post-title

Bertran Rassel: Şərqin və Qərbin xoşbəxtlik idealları

Uellsin “Zaman Maşını”-nı haqqında hamı eşidib. O imkan yaradır ki, sahibi zaman oxunda irəli-geri getsin, keçmişin nəyə oxşadığını, gələcəyin necə olacağını şəxsən görsün. İnsanlar düşünmürlər ki, Uellsin maşınının verəcəyi fürsəti, indi də dünyanın müxtəlif yerlərinə səyahət edərək reallaşdırmaq mümkündür. Nyu-Yorka yaxud Çikaqoya gedən avropalı əgər ciddi iqtisadi böhran baş verməzsə, Avropanın mümkün gələcəyini görəcək.

 
 
Digər tərəfdən, əgər Asiyaya gedəsi olsa, keçmişi görəcək. Mənə deyilənlərə görə bu şəxs Hindistanda orta əsrlərin, Çində (1920-ci il) on səkkizinci əsrin şahidi olacaq. Əgər Corc Vaşinqton aramıza qayıtsaydı, yaratdığı ölkə onu da heyrətləndirərdi. O özünü İngiltərədə daha az, Fransada isə ondan da az yad  hiss edərdi. Lakin Çinə çatmadan özünü tamamilə ölkəsində hiss etməzdi. Xəyali səyahətlər boyunca ilk dəfə orada, “həyat, azadlıq və xoşbəxtlik axtarışı”na hələ də inanan, bunları Müstəqillik Müharibəsinin amerikanları kimi qəbul edən insanlarla qarşılaşardı. Çinin prezidenti olmaq üçün ona çox vaxt lazım gəlməzdi. 
 
Qərb sivilizasiyası Şimali və Cənubi Amerika, Rusiya istisna olmaqla, Avropa və Britaniyanın avtonom dominionlarından ibarətdir. Bu sivilizasiyaya Amerika başçılıq edir; Qərbi Şərqdən fərqləndirən bütün xüsusiyyətlərin ən nəzərə çarpan və inkişaf etmiş forması Amerikadadır. İrəliləməni təbii qəbul etməyə öyrəşmisiniz: Keçən əsrdə baş verən dəyişikliklərin daha da yaxşılığa doğru olmasına görə şübhə etmirik ki, yaxşılığa doğru olan digər dəyişikliklər də həmişə davam edəcək. Müharibə və onun nəticələri Avropa qitəsində bu etibarlı inanca zərbə endirdi; insanlar 1914-cü ildən əvvələ əsrlər boyu geri qayıtmayacaq səadət dövrü kimi baxmağa başladılar. Optimizmin bu sarsıntısı İngiltərədə daha yüngül, Amerikada isə daha da yüngül formada reallaşdı. Aramızda, irəliləməni təbii qarşılamağa öyrəşmiş şəxslərin, bizim yüz əlli il əvvəlki vəziyyətimizdə olan Çin kimi bir ölkəyə səyahət etməsi və keçirdiyimiz dəyişikliklərin bizi həqiqətən yaxşılaşdırıb-yaxşılaşdırmadığını özlərindən soruşması xüsusilə maraqlı olacaq.
 
