post-title

Mikayıl Müşviq haqqında xatirələr

"Bizim tez-tez görüşdüyümüz illər, Mikayıl hələ çox sevdiyi Dilbərini tapmamışdı. Sevgi dəryasında üzür, ancaq hara üzdüyünü, necə üzdüyünü bilmirdi. Rast gəldiyi, tanış olduğu gənc gözəl bir qıza platonik məhəbbət bağlayırdı. Onun xəbəri olmadan həyəcan keçirirdi. "Hicran atəşinə" yanırdı və bu proses mütləq yeni lirik şeirlərin meydana çıxması ilə bitirdi. Ürəyində adi, bayağı hisslərə yer yox idi, qadına şəhvət gözü ilə baxanlara nifrət edərdi."

 
 
Kultura.az Sabit Rəhmanın Mikayıl Müşviq haqqındakı xatirələrini təqdim edir. 
 
 
Keçmişi vərəqlərkən...
 
Mən oxucularımıza bəzi şair və yazıçılarımızın həyatından kiçik xatirələr danışmaq istəyirəm.
 
Əvvəl Müşfiqdən başlayıram. Mikayıl Müşfiqlə biz həm yaxın dost idik, həm də qonşu. Mən dağlı məhəlləsində yaşadığım müddətdə demək olar ki, hər gün onunla görüşürdüm. Otağım yolunun üstündə idi. Müşviq hər səhər qardaşıgildən çıxanda mənim pəncərəmin qabağından keçib gedirdi və təbii ki, pəncərədən otağıma baxmamış olmurdu. Otağımın böyük, barmaqlıqsız bir pəncərəsi vardı, yaz-qış onu həyətdən hərlənib gəlməyə tənbəllik eləyən dostlarım qapı əvəzinə işlədirdilər. Müşfiq də pəncərədən otağıma adlayırdı və biz çox vaxt bir yerdə səhər yeməyi yeyərdik. Müşfiq qardaşıgildə yalnız gecələyərdi. 
 
Mənim dünəndən qalma boyat, yavan çörəyim və dişləmə çayım ona halva kimi şirin gəlirdi. Qarşılıqlı atmacalarla yeyib-içərdik. Xeyli danışıb güldükdən sonra Müşfiq əlini cibinə atıb ortadan bükdüyü bir kağızı çıxarardı. 
 
Köhnə əlifba ilə gözəl, xırda xətti vardı. Titrək, həyəcanlı səslə şeirini oxuyardı. Əslində əlində tutduğu kağız yalnız ehtiyat üçün idi. Müşviq əsərlərini əzbər bilərdi və mətnə baxmadan oxuyardı, elə də rəvan, gözəl, mənalı oxuyardı ki, dinləyicini özünə valeh edərdi. 
 
O vaxt Müşfiqin 23-24 yaşı olardı (məndən bir yaş böyük idi). Özü danışardı ki, şeir yazmağa lap kiçik yaşlarından başlamışdır. Yetim böyüməsinə, küçələrdə iris, tum satmaqla dolanmasına baxmayaraq, şeir oxumağa və yazmağa da imkan tapırmış. 
 
O vaxtlar "Eynim" markalı iris vardı.  Müşfiq danışardı ki, bu irisdən satanda tində dayanıb bu cür səsləyirmiş: "Eynim iris eynim a, alan yoxdur, neynim a!..". Onun uşaqlığından söz düşdüyü üçün özünün danışdığı iki kiçik hadisəni nəql etmək istəyirəm. Müşfiqin alt dodağı qalın idi, bu, uşaqlıqda daha çox hiss olunurmuş. Bir gün, - deyirdi – tum satdığım zaman iki qız mənə baxıb dayandı, biri o birisinə dedi: 
 
- Bax gör oğlanın alt dodağı necə sallanıb.
 
Mən, - deyir – tez cavab verdim:
 
- Məndən tum alın, dodağımı yığım.
 
Sonra yenə danışırdı ki, bir arvad məni yanındakı arvadlara göstərib dedi:
 
- Az, az, oğlanın dodağına bax ey...
 
Mən – deyir, - tez cavab verdim:
 
Dodağım xoşuna gəlmir, qızını vermə.
 
