alimlərinin çoxu öz kəşflərini edərkən Qurandan yararlanıblar”, “Amerika Təkamül nəzəriyyəsini qəbul etmir”. Hamısı uydurmadır, reallıqla heç bir əlaqəsi yoxdur. Aya ilk dəfə ayaq basmış amerikan astronavtı Armstronqun orda azan səsi eşitməsi ilə bağlı əhvalat bir zamanlar müsəlman Şərqində çox populyar idi. Armstronqun özü bu əhvalatı eşidəndə xeyli gülmüşdü, ciddi qəbul etməmişdi. 
 
Məlumat üçün deyim ki, fizika sahəsində Nobel mükafatı almış ikicə nəfər müsəlman alim var: biri pakistanlı, o biri isə Misirdəndir. Maraqlıdır ki, hər iki alim öz kəşflərini Qərb universitetlərinin laboratoriyalarında ediblər. Məncə, məsələ aydındır. 
 
İslam təfəkkürü çoxfikirliliyə qarşıdır. O yeni düşüncəni qəbul etmir. Düzü, mən heç bir dini o birindən ayırmıram, bütün dinlərə eyni gözlə baxıram, bütün dinlər mənimçün eynidir. Məsələ burasındadır ki, fundamental xristianlıq da yeni düşüncəni qəbul etmir. Amma yuxarıda qeyd etdiyim kimi, bu gün xristian dini Qərb aliminin elmi fəaliyyətinə burnunu soxa bilmir. Şərqdə isə vəziyyət acınacaqlıdır. Məşhur bir faktı qeyd edim. Bir-neçə il öncə Malayziya hökuməti kosmik araşdırmalarla bağlı dövlət proqramı qəbul etmişdi. Plana görə Malayziya fəzaya kosmik gəmi göndərməli idi. Bütün işlər yekunlaşanda isə malayziyalı din qardaşlarımız böyük bir problemlə qarşılaşdılar: onlar kosmosa yollanacaq mütəxəssislərin orda namaz qılarkən qibləni necə müəyyənləşdirəcəkləri məsələsində ilişib qalmışdılar. Məhz bu səbəbdən dövlət proqramının icrası xeyli ləngimişdi. Bütün bunlar sizə zarafat kimi görünə bilər, inanın ki, həqiqətdir. Acı həqiqət, tragikomik film kimi bir şey. 
 
İslam dini insanlara itaət etməyi aşılayır, onun fəlsəfəsi budur. “Müslim” sözünün hərfi tərcüməsi “itaət edən” deməkdir. Məhz bu səbəbdən bu din əsrlər boyu despotların əlində kütləni əsarətdə saxlamaq üçün ən effektiv vasitəyə çevrilib. Şərqdə deyirdilər: “Hökmdar Tanrının kölgəsidir!”. Bu məqamda müqayisə üçün Avropa düşüncəsini tam mənada ifadə edən məşhur bir deyimi xatırladıram: “Karal qrammatikadan üstün deyil!”. Fikrimcə, diqqətli oxucu bu iki misal fonunda məsələyə Qərb və Şərq yanaşma tərzi arasındakı fərqi daha aydın sezə biləcək. Uzunçuluğa lüzum yoxdur. 
 
