post-title

Nicat Kazımov: Eşq Sultanı - Hekayə (I)

Kultura.az gənc yazıçı Nicat Kazımovun hekayəsininin ilk hissəsini oxuculara təqdim edir

 
 
 
Nicat Kazımov
 
 Eşq Sultanı
 
Anama ithaf edirəm…
 
Havanın istiliyindən və günlərdir ac qalan qullar elə bazarın ortasındaca, özlərindən gedirdilər.  Sahiblərinin başları al-verə qarışdığından heç biri  burnundan qan açılıb ağzı üstə yerə düşən  bu qullara fikir vermirdi. Həmədan öz qul bazarı ilə məşhurlaşdığından, ağalar və bəylər uzaq yollar qət edib  bu bazara gəlib, öz imarətləri, sarayları üçün qul alıb özləri ilə götürürdülər.
 
Bu gün bazarda ən çox qulu olan yəhudi İbrahim ağa üçün  uğurlu bir gün sayılardı. Çünki, İraq  tacirlərindən biri qul almaq üçün ona müraciət etmişdi.  İbrahim ağa  tacirin 40 qul istəməsini duyunca iştahı qabarmış  və əlindəki ən yaxşı qulları tacirə satmışdı. Qul bazarında “müftə-müsəlləm” adlı bir adət var idi ki, 40 qul alana birini də pulsuz hədiyyə edirdilər.  İbrahim ağa etdiyi alverdən razı olduğundan əlindəki son qulu – heç bir işi bacarmayan, bir əti və sümüyü olan, tez-tez özündən gedən  gənci  “müftə-müsəlləm” kimi tacirə hədiyyə vermişdi. Tacir qula baxıb, çatma qaşlarını büzüb dedi:
 
- Adın nədir?
- Eldəniz. – qulun səsi dodaqları arasından zorla tökülürdü.
- Gücsüz, qüvvətsiz birisən.  Nəsə bir iş bacarırsan? – Tacir Eldənizi iti gözləri ilə süzüb dedi. Eldənizdən heç bir səs gəlmədi. Zatən günlərdir əli-qolu bağlı yol gələn gənc Eldənizin danışmağa taqəti yox idi. Onun halını daşa düşən tacir öz-özünə dedi: “Zatən müftədir. Nə dəxli var. Onu da götürüm”.
 
Tacir aldığı qullarına çörək və su verdi. Axşam hava sərin olduğunda yola rəvan olacaqlarını bildirdi. Günəşin altında dəriləri qaralmış qullar hərəsi bir ağacın kölgəsində gizlənib az da olsa yatmağa çalışırdı. Eldəniz isə yorğun olmasına baxmayaraq, hələ də keçirdiyi şokun təsirindən çıxmamışdı. Gözünün qarşısında qıpçaq türklərin yaşadığı kiçik kəndə tanımadığı insanlar tərəfindən hücum olmuşdu. Atası Nüsrət həyatda heç kimlə düşmənçiliyi olmayan atlara nal vuran bir qoca idi. Ancaq, kəndi basanlar hər kəsi qılıncdan keçirib, uşaqları və qadınları  qul kimi özləri ilə götürdülər. O gündən sonra  Eldəniz yollarda süründürülür, döyülür, heç bir işi bacarmadığına görə tez-tez təhqir olunurdu. Hətta o qədər zəyif bədəni var idi ki, qullar da öz hayıflarını çəlimsiz Eldənizdən çıxırdılar.  Eldənizin isə gözünün qarşsıından getməyən bir şey – atasının atların ayağı altında qalan başı idi. Hələ körpə ikən, anasını qarayara xəstəliyindən itirən Eldəniz indi həyatın keşməkeşli yolunda gənc yaşlarında ayaq üstə durmalı idi. Ancaq, buna özündə güc tapa bilmirdi.
Digər qullar ağacların altında yuxuya getmişdi. Eldəniz isə əlindəki quru çörəyi suya batıraraq yeməyə çalışırdı. Ancaq, yolun digər tərəfində gözləri olmayan bir qocanı dilənərkən görəndə yediyi çörək boğazından keçmirdi. O, kor qocanın yanına gedib çörək və suyu onun yeməyi üçün verdi. Kor qoca əlini  Eldənizin nazik biləklərindən tutub dedi:
 
- Ah, bu çörəyi mənə verən Sultandır. – kor qocanın səsi titrəyirdi.
- Yox baba. Mən Sultan deyiləm. Sadəcə bir qulam. – Eldəniz qeyri ixtiyari gülümsədi.
- Sənin yolun o qədər parlaq olacaq ki, elə bir mərtəbəyə  yüksələcəksən ki, yer üzündə gördüyün hər şey sənin iki dodaqların arasında oalcaq. Sən padşah olacaqsan, padşah! Ver əlini öpüm sənin! – Kor qoca Eldənizin əlini öpmək istəyirdi. Ancaq, Eldəniz buna icazə vermədi. O, heç nə demədən digər qulların yanına getdi və qocanın sayıqladığını düşündü.
 
