“Mistisizm böyük dozalarda dəliliyə, kiçik dozalarda isə vəhşiləşməyə aparıb çıxarır” (Leo Taksil. “Əyləncəli İncil”)
İnsan sükutunun möhtəşəmliyi qalmayıb. Onun yerini isterik çığırtılar tutub. İctimai məkan inamın, intellektin, savadın, sosial idealların killerlərinə verilib. Və bu, təkcə bizdə deyil, qlobaldır. Onların şah hakimiyyəti müqavimətsiz davam edir. Bir naməlum müəllifin söylədiyi kimi, “Bundan da çətin dövrlər olub, ancaq bundan əclaf dövrlər olmayıb”.
Zövqlərin aşınması, insan axmaqlığı və savadsızlığı da dəbə və fəxarət yerinə çevrilə bilərmiş. Bu cür dövrlərdə hər gün media məkanlarına çoxlu sayda intellektual və mənəvi şikəstlərin çıxıb hər yerdən və hər şeydən danışması da norma sayılır (Eynşteynin sözləridir: “Kainat və insan axmaqlığı sonsuzdur. Birinciyə hələ şübə etmək olar, ancaq ikincisi dəqiqdir). Onlar bizə özlərində olmayan ailə tərbiyəsindən, yüksək dəyərlərdən, bənzərsiz istedadlarından, cızma-qaralarından və necə düzgün yaşamağın reseptlərindən mühazirələr oxuyurlar.
Axmaqlığın paradoksal xüsusiyyəti var – o, nə qədər böyükdürsə, sahibi bir o qədər özünəinamlı davranır, küy də bir o qədər çox olur (Boş araba bərk səs salır). Get-gedə bu tip davranış sosial xarakterə, nümunəyə, təqlid mənbəyinə çevrilir. “Rassel çaydanı”nın adiləşdiyi zamanlarda belələri ilə intellekt müstəvisində, normal məntiq və arqumentlərlə mübarizə aparmaq müşkül işə çevrilir – paralel xətlər kəsişmir. Normal məntiq dalaşqan paradoksal məntiqə uduzur. İntellektual savaş dialoq tələb edir, dialoq üçün isə az-çox bərabərçəkili, göz-gözə baxan subyektlər lazımdır. Ortada bir abır-həya problemi də var: Ella-adamyeyənin leksikonuna malik (yəni, vur-tut bir neçə söz) birisi ilə Mişel Montendən danışmaq proses zamanı həmin səviyyəyə enməyi tələb edir, bu isə öz gözündə kiçilməyə bənzəyir.
Əlbəttə, indiki reallıq boş yerdən, bir anın içində yaranmayıb. Bu “sosioloji çevriliş” üçün konkret sosial şərait lazımdı. Elə bir şərait ki, həqiqəti “hamı bilir”, hamının öz vurma cədvəli və öz Pifaqor teoremi var. Yəni hamı hər şeydən son instansiyada həqiqət kimi danışa, bu vaxt heç bir intellektual müqavimətlə rastlaşmaya bilər. İntellektual situasiyanın fəlsəfi pərişanlığı nəinki çaşmalara şərait yaradır, üstəlik yalanı faş edənlərin buxarlanması ilə nəticələnir.
Belə olanda anlayırsan ki, adekvat taktika gərəkdir. Yəni mənasız mətni, sənətdən uzaq “yaradıcılığı”, abırsız “sənətkar”ı səbrlə başa salmağa cəhd etmək yox, onlara öldürücü ironiya, sarkazm, “qara yumor”la yanaşmaq hər mənada daha effektlidir. Heç kəs durub dadaist çərənləmələri Söz azadlığı bayrağına büküb yüksək ədəbiyyat saymayacaq ki...
İroniya və sarkazm – bu iki silah ara-sıra tətbiq olunub və fayda da verib. İstər Yaroslav Qaşekin müharibələrin təbiətini açan “Qoçaq əsgər Şveyk”i olsun, istər İlf və Petrovun insan acgözlüyünə və axmaqlığına gülən “Qızıl dana”sı və “12 stul”u – bu tip misallardandır. Bu, unikal və radikal metoddur. Unikallığı nadirliyində, radikallığı isə zərbəni kökündən vurmağındadır (“radiks” – “kök” deməkdir).
Bu cür ədəbi eksperimentlərdən biri fransız yazıçısı Leo Taksilə məxsusdur. Nümunə o qədər effektiv, səs-küylü və bənzərsizdir ki, o ədəbi mistifikasiyanı, nisbətən, geniş nəzərdən keçirməyə, mümkün olduğu qədər də təkrar etməyə sonsuz ehtiyac var. Savadsızlığa, yalana, obskurantizmə bu cür sarsıdıcı zərbəni hər gün, tez-tez vurmurlar. Odur ki, Taksilin üsulu müasir dövrdə də çox köməyimizə gələ bilər.
