- Tərcümə işiylə nə vaxtdan məşğul olursuz? Siz Frans Kafkanın "Məhkəmə" romanının tərcüməsinə görə "Tərcümə mükafatı"na layiq görülmüsüz...
- Bədii tərcümə ilə tələbəlik illərindən məşğul oluram, ancaq ilk tərcüməm 1974-cü ildə o vaxtkı "Ulduz” jurnalında çap olunanda artıq universitetdə işləyirdim. Bundan sonra mütəmadi olaraq respublikanın həmin dövr üçün çox hörmətli sayılan digər mətbuat orqanlarında "Azərbaycan”, "Xəzər” jurnallarında,"Ədəbiyyat və incəsənət”, "Azərbaycan gəncləri” qəzetlərində tərcümələrə çıxış etməyə başladım. İlk tərcümə kitabım - E. M. Remarkın "Zəfər tağı” romanı 1986-cı ildə "Yazıçı” nəşriyyatında çap olundu. Daha sonra Herman Hessenin "Yalquzaq” (1990) Lion Feyxtvanqenin "Lantenzak qardaşlar” romanlarını dilimizə çevirdim. Sonra uzun müddət bəzi səbəblərdən bədii tərcümə ilə məşğul olmadım. Yalnız 2005-ci ildə indi Nazirlər kabineti yanında Tərcümə Mərkəzinin direktoru, hörmətli yazıçımız Afaq Məsudun təkidi ilə 1990-cı ildən yarımçıq qoymuş olduğum Haynrix Böllün "Bir təlxəyin düçüncələri” (ruscası " Глазами клоуна”) romanının tərcüməsini "Xəzər” jurnalı üçün sona çatdırdım və beləliklə də təzədən "xəstəliyə tutuldum”. Daha sonra hörmətli cənab prezidentin məlum fərmanı ilə çap olunan "150 cildlik”lə əməkdaşlığa dəvət olundum, Ştefan Svayqı, Frans Kafkanı tərcümə etdim. Təəssüf ki, səhhətimlə bağlı bu layihədə sona qədər işləyə bilmədim. Frans Kafkanın "Məhkəmə” romanı da, əslində, yarımçıq qalmış işin davamı idi və pis də qarşılanmadı. Həm AYB ilə BSU-nun birgə son iki ilin ən yaxşı tərcümə əsəri kimi 2013-cü ildə "Abbas Səhhət”, həm də dediyiniz kimi, Avstriyanın "Tərcümə mükafatı”na layiq görüldü. Frans Kafka böyük yazıçı olduğu kimi tərcüməyə də çətin gəlir.
- Sizcə, Azərbaycan dilinə mütləq tərcümə olunmalı əsərlər hansılardır?
- Tərcümənin əsas məqsədlərindən biri də, daha doğrusu ən əsası xalqın ədəbiyyatını, mədəniyyətini zənginləşdirməkdir. Tərcümə işinə məhz bu aspektdən yanaşmaq lazımdır. Yəni ilk növbədə elə əsərlər tərcümə olunmalıdır ki, ədəbiyyatımız bundan nəsə qazansın, ədəbiyyatların, mədəniyyətlərin qarşılıqlı təsiri baxımından əhəmiyyət kəsb etsin. Belə olan halda, dilimizə çox əsər tərcümə olunmalıdır, çünki bu sahədə başqa postsovet ölkələrilə müqayisədə çox geri qalmışıq. Məhz bu geriliyin nəticəsidir ki, son illərdə yaranmış tərcümə "bumu” tərcümə təsərrüfatımızda, az qala, təsərrüfatsızlıq yaradıb. Ədəbiyyatımız, mədəniyyətimiz üçün çox vacib olan şedevrlərlə yanaşı tez-tez, necə deyərlər "bulvar ədəbiyyatı” nümunələri də çap olunur. Burada ən pisi odur ki, tərcümələrin keyfiyyəti biznes marağına qurban verilir, kəmiyyət ön plana keçir. Ancaq mən həmişə bir fikirdə olmuşam ki, bu xoşagələn olmasa da, böyük faciə də deyil. Onsuz da zaman hər şeyi həll edəcək, tədricən də olsa, bizdə də ənənə, məktəb yaranacaq. Yalnız bu zaman seçim düzgün olacaq, klassiklərlə yanaşı dünyanın ədəbi mənzərəsini əks etdirmək ən son əsərlər bu kriteriyalar baxımından seçiləcək. Son vaxtlar tərcümədə klassik və ya ən müasir ədəbiyyata üstünlük verilməsi barədə mübahisələr gedir. Əslində, burda seçim yalnız bir kriteriya əsasında aparılmalıdır. Əsərin nə vaxt yazılması deyil, nədən və necə yazılması əsas götürülməlidir. Onu da unutmamalıyıq ki, postmodernist ruhda yazılmış əsərləri dərk etmək üçün əvvəlcə modernizmin nə olduğunu bilmək lazımdır. Yəni ilk öncə modernist əsərlər-əlbəttə, burda tipik əsərlərdən söhbət gedir – tərcümə olunub yayılmalıdır ki, postmodernist ədəbiyyatın mahiyyəti anlaşılsın.