Yavaş-yavaş günəş batır, gecə yer üzünə enməyə başlayırdı. Günəşin batması ilə axşam sərini insanların canına fərahlıq gətirirdi. Yüzlərlə dəvəsi olan tacir qullarını da alıb yola düşdü.  Eldəniz qullar içərisində ən balaca olduğundan tacir zəyif gənci sonuncu dəvənin belinə otuzdurmuşdu.  Gecənin bir yarısı çölün ortasında Eldəniz dəvənin belindəcə yuxuya gedir. Dəvə rəməl yeridiyindən Eldəniz dəvənin üzərindən düşür.  Karvanı müşaiət edən mühafizəçilərdən biri sonuncu qulun olmadığını görür. Tacir atını çaparaq, Eldənizi axtarmağa gedir. Eldəniz isə üzünü  yumşaq və isti torpağın üzərinə qoyub  özü də bilmədən yuxuya getmişdi.  Tacir onun ayağına təpik vuraraq oyadır və karvana geri götürür.  Heç bir halı qalmayan  Eldənizin başına bu ikinci dəfə də gəlir. O dəvədən yıxılıb yerdəcə qalır. Tacir yenidən Eldənizi tapmaq məcburiyyətində qalır. O, Eldənizin üzərinə qışqırır və qərara gəlir ki, onu elə bu çölün ortasında buraxsınlar. Qorxuya düşən Eldəniz, tacirin ayaqlarına sarılıb  deyir:
 
- Yalvarıram ağa, məni burada qoymayın. Bir də olmaycaq, sizə söz verirəm.
- Bir qulun sözünun mənim üçün heç bir əhəmiyyəti yoxdu. Buraq ayağımı. – Tacir onu itələyərək dedi.
- Ağa yalvarıram sənə, mənə bunu rəva görmə. Məni də apar özünlə. – Eldənizin gözlərində yaş gəlməyə başladığından, tacirin ürəyi bir qədər yumşaldı. Amma onu bu dəfə dəvəyə otuzdurduqdan sonra əllərini yəhərə bağladı ki, düşəndə yerdə qalıb  yatmasın. Bu hadisə bütün qulların kefini açdı. Gecə yarısı kimsəsiz bir çöldə yük daşıyan qulların gülüş səsləri ilə rəng qatıldı.
 
Həmin gecə ulduzlar yerə necə də yaxındı… Eldəniz atasından öyrəndiyi duaları ulduzlara baxıb hıçqıra-hıçqıra deyirdi:
 
"Rəbbim, səndən başqa heç kimim yoxdur. Sənə sığınıb, səndən kömək diləyirəm".
 
Bağdada doğru yolan düşən karvan bir həftə sonra artıq şəhərə çatmışdı.  Füsunkar gözəlliyə malik olan bu şəhərin üzərində gecə ilə gündüz bərabərləşirdi. Şəhər müxtəlif dillərdə danışılan insanlarla daynayırdı.
 
Şəhərdə İraq-səlcuq sultanı Mahmudun əsgərləri asayişi qorumaq üçün insanların arasında dövrə vururdular. Tacir şəhəri yaxşı tanıyırdı və o, bütün qulları ən yaxşı müştərisinə, yəni bir başa saraya satmaq istəyirdi. Bütün qullar artıq gəlib sarayın həndəvərində dayanmışdı.  Sultan Mahmudun vəziri  Sumayrami özü qullara baxmaq istədiyindən  saraydan çıxmışdı. O, qulların ən güclülərini aldı. Eldəniz sarayda daha rahat yaşayacağını düşünürdü. Ancaq,  bu vaxt vəzir Sumayrami tacirin pulunu ödəyərək sarayın ətrafından yox olmağını əmr etdi. Eldəniz çöldə yaşamağa artıq dözə bilmirdi. Qorxmasına baxmayaraq vəzirin ayaqlarına qapılaraq dedi:
 
- Xahiş edirəm məni də alın saraya.
- Sən kimsən, uşaq! Get buradan. – vəzir əbası kirlənməsin deyə  Eldənizi geri itələdi.
- Mən də bu qullardanam. Söz verirəm nə desəniz edəcəyəm.
- Sənin saray işləri görəcək taqətin yoxdur. Rədd ol buradan.
- Ağa, mənim ailəmi gözümün qarşısında öldürdülər, gedəcək heç bir yerim yoxdur. Məni də sarayınıza alın. Xahiş edirəm. – Tacir  Eldənizin çiynindən tutub geri çəkmək istəyirdi. Ancaq, Eldəniz buna imkan vermir, onun əlindən qaçır və yenidən vəzirin ayaqları altına sərilirdi. Vəzir ilk dəfə sarayda belə həvəslə qalmaq istəyən qulu  ilk dəfə görürdü və sonra düşündü ki, belə həvəsi varsa, həyatı boyu xanədana sadiq qalacaq biri olacaq. Bu səbəbdən vəzir  tacirə  Eldənizin baş parasını ödəyib  saraya aldı.   Eldəniz vəzirin yanında durub “Çox sağolun, ağam” – deyə öz minnətdarlığını bildirdi.
 
Sarayın darvazaları qulların üzünə açıldı.  Mahmud öz hakimiyyəti dövründə Bağdadda böyük quruculuq işləri aparmışdı. Bu səbəbdən o, öz zövqünə uyğun sarayı inşa elətdirmişdi. Eldəniz sarayın   bağçasına girdiyi andan etibarən rəngarəng çiçəklərin,  hündür ağacların altında özünü cənnətdə hiss elədi.  Bağçanın ətrafında heykəl kimi əsgərlər dayanıb sarayın keşiyini çəkirdilər. Bir müddət sonra Eldəniz sarayın özünü gördü. Həmin an onun içində elə bir qığılcım yarandı ki, özünü bu zəyif bədəni ilə bir gün padşah olacağına inandırdı. Bəlkə də kor qocanın dediklərinin təsirindən o , özünü belə hiss elədi.
Eldəniz saraylar haqqında ancaq, atasının danışdığı nağıllarda eşitmişdi, indi isə sarayın bir xanəsində otağı var idi. Onu bir Məlik ağaya təhvil vermişdilər. Eldəniz üçün Məlik ağa qorxunc biri idi. Qalın qaşları, enli kürəyi,  sinəsinə qədər saqqalı onu heybətli göstərirdi. Ancaq, zaman keçdikcə Məlik ağa onun üçün doğmalaşmağa başlayırdı. Çünki, o qəddar sifətin arxasında mülayim bir insan var idi. Eldənizi öz oğlu kimi sevməyə başladı və özü bildiyi hər şeyi ona öyrətməyə başlamışdı.  Sarayın ən gənc qulu Eldəniz olduğundan ona çox iş vermirdilər. Ağası onunla tez-tez dünyanın yaradılışını, hardan gəlib-hara getməyimiz  haqqında öz bildiklərini anladırdı. Eldənizin sualları Məlik ağada Eldəniz haqqında xoş  təəssüratı yaranmışdı. Bir gün onun bu başı sayəsində böyük uğurlar qazancacağına inamı artmışdı. Ağası Sultan Mahmuda artıq onun haqqında bəhs etmişdi.  Sultan Mahmudun başı dövlət işlərinə qarışdığından Məlik ağanın dediklərinə o qədər də fikir vermirdi.
 
