post-title

Viktoriya Tokareva: Öz həqiqətin (SON)

Rüstəm aristokratlar kimi dəqiq zamanında gəldi. Yanında oğlu, ciddi, gözəl oğlan uşağı dayanmışdı. Onun gözəlliyi cənub gözəlliyinə bənzəmirdi — gözə çarpan deyildi — bir qədər sakit gözəllik idi. Gözləri — boz, saçları — tünd şabalıdı, göyümtul dodaqları ağır ürək çatışmazlığından xəbər verirdi. Onu uşaq kardioloqları — Maniladan gəlmiş professor, Moskvadan da Karnauxov — yoxladılar. (Manila — Filippin dövlətinin paxtaxtı.—Tərc.İ.U.) Konsilium qurdular. Hər kəs öz nöqteyi nəzərini bildirdi. Fikirlər üst-üstə düşdü: əməliyyat gərəkdir. Zamanı qaçırmaq olmaz. Daimi oksigen çatışmazlığı ucabatından başqa orqanlar da əziyyət çəkməyə başlayıb. Hələ beş il öncə belə uşaqlar ölümə məhkum sayılırdılar. Amma indi bu qüsuru aradan qaldırmağı bacarırlar.

 
Karnauxov dedi:
—Sizi növbəyə qoyacağıq. Siz də Moskvaya gələcəksiniz.
Rüstəm soruşdu:
—Nöbvə uzundu?
—Təxminən yarım il.
—Bəs niyə belə çox?
Anna izah etdi:
—Çünki xəstə çoxdu, xəstəxana isə birdir.
Rüstəm maraqlandı:
—Amerikada yaxşıdı, yoxsa bizdə?
—Amerikada bahadır.
Rüstəm dəqiqləşdirdi:
—Neçəyədir?
Anna sualı ingiliscəyə çevirdi. Konsilium iştirakçıları anlayaraq başlarını tərpətdilər. Qiyməti dedilər.
Anna tərçümə elədi.
Rüstəmin qaşları yuxarı qalxdı. Sifəti tutuldu. Aydın idi ki, deyilən məbləğ onun üçün əlçatmazdı. 
Balaca oğlan araya girdi:
—Niyə təəcüblənirsən? Əməliyyat — yüksək ixtisaslaşdırılmış, eksklüziv əməkdir, artırılmış məsuliyyətdir.
Anna ingiscəyə çevirdi. Konsiliumun iştirakçıları gülümsədi, başlarını buladılar. Bu qəribə balaca oğlan onların xoşuna gəlirdi, nə mümkündürsə, onun üçün etmək istəyirdilər.  
Karnauxov soruşdu:
—Kitab oxumağı sevirsən?
Oğlan təəccüblə cavab verdi:
—Təbii.
—İndi nə oxuyursan?
—Lenin və Stalini.
Rüstəm açıqladı:
—Evimizdə əsərlər toplusu var. Atamdan qalıb. — Görünür, atası partiya işçisi imiş.
Anna başa düşdü: oğlan uşaq oyunları oynaya, tam hərəkətli yeniyetmə həyatını yaşaya bilmir. Çox vaxtını evdə keçirir deyə, çox oxuyur.
Karnauxov soruşdu:
—Maraqlıdı?
—Stalin maraqlı deyil. Lenində isə artıq mətn çoxdur.
—Bəs kimdə artıq mətn yoxdur?
—Puşkində. Yalnız fikri ifadə eləyən sözlər var.
 
Annanın yadına Vısotskinin söləri düşdü: “ Xəstə olan daha tez böyüyür...” Təbiət, həyatın qısa proqramını hiss edib, şəxsiyyətdəki hər şeyi daha sürətlə aşkarlamağa tələsir. Ona görə çox vaxt ağır xəstə uşaqlar əqli cəhətdən daha irəlidə olur, az qala dahi olurlar. 
Qəbul bitmişdi.
Anna yola salmağa və sağollaşmağa çıxdı. 
Soruşdu:
—Marina İvanovnaya nə çatdırım?
—Çox sağol... Sizə görə...
Rüstəm əlləri ilə sifətini gizlətmədən ağladı. Qaşları titrəyirdi. Dodaqları əsirdi.
Rüstəmin həyatında, gecə qaranlığında görünən işartıtək ümid görünməyə başlamışdı. Bu ümidi də hələ dünən tanımadığı Anna təşkil etmişdi.
Rüstəm dayanıb ağlayırdı. Anna dözə bilmədi. Gözləri doldu.
Uşaq qırağa baxırdı. Melodramada iştirak etmək istəmirdi. Özünü, hər şeyə nifrətlə baxan və güclü üstinsan kimi hiss etmək onun xoşuna gəlirdi. Hər şeydən kənarda və üstün olmaq. Döyüşdən üstün olmaq.
Yəqin, Niçşeni çox oxumuşdu.
 