- Xarici müəlliflərin əsərlərinin tərcüməsində hansı meyarlar əsas götürülür?
- Burada iki yol var: ya nəşriyyat öz marağına uyğun əsəri sifariş verir, ya da tərcüməçi özü öz zövqünə, ruhuna yaxın olan əsəri seçir, nəşriyyatı onun tərcüməsinin vacibliyinə inandırır. Şübhəsiz ki, bu zaman yuxarıda adını çəkdiyimiz kriteriya burada da əsas olmalıdır. Təcrübə göstərir ki, bu zaman tərcüməçinin öz zövqünə uyğun əsər seçib nəşriyyata təklif edərkən tərcümə daha uğurlu olur. Nəşriyyat da öz marağına uyğun əsəri sifariş verəndə diqqətli olmalıdır. Son vaxtlar mətbuatda çoxlu zəif tərcümələrin çap olunmasından şikayət edilir. Bu, hər şeydən əvvəl, tərcüməçi-nəşriyyat münasibətlərinin düzgün tənzimlənməməsinin nəticəsidir. Bəzən nəşriyyat biznes marağı xatirinə hər hansı bir əsəri "ucuz işçi qüvvəsi” kimi səriştəsiz bir tərcüməçiyə etibar edir. Halbuki tərcümənin uğuru tərcüməçinin müəllifin yaradıcılıq manerasına nə dərəcədə bələd olmasından, peşəkarlığından, potensialından asılıdır.
- Cəmiyyətin Avstriya ədəbiyyatına marağı nə qədərdir? (Əgər maraq varsa, hansı əsərlərə var, yoxdursa gənclərdə bu marağı necə yaratmaq olar?)
- Ümumiyyətlə, cəmiyyətimizdə kitaba marağın nə səviyyədə olmasını özünüz də yaxşı bilirsiniz. Dünya ədəbiyyatına maraq necədirsə, Avstriya ədəbiyyatına maraq da o səviyyədədir. Onu da nəzərə almaq lazımdır ki, Avstriya ədəbiyyatı – Ştafan Svayqı, Frans Kafkanı çıxmaq şərtilə, demək olar ki, dilimizə tərcümə olunmayıb. Məsələn, rus və ya ingilis dilində oxumayıbsa, Azərbaycanlı oxucu Herman Broxu, Robert Muzili, Tomas Bernhard, Elfred Yelineki, Peter Handkeni tanımır. Bu müəlliflər Azərbaycan oxucusuna sevdirmək üçün şübhəsiz, onları tərcümə edib tanıtdırmaq lazımdır.
- Sovet dövründə tərcümə işi hansı kriteriyalar əsasında müəyyən olunurdu və indiki dövrdə tərcümənin seçilməsi hansı kriteriyalar əsasında baş tutur.
