post-title

Dilbadi Qasımov: Zirzəmi - Hekayə

Strasburq şəhərində yaşayan Dilbadi Qasımov peşəkar hüquqşünasdır. İnsan Hüquqları Məhkəməsində vəkil kimi çalışan Dilbadi bəy ədəbi yaradıcılıqla da məşğul olur. Onun "Zirzəmi" adlı hekayəsini oxucularımıza təqdim edirik.

Hekayə
 
Başımın şiddətli ağrısı beynimin damarlarından sızıb gözlərimdən, qulaqlarımdan, hətta burnumun dəliklərindən işıq sürəti ilə süzülürdü. Gözlərim bağlı olduğundan harada olduğumu, başıma nə iş gəldiyini bilmirdim. Gözlərimi açmağa çətinliklə nail olsam da heç bir şey görmürdüm. Əllərimi, ayaqlarımı tərpətdim. Onları hiss etməsəm də, vucuduma birləşik olduqlarını yoxladım. Əllərim və ayaqlarım yerində idi. Sağ əlimi qaldırıb başıma çəkdim. Sonra əllərimlə sifətimi yoxlayaraq yaralanmadığıma əmin oldum. Daha sonra gözlərimi yoxladım. Onlar açıq olsa da heç nə görə bilmirəm.  Ya mənim gözlərim kor olub, ya da qaranlıq bir yerdəyəm. Əllərimlə ətrafı yoxladım, hər yan boş idi. Əllərimi cibimə salıb telefonumu axtardım, ciblərimdə heç bir şey yox idi.
Harada olduğumu yoxlamaq üçün sağ əlimi havaya qaldırıb, sağ tərəfə irəlilədim. Bir, iki, üçüncü addımda əlim sərt bir şeyə toxundu. Bu divar ya metal, ya da ona oxşar bir maddədən bazırlanmışdır. Əllərimi hər tərəfə sürtərək içində bağlandığım yerin dördkünc bir qutuya bənzədiyini anladım. Məni buraya kim və hansı səbəbdən saldığını xatırlamıram. “Axı mən hardayam ?”  - düşüncəsi məni tərk etmirdi.
 
Başımı əllərimin arasına alıb, göz qapaqlarımı möhkəm yumub, fikirləşməyə və xatırlamağa özümü məcbur etdim. Onları sıxdıqca, gözlərimə çökən qaranlıq daha da qalınlaşırdı.
 
Xatirimə gələn ilk görüntü yoldur. Uzanıb gedən asfaltlı yol. Qarşımda maşınlar şütüyür. Onlar bəzən işıqforlarda dayanır, qırmızı işıq sarısı ilə, sarı işıq yaşılı ilə əvəzlənəndə yollarına davam edirlər. Maşınlar bəzən yol qırağında saxlayıb kimisə düşürür, onlar bəzən sağa, bəzən də sola dönürlər. Bu avtomobillərdə irəliləyən insanlar hərəsi öz işinin arxasınca - kimisi işə, kimisi evə, kimisi idmana, ya məktəbə, ya sadəcə harada isə kiminləsə görüşməyə gedir. Bu şütüyən maşınların hər biri bir neçə insan, bir neçə taleyi bir yerdən başqa yerə, bir qismətdən başqa qismətə daşıyır.
 
Mən bu yola nə üçün çıxmışam ? Haraya və hansı məqsədlə gedirəm? Yolun qısa və ya uzun olduğunu bilmirəm. Fikirlərimi daha aydınlaşdırmaq üçün başımı sağdan sola soldan sağa fırladır, qulaqlarım üzərində olan əllərimlə başımı sıxıram. Bunun  bir fayda vermədiyini görüb gözlərimi açıram. Yenə bu qaranlıq. Heçnə görə bilmirəm. Bir az bundan öncə xatırladığım səhnəni unutmaqdan qorxaraq gözlərimi dərhal yenidən yumuram. Xəyallarım həmin yerdən davam edir. Yenə yoldayam. Qarşımda avtomobillər şütüyür. Artıq hava bir az qaralıb. Maşınların arxa işiqları yanır. Bu qırmızı işıqlar qarşımdakı  avtomobilləri görməyə imkan verir. Onların fərqli formaları var, bəziləri yuvarlaq, bəziləri dörd künc, bəziləri uzunsovdur. Əllərimdə nə isə olduğunu hiss edirəm. Diqqətimi cəmləyib bunun avtomobil rolu olduğunun fərqinə varıram. Deməli içində oturduğum maşını mən sürürəm.
 
