post-title

Qırx üç dərəcə istilik

Tikan olub ayağa batınca, gül olub yaxaya sancıl.

Atalar məsəli
Müdrik, zəngin həyat təcrübəsi olan, tarixi kifayət qədər yaxşı bilən bir tanışım həmişə belə deyərdi: “Pul, vəzifə bədənə qırx üç dərəcə istilik verir. Hər adam bu istiliyə dözə bilmir.” 

Çox dəqiq deyilmiş, qızıl kimi sözlərdir. Xüsusən, əgər insan pulu, vəzifəni əlinin qabarı, alnının təri, intellekti ilə qazanmayıbsa, içi boşdursa, söykəndiyi mənəvi dayaqlar yoxdursa, pulun və vəzifənin verdiyi qırx üç dərəcə istilik çox acı nəticələr yaradır. 

İnsan pulun və vəzifənin verdiyi qırx üç dərəcə istiliyin təsiri ilə reallıq hissini itirir, onda mənəm-mənəmlik baş qaldırır, gözü ayağının altını görmür, bu fani dünyada özünü, hakimiyyətini əbədi hesab etməyə başlayır, özündə bir yox, hətta bir neçə istiqamət üzrə istedad axtarıb tapır və bir neçə istiqamətdə istedadı olduğuna bir qram da şübhə etmir. Həyat, mübarizə, xoşbəxtlik, daxili rahatlıq, gözəllik haqqında kitablar yazır, kino çəkir, filosofluq edir ve sairə və ilaxır. Variantlar hədsiz çoxdur, sayı–hesabı yoxdur. Deyir bal olsa, milçək Bağdaddan da uçub gələcək. Fürsətcil daxili yaltaqlarla paralel olaraq peşəkar, təcrübəli xarici yaltaqlar da pula və vəzifəyə görə ona dayanmadan təriflər yağdırırlar. Bəli, olmasaydı dünyada axmaqlar, yəqin ki, ac qalardı yaltaqlar. 

Daxili və xarici yaltaqların çoxsaylı tərifləri sayəsində pulun və vəzifənin verdiyi qırx üç dərəcə istiliyin yaratdığı təzahürlər getdikcə daha da şiddətlə güclənir, nəticədə insan dəli olur. Heç bir dərman, heç bir həkim onu sağaltmaq iqtidarında deyil. Geriyə yol yoxdur, artıq Annuşka yağı alıb və hətta dağıdıb. Proses sona qədər getməlidir, ilan ulduz görməlidir. Heç bir dərman, heç bir həkim ona başa sala bilməz ki, sən heç də hesab etdiyin qədər gözəl, sən heç də hesab etdiyin qədər zövqlü, sən heç də hesab etdiyin qədər istedadlı, sən heç də hesab etdiyin qədər ağıllı, sən heç də hesab etdiyin qədər mərhəmətli, xeyirxah deyilsən. Təzədən reallığa qayıtmaq üçün adam pulunu və vəzifəsini itirməlidir. 

Amma bəzən pulun və vəzifənin verdiyi qırx üç dərəcə istiliklə yaranan dəlilik o həddə çatır ki, pulun və vəzifənin itirilməsi də adama kömək etmir. Əslində dəli olmaq o qədər də pis, faciəvi bir şey deyil, bu barədə Tomas Mann “Sehrli dağ” əsərində geniş yazıbdır. İmkanımız olsa, Allah ömür versə, gələcəkdə bu mövzuda, dəliliyin o qədər də pis, faciəvi bir şey olmaması haqqında ayrıca söhbət edərik. Amma pulun və vəzifənin verdiyi qırx üç dərəcə istiliklə yaranan dəlilik, həqiqətən də, çox mənasız, həm də zərərli dəlilikdir. 

