post-title

Mühakimə etmək haqqında

Bir neçə il əvvəl nə qədər mühakimə edirəm deyə, öz üzərimdə eksperiment aparmaq qərarına gəlmişdim. Gün ərzində özümə bacardığım qədər diqqət kəsildim və nəticə çox faciəvi oldu: qarşıma çıxan nəsnələri, insanları, situasiyaları, məfhumları – irili, xırdalı hər şeyi, istəsəm də, istəməsəm də mühakimə edirdim (türklər daha dəqiq yargılamakdeyirlər). Mühakimə etdiyim şeylərin miqyası məni heyrətləndirmişdi. Əgər mühakimə etdiyim xırda şey idisə, məni bir anlıq üzürdü, yox əgər böyük idisə, uzun müddətə ovqatım pozulur, özümü əsəbi və bədbin hiss edirdim. Mühakimə etməyə mübtəla olmuşdum. Bu mübtəlalıq həyata baxışlarıma, qərarlarıma və özünüifadəmə təsir göstərirdi.  

Sonra ətrafıma baxdım. Gördüm ki, hər kəs mühakimə edir. İfrat mühakiməçilik  fərdlərə, kollektiv düşüncəyə, siyasətə, sənətə, mətbuata, sosial şəbəkələrə - hər yana sirayət edib. Mən də bu cəmiyyətin bir üzvü kimi onun vərdişlərini mənimsəmişdim, kənarda qala bilməzdim.  

Tənqidin yerini mühakimə alıb, tənqid nadir hadisədir bizdə. Və mühakimə həqiqəti üzə çıxarmaqdan, həll yolu tapmaqdan daha çox ifşa etməyə, yıxıb sürüməyə, ittiham etməyə, nüfuzdan salmağa yönəlib. Hətta mühakiməçilik hüdudlarını aşaraq artıq müəyyən şəxslər arasında qarşılıqlı həqarətə və söyüşə çevrilib. İctimai sferada həqarət və söyüş artıq adiləşməkdədir. Qorxulusu budur ki, söyüşdən sonra artıq ələ daş götürmək gəlir.  

İnsan niyə mühakimə edir?

Çoxlarına görə tənqid işə yaramayanda, mühakimə etmək yeganə seçimdir, yumşaq qınaq heç də həmişə həll yolu deyil çünki. Ola bilsin, belədir və mühakimə etməyən insan yoxdur, hətta mühakimə etməyin insan təkamülündən irəli gələn müsbət cəhətlərinin olması barədə fikirlər var. Bəs əgər mühakimə bizim cəmiyyətimizdəki kimi ifrat çalar alıbsa, cəmiyyətin bütün qatlarını əhatə edirsə; mühakimə ilə həqarət arasındakı sərhədlər şəffaflaşıbsa, fərd kütləni, kütlə fərdi; hakim müxalifi, müxalif hakimi; filosof filosofu; aktyor müəllimi (aktyor daha da irəli gedib müəllimi döymüşdü); yazıçı oxucunu, oxucu yazıçını; – bir sözlə, hamı hamını və hər şeyi mühakimə edirsə, onda necə? Onda bu artıq ciddi problemdir və onu görməzdən gəlməmək olmaz. 

Mühakiməçilik tənqid və həqarət arasında yerləşməklə, ondan yararlanmaq istəyənə daha effektiv görünə bilər. Həqarət etmək cəlbedici deyil, çünki bu, insanın tərbiyə problemlərinin olduğunu göstərər. Tənqid də çox yumşaqdır, əgər hamı qışqırırsa, tənqid diqqət mərkəzinə düşməyə imkan vermir, ətrafdakılar sadəcə olaraq səni eşitmirlər. Üstəlik, uğurlu tənqid etmək üçün ustalıq və intellektual bacarıqlar da tələb olunur. Mühakimə də elə bu zaman ən yaxşı seçim kimi görünür! 