Bu mənzərəni xatırlamağıma sevinir, hadisələrin arxasını xəyalımda canlandırmaq üçün bütün diqqətimi cəlb edib göz qapaqlarımı var gücümlə sıxıram. Bəlkə kim olduğumu, harada yaşadığımı, nə işlə məşğul olduğumu xatırlasam, niyə bu qaranlıq və qapalı yerə düşdüyümün sirrini çözə bilərəm. Elə bu an qarşıda bir nəfərin əl etdiyini görürəm. Narahat olmağa başlayıram. Bu adam mənə niyə əl etsin? Yoxsa mən bir oğru, bu isə məni güdən bir polis işçisidir? Və ya mən zəngin bir iş adamı, bu isə məni soymağa hazırlaşan bir oğrudur? Bu fikirlər məni narahat etdiyindən ayağımı qaza basıb tez uzaqlaşmaq istəyirəm. Oturduğum qaranlıq və darısqal zirzəmidə ayağımı var gücümlə divara dirəsəm də, xayallarımda canlanan səhnədə bunun əksi baş verir. İdarə etdiyim maşın yavaşlayır, sağ tərəfə çəkilib durur. Mənə əl edən şəxs 27-30 yaş arasında, qalın gödəkcə geyinmiş, başında soyuqdan qorunması üçün papağı olan birisidir. O mənə bir adres verir, mən baş üstünə deyib ayağımı qaza basanda məsələnin nə yerdə olduğunun fərqinə varıram. Deməli mən taksi sürücüsüyəm. Amma eyb etməz, cinayətkar olsa idim necə? Ən azından bu təhlükədən qurtardım. Sərnişinin mənə təyin etdiyi yer, onu götürdüyüm yerdən çox uzaqda deyil. Bu balaca boylu, sanki yeşiklərdən düzəltdirilmiş, qarşısında xeyli stol və böyük bir samovar qoyulmuş çayxanaya bənzər bir restorandır. Maşını saxlayıram. Nəzakətlilik üçün qiyməti deməyə tələsmirəm. Gözləyirəm sərnişin mənə sual versin, mən isə cavabında onun nə qədər borcu olduğunu deyim. Amma o nə maşını tərk etməyə, nə də borcunun miqdarını soruşmağa tələsmir. O barmaqlarını dodağına vura-vura, başını arxadan önə yelləyərək düşünür. Ağzımı açıb ona müraciət etmək istədiyim an masının arxa qapısı açılır. Bir nəfər maşına oturur. Güzgüdə təxmini sərnişinlə yaşıd gənc bir oğlan olduğunu görürəm. İndiyə qədər bir kəlmə kəsməyən sərnişin « sür » deyə dillənir. O mənə başqa bir adres verir. Sakitcə yola düşürəm. Etiraf edim ki, maşında hökm sürən sakitlik məni vahiməyə salır. Bu vəziyyəti dəyişdirmək üçün əlimi radioya atıb müsiqini işə salıram. Qarşıda oturan sərnişin əlini uzadıb musiqini söndürür. Ona tərəf sual dolu ifadələrlə baxanda, mənə tərəf dönüb, gözlərimin içinə çəkinmədən baxaraq « düşünməyə maneə olur » deyə cavab verir. Bir söz demədən, “müştəri hər zaman haqlıdır”, ifadəsini xatırlayıb yoluma davam edirəm.
 
Zirzəmidə artıq səbrim tükənir. Bunları bircə ünvanlarına çatdırıb, həyatımın qalan hissəsinin nədən ibarət olduğunu, misal üçün harada yaşadığımı, ailəli və ya subay olduğumu oyrənmək istəyirəm.
 