- Sovet dönəmində rəsmi yasaq olunmasa da "arzu olunmayan” yazıçılar vardı. Məsələn, Frans Kafka belə yazıçılardan idi. Eləcə də, Henrix Böll. Halbuki sonuncu keçmiş SSRİ-də çox populyar yazıçılardan idi, lakin Soljenitsinə münasibətindən sonra o da "arzuolunmaz” yazıçıya çevrildi. Biz o vaxt tərcümə üçün yalnız Moskvada çap olunan müəllifləri, ya da, necə deyərlər, "zərərsiz” klassikləri seçə bilərdik. Alman dilindən tərcümədə şübhəsiz ki, sabiq ADR müəlliflərinə üstünlük verilirdi, çünki onlarda da bizdəki kimi hər şey ideologiyaya tabe idi. Birbaşa orijinaldan milli dillərə tərcüməni əngəlləmək üçün bir şərt də qoyulmuşdu: elə müəllifləri tərcümə etməyə icazə verilirdi ki, onun müəlliflik hüququnun saxlanmasından 30 il keçmiş olsun, çünki varislərdən kimisə qonorar barədə iddia qaldıra bilərdi. Düzdür, buna bəzən əməl olunmurdu, ancaq yenə də maneçilik törətmək üçün vasitə idi. İndi isə, özünüz də görürsünüz ki, heç bir əngəldən söhbət getmir, kim nəyi istəyir, onu da tərcümə edir.
- Yazılı və sinxron tərcümə arasındakı fərq nə qədər fərqlidir?
- Mən deyərdim ki, bunlar tamamilə başqa-başqa sahələrdir. Yazılı tərcümə zamanı tərcüməçinin əlində bütün imkanlar olur - vaxtdan tutmuş hər cür lüğətlərə, soraq kitablarına, ensiklopediyalara qədər. Sinxron tərcümədə isə vəziyyət tamamilə başqadır: tərcüməçi həm dinləməli, həm də danışmalıdır. Müxtəlif strukturlu, müxtəlif sintaksisə malik olan dillərdə bu daha çətin olur. Məsələn, alman dilindən rus dilinə sinxron tərcümə daha asandır, nəinki Azərbaycan dilinə. Çünki alman dilinin sintaksisi ilə Azərbaycan dilinin sintaksisi bir-birindən tamamilə fərqlənir. Burada deyilənlərin 60-70 faizini ifadə etmək "kafi” hesab olunur, halbuki yazılı tərcümədən daha çox şeylər tələb olunur.
- Bu gün tərcümə işlərinin keyfiyyəti necədir, xüsusilə də alman dilindən tərcümə? Siz səviyyədən razısınızmı?
- Bu suala cavab vermək bir qədər çətindir, çünki mən özüm də bədii tərcümə ilə məşğul oluram. İstər nəzəriyyə, istərsə də praktika göstərir ki, mükəmməl tərcümə yoxdur və belə olan halda kiminsə tərcüməsini qiymətləndirmək etik normaya sığmır. Yəni mənim tərcümələrimdə də kifayət qədər çatışmazlıqlar, yayınmalar var, ona görə də kiminsə haqqında "pis tərcümə edir” demək istəmirəm. Ümumiyyətdə götürəndə isə, ingilis dili ilə müqayisədə alman dilindən tərcümə edənlərin sayı azdır və səviyyə də onlarda olduğu kimidir. Mənə belə gəlir ki, bizim gənc tərcüməçilərin çoxunun bir ümumi cəhəti var! Onlar fikri deyil, sözü tərcümə edirlər, hər hansı bir ifadə, deyim tərzinin Azərbaycan dilində yad səsləndiyinə fikir vermirlər. Bəzən tərcümə mətnində fikri tutmaq üçün cümləni bir neçə dəfə oxumalı olursan. Halbuki, tərcüməçi iş prosesində fikri tutmaq üçün cümləni bir neçə dəfə oxuya bilər, oxucu isə onu bircə dəfə oxumalıdır. Dili zorlamaq olmaz...
- Bəs məktəb və universitetlərdə alman dilinin tədrisi hansı səviyyədədir?
