post-title

Dilbadi Qasımov: Süd - Hekayə

Strasburq şəhərində yaşayan Dilbadi Qasımov peşəkar hüquqşünasdır. İnsan Hüquqları Məhkəməsində vəkil kimi çalışan Dilbadi bəy ədəbi yaradıcılıqla da məşğul olur. Onun "Süd" adlı hekayəsini oxucularımıza təqdim edirik.

 
 
Hekayə
 
Nadir yaşadığı binanın qarşısında maşını saxlayıb mühərriki söndürdü. O səhər tezdən bazara yollanmışdı. Bu gün şənbə günü olduğundan o,  ilk öncə bazarlıq etməli, sonra isə bütün günü evdə dincəlməli idi. Maşının baqajından aldığı əşyaları götürüb yavaş-yavaş pilləkənlərə doğru yollandı. Bu an yoldaşı Lamiyənin səsini eşitdi. O pəncərədən boylanaraq Nadirdən süd alıb almadığını soruşurdu. Nadir əlindəki torbaları yoxlayıb südü unutduğunu görüb həvəssiz halda əlindəki torbaları yenidən maşının baqajına qoyub yaxındakı dükana süd almaq üçün yollandı. 
 
O dükana girib salam verdi, satıcı bir müştəri ilə söhbət edirdi. Nadir piştaxtadan bir ədəd süd gütürüb kassaya yaxınlaşdı. Satıcı  kassanın qarşısında duran müştəri ilə mübahisə edirdi. O qəfildən əli ilə müştərinin sifətinə güclü bir zərbə endirdi. Müştəri büdrəyib Nadirə toxundu və onlar birlikdə döşəməyə yıxıldılar. Nadirin əlindəki süd şüşəsi parça-parça oldu. 
 
O ayağa qalxıb üstünə düzəliş verdi. Ağ rəngli köynəyinin sağ qolu al qana bulanmışdı. Yerə dağılan ağ rəngli süd get-gedə qirmiziya çalırdı. Nadiri həyəcan bürüdü. O deyəsən yaralanmışdı. Amma bədənində ağrı hiss etmədiyi üçün sakitləşərək özünü ələ aldı. Bu zaman yerə yıxılmış müştəri başını qaldırdı. Onun sifəti doğram-doğram idi. 
 
Yoldan keçənlər ayaq saxlayıb dükanın böyük pəncərələrindən bu mənzərəyə həvəslə tamaşa edir, öz aralarında gördükləri səhnəni şərh edirdilər. Bu zaman içəriyə iki polis işçisi daxil oldu, onlar Nadirdən özləri ilə şöbəyə getməsini istədilər. O nə qədər izah etməyə çalışsa da, onu eşidən olmadı.
 
Polis bölməsində növbə idi. Dəhlizdə düzülmüş oturacaqlarda oturmuş, əli qolu qandallanmış şəxslər öz növbələrini gözləyirdi. Nadirin də qoluna keçirilmiş qandalın bir ucu oturacağa bağlanmışdı. O, gedib-gələn polis işçilərinə günahsız olduğunu, bu işdə onun heç bir əli olmadığını demək istəsə də, onu dinləyən yox idi. Ayaq saxlamadan keçən polislər, Nadirin çağırışlarına heç bir məhəl qoymurdular. O sanki orada olan hər kəsin ona rişxəndlə baxdığını düşünüb, çox böyük utancaqlıq hisləri keçirirdi. Nadir sanki günahsız olduğunu izah etmək ehtiyacı ilə yanıb qıvrılırdı. O əlacsız qalıb sağ tərəfində oturan, iki əli iki fərqli qandalla oturacağa möhkəm-möhkəm bağlanmış qonşusuna dərdini danışmağa cəhd etdi. Ağzını açıb danışmaq istəyirdi ki, gözləri topa saqqallı qonşusunun pişik kimi parlayan gözlərinə sataşdı. Bu şəxsin vahiməli baxışları onun bədəninə üşütmə saldı. Həyəcandan başını yana çevirdi. Ani olaraq sanki gözə görünməz bir qüvvə onu yenidən dönüb qonşusuna baxmağa vadar etdi. Bu işi tutduğuna o iki qat təəssüf etdi. Çünki onunla yanaşı oturan bu şəxsin ağzı qan ilə dolu olduğunu gördü. 
 