***
1870-ci illərin Avropası... Katolik kilsəsi İntibah dövründən başlayaraq aldığı məğlubiyyətlərin əvəzini çıxmağa cəhd edir. Bu cəhdlərin kulminasiyası 1870-ci ildə qəbul edilən məşhur bir ehkamdır – Roma papası kilsənin böyüyü kimi həmişə səhvsizdir. “Papanın səhvsizliyi barədə doqmat” onun bütün səhv və cinayətlərinə apriori haqq qazandırmaq cəhdidir.
Dövrlər başqadır, daha “ateist” sözü mənfi çalar daşımır, intellektual atributa çevrilib. Dəqiq və təbiət elmlərinin inkişafı kilsənin nüfuzunu sarsıdıb, artıq kilsənin sual qoymaq və cavab vermək imkanları tükənib. Bir sözlə, din əldən gedir. Din isə hakimiyyətdir.
Belə bir vaxtda Fransada öz antiklerikalizmi və döyüşkən ateizmi ilə ad çıxarmış yazıçı və jurnalist Leo Taksil (1854-1907) yaşayır. 25 yaşı olanda o, “Müqəddəs yavaxana” kitabını çap etdirir, kilsənin 19 əsrlik tarixini “Yalan, xəyanət, qətllər, tamahkarlıq, əxlaqsızlıq tarixi” kimi təsvir edir. Ardınca onun “Papa XI Piyin sevgi macəraları”, “Borcia ailəsi” kimi din əleyhinə pamfletləri işıq üzü görür. 1882-ci ildə Taksil “Əyləncəli İncil” kitabını yazır (15 il sonra nəşr olunur) – bu kitabında o, İncildəki cümlələri götürərək ələsalma həddində şərh edir və kinayə obyektinə çevirir. Bir sözlə, kilsəyə “göz verib işıq verməyən” Taksil papanın və ətrafının nifrət obyekti olur.
Ancaq bu davranış, sadəcə, prelüdiyadır. Kino bundan sonra başlayır. 1885-ci ildə Leo Taksil ateizmlə üzülüşdüyünü və katolisizmə keçdiyini elan edir. Onun bu dezertirliyi həmfikirlərini dərin təəccübə salırsa, kilsəni bir o qədər sevindirir. Yolunu azmış oğul evinə dönür. Döyüşkən ateistin mömin bəndəyə çevrilməsi katolik kilsəsinin arsenalında göydəndüşmə və güclü silaha, təbliğat vasitəsinə dönüşür.
Taksil kilsəyə xidmətə keçir, Roma papası XIII Piy onu şəxsən qəbul edir. Yazıçı kilsəyə gizli və qorxulu mason təşkilatının – Palladistlərin sirlərini açıb tökür. Bu palladistlər birbaşa şeytanla ünsiyyətdədirlər, Qaranlıq knyazının zühurunu hazırlayırlar. Taksil “doktor Batay” təxəllüsü ilə “XIX əsrdə şeytan” adlı, dərhal məşhurluq qazanan kitabını çap etdirir. Üstəlik, Diana Vogen adlı satanist qadın barədə kilsəyə bilgilər verir: bu Diana masondur, satanistdir, ancaq indi şeytanda peşman olub və kilsəyə qayıtmaq istəyir! Taksil həmin Dianaya istinadən masonların sirr və cinayətlərini açıb-tökür.
Bu ittihamlar kilsə üçün gözlənilməz olur, Roma papasını hədsiz sevindirir. XIII Piy hətta Diana Vogeni müqəddəslər siyahısına salacağına söz verir. Kilsə masonların ifşasına öz təbliğatında geniş yer verir. Diana Vogenin yazdığı musiqiləri katoliklərin bayramlarında ifa etməyə başlayırlar. Ancaq Vogeni heç kəs gözü ilə görməyib, o, ünsiyyətdən qaçır.
Taksil isə öz sensasion açıqlamalarını çoxaldır, onun təşəbbüsü ilə kilsə hətta antimason konqresi də çağırır. Diana Vogenin məşhurluğu bütün sərhədləri aşanda, Taksildən onu ictimaiyyətlə tanış etməyi xahiş edirlər. Bu vaxt Vogen də şeytanla bütün kontaktları kəsərək insanların qarşısına çıxmağa qərar verir. Bir sözlə, kilsənin zəfəri.
Gün təyin olunur: 1897-ci ilin 19 aprelində Leo Taksil mətbuat konfransı keçirəcək və orada kilsənin ağuşuna dönən Diana Vogeni hamıya təqdim edəcək. “X” saatı gəlib çatır. Kilsə nümayəndələrinin də, masonların da iştirak etdiyi mühazirə zalında Leo Taksil əsl həqiqəti söyləyir: heç bir palladist mason təşkilatı yoxdur, Diana Vogen sirli satanist yox, onun katibəsidir, kilsənin bəh-bəhlə ifa etdiyi musiqiləri də bu qadın yox, Taksilin bəstəkar dostu yazıb (həm də Mərakəş sultanının hərəmxanasında dinlənilməsi üçün). O ki qaldı Taksilə, o, 12 ildir kilsəni barmağına dolayıb, necə əvvəl, eləcə də, indi ateist olaraq qalır.