İslam zəminində formalaşmış fəlsəfi cərəyanlara fikir verək. Götürək elə sufizmi. Bu fikir sistemi tarix boyu insanları o dünyadakı yeməklərin bu dünyadakı yeməklərdən daha dadlı olduğuna inandırmaqla məşğul olmayıbmı? “Bu dünya fanidir, əsas o dünyadır”. Sufizmə görə, Tanrı qatına yüksəlmək üçün dörd mərhələdən keçmək gərəkdir. Bununçün isə insan bütün dünya nemətlərindən əl üzməlidir. Məcnunun (söhbət Füzulinin “Məcnun”undan gedir) durumunu xatırlayın, sevdiyi qadın (və ən əsası, onu sevən qadın) uğrunda mübarizə aparmaq əvəzinə qupquru səhralarda gəzən məzlum bir insan. Məcnun, sanki, bütün müsəlmanların ümumiləşmiş obrazıdır. Doğrudan da, bu dünyanın fani olduğuna inanmış adamın yaratmaq, yeniliklər etmək, inkişaf etmək üçün həvəsi, stimulu olacaqmı?! Yox! Qətiyyən yox! Bu, onun nəyinə lazımdır ki?! Onsuz da, onu cənnətdə “bakirə hurilər və şərab çayları” gözləyir. Sufizm yüz illər ərzində bütün Şərqi öz əsarətində saxladı, məişətdən tutmuş ədəbiyyata qədər insan həyatının bütün sahələrinə sirayət etdi. Bunun nəticəsi idi ki, türkdilli və farsdilli Azərbaycan ədəbiyyatı da daxil olmaqla bütün klassik Şərq (biz müsəlman Şərqini nəzərdə tuturuq) ədəbiyyatı real həyatdan uzaqlaşdıqca uzaqlaşdı. İlahi sevgilərin tüğyan etdiyi, bülbülün gülü, gülün də xarı sevdiyi, Qeysin “Məcnun” olub səhralarda dolaşdığı və bu sərgərdanlığından, öz mənasız əzablarından mazoxistcəsinə həzz aldığı bir qondarma “dünya”ya çevrildi. Əsrlər boyu Şərq xalqları bu ədəbiyyatın həzin və aldadıcı intonasiyasına məst olub yatdıqca yatdılar, əsrlərin necə gəlib, necə ötdüyündən heç xəbərləri də olmadı. 
 
İndi sizə sual verirəm, belə bir dini məhv etmək imperialist Qərbin nəyinə lazımdır axı? 
 
Bəlkə də, Şərq xalqları içərisində Azərbaycan türkləri qədər İslamdan ziyan görmüş ikinci bir toplum yoxdur. İslam dini özü ilə gətirdiyi ərəb təfəkkürünü bizim canımıza elə sırıyıb ki, bizi bu vəziyyətdən heç Tanrı da xilas edə bilməz. “Dədə Qorqud” ( Kitabi-dədəm Qorqud əla-lisani-taifeyi Oğuzan) eposu mili ruhumuzu özündə dəqiqliklə qoruyub saxlayan yeganə mənbədir. Ordakı adlara fikir verin: Banu Çiçək, Beyrək, Baybecan, Aruz, Yeynək, Səgrək, Basat, Tural və s. Bu eposda İslam təsiri gözə çarpmır. Eposun əvvəlindəki müqəddimə və bir neçə başqa epizodun ( Məsələn, Qazan xanın döyüşdən öncə namaz qılması) isə əsas mətnə yamaq olduğu açıq-aydın görünməkdədir. İslam dini bizə kəbin olmadan sevdiyimiz qadına toxunmağı qadağan edir. Bizə elə gəlir ki, bu bizim milli dəyərimizdir. Halbuki “Bamsı Beyrək boyun”da Beyrək sevgilisi Banu Çiçəyin barmağına üzük taxıb “bir öpüb iki dişləyir”. Banu Çiçək Beyrəklə qurşaq tutub güləşir, at çapır. Türk təfəkkür sistemində qadın kişi ilə bərabər hüquqa malikdir. İslam dini isə qadın üçün heç bir hüquq tanımır. Onu əşyaya, seksual predmetə çevirir. “Quran”ı diqqətlə oxusanız, görəcəksiz ki, qadın və kişi münasibətlərinə aid olan bütün ayələr yalnız kişilərə xitab olunur. Qadın-kişi münasibətlərinə yalnız kişi prizmasından yanaşılır. Niyə? Çünki mətnin müəllifi kişi cinsindən olub. Bu qədər bəsit! “Banu Çiçəklər”i “Fatma-Tükəzbanlar”a çevirən İslam dinidir, əzizlərim. 
 
Kult.az
Yuxarı