Nadir özünə gəlmək üçün gözlərini yumdu. Gözlərini açanda qarşısında əlində böyük dəftər tutan bir polis işçisi durmuşdu. O Nadirə bir azdan  onun növbəsinin çatacağını dedi. Onu tədqiqatçı polislər dinləyib ilkin izahat alacaqlar. Nadir özünü düzəldib sanki prokurorun qarşısında danışırmış kimi polislərə nə deyəcəyini öz-özünə təkrar edir, bəzən yanlış dediyini düşünüb cümlələrinə düzəliş verirdi. O təqdiaqtçı polislərin onun günahsız olmasına asanlıqla inanacaqlarına heç bir şübhə etmirdi. O hətta polislərin ondan yanlışlığa görə üzr istəyərək evlərinə yola salacaqları səhnəni də beynində canlandırmışdı. 
 
Nadir otağa daxil olanda içəridə iki polis işçisi var idi. Onlardan biri komputerin arxasında nə isə qurdalanır, digəri isə üzərində böyük hərflərlə “Qurban Şirinov/0324-120” yazılmış bir qovluğu qarşısına qoyub sanki həsrətini çəkdiyi birisini gözləyirmiş kimi gözlərini qapıya tikmişdir. Qarşısında qovluq olan polis işçisi Nadirə başı ilə oturmağı işarə etdi. Onu müşahidə edən polis qolunu qandalla oturduğu stula bağladı. Nadir özünü düzəldib polisin qarşısında dik oturdu. Danışmaq üçün ona bir işarə yetərdi. Bütün baş verənləri detalları ilə anlatmağa və onun dükanda rastlaşdığı müştərinin yaralanmasında heç bir günahı olmadığını izah etməyə hazır idi. 
 
Qarşısında oturan polis işçisi Nadirə müraciət edərək, bir az hökümlü səslə:
 
- Özünüzü təqdim edin! - dedi.
 
Nadir ağzını açıb danışmaq istəyirdi ki, otağa başqa bir polis işçisi daxil olub onu dindirməyə hazırlaşan həmkarını işarə ilə çağırdı. Otaqdakı polislər tələsik bayıra çıxdılar. Kolidorda cəld yeriyən və ucadan danışan polislərin gürültüsü gəlirdi. Bir azdan sakitlik çökdü. Sanki bu binada ondan başqa kim isə yox idi. Nadir nə baş verdiyini başa düşmək üçün sağa sola boylanır, ancaq onun qoluna vurulan qandal ona hərəkət etməsinə imkan vermirdi. 
 
Bir xeyli keçəndən sonra içəriyə iki nəfər daxil oldu. Onlar Nadirə şəhərdə hansısa təcili hadisənin baş verdiyini və bütün polis işçilərinin səfərbər olduğunu bildirdilər. O müvəqqəti kamerada gözləməli olacaq, vaxtı gələndə dindiriləcəkdir. Nadir günahsız olduğunu bildirərək evlərinə gedib, lazım olan vaxt gəlib izahat verməyə hazır olduğunu bildirdi. Polis işçiləri kinayə ilə gülümsəyib ``bu bölməyə gətirilən hər kəs günahsızdır``- dedilər. 
 
Darısqal və üfünətli kamerada oturan Nadir, başına nələrin gəldiyini, niyə səbəbsiz yerə buraya düşdüyünü anlamağa çalışırdı. O yoldaşı Lamiyənin süd gözlədiyini düşünərək narahat oldu. Heç bir günahın sahibi olmayan Nadir tezliklə buradan qurtaracağına şübhə etmirdi.
 
Nadirlə birlikdə kamerada bir neçə başqa şəxs də var idi. Onlar Nadirə ürək dirək verir, inşallah “srokunu” çəkib qurtarandan sonra evlərinə qayıdacağını deyirdilər. Nadir onlara günahsız olduğunu nə qədər desə də, ona inanan yox idi. Hər kəs onun gördüyü əməlin günahını üzərindən atdığını düşünür, bəzən də bunun üçün Nadirə gülürdülər. 
Sabahısı gün Nadir yoldaşı Lamiyəyə telefon açmaq imkanı əldə etdi. O çox şad idi. Lamiyəyə hər şeyi anladacaq, ən azından harada olduğunu ona deyəcəkdir. Lamiyə telefonu açar açmaz səs küylə ağlamağa, Nadiri lənətləməyə başladı. O hər şeydən xəbərdar idi. Nadirin tutulmasına səbəb olan səhnənin şahidləri tezliklə onun ailəsinə xəbər etmişdilər. Lamiyə şəkər xəstəsi olduğundan bir neçə dəfə özündən getmiş, yaxınları təcili yardım çağırmışdılar. O telefonda Nadirə belə gedərsə boşanacağını deyirdi. O artıq bir qatillə birlikdə yaşamaq istəmirdi. Nadir Lamiyəni sakitləşdirməyə, hər şeyi ona izah etməyə cəhd etsə də buna nail ola bilmədi. 
 