Eldənizin yaşı artdıqca,  kitablara həvəsi də artırdı. O, günün bir hissəsini saray işlərinə sərf edirdisə, yatmazdan əvvəl  şam işığında dövrün şairlərinin şerlərinə tamah salırdı. Hər axşam bir şer əzbərləyib ağasına söyləyir, ağası isə onu candan qulaq asır, ürəyinə fərəh gətirirdi.
 
Yaşa doldquca həyatın acımasız tərəfləri ilə tanış olmağa başlayan   Eldəniz üçün yuxudan oyanmaq vaxtı gəlib çatmışdı. Bağdadın şərqində İsmaillər adlı yeni bir təriqət yaranmışdı. Bu təriqət  Sultanın iradəsinə qarşı çıxmış, insanların yer üzünə hür gəlib, hür gedəcəyini, Sultanın yer üzündə heç bir mahiyyəti olmadığını şerlər vasitəsilə ölkənin dörd bir yanına yayırdılar. Tez bir zamanda şəhər qazısı bundan xəbər tutur və nəhayət, bu şerlər gəlib Sultan Mahmudun əlinə keçir. Qəzəblənən Sultan bir dəstə aradıb, başına da  Məlik ağanı qoyub, kəndəki  ismaillərin zinadana atılmasını əmr verir. Məlik ağa hələ də Sultanın diqqətində olmasına çox sevinir. O ,gənc  Eldənizin dünya görüş sahibi olması üçün yanında aparır.  Məlik dəstəsi ilə birlikdə təkkəyə gəlib çatır. O düşünürdü ki, Sultanın iradəsi qarşısında heç kim baş qaldırmaz. Amma onu orada fərqli bir şey gözləyirdi.  Hökümdarın əsgərlərini görən İsmaillər qılınca əl ataraq, danışıqsız dəstənin üzərinə hücum çəkdi.  Eldəniz həyatında ilk dəfə qılınca davrandı. Necə istifadə etmək lazım olduğunu bilmirdi. Məlik ağa dayanmadan vuruşur, həm Eldənizi həm də özünü qoruyurdu. Üç nəfərlə eyni anda vuruşan ağa, gözləmidiyi anda arxasında biri də peyda olmuşdu.  Bu vaxt onu xilas edən Eldəniz oldu.  O , qılıncı  düşmənin belinə sancıdı. Üzünə qan fışqırdıqdan sonra, dizlərini yerə qoyub qusmağa başladı. Həmin gün necə də qorxmuşdu.  Həyatında ilk dəfə birini öldürmüşdü. Zəyif bədəni bunu götürmədiyindən  yazıq elə oradaca özündən getmişdi.
 
Gözlərini açanda sarayda idi. Həkimlər  onun üzünə baxıb gülürdü. Eldəniz gözünü açdığında nələr olduğunu xatırlamağa çalışdı, həkimin üzünə baxıb dedi:
 
- Mənə nə oldu?
- Sən bu zəyif bədənin ilə o qılıncı necə qaldırmısan, necə vuruşmusan?! Əhsən sənə! – Əmmaməsi başından böyük olan həkim Eldənizə dedi.
- Ağama nə oldu?!
- O yaralıdır. İndi sən dincəl.
 
Həkimin sözünə fikir verməyən  Eldəniz xanəsini tərk etdi və ağasının otağına getdi. O qapını açıb içəri girdiyində, qoca Sultanın, saqqalını ova-ova Məlik ağanın yanında oturduğunu gördü. Ağa ona nəsə danışırdı. Deyəsən, o bərk yaralanmışdı. Qapıdan Eldənizin girdiyini görən Məlik ağa, Sultana üzünü tutub dedi:
 
- Bu gördüyünüz oğlan əsl bir cəngavərdir. Ona sahib çıxın, Sultanım.
 
Sultan üzünü çevirib Eldənizə baxdı. Hökümdarın baxışı o qədər iti idi ki, Eldənizin ürəyinə qopmaca düşdü. Ancaq, özünü itirmədi. Bu onun ilk dəfə Sultan Mahmudla üz-üzə gəlməsi idi.  Bu vaxt  Məlik ağa sinəsini qabağa gərib son nəfəsini verdi. Sultan “Allah rəhmət eləsin” deyib, gözlərini qapadı. Daha sonra  Ayağa qalxıb, “Fatihə” surəsini oxuyub   otağı tərk etdi.  O, otağı tərk edərkən, qapının yanında donub qalan Eldənizin qaşrısında durub, bir daha üzünə baxdı. Əlini çiyninə qoyub, gözləri ilə təsəlli verdi və daha sonra otağı tərk elədi. Eldəniz Sultanın yanında ağlamaq istəmirdi. Onun gözlərində zəyif görsənmək də istəmirdi.
 