Bizim tez-tez görüşdüyümüz illər, Mikayıl hələ çox sevdiyi Dilbərini tapmamışdı. Sevgi dəryasında üzür, ancaq hara üzdüyünü, necə üzdüyünü bilmirdi. Rast gəldiyi, tanış olduğu gənc gözəl bir qıza platonik məhəbbət bağlayırdı. Onun xəbəri olmadan həyəcan keçirirdi. "Hicran atəşinə" yanırdı və bu proses mütləq yeni lirik şeirlərin meydana çıxması ilə bitirdi. Ürəyində adi, bayağı hisslərə yer yox idi, qadına şəhvət gözü ilə baxanlara nifrət edərdi. Yüksək romantik bir sevgi ilə yanıb yaxılırdı. Redaksiyalardan birində makinaçı işləyən bir qıza "könlünü vermişdi". "Gündə bir şeir" adı ilə qıza otuza qədər şeir yazdı.  Hər gün səhər bu silsilədən yazdığı yeni şeiri dostlarından birinə oxuyar, sonra aparıb qızın özünə verərdi. Vəssalam. Ayrı heç bir təşəbbüs göstərməzdi. Qızla yaxından tanış olmağa, onunla gəzməyə çıxmağa heç bir cəhd göstərməzdi.  Mən ona deyərdim ki, bu sevgi deyil, sevgi şeiri yazmaq üçün bəhanədir. 
 
Təəssüflər ki, "Gündə bir şeir" başlığı ilə yazılan o əsərlərin heç biri çap olunmadı. Harda isə itib batdı. İzi tapılmadı. Mənim isə yalnız iki misra yadımdadır. Şeirlərdən biri bu cür bitirdi. 
 
Siz yarın bir ana olsanız belə, 
Mən sizi sevgili çağıracağam.
 
Bu misraların nə üçün yadımda qalmasının kiçik bir tarixi var. O zaman Müşfiq şeirini oxuduqdan sonra "hə, necədir?"  - deyə - soruşdu. Mən zarafatla dedim:
 
- Bir ana olandan sonra sən onu sevgili çağırsan, əri tutar xirtdəyindən...
 
O, tez sözümü kəsdi:
 
- Şeiri düz-düzünü anlamaq olmaz. Məqalə deyil ki? Mən onu fikrimdə, ürəyimdə sevgili adlandıracağam. 
- Şeir yazıb aləmə xəbər verəndən sonra? 
 
O, həmişə zarafata başlamamışdan qabaq sifətində, hərəkətlərində hazırlıq aparırdı. O saat bilirdim ki, mənə sataşmaq istəyir. Bu səfər də o cür hərəkətlərdən sonra qımışaraq dedi:
 
- Adə, deyəsən sizin Şəki tərəflərdə heç romantika alıb-satan olmur, hə?
- Hərdən, - deyə mən ciddi cavab verdim. O cür ağır mətahı Şəkiyə kim aparacaq, dəmir yolundan uzaq şəhərdir. Romantikanın mərkəzi Dağlı məhəlləsidir. Burda su qiymətinə gedir. 
- Ey, ey, sataşma ha. Yığaram başıma dağlı dəstəsini...
- Mən də sizin qabağınıza Cavadı çıxardaram.
- Onda mən də dəstəmi götürüb sənin qabağından qaçaram. 
Bu cür gözlənilməz finalı o çox sevirdi. Deyəndən sonra qəhqəhə ilə gülməyə başlardı. 
 
Yuxarıdakı dialoq aydın olmaq üçün mən burda Cavadın kim olduğunu danışmaq istəyirəm. Cavad o vaxtlar Dağlı məhəlləsinin ən mötəbər adamı idi. Qoca, cavan, arvad, uşaq ondan tük salardı. Vahiməsi böyük idi. Deyirdilər güya Cavad inqilabdan qabaq Dağlı məhəlləsində şuluqluq salmaq istəyən bir qoçunu bircə yumruğu ilə öldürübmüş... Mən tanıdığım vaxtlar o çox sakit, dinməz bir adam idi, şirin, məzəli söhbətləri sevərdi və məhəllədəki bütün ictimai işlərin başında dayanardı. Mən Cavad ilə mətbəədə tanış olmuşdum. Yaxşı mürəttib idi. Mən də bir neçə il mətbəədə korrektor işlədiyimdən biz onunla bir yerdə işdən evə çox qayıtmışdıq. Bu dostluq məni də Dağlı məhəlləsində etibarlı eləmişdi. O məhəllədə bizə "Dağlı Cavadın dostları" kimi baxırdılar. 
 