Lamiyə Nadirə qohum əqrəbənin pul toplayıb onu xilas etmək planlarından, on ildən çox birlikdə keçirdikləri həyatın və “o iki uşağın xətirinə” onun da bir neçə bəzək əşyası satıb həmin pulun üzərinə qoyacağını dedi. Nadir bunları eşitdikcə başı fırlanır, sanki həqiqətən də cinayətkar olmamasına şübhə edirdi.  
 
Kameraya çatan kimi təcili olaraq üç gündən artıq vaxt keçməsinə baxmayaraq, onun niyə indiyə qədər dindirilmədiyinin səbəbini soruşdu. Ona onu dindirəcək polis işçisinin bir neçə günə başqa yerə getdiyini dedilər. Başqa polis işçisi tərəfindən dindirilməyini istədiyini deyəndə bunun mümkün olmadığını dedilər. Səbəbi Nadirə agah olmasa da o bu işdə bir qəribəliyin olduğunun fərqində idi. 
 
Nadir hər gün onun buraya düşməsinə səbəb olan hadisələri xəyalında canlandırır, və get gedə dükandakı müştərinin yaralanmasında onun günahı olmaması fikrinə şühbə ilə yanaşırdı. Ətrafındakı hər kəs onu günahkar gördüyü üçün Nadir də yavaş-yavaş özünü günahkar hiss edirdi. Onu görməyə gələn qardaşı və əmisi oğlu Nadirə ondan bu cür hərəkət edəcəyini gözləmədiklərini demiş, ailənin adına ləkə gətirdiyi üçün onu qınamışdılar. 
 
Bu minvalla bir həftə zaman keçdi. Hər keçən gün Nadir günahkar olduğuna bir az da artıq inanır, artıq kiməsə günahsız olduğunu sübut etməyə cəhd etmirdi. 
 
Bir gün nəzarətçi ona sabah dinləniləcəyi haqda məlumat verdi. Nəzarətçinin dediyinə görə onu dinləmək istəyən lakin araya daha vacib iş düşdüyü üçün bu işi yarımçıq buraxan polis işçisi getdiyi yerdən geri dönmüşdür. Onun göstərişinə əsasən Nadiri o geri dönənə qədər başqa polislər sorğu sual etməmişdilər. 
 
Axşam saat doqquzdan etibarən hər kəsin yatması əmri verilmişdi. Nadirin kamera yoldaşları çoxdan yuxuya getsələr də o həç cürə yata bilmirdi. Sabah baş tutacaq dinləmələrə hazır olması üçün Nadir özünü yatmağa məcbur edir, amma buna müvəffəq ola bilmirdi. O baş verənləri necə izah edəcəyi haqda düşünür, dinləniləcəyi vaxt necə danışacağı, hətta hansı ifadələri istifadə edəcəyi haqda uzun uzadı götür qoy edirdi. 
Bir az yerində çapalayandan sonra, ayağa qalxdı. İşıqlar sondüyü üçün kamerada zülmət qaranlıq hökm sürürdü. Nadir barmaqlarının ucunda balaca kamerada bir neçə dəfə o baş bu başa gedib gəldi. O yeridikcə öz özünə danışır, bir həftə bundan öncə daxil olduğu dinləmə otağını, komputer arxasında oturan və ondan özünü təqdim etməyi tələb edən polis işçilərini təsəvvüründə canlandırırdı. Nadir hətta otaqda olan ən kiçik detalları yadına salıb özünü dinləmə otağında təsəvvür edirdi. 
 
O, sübhə qədər gah var gəl edir, gah yerə oturur, gah yatağına uzanır xəyalında canlandırdığı polis işçisi ilə dayanmadan  söhbət edir, xəyal etdiyi suallara təkrar-təkrar cavab verirdi. O, bəzən özünü günahkar, bəzən günahsız, bəzən isə hadisələrdə az rolu olan şəxs kimi təqdim edirdi. 
 