Hamının bildiyi kimi Çin sivilizasiyası Konfutsinin İsadan beş yüz il əvvəl yayılan təlimlərinə əsaslanmışdır. Yunanlar və romalılar kimi o da bəşər cəmiyyətindəki inkişafın təbiətdən irəli gəldiyini düşünmürdü, əksinə, o inanırdı ki, qədim dövrlərin hökmdarları müdrik, insanları isə korlanmış günümüzün heyranlıq duyduğu, lakin əldə edə bilmədiyi qədər xoşbəxt olublar. Bu təbii ki, bir yanılma idi. Amma istənilən halda, dövrünün digər müəllimləri kimi Konfutsi də həmişə yeni uğurların arxasınca düşmək əvəzinə, müəyyən xarakterə malik sabit cəmiyyət yaradılmasını qarşıya məqsəd qoyurdu. Bu barədə o, indiyə qədər yaşamış hamıdan daha uğurlu oldu. Onun şəxsiyyəti həmən dövrlərdən indiyə qədər Çin sivilizasiyasına öz damğasını vurmuşdur. Konfutsinin vaxtında Çinin ərazisi bugünkinin kiçik bir hissəsini əhatə edirdi və bir-biri ilə vuruşan əyalətlərə parçalanmışdı. Çinlilər, növbəti üç yüz il ərzində indi Çin kimi tanınan ərazilərə yayıldılar və son əlli ilə qədər ərazi və əhali baxımından dünyada ən böyük imperatorluğu yaratdılar. Barbarların işğalına, Monqol və Mancur sülalələrinə və bu zamanlar yaşanan uzun yaxud qısamüddətli vətəndaş müharibəsinə və qarğaşaya baxmayaraq, Konfutsinin sistemi varlığını qorudu; üstəlik, ölkəyə incəsənət, ədəbiyyat və mədəni həyat forması gətirdi. Qərb və qərbləşmiş Yaponiya ilə əlaqələr ucbatından bu sistem indi-indi çökməyə başlamışdır. 
Bu cür fövqəladə mövcudluq qüvvəsi olan sistemin gərək ki çox böyük dəyərləri olsun və bu dəyərlər öz növbəsində bizim hörmət və marağımızı səbəb olsun. Bu sistem bizim qavramış olduğumuz din kimi deyil; çünki fövqəltəbii və ya mistik inanclarla heç bir əlaqəsi yoxdur, tamamilə əxlaqi bir sistemdir. Bununla yanaşı, sistemin qaydaları xristianlıqdakı kimi - sıravi insanların əməl edə bilməyəcəyi qədər - ali deyil. Konfutsinin təlimləri, əsasən dəbdən düşmüş on səkkizinci əsr alicənab adam idealı kimi məfhumlardan ibarətdir. Bunu onun aforizmlərindən biri izah edir (Lionel Gilesin “Konfutsinin aforizmləri” əsərindən iqtibas): “Əsl alicənab adam heç vaxt davakar olmur. Əgər ortada qaçınılmaz rəqabət varsa,  duel keçirilir. Hətta burada da o öz mövqeyinə keçməzdən əvvəl rəqibini nəzakətlə salamlayır və məğlubiyyətin cəfasını çəkəndə də bunu təkrar edir. Beləcə, mübarizə zamanı kübarlığını  qoruyur.”
 
Konfutsi, əksərən, əxlaq müəllimindən gözlənildiyi kimi, məsuliyyətdən, fəzilətdən və bu cür şeylərdən danışır; lakin insanı təbiətə və təbii sevgiyə zidd olan heç nəyə məcbur etmir. Bunu aşağıdakı mətndən görmək olar: 
 
“Şe Dükü Konfutsiyə belə söylədi: Ölkəmizdə dürüst bir şəxs var. Onun atası qoyun oğurlayıb, oğlu da ona qarşı şahidlik eləyib. Konfutsi belə cavab verdi: Bizim ölkəmizdə dürüstlük bundan fərqlidir. Ata oğlunun, oğul da atasının günahını gizlədir. Əsl dürüstlük ancaq belə davranışlardır.” 
 
Konfutsi hər mövzuda, hətta fəzilət barədə də tərəfsiz mövqe nümayiş etdirirdi. Pisliyə yaxşılıqla cavab verməli olduğumuzu müdafiə etmirdi. Bir dəfə pisliyə yaxşılıqla cavab vermək prinsipi barədə fikri soruşulanda onun cavabı belə olmuşdu: “Bəs yaxşılığın qarşılığı nə olacaq? Pisliyə ədalətlə, yaxşılığa yaxşılıqla cavab verməlisiniz.” Onun dövründə Çində pisliyə yaxşılıqla cavab vermək prinsipi Konfutsinin təlimlərindən daha çox xristianlığa yaxın olan daoistlər tərəfindən öyrədilirdi. Daoizmin qurucusu Lao-Tszı (belə güman olunur ki, Konfutsinin nisbətən yaşlı müasiri) belə deyir: “Yaxşıya yaxşı, yaxşı olmayana da onu yaxşılığa yönəltmək üçün, yenə yaxşı davranmalıyam. İnancı olanlara hörmət edirəm; olmayanlara da hörmət edirəm; çünki bəlkə bu yolla onlar da inanc sahibi olarlar. Bir insan pis olsa belə onu rədd etmək necə doğru ola bilər? Pisliyə yaxşılıqla cavab verin.” Lao-Tszının bəzi sözləri “Dağdakı Vəz”in (İsa tərəfindən müridlərinə dağda verilən, xristiyanların başqalarına qarşı necə davranmaları lazım olduğuna dair vəz – tərc. ) bəzi hissələrinə inanılmaz dərəcədə oxşayır. 
 
Məsələn belə deyir:  
 
“Təvazökar olan olduğu kimi qalacaq. Əyri olan düzəldiləcək. Boş olan doldurulacaq. Köhnələn yenilənəcək. Yoxsul olan uğur qazanacaq. Çox şeyə malik olan yolunu azacaq.”
 