- Universitetləri deyə bilmərəm, ancaq orta məktəblərdə alman dili çox az tədris olunur. Bunu mənim işlədiyim Dillər Universitetinə qəbul zamanı da aydın görmək olur. İndi hamı fərqinə varmadan ingilis dili öyrənir, gələcəkdə nəyin necə olacağı barədə düşünmürlər. Unutmaq olmaz ki, Almaniya dünyanın ən qüdrətli ölkələrindən, Avropa İttifaqının aparıcı dövlətlərindən biridir. Alman dili ciddi ədəbiyyat, fəlsəfə dilidir. Ancaq bu da maraqlıdır ki, kurslar səviyyəsində alman dili ingilis dilindən az öyrənilmir.
- Tələbə mübadilə proqramları şagirdlərə və tələbələrə alman dilini daha da yaxşı öyrənməyə kömək edə bilərmi?
- Əlbəttə! Dil öyrənmək, həm də dilini öyrəndiyin xalqın mədəniyyətini, adət-ənənəsini, həyat tərzini öyrənmək deməkdir. Bu baxımdan alman dilini öyrənənlərin imkanları daha çoxdur. Almaniyanın Alman Akademik Mübadilə Xidməti (DAAD) və Avstriyanın "Avstriya Mübadilə Xidməti” (ÖAD) proqramları bizim tələbə- gənclərə, eləcə də professor-müəllim heyətinə dili dil daşıyıcıları ilə ünsiyyətdə öyrənmək üçün geniş imkanlar yaradır. DAAD-nın Azərbaycanda nümayəndəliyi var, hər il çoxlu tələbə bir aylıq dil kurslarına, eləcə də oxumaq üçün bir semestrliyə, on aylığa Almaniyanın müxtəlif universitetlərinə gedir. Gənc tədqiqatçılar üçün də müxtəlif təqaüd proqramları var. Hazırda Universitetdə fəaliyyət göstərən Avstriya kitabxanasnın nəzdində "Avstriya Mübadilə Xidmətinin” nümayəndəliyini yaratmaq üzərində işləyirik. Ümumi razılıq var, indi texniki məsələlər üzərində iş gedir.
- Almaniyada danışılan alman diliylə, Avstriyanın alman dili arasında nə fərq var?
- Əslində, eyni dildir. Ədəbi dil səviyyəsində ("Hochdeutsch”) demək olar ki, heç bir fərq yoxdur. Yalnız ümumxalq danışıq dilində bəzi fonetik, leksik dəyişikliklər var. Lakin bu müxtəliflik almanla avstriyalı arasında heç bir dil səddi yaratmır.
- Avstriyanın elm, tədqiqat və iqtisadiyyat nazirliyinin təqdimatı ilə siz Avstriya-Azərbaycan münasibətlərinin inkişafına və Avstriya ədəbiyyatının təbliğindəki töhfələrinizə görə bu ölkənin "Elm və Mədəniyyən Naminə” adlı fəxri mükafatına layiq görüldünüz. Bu barədə daha ətraflı danışa bilrəsinizmi?
Sözün düzü, bu da mənim üçün gözlənilməz oldu. Şübhəsiz ki, Universitetimizdə fəaliyyət göstərən "Avstriya kitabxanası”nın rəhbəri kimi mənim Bakıdakı Avstriya Respublikası səfirliyində necə deyərlər, "şəxsi işim” var və onlar nəyisə dəqiqləşdirmək istəyəndə, bunu növbəti "dəqiqləşdirmə” hesab elədim. Görünür, burada Kafkanın "Məhkəmə”sinin tərcüməsinə görə "Tərcümə mükafatı” almağım, eləcə də Avstriyadakı "Yura Zoyfer Cəmiyyəti” nin məşvərət şurasının üzvü olmağım da rol oynayıb. Hər halda, mənim bu çox təvazökar xidmətimə belə yüksək qiymət verdiyi üçün Avstriya hökumətinə minnətdaram və bundan sonra da Avstriya-Azərbaycan ədəbi-mədəni əlaqələrinin genişləndirilməsi işinə, imkan daxilində, yardımçı olacam.
Söhbətləşdi: Rüstəm Qasımov
ANN.Az