Xəyallarıma dönəndə biz artıq ünvana çatmışıq. Sərnişinlər aşağı enib « burada gözlə » göstərişini verib gedirlər. Onlar binaların arasında gözdən itirlər. Sanki bu hadisə ildirım sürəti ilə baş verdiyindən bir söz deməyə macal tapmıram. Ağlıma yenə musiqini işə salmaq gəlir amma buna cürət etmirəm. Sakitcə gözləməyə başlayıram. Bu məhəllə sakit bir yerdir. Ətrafda demək olar ki, kimsə yoxdur. Ağacların yarpaqları həzin əsən küləyin təsirindən sanki rəqs edirlər. Arada bir neçə yarpaq budaqlardan qopub havada süzə-süzə yerə düşür. Kənarda balaca bir pişik tənbəl halda, sanki işdən gəlmiş yorğun bir fəhlə kimi qısa addımlarla irəliləyərək binanın qarşısındakı balaca daxmaya doğru gedir. Qəflətən bu balaca pişik qaçaraq oradan uzaqlaşır. Ətrafda heç kimin olmadığı halda bu pişiyin diskinərək qaçması mənə çox gülməli görünür. Uzaqdan iki nəfər iri addımlarla maşına doğru gəlirlər. Onlardan birini tanıyıram. Bu mənim sərnişinimdır. Ancaq yanındakı digər şəxs çayxanaya bənzər restoranın yanından götürdüyümüz deyil. Onlar maşına əyləşir, qarşıda oturan özünü əvvəlkindən rahat aparır. Mənə şəhərin kənarında yerləşən bir restoranın ünvanını verib oraya sürməyimi istəyir. Səbrimin daşdığını hiss edirəm. Özümü toplayıb onlara dərhal maşınımdan düşüb özlərinə başqa taksi tapmaqlarını demək istəyirəm. Lakin bunu etmirəm, dilimi dişimlə tutub maşını işə salıram. Bu restoranı tanıyıram, oraya bir neçə dəfə gəlmişəm, amma onun bu qədər gözdən uzaq qulaqdan iraq yerdə olduğunun fərqinə ilk dəfədir varıram. Müştərilər aşağı düşüb restorana gedirlər. Mən yavaşca maşını sürüb aradan çıxmaq qərarına gəlirəm. Onların pulunu da istəmirəm. Tək istədiyim yoluma davam edib kim olduğumu, başıma nə iş gəldiyini öyrənməkdir. Ayağımı qaza basıb yola düşmək istəyirəm ki, gurultulu bir səs eşidirəm. Bu səsi tanıyıram, amma onun nə olduğunu ayırd edə bilmirəm. Əllərimlə başımı ovuşdurub, kürəyimi var gücümlə divara sıxıram. Gözlərimi açmaq istəyirəm, amma xəyallarımın davamını itirməkdən qorxaraq bu fikirdən daşınıram. Xəyallarıma qayıdanda artıq restoranın içindəyəm. Buraya gətirdiyim iki sərnişin ayaqlarını sallayaraq masanın üzərində oturublar. Əllərində tüstüləyən siqaret var. Qarşıda oturan sərnişin mənə bir siqaret uzadaraq onu yandırır...
 