Lao-Tszının yox, Konfutsinin milli müdrik kimi tanınması Çinə məxsus bir xüsusiyyətdir. Daoizm də varlığını davam etdirmişdi: lakin əsrar pərdəsi ilə örtülmüş olaraq və cahil xalq arasında. Onun təlimləri İmperatorluğu idarə edən məmur sinifinə real görünmürdü. Konfutsinin təlimləri isə fikir ayrılıqlarının qarşısını öncədən almaq baxımından çox yaxşı hesablanmışdı. Lao-Tszı hərəkətin əleyhinə olan bir tezisi nəsihət edərək belə deyirdi: “İmperatorluq işlərin öz təbii axarına buraxılması ilə qazanılmışdır. Həmişə nəsə etməli olan şəxslər imperatorluğun sahibi olmağa layiq deyildirlər.” Ancaq, təbii olaraq, Çinin idarəçiləri Konfutsinin təmkinlilik, xeyriyyəçilik, nəzakət prinsiplərini üstün tutdular; həmçinin, müdrik hökumətlərin gətirəcəyi faydalara böyük əhəmiyyət verdilər. Ağ irqə mənsub müasir xalqların hamısından fərqli olaraq, çinlilər nəzəriyyədə bir əxlaq sistemini, tətbiqdə isə başqa bir əxlaq sistemini mənimsəməyi heç vaxt ağıllarına gətirmədilər. Çox istəyərəm deyəm ki, onlar həmişə öz nəzəriyyələrinə uyğun davranıblar, lakin belə demək doğru olar ki, bu cür davranmağa cəhd göstəriblər, özləri ilə də elə davranılmağı gözləyiblər. Halbuki əksəriyyət tərəfindən qəbul olunur ki, xristian əxlaq qaydalarının əksər hissəsi günahkar dünyamızda tətbiq oluna bilməyəcək qədər alilik nəzərdə tutur.
 
Faktiki olaraq, bizim yanaşı addımlayan iki növ əxlaq sistemimiz vardır: biri məsləhət bildiyimiz, amma tətbiq etmədiyimiz əxlaq; digəri isə tətbiq etdiyimiz, amma hərdənbir məsləhət bildiyimiz əxlaq. Mormonizmdən başqa bütün dinlər kimi xristianlıq da Asiya mənşəlidir. Xristianlıq, yaranmasından sonrakı ilk əsrlərdə Asiya mistisizminə xas olan fərdiyyətçilik və axirət dünyası anlayışlarına böyük yer vermişdir. Müqavimət göstərməmək doktrinası bu baxımdan bir məna daşıyırdı. Ancaq xristianlıq güclü Avropa şahzadələrinin rəsmi dini olan kimi bəzi mətnlərin hərfi mənada qəbul edilməsi yanlış hesab olundu. Digər tərəfdən, “Sezarın haqqını Sezara verin” kimi ifadələr geniş yayıldı. Hazırda isə rəqabətə əsaslanan sənayenin təsiri nəticəsində müqavimət göstərməmək prinsipini dəstəkləyənlərə xor baxılır, hamının öz yolu ilə getməsi gözlənilir. Praktikada isə bizim effektiv əxlaq prinsipimiz mübarizə yoluyla qazanılan maddi müvəffəqiyyətdir və bu, fərdlər qədər xalqlar üçün də etibarlıdır. Qalan hər şey bizə dayaz və səfeh görünür. 
 
Çinlilər bizim nə nəzəri, nə də praktiki əxlaq qaydalarımızı mənimsəmirlər. Onlar qəbul edirlər ki, nəzəriyyədə elə vəziyyətlər olur ki döyüşmək lazım gəlir, lakin praktikada buna çox nadir hallarda rast gəlinir. Onlardan fəqli olaraq biz  belə düşünürük ki, nəzəriyyədə döyüşmək heç vaxt lazım gəlmir, ancaq praktikada belə hallara tez-tez rast gəlmək olur. Çinlilər də bəzən döyüşürlər; ancaq döyüşkən xalq deyildirlər. Müharibədə yaxud iş həyatında müvəffəqiyyətə düşkün deyillər. Ənənəvi olaraq, öyrənməyə hər şeydən çox dəyər verirlər; həmçinin, nəzakət və xoşrəftara. Uzun illər boyunca, Çində rəhbər vəzifələrə təyinat rəqabət şəraitində keçən  imtahan yoluyla həyata keçirilmişdir. İki min il ərzində atadan oğula keçən aristokratiya olmayıb deyə (burada yeganə istisnası Konfutsi ailəsidir, onlarda ailə başçısına Dük deyilirdi) bu təlim öz hesabına qazandığı hörmətdən əlavə, feodal Avropada güclü zadəganlara göstərilən kimi bir hörmət qazandı. Ancaq, qədim təlimin əhatəsi çox dar idi; bu təlim yalnız Çin klassiklərinin və onların məşhur şərhçilərinin tənqiddən uzaq olan təhsilindən ibarət idi. Qərbin təsiriylə anlamağa başladılar ki, coğrafiya, iqtisadiyyat, geologiya, kimya və başqa elmlərin qədim dövrlərin əxlaq təlimlərindən daha praktik faydaları var. İndiki Çin (yəni Avropa standartları istiqamətində təhsil almış gənclər) müasir ehtiyacları görə bilir və bəlkə də, köhnə ənənələrə kifayət qədər hörmət etmir. Bununla belə, bəzi istisnalar xaric, ən müasir çinlilər də mülayimlik, nəzakət və sülhsevərlik kimi ənənəvi fəzilətləri qoruyurlar. Çinlilər Qərb və Yapon quruluşlarından ibrət götürməyə davam edərlərsə, qarşıdakı bir neçə dekada ərzində bu fəzilətlərin varlığı şübhə altına düşər. 
 