Müşfiqlə də Cavadı mən tanış eləmişdim. Mənim otağımda cümə günləri çox onunla bir yerdə çay içib nərd oynamışdıq. 
 
Yuxarıdakı söhbət o iki misra şeir münasibəti ilə yadımda qalıb. Yoxsa bizim aramızda, xüsusən mənim, Müşfiqin və Rəsulun arasında o qədər qəribə söhbətlər, qəribə zarafatlar olub ki, xatirədə onları təzədən canlandırmaq heç mümkün deyil.  Mən yalnız oxucularımıza, xüsusən ədəbiyyatla maraqlanan, yazmağa başlayan gənc şair və yazıçılara onu demək istəyirəm ki, bizi bir-birimizə yaxınlaşdıran, dost eləyən içki məclisləri deyil, bayağılıq deyil, ədəbiyyat və səmimilik idi. Zarafatlarımız da ədəb dairəsindən heç zaman çıxmazdı. Tutarlı və məzəli olardı, zarafatı özümüzə iş-peşə eləməmişdik, oxumaqdan, yazmaqdan, işləməkdən yorulduğumuz vaxtlar gülüşdən, fizzaryadka, idman kimi istirahət üçün istifadə eləyirdik. 
 
Bir istirahət günü biz səhərdən axşama kimi Müşfiqlə bir yerdə olduq. Mikayıl özünün məşhur "Gecə düşüncəsi" şeirini təzəcə yazmışdı. Əvvəlki gün bizə oxumuşdu. Ancaq xəyalından çıxara bilmirdi, ayrı-ayrı misraları təkrar-təkrar hafizəsində canlandırır və cilalayırdı. Orda belə misralar var:
 
Fikrim, hissim, xəyalım o qədər yüksəldi ki,
Mənə elə gəldi ki, 
Bizlərdən əvvəl nə yer, nə göy, nə torpaq olmuş.
Nə ağac dallarında bir yaşıl yapraq olmuş.
 
Bütün günü yemək yeyəndə, gəzəndə, dəniz sahilində oturanda, Dağlı məhəlləsinə qayıdanda, Buynakski küçənin uzun yorucu pillələrini qalxanda yalnız bir sözü düşündü: son misra beləmi qalsın, "yaşıl yapraq" əvəzinə "incə yapraq" desin? Bəlkə "məxmər yapraq" yaxşıdır? Mənimlə məsləhətləşirdi. Ancaq bilirdim ki, mənimlə yox, özü ilə danışır, öz zövqü ilə məsləhət eləyir. Çünki mən nə desəm qəbul eləmirdi, bir söz deməyəndə də acıqlanırdı: "Bir danışsana!". Axırısı zara gəlib dedim:
 
- Bu məsələni belə həll eləmək olmaz. Gərək iclas çağıraq, səs qoyaq. 
 
O, bu sözü ciddi qəbul eləyib soruşdu:
-  Hansının tərəfdarı çox olar?
-  Yaşıl tərəfdarı.
- Axı, yarpaq yaşıl olar da. Bəlkə “ incə “ daha yaxşıdır...
 
Bu cür şübhələr içərisində məndən ayrıldı. Sonralar daha bu barədə danışmadı. 
İndi, aradan otuz il keçəndən sonra mən şeiri bir də oxudum. Gördüm Müşfiq son misraları tamam dəyişib, daha dolğun, daha mənalı eləyib:
 
Bizlərdən əvvəl nə yer, nə göy, nə həyat olmuş,
Nə bu ucsuz-bucaqsız, gözəl kainat olmuş ...
 
Yuxarıdakı misalı Müşfiqin əsər üzərində necə işlədiyini nümayiş etdirmək üçün gətirdim.  O, şeiri çap etdirməklə işini bitmiş hesab eləmirdi. Yenə üzərində düşünür, həyəcan keçirirdi. Öz yaradıcılğına tələbkarlıq hissi get-gedə onda artırdı. 
 