Tfu mən siqaret çəkirəm.. Xəyalımda qurduğum o gözəl qəsrin kərpicləri bir-bir tökülür. Olmazdı ki, mən taksi sürücüsü yox, həkim və ya varlı iş adamı olum? Kasıb bir sürücü olmağım bəs deyilmiş, hələ bir sirqaret də çəkirəm. Ən azından varlı olsaydım buna heç kim pis baxmaz, hətta dəb kimi qəbul edərlər. Siqaretdən bir qullab alıram, bu an sol əlimdə bir şeyin olduğunu hiss edirəm. Əlimi qaldırıb baxanda bunun bir tapança olduğunu görürəm. Bu an bayaq eşitdiyim gurultulu səsin nə olduğunu anlayıram. Bu güllə səsi idi. Deyəsən, hadisələr qatmaqarışıq düşüb deyə düşünürəm. Taksi sürücüsü olmağı  qəbul edirəm, axı tapançanın mənim əlimdə nə işi var?
Əllərimi qulaqlarımdan götürürəm. Yəqin başımı möhkəm sıxıb beynimi qarışdırmışam. Dirçəlib yerimi rahatlayıram. Sanki bu rahatlığın real olduğunu yoxlamaq üçün sağa-sola vurnuxuram. Əllərimi dizlərimin üzərinə qoyub gözlərimi yenidən yumuram. Xəyallarıma dönəndə masanın üzərində Orxan və Sabirin yanında oturub siqaret çəkirəm. Necə? Orxan və Sabir? Məni buraya sürməyə vadar edən sərnişinlərin adlarını hardan bilirəm? Bəlkə özləri mənə deyib -  deyə özümü sakitləşdirməyə çalışıram. Əlimdəki tapançanı oturduğum masanın üzərinə, yanıma qoymuşam. Döşəmədə bir cəsəd var. Onun sinəsindən açılmış güllə yarası var idi və onun sinəsindən qan bulaq kimi axırdı. Döşəmənin ortası tavandan düşən işığın təsiri altında batmaqda olan günəş kimi qıp-qirmızıdır. Məni vahimə bürüyür. Artıq bir şey başa düşə bilmirəm. Mən niyə tanımadığım şəxsi öldürüm? Qəfildən içimi şübhə bürüyür. Mən Orxan və Sabiri necə tanıyıram? Bəlkə bu işdə mənim də əlim var? Restoran yenidən gözlərim önündə canlanır. Həmin səhnə, döşəmədə uzanan, qanına qəltan olan cəsəd. Artıq ciddi narahat olmağa başlayıram.
 
Ayağa durub uşaqlara başımla göstəriş verirəm. Onlar bayıra çıxıb bir azdan sonra selofana bükülmüş  ağır bir bağlama gətirirlər. Onu yerə qoyanda bağlama açılır. Bu Rəhimin cəsədidir. Rəhim çayxanaya bənzər restoranın yanından götürdüyümüz, maşında arxada oturan və Orxanla binaya tərəf gedib geri qayıtmayan müştəridir. Artıq təəcüb etməkdən əl çəkib, bu işlərdə barmağım olduğunu qəbul edib, hadisələrin davamını xəyalımda canlandırmağa çalışıram. Demək onun cəsədi buraya mənim maşınımda gətirilib. Əgər elədirsə, deməli bu işlərdən xəbərim vardır.
 
Sabir əyilib Rəhimin cəsədini digər cəsədin yanına sürümək istəyəndə, Orxan belindən çıxardığı tapança ilə onun başının arxasından nişan alaraq atəş açır.
 
Gözlərimi açıb təlaşla yuxudan oyanıram. Yuxuda gördüklərimi xatırlayıb dəhşətə gəlirəm. Bunların bir röya olduğuna sevinirəm. Cəld hərəkətlərlə sağa sola baxaraq həqiqətən də evimizdə olduğumu, yuxuda yox, oyaq olduğumu yoxlayıram.
 
Özümdən razı halda ayağa durub, paltarımı geyinib, səhər yeməyimi yeyirəm. Amma bütün yuxular kimi bu axşam gördüyüm röyanı da tezlikli və tamamilə unuduram.
Bir neçə gün sonra əvvəlcədən planlaşdırıldığı kimi qonşularım və dostluq etdiyim Orxan və Rəhimlə görüşürəm. Bizim bir planınız var. Biz tanışlarımızdan biri olan Sabir gilə gedib onun atasının evlərində gizlətdiyi bir çanta pulu oğurlamalıyıq. Sabirin atasının gəlirli biznesi var və o çox varlıdır. Oğurlamaq istədiyimiz bir çanta pulun evdə olduğunu Sabir özü bir neçə gün bundan əvvəl yeyib içdiyimiz zaman  bizə demişdi.
Bu pulu necə olur olsun əldə etməliyik. O pulları xatırlayanda sanki gözlərimiz qamaşırdı. Sabir həm də söhbət zamanı anası və bacısının rayona dayısı gilə getdiyini, evdə atası ilə tək olduğunu demişdi. Bu fürsəti əldən vermək olmazdı. Biz üç dost, planlaşdırdığımız vaxt Sabir gilin evinə gedib pulları oğurlamalı idik. Həmin vaxt Sabir və ya atası evdə olarlarsa lazım gələrsə onları aradan götürərik. Bu planı həyata keçirəcəyimiz gün artıq çatmışdı.
 