Bir həftə xanasını tərk etməyən Eldəniz, yasa bürünmüş, ağasının yoxluğuna alışa bilməmişdi.
 
Sultan Mahmud  uzun illərdir sarayında xidmət göstərən şəhid Məlik ağaya öz vəfa borcunu göstərmək üçün Eldəniz haqqında mühüm qərar verir: “ Digər ağalara əmr edir ki, onun təhsili  və döyüş sənəti ilə ciddi məşğul olsunlar.”
 
Ağalar, heç bir qul haqqında belə bir əmr verildiyini Səlcuq tarixində eşitməmişdilər.  Sarayın bütün müəllimləri Eldənizə ilahiyyat və başqa elmləri öyrədirdilər.  Davam edən illər ərzində  Yunan-Afina fəlsəfəsini dərindən dərk edən   Eldəniz, müəllimlərini də xeyli təəccübləndirirdi. Sarayın sevimli siması olan Eldənizin yeməkləri,  mətbəxdəni Sultana göndərilən yeməklərdən elə də fərqlənmirdi. Buna görə o son illərdə cana gəlmiş, boylu-buxunlu biri olmuşdu.  Həmçinin, o Sultanın əmrinə əsasən, döyüş təlimlərini tamamlamış, güclü bir cəngavərə dönmüşdü.  Ox və kamanı digər əsgərlərdən fərqli olaraq, heç vaxt hədəfə yayındırmırdı. Onun üzərində olan bu inkişaf Sultan Mahmudu  olduqca qane etmişdi. Onun bu uğurlarına səbəb, ilk vəzifəsi də verilmişdi. “Əl-xivan salar” – yəni sultan mətbəxinin başçısı olmuşdu. Bu vəzifə olduqca mühüm və təhlükəli idi.  Sultan əgər bu vəzifəni ona vermişdisə, demək ki, ona çox güvənirdi.  Çünki,  Sultana qarşı ardı-arası kəsilməz sui-qəsdlər olurdu. Yeməyə zəhərin atılması, sultanın sonu ola bilərdi. Amma Sultan Mahmud o qədər onu sevmiş və inanmışdı ki, öz həyatını ona etibar etmişdi. Bu uğuru tezliklə sarayın dedi-qodu mövzusu olmuşdu. Artıq,  əl-xivan salar Eldəniz istədiyi kimi  hərəmə girib, çıxa bilirdi.  Onun düz qaməti,  bahalı geyimi, üzərindən gələn xoş ətir iyi qoca şahdan ayrı düşmüş, ayrı-ayrı məmləkətlərdən gətirilmiş cariyələrin sevgili həmdəmi olmuşdu. Lakin,  Eldəniz bu cariyələrin heç birinə ehtiva göstərmirdi. O, öz qəlbində Sultan Mahmud üçün sədaqət andı içmiş, bir-birindən gözəl cariyələr tərəfindən gələn hər bir məktubu cavabsız qoyurdu.
 
Sultan Mahmudun  vaxtsız qəflətən ölümü, saray içərisində çaxnaşmalar yaratmışdı.  Hakimiyyət uğrunda ciddi mübarizə başlamışdı. Sultanın ölümü əhadilən gizlədilirdi. Daha məmləkətin xəbəri bu olanlardan xəbəri yox idi. Saray yasa bürünmüş, həm də qorxuya düşmüşdü.   Vəzirlər   öz aralarında savaşa başlamış, Sultanın ölümü ilə ilə iştahları qabarmış, hər kəs xəyala düşmüş və yeni bir dövlət qurmağı  arzulayırdılar. Bu vaxt  imperatorluğun ilk paytaxtı olan  Nişapur şəhərində, saraylarından birində iqamət edən Sultan Mahmudun qardaşını hakimiyyətə gətirmək lazım idi. Ancaq, onun heç bir şeydən xəbəri yox idi. Çünki, heç bir  vəzirə xeyr etməzdi ki, Sultan Toğrulun bu hadisədən xəbəri olsun.  Bu zaman Eldəniz ilk siyasi məharətini göstərir. Bağdaddan  Nişapura, Sultan Mahmudun hədiyyə etdiyi ərəb atını çapıb, özünü Nişapura çatdırdı.  Özünü təqdim edən Eldəniz Sultan Mahmudun öldüyünə və saray daxili çaxnaşmaların başladığına inandıra bilmişdi.   Toğrul  lələrinə əmr edərək, qoşun topladı və Bağdada gedənə kimi qoşunun sayı çoxaldı. Xəbəri tutan hər kəs Toğrulun   qoşununa qatılırdı. O Nişapurdan çıxdığında  qoşunu əlli min idisə,  Bağdada çatdığında yüz minə qədər artmışdı.  Toğrul şəhərə girdiyində onun yanında at üzərində Eldəniz də var idi.  Əhali küçələr boyunca “Sultan Toğrul çox yaşa” – deyə bağırırdlar. İnsanlar Eldənizin ayaqlarından tutur, ona yalvarırdılar. Bu anı Eldəniz ilk öncə başa düşməsə də, sonra  qeyri ixtiyari gülümsəyib nəyin baş verdiyini anladı. Hər kəs Eldənizi yeni sultan sanmışdı. Çünki, Sultan Toğrul onun yanında  sıravi əsgərə, Eldəniz isə  görkəmli ordu başçısı –  hökümdara bənzəyirdi.
 