Anna Moskvaya qayıtdı.
Marina həmişəki kimi onu yolda gözləyirdi.
Anna taksidən çıxdı. Çamadanı, hədiyyə qutularını çıxartdı. Azərbaycanlılar milli suvenirlər bağışlamışdı.
“Salam” əvəzi Marina soruşdu:
—Hə, necə oldu?
Bu sualda çox şey var idi: “Rüstəmi gördünmü? Konfetləri verdinmi? Necədi? Nə dedi?”
Anna bircə sözlə cavab verdi:
—Qanışirindi. — Bu demək idi: gördüm, çatdırdım, baxdım və təvazökarcasına qiymətləndirdim — qanışirindi. 
Artırdı:
—Uşaq da əladır.
Marina anlamadı:
—Nə uşaq?
Bu sualı artıq bir dəfə Camala vermişdi. Onun da sifətinin ifadəsi eyni idi.
—Rüstəmin oğlu. Onun anadangəlmə ürək çatışmazlığı var. Moskvaya əməliyyata gələcəklər.
Marina tutuldu:
—Arvadıyla?
—Bilmirəm. Yəqin ki...
Evə girdilər. Masanın üstündə ət, kələm və qaragilə piroqları var idi. Plitənin üstündə ev əriştəsindən hazırlanmış qəliz şorba gözləməkdə idi. 
Xoşbəxtlik elə budur — yemək istədiyin vaxt sənə yemək verirlər. 
Masa arxasına oturdular. 
Marina soruşdu:
—Onları kim çağırmışdı?
—Necə yəni “çağırmışdı”? Qonaq çağırmamışdılar ki. Tibbi səbəblərə görə.
—Niyə bəs sən?
—Mən həkiməm. Rüstəm xahiş etdi, mən kömək etdim. Bəs nə etməliydim? Etməməliydim?
Marina dodaqlarını büzdü. Anna — ONUN adamıdı. ONUN ərazisidi. Rüstəm isə  O satqın həyatı Marinanın ərazisinə sürüyüb gətirmişdi.
Anna şorba dolu qaşığı ağzına apardı. Ləzzətdən gözlərini yumdu. Bu zərif şam yeməyində sevgi və qayğı gizlənirdi. Yüngül bir  öyünmə də var idi: “Gör — necə bacarıram!”
Anna təstiqlədi:
—Bu şorba deyil. Bu — mahnıdı.
Marina soruşdu:
—Bəs o nə dedi?
—Kim?
Suala bax da.
Marina xatırlatdı:
—Rüstəm.
—Heçnə.  Amerikada əməliyyatın neçəyə olduğunu soruşdu. 
—Mənə bir şey göndərmədi bəs?
—Göndərdi: sağol... — Anna “sizin üçün” sözlərini buraxdı, demədi. Xətrinə dəyə bilərdi. Əslində, o boyda olub-keçənlərin qarşısında quruca “sağol” da adamın xətrinə dəyər.
Marina gözlərini aşağı saldı.
Anna sadəlövhcə soruşdu:
— Bir-birinizi sevirdinizsə, niyə evlənmədiniz?
 