Əgər çinlilər ilə aramızdakı fərqi bir cümlə ilə ümumiləşdirəsi olsam, bunu deyə bilərəm ki, onlar birinci növbədə zövq almağı qarşılarına məqsəd qoyublar, biz isə güclü olmağı. Biz digər insanlardan və təbiətdən  güclü olmağı sevirik. Buna görə də müvafiq olaraq birinci güclü dövlətləri, ikincisi isə elmi inkişaf etdirdik. Çinlilər bu cür cəhdlər üçün olduqca tənbəl və artıqlaması ilə mülayim xasiyyətlidirlər. Onlara tənbəl demək bircə bu mənada doğrudur. Onların tənbəlliyi rusların tənbəlliyinə oxşamır; yəni dolanışıq üçün çox işləyirlər. Müdirləri onları olduqca çalışqan hesab edir. Ancaq onlar qərbi avropalılar və amerikanlar kimi, boş dayananda darıxdıqları, yaxud özlərini tamamilə işə həsr etməyi sevdikləri üçün işləmirlər. Dolanışıqlarına çatacaq qədər qazananda kifayətlənirlər; daha çox işləyib qazanclarını artırmağa səy göstərmirlər. Onların teatra getmək, çay içərək söhbətləşmək, heyranlıqla qədim dövr Çin incəsənətinə dalmaq və ya gözəl mənzərəsi olan yerləri gəzmək kimi əyləncələrlə vaxt keçirmək barədə intəhasız qabiliyyətləri var. Bizim düşüncə tərzimizə görə, bu cür yaşayış insan həyatı üçün normadan artıq həlimdir. Biz işə hər gün gedən şəxsə, orada gördüyü işlər xeyirli olmasa da, daha çox hörmətlə yanaşırıq. 
 
Şərqdə yaşamaq ağdərililərə bəlkə də pis təsir edər. Ancaq etiraf etməliyəm ki, Çinlə tanışlıqdan sonra qəbul etməyə başladım ki, tənbəllik insanların cəm halında sahib ola biləcəyi ən yaxşı xüsusiyyətdir. Çalışqanlıq sayəsində bəzi şeylər qazansaq da, sual oluna bilər ki, bu əldə edilən şeylər hər hansı dəyərə malikdir ya yox. İstehsalatda mükəmməl bacarıqlara yiyələnmişik. İstehsalımızın bir hissəsini gəmi, avtomobil, telefon, lüks və sürətli həyatın başqa vəsaitləri kimi istifadə edirik; bir hissəsini isə bir-birimizi toplu şəkildə öldürməyə qadir olan silah, zəhərli qaz və təyyarələrə ayırırıq. Bizim yüksək səviyyədə idarəetmə və vergi sistemimiz var. Bu vergilərin bir hissəsi təhsil, sağlamlıq və bu kimi faydalı işlər üçün, yerdə qalanı da müharibə məqsədləri üçün istifadə edilir. Hazırkı İngiltərədə milli gəlirin ən böyük hissəsi keçmiş və gələcək müharibələrə, yerdə qalan kiçik hissə isə faydalı işlərə xərclənir. Avropa qitəsindəki ölkələrin əksəriyyətində bu nisbət daha pisdir. Bizim misilsiz polis sistemimiz var. Bunun bir hissəsi cinayəti ortaya çıxarmaq və qarşısını almaq üçün, bir hissəsi isə yeni quruluş tələb edən siyasi düşüncələri olanları həbs etmək üçün istifadə edilir. Son vaxtlara qədər Çin də bu kimi halların heç biri yox idi. Sənaye avtomobil yaxud bomba istehsal edə bilməyəcək qədər səmərəsiz, dövlət öz vətəndaşlarına təhsil verə bilməyəcək və başqa ölkənin vətəndaşlarını öldürə bilməyəcək qədər kəsərsiz, polis quldurları yaxud bolşevikləri tutmayacaq qədər gücsüz idi. Bunların əvəzində Çində heç bir ağdərilinin ölkəsində olmayan qədər hamının azadlığı vardı. Üstəlik nəzərə alanda ki, kiçik bir təbəqə istisna olmaqla, ölkədəki hər kəs kasıbdır, təəccüb etmək olmur ki, ölkədəki əhalinin xoşbəxtlik səviyyəsi niyə belə yüksək idi.
 