Vəzirlər Toğrulun böyük bir ordu ilə şəhərə daxil olduğunu duyduqda, hərəsi bir tərəfə qaçıb, canlarını qurtarmaq istədi.   Toğrul döyüşsüz saraya daxil oldu və özünü sultan elan etdi.  Əmri ilə vəzirlərin hamısına edam cəzası verdi və özü ilə gətirdiyi  dövlət xadimlərini vəzir təyin etdi. Yaxın gələcəkdə, yeni işğal  planları cızdı. Yeni Sultan öz zəkası ilə hər kəsi heyran qoydu.  Süquta yaxın olan bir imperatorluğu ancaq Sultan Toğrul  dirçəldə bilərdi.
Sultan Toğrul  böyük qardaşından nisbətən gənc olduğundan, hələ onda savaşaq ruhu var idi.  Bu kimlərinsə xoşuna getmirdi. Bu səbəbdən hələ hakimiyyətinin ilk günlərindən sui-qəsdlər olmağa başladı. Həyatını əmanət edəcək bir lazım idi. Ağılına gələn ilk insan elə  Eldəniz oldu. Onu  şəxsi mühafizə dəstəsinin məmlükü təyin etdi.
 
Tez bir zamanda Məmlük Eldəniz sultanın gözləntilərini doğrultdu. Sultana qarşı olunan sui-qəsdlərin üstünü tez bir zamanda açdı.  Sultanın  iqamət etdiyi otağa Eldənizin icazəsi olmadan heç kim girə bilməzdi.
 
***
 
Yaşlı Sultanın gənc bir zövcəsi var idi. Dərbənddən tutmuş Fərat çayına qədər hər kəs bu qızın gözəlliyindən danışırdı. Onun gözəlliyi  bütün  insanların dilində dillər əzbəri olmuşdu.  Göydan sallanan hilal da onun gözəlliyinə qibtə edir, günəş qürub edərkən, onun qədər parlamırdı. O elə bir gözəlliyə sahib idi ki,  hələ lap uşaq yaşlarından onu görən istənilən kişi aşiq olur, ölüm yatağına düşmüş hər bir kəsə onun gözəlliyi şəfa verirdi. Onun gözəlliyinin daha çox pul gətirəcəyəini düşünən quldurlar, qızı ailəsindən hələ uşaq ikən qaçırmış, qul bazarlarında  ordan buraya sürünmüşdü. Nəhayət,  bu gözəllik gəlib saraya satılmışdı.  Bu gözəlliyi ilk görən Sultan Mahmudun qardaşı, Sultan Toğrul olmuşdu. Hərəmxanadakı qızların heç biri onunla rəqabət apara bilmirdi. Tez bir zamanda Sultan Toğrulun gözdə cariyəsi  olması, digər qızların xoşuna gəlməmişdi.  Xüsusən də  Sultan Toğrulun ilk zövcəsi Selcan xatun bu qızla heç vaxt yola getmirdi.  Bu qıza dəfələrlə hücum olundu, öldürmək istədilər, ancaq o yenə həmişə sağ qaldı və belə gözəllikdə bir qız sarayın  sanki, ölümsüzünə çevrilmişdi.  Hərəmdaxili cariyələrin dava-dalaşlarını bitirmək üçün  Sultan Toğrul onu zövcəsi etmişdi və ona qarşı kim səhv hərəkət edərsə, dərhal başlarının vurulması haqqında əmr vermişdi.
 
Uğurunda Sultanın da diz çökdüyü  sözlərlə ifadə olunmaz bu gözəlliyin sahibinin adı Möminə idi. O, Sultanın zövcəsi olduqdan sonra, hər kəs ona Möminə xatun deyə  müraciət etməyə başlamışdı.
 
Möminə xatun,  olduqca təmkinli biriydi. Harda nə danışmaq lazım olduğunu yaxşı bilir və istədiyi hər şeyə nail olmağı bacaran bir qadın idi. Saraylarda o müxtəlif dilləri öyrənmiş, ney müsuqisini dərindən mənimsəmiş və insanlara xoş təsir bağışlamağı bacarmışdı.   O, Nişapurdan Bağdada bütün aləmin sultanının zövcəsi kimi gəlmişdi.
 
Möminə xatun uşaq vaxtından gün üzünə həsrət qalmış və həyatını bu saraylarda keçirirdi.  Zatən, onun darıxmağa belə vaxtı olmurdu. Hərəmxanada o qədər söz söhbət olurdu ki, darıxmaq nədir bilmirdi. Zaman keçdikcə, yaşamaq bu gözəlliyə sahib olan Möminə xatun, getdikcə qəddarlaşırdı.  Əmri ilə sarayda neçə qadın naməlum şəkildə öldürülmüşdü, hələ bunu heç kim bilmirdi.
 
Gənc, mükəmməl gözəliyə sahib olan və qəddar Möminə xatunun həyatda bilmədiyi yeganə bir hiss var idi. Bu hissi ancaq şerlərdə oxumuşdu. Bunun adı:”Eşq” idi.  O öz Sultanı Toğrula zərrə qədər də aşiq deyildi. Sadəcə, yaşamaq üçün əmrlərə tabe olurdu. Lakin, bir gün eşqin nə olduğunu bildi.
 
***
 
Eldəniz gecə ikən Sultanın qapısına gəlib hər şeyi yoxladı. Heç bir problem yox idi. Artıq yata bilərdi. O öz otağına geri çəkildi.  Şamı yandırıb, şer vərəqlərini götürüb  oxumağa başladı. Sarayda həzin bir musiqi var idi. Ney səsi sarayın divarlarını sığallayırdı. Sanki, bu səs “Məni qurtarın” deyirdi.  Eldəniz  qeyri-ixtiyari musiqiyə  doğru hərəkət edirdi. Sarayın qaranlıq  dəhlizini işıqlandıran, məşəldəki alovlar neyin səsilə həzin-həzin rəqs edirdi.
 