Müşfiqin mənə yazdığı bir şeir də var. Zarafatca yazılıb. Şeiri sizə təqdim eləməmişdən qabaq nə münasibətlə yazıldığından danışım: 34 və ya 35-ci il olardı. Yazıçılar cəmiyyətində iclas vardı. O zaman bizim iclaslarımızla oxucular da çox maraqlanırdılar. Salon həmişə dolu olardı. Mən lap birinci sırada idim. Yanımdakı boş yerdə tanımadığım gözəl bir qız oturdu və kimin danışdığını, nə barədə danışdığını pıçıltı ilə məndən soruşmağa başladı. Bu söhbət zamanı hiss elədim ki,  arxa sıralarda hərəkət var. Dönüb gördüm ki, yoldaşlar bir-bir qalxıb mənə və yanımdakı qıza baxırlar. Onlar elə bilmişdi ki, bu qız tanışımdır və onu iclasa mən gətirmişəm. 
 
Bir azdan məktublar gəlməyə başladı. Qız vəziyyəti hiss eləmiş və pərt olmuşdu. Artıq məndən söz soruşmurdu. Ancaq arxa sıralar sakit olmurdu. Hərə özünə borc bilirdi ki, mənimlə bu barədə zarafat eləsin. Xüsusən Müşfiq yerində rahat otura bilmirdi. Gah bərkdən öskürür, gah bir bəhanə ilə məndən söz soruşur, gah da səbəbsiz gülürdü. Nəhayət durub qabağa gəldi və bizə diqqətlə baxandan sonra, o biri otağa getdi. Az keçmədi ki, onun da naməsini aldım. Aşağıdaki şeiri yazmışdı :
 
 
Uzaqdan  baxarkən sənə vuruldum.
Ərəş diyarının soltanı, Sabit. 
Tanrı işığını üzündə buldum,
Yaralı könlümün dərmanı, Sabit!
                                                       
Cəmalın beynəzir, xülqun beynəzir.
Cəmali xülqünə olmuşam əsir.
Son zaman eşqimdə yaranmış kəsir,
Gəlmiş həyatımın bəhranı, Sabit!
                                                 
Yanında oturmuş pərizadə bax,
Bəhri-məhəbbətdə çalma əl-ayaq,     
Burnunu eləyib özünə dayaq,
Bir həmlədə çevir dünyanı, Sabit!
 
Mən bu şeiri oxuyub qurtaranda artıq yanımdakı qız çıxıb getmişdi. 
                                                                                     
İndi Müşfiqlə son görüşümüzü qeyd eləyim. 1937-ci ilin aprelin sonu idi. Mən Azərnəşrin dəhlizində Süleyman Sani Axundov ilə söhbət edirdim. Müşfiq bizə yaxınlaşdı, görüşdü və dinməz dayandı. Süleyman Sani bizdən ayrıldıqdan sonra mən Müşfiqin çox kefsiz olduğunu görüb dedim: 
 
- Hə nolub, qaşından-qabağından qar yağır ? Alt dodağını yığ, Dilbər xanım görüb qorxar. 
Müşfiq dərdli-dərdli cavab verdi:
- Xoşbəxt adamsan, Sabit, hər zaman gülməyi bacarırsan.
- Sən də gül, ol xoşbəxt.
- Bacarmıram. Dərd məni üstələyib. 
 
Başqasına pislik eləməyi, ara vurmağı bacarmayan Müşfiq, yaradıcılığından başqa heç nə haqqında düşünməyi sevməyən Müşfiq paxıllıq, qərəzlik, riyakarlıq görəndə əsəbləşir, dərin həyəcan keçirirdi. 
 
May şənliyini bir yerdə keçirməyi mənə təklif etdi : 
 
Mən  Dilbər xanımı götürüm,- dedi, - sən də İsmət xanımı... gedək köhnə vətənimizə. Dağlı məhəlləsinə, səmimi bir gün keçirək. (Artıq biz dağlı məhəlləsində yaşamırdıq) 
 
Razılaşdıq, getdik. İndiki "Fəxri Xiyaban" o vaxt hələ yox idi. Yalnız Cabbarlının qəbri vardı. Ətrafda da bir-iki ağac... yaşıl otluq... Bu qəbrin yanında yaxşı bir yer seçib oturduq və doyunca söhbət etdik. O gündən mən bir daha Müşfiqi görmədim. 
 
Hazırladı: Nurlan
 
Kultura.az
Yuxarı