Marina qısa cavab verdi:
 
—Onun dini başqadır.
Deməyəcək ki, Rüstəm onu atdı. Əlcəyini çırpan təki həyatından çırpıb atdı.
—Nə olsun? Demək olar, bizim bütün həkimlərin dini başqadır. Hamısının da arvadları rusdur.
Marina dəqiqləşdirdi:
—Yəhudidirlər? Yəhudilər axı əbədi qaçqındırlar. Onlar sağ qalmağa çalışırlar.
Anna gülümsədi:
—Maraqlı fikirdir...
Onun dost və iş yoldaşları heç də qaçqınlara oxşamırlar. Əksinə, həyatın sahiblərinə bənzəyirlər. Tatar Akçurin isə — Birinci kardioloqdur.
Marina ehtiyyatla soruşdu:
—Bəs onun oğlu necə uşaqdır?
—Möhtəşəmdir. Məndən olsa, onu oğurlayaram.
Marina fikirləşdi: “Mənim ola bilərdi. Amma sağlam olardı. Başqa qanların qarışığından uşaqlar daha yaxşı olur. Başqa ət növlərinin qarışığından yaxşı çıxan kotletlər kimi.” 
Marina soruşdu:
—Oğlan Rüstəmə oxşayır?
—Ondan daha çox ağıllıdır....
Deməli belə. Deməli, Rüstəm ona elə də ağıllı görsənməyib. 
Anna özünü günahkar hiss etdi, lakin günahının nədən ibarət olduğunu bilmirdi.
Onlar mətbəxdə oturub qaragilə mürəbbəsiylə çay içir, başlarının üstündən də o tərəfə-bu tərəfə duyğular qaçışırdı.
Giriş qapısı şappıldadı. Evdə yüngül ayaq səsləri eşidildi.
Anna qorxdu:
—Kimdir?
Marina boğuq səslə:
—Aleçkadı.
Anna anlamadı:
—Kim?
—Nəvəmdi, başqa kim olacaq...
 
Marina adəti üzrə yad ərazidə öz qanunlarını yeritməkdəydi. Niyə də bu yaşda o, öz vərdişlərini dəyişməlidir? Uşaq hava alar, yaxşı yemək yeyər — burda qeyri-adi nə var ki? Burda hər şey boldur. Yarısı itə tökülür. Böyüklərə də xeyri var: bir-birinə qapanıb qalmasınlar, üçüncüyə — balaca və böyüməkdə olan bir insana öz mehrindən, hərarətindən pay vermək gərək. Gülü sulamaq gərək.
Anna, piroq əlində donub qalmışdı. Aydın oldu: qapıdan ayağını çölə qoyan kimi,   evdə Alya peyda olub. Marina — müstəqil və heç kəsdən asılı olmayan birisidir. Heç kəsdən asılı olmamaq isə özbaşınalıqla həmsərhəddir. Fərq çox incədir. 
Bu arada Aleçka soyuducuya sarı qaçıb ordan yoğurt götürdü. Ayaqlarını qaldırıb kürsüdə oturdu. Televizoru açdı. 
Televizorda kütbeyin oyun gedirdi. Otağı kütbeyin mətn doldururdu. Aleçka gülürdü. 
Anna tələb etdi:
—Televizoru söndür.
Alya məsləhət verdi:
—Siz ikinci mərtəbəyə gedin. Orda eşidilmir.
Marina səsini qaldırdı:
—İkinci mərtəbəyə özün get. Orda da televizor var.
Alya tərsliyinə saldı:
—Ordakı balacadı... — Buna baxmayaraq qalxıb getdi.
Anna etdiyi kəşfdən iflic olub yerində qalmışdı. Onu (Annanı) sevmirlər. Onu neft quyusu kimi istifadə edirlər sadəcə. Hamı istifadə edir: Ferapont da, Karnauxov da, xəstələr ordusu da. Elə bilirdi, sadə rus qəlbli Marinanın ona yazığı gəldiyi üçün qayğı göstərir. Amma... Xəyal örtüyünü atdım, oyandım...  Çatskidəki kimi. (A.S.Qriboyedovun “Ağıldan bəla” poemasından — tərc. İ.U.)
Anna boşqabını kənara itələyib ikinci mərtəbəyə, öz yataq otağına qalxdı. 
Televizor ikinci mərtəbədə guruldayırdı. 
Anna Alyaya:
—Aşağı get!
Qızcığaz dodağının altından:
—Hə də... Gah yuxarı, gah aşağı...
 