Eldəniz səs gələn qapıya yaxınlaşdı. Qapı bir az aralı idi. O neyi çalanı görə bilirdi. Eldəniz Möminə xatunu görər-görməz ürəyinə sevgi  toxumları səpələndi. O heyranlıqla  xatunu seyr edir və ürəyində öz-özü ilə danışırdı: “ Rəbbim, bu nə gözəllikdir belə.  Uzun qara saçları, iri qara gözləri, qəmər qaşları, insanı yerə çökdürəcək dodaqları, şax qaməti…. Bu mümkün deyil, bir qadın belə gözəl ola bilməz, axı?! Nədir bu, İlahi?!  Ney incə barmaqları arasında  necə də gözəl səs çıxarır. O dodaqlar, o nəfəs  bu neyin səsini gözəl edir. Bu nədir, ürəyimə nə olur…Nəfəs ala bilmirəm” –  Eldəniz tənginəfəs oldu. Eldəniz də Möminə xatun kimi eşqlə üz-bə-üz gəlməmişdi.   Eldənizin bildiyi eşq, yalnızca İlahi eşq idi ki, onun gözəlliyini seyr edib Tanrıya xəyanət etdiyini düşünürdü. Ancaq, sonra  bir ayəni xatırladı: “Bunları bizə ram edən Allah pak və müqəddəsdir” –deyə.
 
Eldəniz onu söyr etdikcə,  nəfəs alışı dəyişirdi.
 
Bu vaxt Möminə xatun qapıda birinin olduğunu hiss elədi.  Və neyi kənara qoyub  sürətli addımlarla qapıya tərəf gəldi. Eldəniz nə etməli olduğunu bilmədi.  Möminə xatun yaşıl niqabını üzünə çəkərək dedi:
 
- Burda nə edirsiniz?!
- Üzrlü hesab edin, sultanım.  Mən məmlük Eldənizəm. Sultanımızın və sizin həyatınızı qorumaqda vəzifəm var.  Sarayın bütün otaqları ifa etdiyiniz neyin səsi ilə bu heybətli sarayı gözəlləşdirir. Bu səsin haradan gəldiyini bilmək istəyirdim. – Eldəniz gözlərini yerdən çəkmədən dedi.
- Sizi  tanıyıram, Məmlük Eldəniz bəy! Haqqınızda çox şey eşitmişəm. – Möminə xatun  qarşısında tir-tir əsən gənci seyr edərkə,  onun çox yaraşıqlı olduğunu, hərəmdəki haqqında danışan qızların dediyi qədər var olduğunu gördü.
 
Eldəniz özündə cəsarət toplayıb  başını havaya qaldırdı vəonların baxışları bir-biri ilə toqquşdu. Bu an Möminə xatun, heç vaxt  yaşamadığı bir şeyi yaşadı. Ürək döyüntüləri dəyişdi.  Bu fərqli bir şey idi.  Onlar bir neçə saniyə bir-birlərinə baxdılar. Möminə xatun qapını örtərək  yatağına uzandı. Eldəniz otağına necə qayıtdığını heç özü də bilmədi.
 
Möminə xatun  səhərəcən yatmadı. O üzü – Eldənizin eşq dolu baxışlarını gözünün qarşısından çəkə bilmirdi. Həmin gecəni Eldəniz də yatmamışdı.
Bəli ikisi də bir-birlərinə aşiq olmuşdular.  Bunun əsl sübutu isə bir ay sonra Eldəniz masasının üzərində məktub tapmağı oldu və orada hər şey  farsca açıq-aşkar yazılırdı:
 
“Mən sizi gördüyüm günə kimi eşq nədir bilmirdim, ürəyim hələ də sizdədir. Bilirəm, bu çox təhlükəlidir, ancaq sizin eşqiniz uğurunda ölməyə də razıyam.”
Eldənizin cavabı isə qısa oldu:
 
“Sizə qovuşmaq üçün hər şeyə razıyam”
 
Beləcə bu eşq, böyük bir sirrə çevrilmişdi. Bu sirr çoxlarının canını aldı. Sultan Toğrulun gözünə girmək üçün  cariyələr Möminə xatun haqqında kiçik bir səhv axtarırdılar. Bu məktublaşmanı cariyələrdən biri görür. Son anda  Möminə xatunun ağaları  qızıb başını kəsib, cəsədini ortadan qaldırırlar.
Onlar məktublaşmamağa qərar vermişdilər. Ancaq, ikisi də bir-birlərinin həsrətinə dözə bilmirdi. Bir gecə  bütün saray yatdıqdan sonra Eldəniz  Möminə xatunun xanasına getdi.  Möminə xatun həmişəki kimi çox gözəl görsənirdi.  Eldəniz  onun düz qarşısında dayanıb, gözlərinin içinə baxıb dedi:
 
“ Eşq mənim adımdır, qövm-ü məkanə bəllərəm
Sənsiz mən heç kiməm, sanki dərd-ü xəstəyəm
Gözlərin bir çiraq kimi parlarsa eşqi hicrandan
Çün sən mələk tək,mənsə divanə ismi-xəstəyəm
 
***
 
Eşq – i şərabı dadmaq üçün kafir olmaq yetməz 
Xudaya nalə çəkib, şir tək kükrəməkdən bezməz 
İgid tək ölərəm ,haqqsıza vəsf-i hal eyləmərəm 
Çün Xüda verdi mənə sirri-i qələm, bax bu gecə
 