Bunu bilirsiniz tam olaraq nə vaxt başa düşdüm? İfrat dərəcədə şöhrətpərəst, təmtəraq, parıltı, daş-qaş, var-dövlət xəstəsi olan, ayağını heç cür yorğanına görə uzatmaq istəməyən Fərəh Pəhləvinin xatirələrini oxuyanda. O qadın özü də bilmədən pulun və vəzifənin verdiyi istiliklə yaranan, mənasız, həm də zərərli dəliliyin “anatomiyasını” yazıb. Fərəh Pəhləvi qəti olaraq, bir qram da şübhə etmədən belə hesab edirdi ki, o və əri İran üçün çox qiymətli, vacib işlər görürdülər, onlar seçilmiş insanlar idilər, Tanrı onları İrana bir lütf, bir hədiyyə kimi göndərmişdi, lakin ayağı çarıqlı, cındırından cin hürkən, “çuşka” iranlılar bu lütfü, bu ilahi hədiyyəni qiymətləndirə bilmədilər, çiyinlərinə qonmuş xoşbəxtlik quşunu uçurtdular. Yəni daha sadə və loru dildə desək, adamların taxt-tacı devrilib, ölkədən qovulublar, adam oturub qürbətdə xatirə yazır və hələ də başa düşmür, hələ də dərk eləmir ki, onları niyə deviriblər, onları niyə ölkədən qovublar. 

İran şahı Pəhləvi və arvadı Fərəh, 16 yanvar 1979-cu ildə, təyyarəyə minmək üçün Tehrandakı Mehrabad hava limanına yollanırlar. Rəsmi olaraq bildirilmişdi ki, şah məzuniyyətə gedir, lakin o, bir daha geri dönmədi və inqilabdan təxminən bir il sonra, mühacirətdə öldü. Şah Pəhləvi, İranı 37 il idarə etmişdi. 


Ona görə yuxarıda qeyd etmişdik ki, pulun və vəzifənin verdiyi qırx üç dərəcə istiliklə yaranan mənasız, həm də zərərli dəlilik bəzən o həddə çatır ki, hətta pulun və vəzifənin sonradan itirilməsi də adama reallığı anlamağa, reallığa qayıtmağa kömək etmir. Gözü var-dövlətdən, təriflərdən, təltiflərdən, mükafatlardan heç cür doymaq bilməyən Yelena Çauşesku da pulun və vəzifənin verdiyi qırx üç dərəcə istiliklə yaranan bu cür mənasız, həm də zərərli dəliliyə yoluxmuşdu. O, özünü olduqca zövqlü, dərin, dəhşət bilikli, hərtərəfli istedadı olan bir adam kimi görürdü. Tarixi bir şəxsiyyət olduğuna bir qram da şübhə etmirdi. Yelena Çauşesku özünü “millətin anası” adlandırırdı, ərindən çoxlu orden və medallar alıb yaxasına taxmışdı, hətta Rumıniya Elmlər Akademiyasına başçılıq edirdi.

Bütün bunları niyə yazıram? Özbəkistan Prezidenti İslam Kərimovun qızı Gülnarə Kərimovanı bir neçə gün əvvəl ev dustaqlığından həbsxanaya qaytardılar. O Gülnarə Kərimova ki, Özbəkistanda kəsdiyi başa sorğu-sual yox idi. Pulu konfet kağızı kimi sağa-sola səpələyirdi. Fransada, Böyük Britaniyada, İspaniyada, Latviyada, İsveçdə, Maltada, BƏƏ-də, Rusiyada çoxlu mülklər almışdı. 

Gülnarə Kərimova da Fərəh Pəhləvi, Yelena Çauşesku və bir çox başqaları kimi pulun və vəzifənin verdiyi qırx üç dərəcə istilikdən yaranan mənasız, həm də zərərli dəliliyə yoluxmuşdu. O, özünü hədsiz dərəcədə gözəl, ağıllı, mərhəmətli, xeyirxah, bir yox, bir neçə istiqamət üzrə istedad sahibi olan bir adam kimi görürdü. Mahnı oxuyurdu, moda sərgiləri, müxtəlif gurultulu tədbirlər keçirirdi, Özbəkistan Sənətçilər Fonduna rəhbərlik edirdi, “böyük bizneslə məşğul olurdu”… İndi qolundan tutub ev dustaqlığından həbsxanaya atdılar. 