Amma televizoru söndürdü.
Aleçkanı, çətinliklə olsa da, idarə etmək mümkün idi.
Marina  aşağıda təmkinli sifətlə oturmağındaydı. O, əsəbləşəndə təmkinli görünürdü. Təmkin — müdafiə refleksidir. Marina riskə gedirdi, özü də bunu anlayırdı.  Annanın səbr kasası daşsa, ikisinin də burdan çıxıb getməsini xahiş etsə, onun gedəcəyi yeri yox idi. Aleçkanı anasına aparacaq, özü isə vağzala gedəsi olacaq. Oturub qatarları qarşılayacaq.
Aleçka rahatca endi. Deyəsən, təhlükə sovuşmuşdu. Bəlkə də sovuşmamışdı. Sabah qovalayacaqlar. Sabah — sabahdı. İndi isə uşağı yedizdirmək lazımdı.
Marina nəvəsini otuzdurub ən yaxşı tikələri ona qoymağa başladı. Aleçka iştahla yeyir, Marina isə qarşısında oturub onun hər bir tikəni udmasına alqış edirdi. 
Gecə Annanın xeyli yuxusu gəlmədi.
Yadına babasının danışdığı bir hadisə düşdü. Müharibə zamanı babası evinə yiyəsiz bir uşaq  gətirmişdi. Nənəsi ilə birgə onu yedizdir, çimizdirib geyindirdilər. Sabahısı gün isə o uşaq dostlarını da gətirib evi talamışdılar. Xeyirxahlığı zəiflik kimi başa düşmüşdü. 
Marina da eləcə. Nəyin bahasına olursa olsun, sağ qalmağa çalışır. Quyudan yuxarı dırmaşır, arxasınca da nəvəsini dartır. İndi nəzakət yeri deyil. Quyudan yuxarı dırmaşan insanların nə vicdanı, nə də qeyrəti olur. Yalnız bir arzuları var — yuxarı çıxmaq.
Anna hamını başa düşürdü. Amma onu heç kəs başa düşmək istəmirdi. Neft quyusundan necə bəhrələnərlərsə, ondan da elə bəhrələnirlər. Digər tərəfdən, quyu varsa, ondan niyə də bəhrələnməsinlər... Boş neft quyusundan daha da kədərli mənzərə ola bilməz.
 
Çərşənbə axşamı idi. Annanın yadında qalmışdı, çünki həftənin çərşənbə axşamı əməliyyat günüdür. Anna evə yorğun qayıtmışdı. 
Alya televizorun qarşısında oturub cizgi filminə baxırdı. 
Anna şam yeməyi yeyib yataq otağına qalxdı. Daha erkən uzanmaq, tək qalmaq, mütaliə etmək istəyirdi.
Yataq otağında hər şey həmişəki kimi idi. Bir şeydən başqa: “bacılar” fotosunda imperatorun qızlarına bığ çəkilmişdi. Bunun bir adı var idi: Alya yataq otağına girib, özünü ev sahibəsi sayıb ağlına gələni edibdir.
Anna aşağı düşüb Marinanı yuxarıya çağırdı. 
Marina qalxdı, baxdı, ancaq burda heçbir qəbahət görmədi. Uşaqlar hər şeylə maraqlanır, hər şeyi bilmək istəyir. Onlar bu yolla dünya haqda öyrənir.
Annanın başı dumanlanmışdı. Qan təzyiqi qalxdı. Ürəyi bulandı. Çarpayıda oturdu, dərman istədi. 
Marina təəcübləndi:
—Sənə nə oldu? Bundan ötrü? Silərəm.
Anna zəif səslə:
—Marina... xahiş edirəm, nəvəni götür evinə apar. Gözüm onu görməsin. Anladın?
Marina otaqdan çıxdı.
Aleçka günahkar pişik kimi açıq televizorun qarşısında oturmuşdu.
Marina özündən çıxdı:
—Köpəyin qızı köpək. Niyə burnunu hər yerə soxursan? Niyə elə hara gəldi soxulursan?
Aleçka ağlamağa hazırlaşanda dodaqları tərpəndi. Balaca sifətində əzab göründü. Marina nəvəsinə çox əsəbləşə bilmirdi. Annaya isə çox əsəbləşə bilirdi.
Aleçkanın əşyalarını yığa-yığa ürəyində düşünürdü: “Bahofə, xanıma bax da...”
Marinanın imkanı, getməyə yeri olsaydı, elə indicə Aleçkanı da götürüb həmişəlik çıxıb gedərdi.
Marina idman çantasını qabqardı, Aleçkanın da əlindən tutub evdən çıxdı.
Yol uzun idi. Əvvəl şosseyədək addımladılar. Sonra həmişə ağzınadək dolu olan avtobusa mindilər. Daha sonra metro ilə getdilər.
Metroda Aleçka isti başını nənəsinin çiyninə söykəyib yuxuladı. Marina yuxarıdan qızın başına baxırdı. Saçları elə zil qara idi ki, başının dərisi maviyə çalırdı. Marinanın hülqumuna sevgi axırdı. Kiminsə Aleçkadan xoşu gəlməməsini heçcür anlaya bilmirdi. 
İndi Snejanagilə çatıb uşağı yatızdıracaq. Səhər isə evin yaxınlığından bir iş axtaracaq, nə iş olur — olsun, fərqi yoxdur, lap gözətçi işi olsun. Lap qəpik-quruş versinlər, amma ailənin yanında olsun.
 