Ünvana çatıb Sabir gilin yaşadığı binadan bir az aralıda maşını saxlayıb Orxanla Rəhimi onlara göndərdim. Payız küləyinin ağacları necə silkələməsini və yarpaqların töküldüyünü seyr etdiyim zaman uzaqdan onların gəldiyini gördüm. Amma bu gələnlər Orxan və Sabir idi. Lənət şeytana yoxsa məni satdılar? Yoxsa Sabir məsələni öyrənərək mənim üstümə gəlir? Amma onların əlində böyük bir bağlama var. Maşına yaxınlaşıb baqajı açmağımı istədilər. Tələm tələsik bağlamanı baqaja qoyub örtdülər.
Bu nədir?
 
Deyə narahatçılıqla soruşdum.
 
Orxan maşına oturmağımı işarə elədi. Üçümüz də maşına oturub yola düşdük. O mənə evə girdikləri zaman Sabirin atasının evdə olduğunu dedi. Rəhim onu güllə ilə vurub öldürdü. Baqaja qoyduğumuz onun meydidir. Narahatçılıqla Sabirə tərəf baxdım. Orxan bunu gözləyirmiş kimi izah eləməyə başladı. Sən demə Rəhim Sabirə planlarımız haqqında danışıb. O, Sabiri yaxşı tanıdığı üçün onun bizimlə əlbir olub atasının pullarını oğurlamaqda bizə kömək edəcəyini bilirmiş. O yanılmayıb, çünki bu plana ən çox sevinən Sabir olub. O, Orxan və Rəhimə qapını açıb, atasının yatdığı otağı göstərib. Rəhimdə onu yatdığı yerdə öldürüb. Sonra onlar birlikdə pul olan çantanı götürüb, Sabirin atasının cəsədini selofona büküb aradan çıxıblar.
 
Bəs Rəhim hardadır?
 
Sanki onun yoxluğunu indi hiss edirmiş kimi təəcüblə soruşdum.
 
Rəhim Sabir gildə qaldı. O qana bulanmış yatağı başqa selofan torbaya yığıb, yerə tökülən qanı təmizləyib, sonra taksi ilə gələcək.
 
Maşını əvvəlcədən nəzərdə tutduğumuz, şəhərin kənarında yerləşən restorana tərəf sürdüm. Adətən az adam olan bu restoranın kabinlərinin birində rahat pulumuzu sayıb, onu paylaşıb, cəsədi nəzərdə tutduğumuz plana uyğun yox edib, sonra işimizin dalı ilə gedəcəkdik.
 
Biz restorana çatanda restoranın yiyəsi Azad kişi yalnız idi. Biz onu yaxşı tanıyırıq. Azad kişi cavanlığında barmaq qoymadığı qeyri qanuni iş yoxdur. O bir neçə dəfə həbsə düşüb, ömrünün çox hissəsini barmaqlıqlar arasında keçirib. Biz adətən oğurluq planlarımızı onu restoranında yekunlaşdırır, Azada da bir az “pay” verirdik. Restoranın altında bir zirzəmi var idi. Orada bir quyu qazıb cəsədi orada basdırmalı idik. Azad cəsədi görəndə sanki dəli oldu, kimisə öldürəcəyimizə inanmadığı üçün razılıq verdiyini dedi. O, daha sonra  fikrini dəyişib bizim dərhal restoranı tərk etməyimizi tələb etdi və səbəb kimi bir daha həbsə düşmək istəmədiyini bizə bildirdi. Bunu eşidəndə, sanki beynimə qan sızdı. Hirsimdən belimdə gizlətdiyim tapançanı çıxarıb onun sinəsinə iki güllə vurdum. O ağzı üstə yerə düşdü.
 