Çox sevdiyim ibrətamiz bir rəvayət var. Raviyanlar belə rəvayət edirlər ki, Makedoniyalı İsgəndər öləndə qəribə bir vəsiyyət edib. Bir tərəfində gün çıxanda o biri tərəfində gün batan bir səltənətin sahibi olan İsgəndər öləndə vəsiyyət edib ki, qoy mənim tabutumu ən məşhur loğmanlar çiyinlərində aparsınlar. Qoy adamlar bilsin ki, ən məşhur loğmanlar həyatımı xilas edə bilmədi. Əllərimi də tabutdan bayıra çıxarın. Qoy adamlar əllərimə baxıb görsünlər ki, bu dünyadan heç nə aparmıram. Bu dünyaya necə gəlmişdimsə, elə də gedirəm.

Bəzi vətəndaşlarımızı haqlı olaraq belə bir sadə sual düşündürə bilər; axı doğrudan da, heç kim bu dünyadan o dünyaya maddiyyat olaraq heç nə apara bilmir. Doğrudanmı bir çox insanlar üçün bu sadə, sarsılmaz həqiqəti dərk etmək çətindir? Əgər heç kim bu dünyadan o dünyaya heç nə apara bilmirsə, bəs bu var-dövlət, parıltı, təmtəraq, hakimiyyət hərisliyi nə üçündür? Əvvəla ondan başlayaq ki, biz sualların sadəliyindən utanmamalı, qorxmamalıyıq. Həqiqət çox banaldır. Suallar nə qədər sadə qoyulsa biz banal həqiqətə bir o qədər tez, nisbətən daha rahatlıqla çatarıq. Bir çox hallarda eqomuz, oxuduğumuz kitablar, intellektimiz bizi sadə suallar verməkdən, sualların sadə qoyuluşundan çəkindirir. Düşünürük ki, əgər bu qədər kitab oxumuşuqsa, bu qədər bilik qazanmışıqsa, mütləq və mütləq digərlərindən fərqlənməliyik, bizim suallarımız, cavablarımız öz ağırlığına görə başqalarının suallarından, cavablarından seçilməlidir. Terminlərlə, ağır ifadələrlə suallarımızı, cavablarımızı mürəkkəbləşdirdikcə mürəkkəbləşdiririk. Nəticədə sadə, sarsılmaz həqiqətlərə yaxınlaşmaq istədiyimiz halda banal həqiqətlərdən uzaqlaşırıq. 

Xeyli adam tanıyıram ki, kifayət qədər bilikləri var, əziyyət çəkib, dizlərini qatlayıb, yanlarını yerə qoyub çoxlu kitab oxuyublar, lakin sadə görünməkdən qorxduqlarına görə sadə suallar, sadə cavablar verməkdən utanırlar, qorxurlar. Beləliklə ən adi mövzularda belə özlərini həm də dinləyicilərini, oxucularını dolaşdırırlar. Əslində isə oxuduğumuz kitablar, intellektimiz, ağlımız sualların sadə qoyuluşuna xidmət etməlidir. Bu mənada “özünü yüksəldən alçalacaqdır, özünü alçaldan yüksələcəkdir”, “qabaqda gedən arxada gedəcək, arxada gedən qabaqda gedəcək” sözləri çox dəqiq deyilmiş sözlərdir. Dahilik sadəlikdə, kiçildikcə böyüməkdədir. Oxuduğumuz kitablar, intellektimiz, əgər varsa istedadımız sadəliyə xidmət etməlidir. 

Bəstəkarların təbirincə desəm, yeni mövzunu bir az da inkişaf etdirsək və ədəbiyyatdan misal gətirməli olsaq hal-hazırda, bu an, bu dəm Kiplinqin “Mauqli” əsəri yadıma düşür. “Mauqli” ilk baxışda bir insan övladının cəngəllikdə, heyvanların arasında böyüməsindən bəhs edən çox maraqlı, macəra dolu, hadisələrlə bol bir əsərdir. Lakin Kiplinq “Mauqli”də həm də (pafoslu səslənsə də, belə deməyə məcburuq) çox dərin söhbətlərə giribdir. Həqiqi sənət əsəri belə də olmalıdır. Xoşbəxt o sənətkardır ki, onun yaradıcılığı ilə təmasa girən hər kəs yaşından, statusundan, hansı təbəqəyə mənsub olmasından asılı olmayaraq ordan öz qabının həcminə uyğun olaraq nələrsə götürür. 