* * *
Snejana qapını açdı.
Marinanın burnuna pişik sidiyinin kəskin qoxusu gəldi. “Salam” əvəzi Marina qaş-qabaqla:
—Bu nə üfünətdi? — dedi.
Sara adlı pişik otaqdan mətbəxə keçdi. 
Pişiyin alnından çənəsinədək uzanan ağ zolaq, heyvanın üzünü iki qeyri-bərabər hissəyə böldüyünə görə, sifəti asimmetrik görünürdü.
Marina:
—Necə də eybəcərdi.
Aleçka etiraz etdi:
—Eybəcər niyə olur? Çox gözəldi... — Qızcığaz pişiyin üstünə atılıb onu pəncələrindən qaldırdı, üzündən öpdü.
Aleçkanın ev üçün darıxdığı və məmnuniyyətlə bura qayıtdığı görünürdü. Balaca insanlara hər yan yaxşıdır. Onlar kasıblıqla zənginlik arasında böyük fərq görmürlər. Onlar ”şəndir” və “darıxdırıcıdır” arasında olan fərqi görürlər.
Mətbəxdə Oleq şam yeməyi yeyirdi. Görünür, işdən yenicə qayıdıb. Marina ürəyində qeyd etdi: “Çox işləyir”.
Oleq salamlaşmağa çıxmadı. O, fikirli-fikirli yemək yeyir, özünü elə aparırdı ki, sanki qapının o tərəfində baş verənlərin ona heç bir aidiyyatı yoxdur. 
Snejana soruşdu:
—Soyunacaqsan?
Soruşmadı: qalacaqsan? Bunu ağla da gətirmək olmazdı. Məsələ belə qoyulmuşdu: üst paltarını soyunacaqsan yoxsa dərhal çıxıb gedəcəksən?.. 
Marina:
— Evə gedim. Artıq gecdir.
Əvvəl dedi, sonra da “evə” sözünə heyrətləndi. Annanın evinə alışmışdı, onu özününkü hiss edirdi. Marina bu o evi yığıb-yığışdırırdı, onun hər küncünü-bucağını tanıyırdı. O  — təmiz, ekoloji, əsilzadə ev idi, köhnə ağacın qoxusu və geniş pəncərə altlığında canlı gülləri var idi.
 