Bir siqaret yandırıb masanın üzərində oturdum. Orxanla Sabirə maşının baqajından cəsədi gətirməyi işarə etdim. Onlar Sabirin atasınıın meydini gətirib Azadın yanına uzatdılar. Cəsədin üzündən selofan süzülüb düşəndə onun sifətini görüb sanki dəhşətə gəldim. Bu ki Rəhimdir. Başımı qaldırıb Orxandan məsələnin nə yerdə olduğunu soruşmaq istəyəndə o əlindəki silahı mənə tuşlayıb yavaşca əlimdəki tapançanı yerə atmağımı əmr etdi. Bir söz demədən tabe oldum. Mənə dib otağa gedib zırzəminin qapısını açmağı əmr etdi. Sonra cəsədləri sürüyüb oraya atdım. Döşəmənin qanını təmizlədim. Orxan məni işlətməkdən yormuşdu. Bu zaman qapı açıldı. Ürəyimdə sevindim. Bu, Orxana məni öldürməyə mane olar deyə düşündüm. Bu Sabirin atası idi. Onun bir əlində maşınımda gizlətdiyim pul dolu çanta, o biri əlində isə tapança var idi. Artıq nə baş verdiyini, yuxu gördüyümü ya həqiqi həyatda olduğumu bilmirdim. Orxan kinayə ilə gülərək mənə izah etməyə başladı. Biz onunla planımızı qurandan sonra o Sabirin atasını görməyə getmiş, ona hər şeyi izah etmiş, amma bizim kim olduğumuzu deməmişdi. Onun məqsədi Sabirin atasından bir az pul alıb bu işi qansız davasız həll etmək imiş. Orxan bir az sadəlöhv və zəif iradəli olduğunu bildiyim üçün bu dediklərinə təəccüb etmədim. Amma ürəyimdə bu cürə insanla iş gördüyüm üçün özümü lənətləyirdim. Məsələdən agah olan Sabirin atası Orxana təşəkkür etmiş amma başqa plan təklif etmiş. O, Orxana çoxlu borcu olduğunu və bütün pullarını kazinoda uduzduğunu deyibmiş. O çantadakı pulları bankdan borclarını ödəmək üçün götürmüş və ailəsinin də xəbəri olmadan evlərini və başqa mal dövlətlərini artıq satmışdır. O, Orxana onun planı ilə hərəkət edərsə çantadakı pulun yarısını ona verəcəyini deyibmiş. Özü isə çıxıb başqa ölkəyə gedir və hər kəs onu ölmüş bilir.
 
Lakin, Orxan və Rəhim onlara girərkən o Rəhimi güllə ilə vurur. Bu hadisənin şahidi olan Sabirə bu işdə onlara kömək edərsə pulda onunda payı olacağını deyir və əsasəndə anası və bacısını da götürüb xaricə gedəcəklərinə söz verir. Atasının problemlərindən xəbərdar olan Sabir bu təklifi qəbul edir və mənə bu haqda heçnə deməmək tapşırığı alır. Sonra onlar məni də öldürüb hamımızın cəsədini restoranın zirzəmisinə atmağı planlaşdırırlar. Bu deyilənləri duyduqca başım firlanır, asanlıqla aldandığım üçün özümü lənətləyirdim. Mən bu düşüncələrdə ikən Orxan məni ayağı ilə vurub zirzəmiyə atdı. Aşağı dığırlanıb başımın möhkəm bir şeyə dəydiyini hiss etdim.
 
Daha sonra zülmət qaranlıq. Böyük bir boşluq. Gözlərimi açanda özümü ələ almağa cəhd etdim. Bir xeyli çırpınandan sonra özümə gəldim. Gözlərimi açdım. Amma heç nə görə bilmirdim. Hər tərəf qaranlıq idi. Zülmət qaranlıq. Ayağa durub yerimək istəyəndə ayağım yumşaq bir şeyə ilişdi. Sanki selofana bükülmüş bir cəsəd idi. Dayanıb harada olduğumu xatırlamağa çalışdım. Ağlıma Orxan gəldi. “Orxan, Orxan, Orxan”- deyə 3 dəfə səsləndim. Çox uzaq olmayan bir məsafədən inilti səsi, sonra söyüş səsləri eşitdim. Bu Orxan idi. Çox guman ki onun əlindəki tapança onunla birlikdə zirzəmiyə düşmüşdü. Özümü döşəməyə atıb əllərimlə tapançanı axtarmağa başladım. Əlim Orxanın əlinə ilişdi. O da deyəsən mənimlə eyni şeyi axtarırdı.....
 
Dilbadi Qasımov
 
Kultura.az
Yuxarı