Məsələn, AzTV demişkən uzağa getməyək, götürək elə Çarli Çaplini və onun yaradıcılığını. Ən savadsız, sənət adlı sözün S hərfindən xəbəri olmayan adamlar belə Çaplinin filmlərinə baxanda gülür. Aha, deməli, kütləvilik adlı problem artıq həll olunub. Nəhəng tiraj var. Bir az zövqü, həyatdan xəbəri olan adamlar Çaplinin filmlərinə baxanda kədərlənir. Sənət haqqında dərin məlumatlara, yüksək zövqə sahib olan adamlar isə Çarli Çaplin yaradıcılığına heyran qalırlar. Çaplinin əsərlərindəki mesajlar sonsuzdur. Çarli Çaplinin hər təbəqədən olan adama deməyə sözü var. Statusundan, biliyindən, yaşından asılı olmayaraq hər adam Çaplin yaradıcılığı ilə təmasa girdikdə ordan öz qabına uyğun nələrsə götürür. Bu xoşbəxtlik bizim sənət tariximizdə Üzeyir Hacıbəyova qismət olubdur. Üzeyir Hacıbəyovun yaradıcılığı hər yerdədir. Toyxanada, meyxanada, filarmoniyada, konservatoriyada, “Opera və balet”də, “muzkomediya”da, mitinqdə, futbol stadionunda, hətta, deyəsən, metroda…

Həyatın banal həqiqətlərinə çatmaq, başqalarını da banal həqiqətlərdən hali etmək üçün suallar o qədər sadə qoyulmalıdır ki, qoyulan sualın özü sualı qoyan adamdan daha qabarıq görünməlidir. Sual o qədər sadə qoyulmalıdır ki, sualı oxuyan, sualı eşidən adam sualın müəllifindən daha çox sualın özü haqqında düşünməlidir. Müəllif qoyduğu sualdan sakitcə arxada dayanmalıdır, ta tumanın başına ataraq, özünə əl qataraq, “baxın, düşünün, ay camaat, mən bu sualı verdim” qışqıraraq hay-həşir salmamalıdır.

Müəllifdən qabarıq, müəllifdən qabaqda görünən suallar insanları düşünməyə daha çox vadar edir. Ədəbiyyat tarixində iş belə gətirib ki, bir çox qiymətli sənət əsərləri onları yazıb-yaradan müəlliflərindən daha çox məşhurlaşıblar. Məsələn, “Don-Kixot” Servantesdən, “Qulliverin səyahəti” Conatan Sviftdən, “Robinzon Kruzo” Daniel Defodan, “Damda yaşayan Karlson” Astrid Lindqrendən, “Oblomov” Qonçarovdan daha çox məşhurdur. Bütün bunlarla bərabər Stevan Sveyqin qızıldan qiymətli bir sözünü də daima xatırlamaq gərəkdir: “Azad insan məhsuldar düşünür”. 

Bəli, heç kim bu dünyadan o dünyaya heç nə aparmır. Amma yuxarıda da qeyd edildiyi kimi pulun və vəzifənin verdiyi qırx üç dərəcə istiliklə yaranan mənasız, həm də zərərli dəliliyə yoluxmuş adamların gözü ayağının altını görmür, bu fani dünyada özlərini əbədi, daimi hiss edirlər. Əlbəttə, həyatda hər şey fanidir, amma biz bu faniliyin içində daha qalıcı, nisbətən əbədi olana diqqət ayırmalıyıq. Şəxsən mənim üçün həyatda geniş mənada yaradıcılıqdan, yaratmaqdan savayı yerdə qalan digər şeylər o qədər də əhəmiyyətli və mənalı görünmür. 



Seymur Baycan
Azlogos.eu
Yuxarı