Anna uzanıb tavana baxırdı. O, Marinaya ümüd bəsləyirdi, onun yad, qərib qəlbinə söykənmək istəyirdi. Lakin yad — yaddır. Adama yalnız özününkülər kömək əlini uzadar, çünki özününkülər — özününküdür. 
Bəlkə Moskvaya qayıtsın? Ferapontla yaşasın? Onun qayğısını çəksin? Pis ailənin olması ailənin heç olmamasından daha yaxşıdır. Bunu psixoloqlar müəyyən edib. 
Anna yerindən qalxıb Moskvadakı mənzilinin telefon nömrəsini yığdı. Ferapontun sakit, ziyalı səsini eşitdi:
—Bəli... Eşidirəm.
Anna:
—Mənəm. Necəsən?
Ferapont bir qədər təəcüblə:
—Babatam...
—Nə yeyirsən?
—Sardelka.
—Bəs birinci yemək?
—Kubiklər.
Anna təklif etdi:
—İstəyirsənsə, gəlim bir şey bişirim.
Ferapont kədərli səslə:
—Yox əşi... Nəyə gərəkdir?
Anna, köksündə məhəbbət çırpıntısı duydu.
Dilləndi:
—Bəlkə Moskvaya köçüm?
—Bilmirəm... Özün bilərsən...
Mənzilin dərinliyindən qıvraq qadın səsi gəldi. 
Ferapont:
—Yaxşı, mən yatıram, — deyib dəstəyi asdı. 
Annanın gözləri yol çəkirdi. Bu nə səsdi?  Evində qadın var? Yoxsa televizor işləyir? 
Anna kabinetə keçdi, televizoru açdı. Yaxşı fiquralı ağzıyekə gənc qadın cəld-cəld hava haqda danışırdı. Siklon və antisiklon haqda.
Annanın əlləri yanına düşmüşdü. Bəlkə evdə qadın var? Onda qayıtmağın yeri yoxdur. Yaşamağa qarın içində itib-batmış bax bu boş ev qalır. 
Fikrən yalvardı: “Kaş Marina tez qayıdıb gələrdi.”
Uzandı, yuxuya getməyə çalışdı. Lakin beynində elektrik xətt xarab olmuşdu. Düşüncələri qısalır, qırılır, sonra yenidən yaranırdı. Elə bil bu qısa qapanmanın sonu heç olmayacaq.
Saat hardasa ikiyə yaxın qapı şıqqıltısı gəldi.
“Marinadır”, — Anna başa düşüb ürəyində sevindi. Sakitlik tapdı. Anna gözlərini yumdu, yuxu onu elə bil quyuya sürükləyib apardı. Narahat, qırıq-qırıq yatmaqdan sonra dərin sağlam yuxuya getmək necə də böyük xoşbəxtlikdir.
 
Yaz gəldi. Günəş yeri qurutdu. 
Marina keçən ilki boz yarpaqları bir yerə yığıb yandırırdı. Sanki borudan çıxan qatı qara duman dümdüz qalxırdı.
Evdə telefon zəng çaldı. Marina yaxınlaşmaq istəmədi. Onsuzda ona zəng etmirlər. “Evdə yoxdur” deməklə telefona yaxınlaşmamağın isə fərqi yoxdur. Gözləyərlər, görərlər— cavab verən yoxdur, başa düşərlər ki, evdə deyil. Zəng sırtıq-sırtıq və sanki bir növ şən çalınırdı. Təkid edirdi.
Marina dırmığı ağaca söykəyib evə getdi. 
Narazı səslə:
—Eşidirəm, — dedi.
Səs qışqırdı:
—Xahiş edirəm, Camalı çağırın! — Bu səsi Marina min səsin içindən tanıyardı. Marina azqaldı boğula:
—Nə Camal, hansı Camal? Hardasan?
—Moskvadayam! Mənə çağırış gəlib. Qulaq as, əməliyyata pulum çatmır. Səndən başqa zəng edəcəyim heç kəs yoxdur.
Marina qışqırdı:
— Nə qədər?
— İki min.
—Rubl?
—Yox, nə rubl? Dollar.
Marina təəcübləndi:
— Bəs sən pulsuz gəlmisən?
—Onlar dedi — Amerkada bahadı, bizdə isə pulsuzdur. Alışmışam ki, bizdə tibb pulsuzdur...
—Nə vaxta lazımdır?
—Bu gün... Saat beşə qədər kassaya keçirmək lazımdır.
—Yaxşı, gəl...
Marina götür-qoy eləmirdi. Sözlər şüurundan qabaq çıxırdı. Sanki bu sözləri və hərəkətləri ona kimsə göydən endirirdi. 
Marina təkrarladı:
—Gəl!
—Qulaq as, hara gəlim?.. Burda heç yanı tanımıram. Metronun ağzına gətir. Gözləyəcəyəm.
Marina qışqırdı:
—Yaxşı. “Belorusskaya” metrosunun yanında dayan. Saat iki ilə üç arası gələcəyəm. 
Rüstəm qışqırdı:
—Bəs mən səni necə tanıyacağam?
—Boynumda xallı şarf olacaq. Xoşuna gəlməsəm keçib gedərsən. 
Qəribə sükut yarandı. Marina, Rüstəmin ağladığını anladı. Utandığından ağlayır, pul istədiyinə görə. Minnətdarlıqdan ağlayır — etiraz etmədiyi üçün. Keçmişə sadiq qaldığı üçün. Gerçəkdən də, onun ağız açası başqa kimsəsi yox idi.
 
