O zaman isə hələ gənc idim və xəstəliklərlə tanış deyildim. Ancaq buna baxmayaraq, Süleyman Sani ilə onun ürəyi haqqında söhbət eləyirdim. Əzizbəyov adına Azərbaycan Dövlət Dram Teatrında ədəbi hissə müdiri vəzifəsində işlədiyim üçün, başqa dramaturqlarla olduğu kimi, Süleyman Sani ilə də tez-tez görüşürdüm. Hər ikimiz "Eşq və intiqam" dramının səhnədə oynanmasını istəyirdik. Mən ha çalışırdım ki, Süleyman Sani müəyyən təşkilatlara getsin və bu barədə xahiş eləsin, ancaq onu bu işə şövq eləyə bilmirdim. Əsərinin səhnədə oynanmasını çox istəyirdi, ancaq təvəqqə eləmək, öz dili ilə desək "minnət eləmək" istəmirdi. Bu münasibətlə biz tez-tez görüşdüyümüzdən dostlaşmış və həmsöhbət olmuşduq. Onu da burada qeyd eləyim ki, vəfatından bir az keçəndən sonra "Eşq və intiqam" səhnəmizdə böyük müvəffəqiyyətlə oynandı, illərlə repertuardan çıxmadı.
Ürək xəstəliyi ona çox əziyyət verirdi. Bir dəfə teatra gəlməli idi, gəlmədi. Sabahı günü küçədə rastlaşdıq. Ağır addımlarla gedirdi. Görüşdüm, kefinin xəbər aldım, yenə də ürəyindən şikayət elədi. Haradasa yaxşı həkim nişan verdiklərini, onun yanına gedəcəyini söylədi. Aradan təxminən bir həftə keçəndən sonra onu yazıçılar cəmiyyətində gördüm. Mənim "necəsiniz" sualıma gülə-gülə :
- O dediyim həkimin yanına getdim axı... – deyə cavab verdi. – Dünəndən dərmanını içirəm, özümü çox yaxşı hiss edirəm.
Aradan xeyli keçəndən sonra Qorki və Füzuli küçələrinin tinində ona bir də rast gəldim. Divara söykənib ağır-ağır nəfəs alırdı. Həyəcanla yanına qaçdım:
- Mirzə, nə olub?
Sülayman Sani bir az toxdadıqdan sonra cavab verdi:
- Atdım namərd oğlunun dərmanını, az qala məni öldürmüşdü. Heç yol yeriyə bilmirdim. İndi o dərmanı içmirəm, ağır-ağır da olsa, ayağımı atıram.
Sonra lap düzəldi. Hətta teatra da gəldi. Bir axşam teatrın direktoru Hacıbab Nəzərli, o bir də mən "Eşq və intiqam" haqqında ətraflı söhbət də elədik. Ancaq ürəyinin nigarançılığı zavallını dinc qoymurdu. Hər zaman gözləyirdi ki, "başlıyacaq", odur ki, təzə həkim axtarırdı.
Bir gün iclasda yan-yana oturmuşduq. Pıçıltı ilə soruşdu:
- Deyirlər, Voronsovski küçədə (indiki Əzizbəyov küçəsi) təzə bir həkim qəbul eləyir. Eşitməmisən?
- Xeyr, Mirzə, xəbərim yoxdur.
- Gedəcəyəm onun yanına, deyirlər ürəkdən başı yaman çıxır.
Haman iclasın üçüncü günü (o vaxtlar uzun iclas eləməyi sevirdilər) tənəffüsdə Süleyman Sani məni səslədi:
- Ürəyimlə maraqlanırsansa, yaxşı xəbər verim: Voronsovski küçədə həkimə getmişdim. Yazdığı dərmanı bu gün səhərdən içirəm. Çox gözəl təsir eləyir.
Ancaq iki gün sonra Azərnəşrdə ürəyinin xarab olduğunu, təcili yardım maşınında xəstəxanaya aparıldığını eşitdim. Hansı xəstəxanada yatdığı yadıma gəlmir. Ancaq onu xatırlayıram ki, böyük ümumi bir palatada yatırdı. Onsuz da arıq adam idi, indi bir az da arıqlamışdı, bir sümük bir dəri qalmışdı. Məni görüb çox sevindi və yazıq-yazıq gülümsəyərək dedi:
-Kəfəni yırtdım. Zalım oğlunun ürəkdən heç başı çıxmırmış, dörd cürə dərman yazmışdı, yaxşı ki, biri tapılmadı, yalnız üç cürəsini içdim, - sonra da ətrafdakılar eşitməsin deyə lap yavaşdan pıçıldadı, - deyirlər, bu xəstəxanada yaxşı həkim var, özümü ona göstərəcəyən.
Mən bir söz demədim. Hiss elədim ki, artıq ona heç bir dərmanın xeyri olmaz. Kimsəsizdi, evlənmədiyindən ailəsi, qeydinə qalanı yox idi. Hətta yadımdadır ki, "Eşq və intiqam" oynanadan sonra çoxlu qonorar yığılmışdı. Bu qonorarı verməyə uzun zaman varis tapa bilmədilər. Nəhayət, sağlığında Süleyman Saninin özünün də yaxşı tanımadığı uzaq qohumlarından biri varis kimi bu qonorara sahib oldu.
Sabit Rəhman
Kultura.az