***
 
Qönçə dondaqlar səssiz oldu , yenə susdu, bu gecə
Qoydu məni həsrət qızıl gül tək buslələrdən,bu gecə
Eşqinə sığınaraq gəl deyirəm könlümə sən, bu gecə

Sərxoşam, xəstəyəm  ehtiyacım var sənə, bu gecə…
 
Eldənizin nəfəsi  Möminə xatunun üzünə yayılır, qalın səsi onun tüklərini biz-biz edir, sinəsi həyəcandan irəli gedib gəlirdi. Eldənizin şeri bitər-bitməz  Selcan xatun özünü saxlaya bilməyib, Eldənizin sıx saqqalı arasında gizlənən dodaqlarından öpdü.  Sanki, hər ikisinin beynində ildırımalar çaxdı. Sonra möminə xatun başını Eldənizin çiyninə qoyub dedi:
 
- Sən mənim sultanımsan və sən sultan olacaqsan!
- Bu mümkün deyil.
- Əgər mənə inanırsansa, olacaq bu.
- Necə?!
-  Hər şeyi mənə buraq. Mənim adım Möminə xatundur. Sadəcə, səbrli ol. İndi get, birdən biri görər.
 
Möminə xatunun nə edəcəyi barədə Eldənizin heç bir xəbəri yox idi.
 
İlk öncə  Möminə Xatunun sultana Eldəniz haqqında xoş sözlər deyirdi. Onun sayəsində elə Sultanın gözündə  bir pillə də qalxan Eldəniz, artıq əmir vəzifəsinə yükəlmişdi.  Sultan kiçik oğlunun atabəyi kimi ikinci bir vəzifə daha verdi. Bir müddət yeni  vəzifələrində özünü doğruldan  Atabəy Şəmsəddin Eldəniz, artıq ölkənin dörd bir yanında nüfuza sahib olan bir şəxsiyyətə çevrilmişdi.
 
Amma Möminə xatun  əsas indi öz planını həyata keçirmək istəyirdi. Bağdada ən  yaxın sancaqlarından birində  iqamətgahı olan Sultan Toğrulun əmisi oğlu  Məsuda məktub yazdı. Məktubda deyilirdi:
 
“ …. Zövcəm Sultan  Toğrul yaşı səbəbdindən ağlını itiməyə başlayıb, halı hamımızı narahat edir. Artıq dövlət keçmiş dövrlərdəki kimi idarə olunmur. Günü gündən ölkə zəyifləyir. Ancaq, siz sultan olsanız hər şey dəyişə bilər. Ölkə güclənə bilər və siz də bu dövlətin tarixində öz izlərinizi qoya bilərsiniz. Əgər belə bir fikiriniz varsa, mənə bildirin…”
 
Cavab gecikmədi. Məsud dərhal öz cavabını göndərdiyi elçiylə bildirdi:
 
“Dövlətin aqibəti hər şeydən önəmlidir. Bu məlumatı mənə bildirdiyiniz üçün minnətdaram. Ancaq,  Toğrulu hakimiyyətdən devirmək elə də asan olmayacaq. Bu barədə ancaq, sizin köməyiniz dəyə bilər”.
 
Axşam düşmüşdü. Möminə xatun ən gözəl  geyimini üzərinə keçirib, gözəlliyinə gözəllik qatıb Sultan Toğrulun yanına getdi.  Sultan Toğrul həmişəki kimi onun gözəlliyi qarşısında heyran qalmışdı. Sultan xatuna toxunanda, Möminə xatun həmişə diksinirdi. Çünki, onun ürəyində yalnız bir nəfər var idi. Bu da Eldəniz idi. Saray qulluqçuları  Sultan və xatun üçün süfrə qurdular.  Səhərə kimi Sultanın otağından gülüş səsləri gəldi, sultan da, xatun da deyib gülürdü. Onlar gecəni birlikdə yatdılar.  Ancaq, ertəsi günü xatun oyananda sultan Toğrulu yatağında ölü oalraq gördüyündən, xatunun  ah-naləsi  bütün sarayı bürüdü.  Eldəniz Sultanın otağına girəndə ilk öncə nə olduğunu anlamadı. Mühfizəçilər, həkimlər sultanın cəsədi üzərində səssiz-səssiz dayanmışdı.  Həkim Sultanın dilinə baxdıqdan sonra başını qaldırdı və kədərli halda dedi: “ Sultanımızı zəhərləyib öldürüblər”. Eldəniz nə edəcəyini bilmirdi. Bütün əsgərlərə əmr verdilər,  bütün saraydakı hər kəs soruğu sual olunacaqdı.  Mətbəxdən tutmuş, qapıda durana qədər hər kəs  istintaqa çəkilməli idi.
 
Möminə xatun çarşafına bürünüb ağlayırdı. Eldəniz insanların içərisində ona yaxınlaşıb təsəlli verə bilmirdi.  Bu vaxt yeni bir xəbər daha gəldi. Eldənizin mühafizə dəstələsindən bir nəfər təngi-nəfəs halda içəri girib dedi: “ Məsudun ordusu sarayı əhatəyə alıb”.
 
Hər şey aydın olmuşdu. Belə çıxırdı ki, sultan Toğrulu zəhərləyən onun adamlarından biri idi və yenə də  Eldəniz daxili çəkişmələrin ortasında qalmışdı.  Eldəniz başa düşdü ki, artıq onun  da sonu çatıbdır. Çünki, Məsud hakimiyyətə keçər-keçməz  mütləqiyyətini  tanıtmaq üçün hər kəsi qılıncdan keçirəcəkdi.
 