Yaranmış şoku və Roma papasının düşdüyü vəziyyəti təsəvvür etmək çətindir. Bir çoxları Taksilin etiraflarına inanmaq istəmir və o, katibəsi Diana Vogeni təqdim edir. “Mənim məqsədim katolik cahilliyinin, yalanının və mövhumatının maskasını yırtmaq idi. Sübut etdim ki, Roma papası və onun keşişləri absurda inanır” – Taksil deyir.
Bu qalmaqaldan kilsə üçün olduqca xoş olmayan nəticələr çıxırdı. Söhbət təkcə kiminsə kilsəni illər boyu ələ salıb onu absurdlarla yemləməyindən də gedirdi, əsas odur ki, Taksilin avantürası papanın səhvsizliyi haqda doqmatı ifşa edirdi. Yəni ikisindən biridir: ya papa əvvəlindən Taksillə əlbir olub, ya da hamı kimi papa da səhvlər edir. Bu ikinci variant katolik kilsəsinin başında dayananların nüfuzunu büsbütün ayaqlar altına salmış olurdu.
Qəzəbdən özünə yer tapmayan XIII Piy dərhal Taksil üçün anafema hökmü çıxarır. Zatən, bundan artığına gücü də çatmazdı – “xoşbəxt” inkvizisiya illəri artıq geridəydi. Taksilin isə papanın bullası vecinə də deyildi – onsuz da, o, özünü kilsədən saymırdı. Bu, yetərli deyilmiş kimi üstəlik, o, “Əyləncəli İncil” əsərini də nəşr etdirir, ön sözdə isə bir daha papanı ələ salır.
Əlbəttə, onun İncilə yazdığı şərhlər dərin elmi biliklərə söykənmirdi, ancaq kilsənin də, cəmiyyətin də, kralın da rəyinə qarşı çıxmaqdan qorxmayan Qiyamçı kimi Leo Taksilin misalı unikaldır.
***
Əgər Leo Taksil dindarların inamı ilə spekulyasi edən din başçılarını ifşa etmək üçün bənzərsiz taktika seçmişdisə, eyni üsulla mədəniyyəti, incəsənəti, elmi, insani dəyərləri ayaqlar altına atanlarla da hesablaşmaq olar. Necə ki, bizim illərimizdə bunu başqa birisi - fransız fizik Alen Sokal 1997-ci ildə edir. O, elmi dairələrdə nüfuzu olan, fundamental tədqiqatlara yer ayıran “Social Texts” jurnalına “Sərhədləri keçərək: kvant qravitasiyasının transformativ germenevtikasına doğru” adlı “elmi” məqalə göndərir. Məqalə ayrı-ayrı elm sahələrindən və filosoflardan sitatlar üzərində qurulmuşdu, heç bir elmi dəyəri yoxdu, müəyyən mənada “söz sayıqlaması” idi və Sokalın məqsədi bir çox hallarda elm adı altında bizlərə sərsəmləmələrin təlqin edildiyini göstərmək idi. Məntiqlə, bu cızma-qaranı jurnal çap etməməliydi. Ancaq etdi. Hətta diskussiyalar yarandı. Və bir müddət sonra Sokal kartları açaraq elm və fəlsəfə ictimaiyyətini ələ salmaq məqsədi güddüyünü bildirdi.
Sokal dövrün məşhur filosoflarından sayılan Jak Lakan, Rolan Bart, Jan Bodriyyar, Jil Delez, Feliks Qvattari və başqa postmodernistlərin “həqiqət” adı altında necə söz jonqlyorluğu ilə məşğul olduqlarını onların əsərlərindən çıxarışlarla ifşa edərək bir neçə il sonra fizik Jan Brikmonla birlikdə “İntellektual tələlər. Müasir postmodern fəlsəfəsinin tənqidi” adlı kitab yazdı (buradan oxuya bilərsiz - http://scepsis.net/library/id_1052.html ). Əgər Leo Taksil avam bəndələrin necə yanıldığını göstərmək istəyirdisə, Sokal və Brikmon elm ictimaiyyətinə necə fırıldaq gəlindiyini, bu fırıldaqları edənlərin isə ifşa olunmaq əvəzinə, əksinə, məşhurluq, yüksək titullar əldə etdiyini, “böyük filosoflar” sayıldığını göstərdilər.
Görünən odur ki, obskurantizm, intellektual və mənəvi aşınma hər sahədə və hər səviyyədədir. Bizə isə o sadəlövh inam qalır ki, intellektual mədəniyyət və rasionallıq yenidən qayıdıb gələcək. Bu utopiya elə də utopik deyil. Sadəcə, müqavimət tələb edir...
Məmməd Süleymanov
Kult.az