Marina avtobusa qədər qaçdı, sonra avtobusla getdi. Onu basır, əzir, sıxırdılar.  Böyründən qaraçılar dirsəkləriyirdi. 
Nəhayət, Marina birtəhər avtobusdan çıxdı. Metroya üz tutdu. Birdən çantasının kəsildiyini gördü. Marina titrəyən barmaqlarıyla çantanın ağzını açdı. Çantanı qatdı-qarışdırdı. Pulqabı yox idi. Səkkiz ayda qazandığı bütün pullar — iki min dollar — hansısa yad birisinin cibinə keçmişdi. Pullar “Marina İvanovna, xudahafiz”— dedilər. İyirmi totuş yanaqlı franklinlər əl elədilər: “Qud bay, may laf, qud bay...” Sözün əsil mənasında gözləri qaraldı. Yaşıl ləkələr əmələ gəldi. Bu an yaşadığı hiss, bir neçə hissdən ibarət kokteylə bənzəyirdi: inciklik, acıq, nifrət, ümidsizlik, bundan da başqa — özünü itirmə hissi. İndi nə etməli? ”Belorusskaya”ya gedib “pul yoxdur”, “pulu oğurladılar” demək? Onda getmək nəyə lazım? Rüstəm pul gözləyir, HƏR ŞEY o pullardan asılıdır. Bu vəziyyətdə pulun mənası puldan çox idi. 
Marina maşın saxlatdırdı. Sürücü, yaşlı bir kişi, soruşdu:
—Hara?
—Ora, sonra da geri.
Kişi dəqiqləşdirmək istədi, amma qadının üzünə baxıb dedi:
—Oturun.
 
Marina qaça-qaça evə girdi. Yazı masasına sarı sıçradı. Yuxarı siyirmədə bir kom kəhrəbə muncuqlar var idi, muncuqların altında məktub paketi, paketdə isə — bir dəstə dollar. Avam Anna oğrulardan pulu bu cür gizlədirdi. Düşünürdü ki, tapmazlar. Oğrular girib siyirməni qurdalasalar, muncuqları görəcəklər, paketi yox.
Marina çoxdan bu paketi tapmışdı, pulu da saymışdı. Orda altı min dollar var idi. İndi deyilən kimi deyilsə, altı paçka var idi. 
Qadın iki paçka sayıb götürdü, qalanını əvvəlki kimi qatladı. Üstdən ağır muncuqları qoydu. 
Marina nə etdiyini kəsdirmirdi. Önəmli olan — pulların bu gün Rüstəmə çatması idi. Sonra nə olarsa — olar.
Marina özünü tanıya bilmirdi. Bəlkə də o, özünü tanımırdı. Ona elə gəlirdi ki, Rüstəmi bağışlamayıb. Ürəyində onu kəskin, ağır sözlərlə ittiham edirdi. Onu sözlərlə qamçılayırdı. Sən demə, nifrətdən qaynaqlanan bütün bu məzəmmətlər, sevgidən başqa bir şey deyilmiş. Sifəti əyilmiş sevgi imiş. İndi get bundan baş çıxar...
 