Ancaq, Eldənizin Möminə Xatunun etdiklərindən xəbəri yox idi. Bunların hamısı çünki, Möminə xatunun planı idi və o, bunu öz sevgisi, Eldəniz üçün etmişdi. Məsud hakimiyyətə keçər-keçməz , Sultan  Toğrulun uşaqlarını qılıncdan keçirdi. Ancaq, o,  Möminə xatunun göstərişi ilə Eldənizə böyük bir hədəiyyə verdi: “ Möminə xatunla evləndirib, Arranın hakimi təyin elədi”.
 
Bu gənc Eldəniz üçün inanılmaz bir şey idi. Onu hakimlikdən çox Möminə xatunla qovuşmaq sevindirirdi.   Möminə xatun heç bir zaman elədiklərini Eldənizə söyləmədi. Zəhərlədiyi sultanı sirr kim ürəyinin dərinliklərinə basdırdı. Artıq onlar xoşbəxt idilər. Arranın paytaxtı Bərdə şəhərində öz  isti saraylarında xoşbəxt halda yaşayırdlar.  Onların bir-birinə belə gec qovuşması qəlblərindəki eşqi daha da isti saxlayırdı. Hər şey Eldənizə yuxu kimi gəlirdi. Onların bu xoşbəxt eşqlərindən iki oğlu oğlu oldu. Artıq, Eldəniz həm dövlət başçısı, həm də bir ata idi.  Böyük oğlunun adı Cahan Pəhləvan, kiçik oğlunun adı isə Arslan idi.  Arslan doğulduğunda qızıl beşikdə sallandığından ona elə uşaqlıqdan Qızıl Arslan dedilər.
 
Möminə Xatun ərinin ən böyük məsləhətçilərindən biri idi.  Eldənizə hiss etdirmədən, nəvazişlə dövləti idarə etməsini göstərirdi. Bir gün sarayın qarşısında ər-arvad gəzərkən  Möminə xatun  onun qoluna girib dedi:
 
- Bilirsən, səni niyə belə çox sevirəm?
- Niyə ay parçam?!
- Çünki, ikimiz də bu saraylara qul kimi gətirilmişdik.  İkimizin də taleyimiz bir yazılmışdı.  İki qul indi ən yüksək mərtəbədəyik.
- Hər şeydə Tanrının hikməti var.
- Ancaq, bu bəs deyil, Eldəniz! Sən ən güclü olmalısan. Hər kəs səndən asılı olmalıdı. Bütün dünya ayaqlarının altına sərilib, sənə tabe olmalıdır.  Sən buna qədirsən, mənim sevgili padşahım!
 
Eldəniz heç bir şey demədi. Sadəcə düşündü. Gecə ikən  otaqda güzgü qarşısına keçib özünə baxdı. Bir ovucluq saqqalını sığallaya-sığallaya düşünməyə başladı. Gözləri yol çəkirdi.  Uşaqlığında gördüyü o kor qocanı xatırlamışdı. Deyəsən, onun dedikləri gerçəkləşməyə başlayırdı. Saraydan  ney səsi gəlirdi.  Yenə Mömunə Xatun öz eşqini neyi ilə Eldənizin ürəyinə yayırdı. Eldəniz otağın pəncərəsinə yaxınlaşıb,  barlayan ulduzlara baxdı:
 
“Mən Nalçı Nüsrətin oğlu qul Eldəniz. Anası xəstəliklərdən ölən, atasının başı atlar altında qalan Eldəniz. Yaşamaq üçün səhralarda sürünən Eldəniz.
Mən Məmlük Eldəniz, Sultanın canına sahib olan, onun dostu Eldəniz. Mən Əmir Edləniz, vəzirlərə əmr verən, hər kəsin həyatı dodaqlarımın arasında olan, sultanın övladına Atabəy olan Eldəniz!
 
Mən Möminə xatunun aşiqi, Cahanın və Arslanın atası, Arranın hakimi Eldəniz!
 
Mən bütün Azərbaycana sahibi olacaq  Eldəniz olmalıyam!”
 
Eldəniz ertəsi günü bütün yerli əyanları başına topladı və Arrana tabe olmayan ətrafda nə qədər bəylər var idisə, hamısına məktub göndərdi. Kimisi gəlib, özü Eldənizin  libasında öpdü, kimlərsə də ona təhqiramiz məktublar yazdı. Eldəniz qoşun toplayıb səfərə çıxdı. Ona qarşı olan nə qədər bəyliklər var idfisə, hamısı qılıncdan keçirildi və öz dövlətinə birləşdirdi.
 
Eldəniz günü-gündən güclənirdi. Ancaq, onun bir xəyalı var idi. Azərbaycanı işğal etmək. Ancaq, Eldəniz Azərbaycan üçün Sultan Məsudla üz-üzə gəlmək istəmirdi. Çünki, Sultan Məsud öz qızını qohumu Davudla evlədirmişdi. Davudun da qüdrətli bir Atabəyi- Qara Sunqur var idi ki, o da Azərbaycanda hakimlik edirdi.  Vəzirləri ilə tez-tez söhbət edən Eldəniz Azərbaycanı necə ələ keçirmək lazım olduğunu öyrənmək istəyirdi. Bu böyük ərazi, onun gələcəkdə quracağı böyük bir hakimiyyət üçün çox önəmli idi. Divanda olan hər söhbətdən xəbər tutan Möminə xatun, sarayın ən güvənli cəngavərlərindən birinə   həyatı bahasına bir iş verdi. Cəngavər Qara Sunqura sui-qəsd təşkil etməli idi.
 
ardı var...
 
Nicat Kazımov
Strasbourg Xatirələri
 
Kultura.az
 
Yuxarı