post-title

Oskar Uayld: Etiraf məktubları (II)

Bu, müqəddəslərin ruhuna aid sevgi göstərişi idi, yoxsulların ayağını yumaq üçün onların qarşısında diz çökmək və ya cüzamlı xəstələrin yanaqlarından öpmək üçün onlara doğru əyilmək. Mən heç vaxt ona bu haqda bir kəlmə də olsun demədim. İndiyədək heç bilmirəm ki, mənim onun etdiklərini şüurlu şəkildə dərk etməyimdən xəbəri var yoxsa yoxdur. Bu elə bir şey deyil ki, quru sözlərlə rəsmi təşəkkürünü çatdırasan. Mən onu içimdə gizli borc kimi saxlayıram və düşünürəm ki, heç vaxt bu borcu qaytara bilməyəcəyəm.

 
 
Onun rəftarı  qətran və səna göz yaşlarımı şirin qoxulu və mum kimi yumşaq saxladı. Müdriklik  faydasız, fəlsəfə bəhrəsiz gəldiyində, təsəlli üçün deyilən atalar sözləri, ifadələr üzümə söylənən  məzlum kəlam kimi göründüyündə həmin kiçik, sevimli, sakit rəftar qarşımda mərhəmət bulaqlarını ifşa edir: sanki səhrada güllər açır, dünyanın yaralı, sınmış və böyük qəlbilə harmoniya təşkil edən tənha sürgünlüyümün acısından uzaqlaşdırır. İnsanlar “ —“ ın rəftarının sadəcə gözəl hərəkət kimi yox, mənim üçün niyə bu qədər çox  dəyərli olduğunu başa düşə biləndə, ola bilsin ki, mənə qarşı necə və hansı ruhda yanaşmağı anlayacaqlar. ...
 
Yoxsullar bizdən daha müdrik, daha səxavətli, daha xeyirxah və həssasdırlar. Onların gözlərində türmə insan həyatında baş vermiş faciədir, talehsizlikdir, bədbəxt hadisədir, elə bir şeydir ki, bu hal başqalarına qarşı şəfqət doğurur. Onlar həbsdə olan bir kəs haqda elə danışırlar ki, bu sadəcə “ çətinlikdə olmaq” mənasını verir. Bu, həmişə onların işlətdikləri ifadədir, və bu ifadədə sevginin kamil hikməti var. Bizim təbəqənin insanlarında isə bu, tam fərqlidir. Bizə görə, türmə insanı parya edir ( hər kəs tərəfindən kənarlaşdırılan, təklənən  kimsə - tərc). Mən və mənim kimisinin  havaya və günəşə haqqı  yoxdur. Bizim mövcud qüsurumuz başqaları üçün nəşədir. Bizim  təkrar bir yerlərdə görünməyimiz xoş qarşılanmır. Ay işığının sayrışmasını izləmək bizim üçün deyil. Uşaqlarımız hər şeydən məhrum olur. İnsanlıqla əlaqəli xoş bağlantılarmız qırılır. Uşaqlarımız hələ yaşarkən, biz tənhalığa məhkum oluruq. Ağrılar içində qıvrılan ruhumuzu sakitləşdirəcək, əzilmiş ürəyimizə məlhəm ola biləcək, bizi sağalda və ayaqda saxlaya biləcək hər şeyi bizdən əsirgəyirlər. 
 
  Şəxsən etiraf edirəm ki, özüm özümü məhv etmişəm, heç kim kiçik və ya böyük həcmdə belə məhv ola bilməzdi, öz əllərilə özünü məhv edənlərdən savayı. Belə söyləmək üçün tam hazıram. Onlar çox güman bu ana qədər belə düşünmürlər, ancaq  mən etiraf edirəm. Bu amansız ittihamı mən özüm özümə qarşı qaldırmışam. Dünyanın mənə etdikləri dəhşətli idi, ancaq özümün özümə etdiklərimin daha da dəhşətlidir. Mən öz əsrimin mədəniyyət və incəsənət rəmzi idim. Bunu ilkin yetkinlik dövrümdə artıq anlamışdım və daha sonralar da tam mənasılə fərqində idim. Çox az adam həyatları boyunca bu mövqeyə sahiblənə bilir. İnsan öldükdən və ya yaşadığı əsr bitdikdən çox sonra, yalnız tarixçilər və  tənqidçilər onun mövqeyini qeyd edə bilərlər, əlbəttə əgər ümumiyyətlə ayrıd etmək mümkündürsə. Mənim durum fərqli idi. Mən onu özüm hiss edirdim və digərlərinə də hiss etdirirdim. Bayron simvolik fiqur idi, onun ehtiraslı münasibətləri və yorğunluğu öz əsrinin ehtiraslarına uyğun idi. Mənimki isə daha geniş vüsətdə daha nəcib, daha daimi və həyati idi. 
 
...ardı var
 
 
Tərcümə: Aygün Qurbanlı
 
Kultura.az
 
Yuxarı