Maşın Marinanı darvazanın arxasında gözləyirdi. Sürücü “Belorusskaya” metrosunun düz yanına gətirdi. Əlli rubl istədi. Hələ dünən bu pul məsrəfi Marinaya dəhşətli görünərdi. Bugün isə — fərqi yox idi. 
Rüstəm kökəlmişdi. Qarnı kəmərinin üstündən sallanırdı. Dəri gödəkcəsi əyninə dar idi. 
Bu  gödəkcəni Marina unutmamışdı. Gödəkcənin ən azı on beş yaşı var idi. Deməli, yenisini almağa pul yox idi. 
Marina bilirdi ki, milislər şəxsi mühafizə strukturlarına dağılışıblar. Mühafizəçilik üçün Rüstəm yaşlı idi. Deməli, köhnə yerində oturur. Qəpik-quruş alır.
Rüstəm Marinaya baxırdı. Marinadan nəsə çıxıb getmişdi. Cavanlığın parıltısı getmişdi. Ancaq nəsə qalmışdı: yumşaq slavyan cizgiləri, gözlərinin göylüyü.
Rüstəm dayanıb Marinaya alışırdı. Həyat onları əzmiş, əlləmiş, avtobusdakı qaraçı qadın kimi soymuşdu.  Ancaq buna baxmayaraq onların hər ikisi sağ-salamat idi, hər birinin içində də, matryoşkadakıtək, əvvəlki adam var idi.
Rüstəm etiraf etdi:
—Bilirsənmi, adları unutmağa başlamışam. Unuduram kimin adı nədir. On il bundan qabaq cümə günü mənə dediyin hər bir söz isə yadımdadır. Sən mənim əsas və tək sevgimsən.
Marina susdu. Sonra dedi:
—Hə, nə olsun ki?
—Heçnə. Daha doğrusu, hərşey.
Heçnə. Və hərşey. Bu keçmişi indiki zamana daşımaq olmaz. Marina onu öz həyatına çağıra bilməz, çünki öz həyatı yoxdur. Rüstəm də onu özü ilə çağıra bilmir 
— imkan yoxdur.
Onların indisi və gələcəyi yoxdur. Lakin ehtirasın cingillədiyi və böcəklərin ölüb yerə düşdüyü o keçmiş, büsbütün onlara məxsus idi. Keçmiş isə — yenə sən özünsən. 
Marina pulları uzatdı.
Rüstəm pul dəstəsini götürüb adi rubl kimi iki qatladı, keşməkeşli günlər görmüş gödəkcəsinin iç cibinə gizlətdi. 
Boynuna aldı:
—Nə vaxt qaytaracağımı bilmirəm.
İkinci dərəcəli mənzil bir addım arxaya, bir addım da qırağa çəkildi. Bunun adı — “qoy başqasının bəxti gətirsin”dir. Ancaq mənzil, qeydiyyat və təqaüddən daha vacib olan  bir şey var idi.
Birdən Rüstəm xahiş etdi:
—Heçnəyi dəyişmə, yaxşı? Sənin yanına qayıdacağam.
—Nə vaxt?
—Bilmirəm. Yalan demək istəmirəm. 
Marina istehza ilə:
—Buna da şükür...  — Əvvəllər o həmişə yalan söyləyərdi.
 
Marina metro ilə qayıdırdı. Avtobusla. Sonra piyada. Meşəyə, tanış qarışqa yuvasına tərəf döndü. Yerə yıxılmış dirəyin üstündə oturdu.
Hansısa əclafın biri qarışqa yuvasına çubuq soxmuşdu, qarışqalar da gücünü üçqat  artırıb çalışırdı. Dağıdılmış mənzillərini bərpa edirdilər.
Marina diqqətlə baxdı: qarışqanın hər biri öz gücünə biləm və gücündən artıq yük daşıyırdı. Belində çox böyük yumurta daşıyan bir qarışqa, bu cərgəni qapadırdı. Qarışqa, ağırlığın qarşısında əyilir, ancaq ayaqları ilişsə də, dayansa da, yükü sürüyür, dartırdı. Bəlkə, arada tərini də silirdi.
Marina birdən fikirləşdi ki, Yer kürəsi də insanlarla birgə — qarışqa yuvasıdır. Bu qarışqaların arasında da ən ağır yükü o daşıyır. Yuxarıdan isə kimsə dirəyin üstündə oturub ona baxır...
 
Ruscadan çevirən: İlahə Ucaruh
 
Kultura.az
 

 

Yuxarı