Daha sonra Nadir xəyalanda məhkəmə zalını, onu məhkum edəcək hakimləri, məhkəmə prosedurasına tamaşa edən şəxsləri xəyalında canlandırırdı. O, yoldaşı Lamiyəni gah məhkəmə zalında ağlayan, gah da boğazından qızıl əşyalarını çıxarıb hakimə verdiyi anı təsəvvür edirdi. Neçə saatdır yatmayan Nadir, kamerada sağa-sola gedib, öz-özünə danışdıqca daha da yorulub haldan düşürdü. Yorğunluqdan və yuxusuzluqdan o sanki ağlını itirmiş, artıq uca səslə, bəzən anlaşılmaz sözlər deyirdi. Onun kamera yoldaşları oyanıb bu mənzərəyə tamaşa etdikcə bəziləri gülür, bəziləri isə Nadirin başına hava gəldiyini düşünürdü. 
 
Səhərə yaxın hava bir az işıqlanmışdı. Nadirin dinləmə oatağına aparılmasına bir neçə saat qalmışdı. O daha da həyacanlanır, bədənini tər basırdı. Nadir əlinə kağız və qələm alaraq, hər şeyi etiraf edəcəyini deyirdi. O baş verənləri qələmə alır, məlum hadisə baş verdiyi gün yaralanan şəxsi küçədə necə izlədiyini, onun arxasınca dükana daxil olduğunu, sonra piştaxtadan süd şüsəsini götürüb onun başına zərbə endirdiyini incəlikləri ilə izah edirdi. O yazdıqları etirafları səliqə ilə qatlayıb cibinə qoydu və onu polis işçisinə verəcəyini deyirdi. 
 
Sabah saat səkkiz olmuşdu. Nəzarətçi Nadirə onunla getməyi işarə edəndə Nadirin yuxusuz gözləri al qırmızı idi. O sayıqlayır, etdiyi əməllərə görə üzr istəyirdi. 
Nəzarətçi onu dinləməni aparacaq Polis işçisinin otağına qədər müşaiət etdi. Nadir polisi görərkən sanki uzun illərdir tanıdığı birini görürdü. O ədəblə salam verib oturdu. Polisin ona bir kəlmə sual verməsini gözləyirdi ki, son iki gündə dəfələrlə təkrar etdiyi və hətta qələmə aldığı ssenarini nəql etsin.
 
Polis başını qaldırıb Nadirə, əmr edici tonla:
 
-Özünüzü təqdim edin. - dedi.
-Adım Nadir, soyadım İsgəndərovdur.
 
Əlində qovluq tutan polis ona təəccüblə baxdı. Verdiyi sualı təkrar etdi. Nadir adını və soyadını yenidən deyəndə, polis ondan bura nə səbəbdən gətirildiyini soruşdu. Nadir neçə gündür təkrar etdiyi ssenarini nəql etmək istədiyi zaman polisin təəccübü onu susmağa vadar etdi. O bir söz demədən baxır, daha doğrusu nə deyəcəyi haqda tərəddüd edirdi. 
 
Polis üzərində “Qurban Şirinov/0324-120” yazılı qovluğu açıb içindən bir şəkil çıxardı. Bu Nadir dükana girdiyi zaman müştərini vuran dükan sahibinin şəkli idi. O şəkili Nadirlə müqayisə etdikdən sonra onun Nadir olmadığını görəndə hirslə bayra çıxdı. Bir neçə dəqiqə sonra başqa bir polis işçisi ilə geri döndü. 
 
Onlar Nadirə yanlışlıq olduğunu, dükanda baş verən hadisədən sonra polislər dükan sahibinin əvəzinə səhvən onu tutduqlarını izah etdilər. Nadirin əllərini açıb onun azad olduğunu dedilər. Nadir sanki soyuq sudan çıxıb qaynar suya girmişdi. Baş verənlərə inana bilmirdi. 
 
Polis bölməsindən çıxıb evlərinə doğru yol aldı. O yol boyu necə özünün baş verən hadisələrdə günahkar olduğuna inanmasına təəccüb edirdi. Ətrafında insanların onu günahkar bilməsi ona necə də təsir etmişdi və nəhayət, o da özünün günahkar olmasına inanmışdı. 
 
Nadir evə çatıb qapının bağlı olduğunu gördü. Lamiyə ona evi tərk edib atası gilə gedəcəyini demişdi. Günahsız bilindiyinə sevinən Nadir maşınına oturub onalrı geri gətirmək üçün yola düşməyə hazırlaşkən, maşının ön oturacağının üzərində balaca bir bağlama gördü. Bu süd şüşəsi idi. 
 
Bir həftə bundan öncə Lamiyə ona dükandan süd almasını dediyində Nadir bazardan aldığı südü maşınında unutduğu üçün onu almadığını düşünüb dükana süd almağa yollanmışdı. 
 
Kultura.az
Yuxarı