Mühakimə etməklə bir daşla bir neçə quş vurmaq olur. Ən əsası hədəfi ifşa etməklə, onu darmadağın edib (və ya etdiyini zənn edib) mənən basdırmaqla, mühakimə edən arzusuna çatır. Ola bilsin, bu primitiv seçimdir, ondan istifadə edənə başucalıq gətirmir, amma mühakimə edən üçün əsas məsələ özünün şöhrətpərəstlik hisslərinin, içindəki hiddətdən qurtulmaq kimi tələbatlarının təmin olunmasıdır, qalanları sonrakı məsələlərdir...  

Biz ifrat mühakimə edən cəmiyyətin yetirmələriyik. Oxuduğumuz kitablar, öyrəndiklərimiz daha çox bizim bir mühakiməçi kimi arqumentlərimizin daha da itiləşməsinə və kəskinləşməsinə xidmət edir. Bizim mühakiməçi taxtından enməyimiz çətindir, bu güclü özünüdərk və özünütərbiyə, intellektual əmək və bəlkə də düşüncə qəliblərini sındırmaqla, düşüncə tərzini yenidən formalaşdırmağı tələb edir. Buna isə nə vaxt var, nə də ki, həvəs. Ən yaxşısı bunları görməməyə çalışmaq və mühakimə etməyə davam etməkdir. 

Amma mühakimə etməyin cəlbedici tərəfləri olduğu qədər, dağıdıcı tərəfləri də var. Mühakimə edən insan qarşı tərəfi dinləmək istəmir, analiz etmək, başa düşmək, empatiya qurmaq istəmir. Onu yalnız özü, ətrafı, özünün və ətrafının vəziyyəti, fikirləri və tələbatları maraqlandırır. O, gözlərini, qulaqlarını qapadaraq, ittiham etməklə məşğuldur. Fikri buna o qədər aludə olub ki, özündən və öz vəziyyətindən də anlaqsızdır, başqalarının qüsurlarına fokuslanıb, özünə nəzər salmağı isə yaddan çıxarıb, buna görə də inkişafdan qalıb. Maraqlıdır ki, sərt mühakiməçinin həyatına böyüdücü ilə baxanda, mühakimə etdiyi əksər xüsusiyyətlərin onun özündə də olduğunu görürsən. 

Biz bir-birimizi hədsiz mühakimə etməklə, bir-birimizi görmək və tanımaq istəmirik, beləcə, nə özümüzü tanıyırıq, nə də başqalarını. Mühakimə nifrət və intriqa doğurur. Azərbaycan cəmiyyətində kəskin cəbhələşmənin səbəblərindən biri də mühakimə psixologiyasının geniş yayılmasıdır.   

Hazır cavablar

Amma hələ ən pisi bunlar deyil, ən pisi ifrat mühakiməçiliyin suallar yox, hazır cavablar doğurmasıdır. Bizim cəmiyyətimizdə güclü və parlaq suallar nadir hallarda verilir. Əksəriyyətin hər məsələyə dair şərhi və cavabı var. Bu dərinlikdən məhrum cavablardan isə əksərən şöhrətpərəstlik, mənəm-mənəmlik, şəxsi tələbat və arzuların qoxusu gəlir. Bizim cəmiyyət kimi ciddi fəlsəfəylə, dərin mövzularla əlləşməməyimiz bəlkə də çox dərin kök salmış mühakiməçilik, hər məsələyə “önyarğı” ("prejudice", "prejudgment" - bu anlayışın Azərbaycan dilində bir kəlməylə dəqiq ifadəsi hələ də yoxdur, bu, bir çox məsələlərə önyarğı ilə yanaşdığımızın fərqində olmadığımızdan qaynaqlana bilərmi?) ilə yanaşmaq ənənəsindən qaynaqlanır. İfrat mühakimə və onun doğurduğu önyarğı bizi analiz etməkdən, suallar verməkdən, qavramaqdan və inkişaf etməkdən məhrum edir. 

Mühakimə etməkdən, insanlara, nəsnələrə və məfhumlara önyarğı ilə yanaşmaqdan necə qurtula bilərik? Hazır və bəsit cavablara qaçmadan taleyüklü suallar verməyi necə öyrənə bilərik? Və ən əsası, biz mühakimə etməyə niyə bu qədər meyilliyik? 

Cavid Ramazanlı

Azlogos.eu

Yuxarı