Orta sinif çinli ilə orta sinif qərblinin hadisələrə baxışını müqayisə etdikdə iki fərqlilik gözə dəyir: Birincisi, çinlilər faydalı məqsədə xidmət etməyən heç bir hərəkətə önəm vermirlər; ikincisi, öz impluslarımızı nəzarətdə saxlayıb başqalarınınkına qarışmağı ədəb qaydalarına zidd hesab edirlər. Bunların birincisini əvvəl də müzakirə etmişdik; ancaq məncə, ikincisi də eyni qədər vacibdir. Görkəmli sinoloq professor Jilin “Konfutsizm və onun əleyhdarları” mövzusunda Qiffordda verdiyi seminarlarda müdafiə etdiyi yanaşmaya görə, xristian missionerlərin Çindəki müvəffəqiyyətlərinin başlıca maneəsi doğuşdan günahkar olmaq doktrinası olmuşdur. Uzaq şərqdə bir çox missioner tərəfindən hələ də öyrədilən qəlibləşmiş xristian doktrinasına görə hamımız günahkar doğulmuşuq, o qədər günahkar ki, sonsuza qədər cəzalandırılmağa layiqik. Çinlilər bu tezisin ağdərililər üçün etibarlı olmasını asanlıqla qəbul edə bilirlər. Ancaq öz ana-atalarının və baba-nənələrinin cəhənnəm odunda yandığını deyəndə əsəbiləşirlər. Konfutsi öyrətmişdi ki,  insanlar yaxşı kimi doğulur, əgər sonradan günahkar olsalar, buna səbəb yalnız pis örnəyin mənimsənilməsi və ya pis tərbiyələnmə ola bilər. Qərbin ortodoksal inancları ilə bu baxış arasındakı fərqliliyin çinlilərin dünyagörüşü üzərində dərin təsiri vardır. 
 
Bizdə, əxlaq dağarcığı sayılan insanlar onlardır ki, özlərini adi zövqlərdən məhrum edirlər və bunun əvəzini başqalarının zövqlərinə müdaxilə etməklə çıxırlar. Bizim fəzilət anlayışımızda başqalarının işinə burnunu soxmaq xüsusiyyəti var: Əgər bir nəfər kütləni narahat etmirsə, onun olduqca yaxşı insan olduğunu düşünmürük. Bu bizim günah anlayışımıza əsaslanır. Bu davranış təkcə azadlığı məhdudlaşdırmır; həm də ikiüzlülüyə gətirib çıxarır. Çünki ənənəvi kriteriyalara adaptasiya olmaq əksəriyyət üçün çətin olur. Çində isə vəziyyət bu cür deyil. Orada əxlaq qaydaları mənfi istiqamətdə yox, müsbət istiqamətdə işləyir. İnsandan ana-atasına hörmətlə, uşaqlarına şəfqətlə, kasıb qohumlarına nəcibliklə və hamıya nəzakətlə davranmaq gözlənilir. Göründüyü kimi bunlar çətin vəzifələr deyil, əksər insanlar bunu həqiqətən yerinə yetirir və nəticə də, çox güman ki, əksəriyyətimizin əməl edə bilmədiyi yüksək standratlarımızdan daha yüksək olur. 
Günah anlayışının olmamasının digər nəticəsi budur ki, insanlar aralarındakı fikir ayrılıqlarını qərblilərdən daha çox müzakirə etməyə və məntiqlə anlamağa meyil edirlər. Bizdə fikir ayrılıqları dərhal “prinsip” məsələsinə çevirilir: hər tərəf öz növbəsində digər tərəfin pis olduğunu düşünür və onunla razılaşmağın yanlışlığa şərik çıxmaq demək olduğu qəbul olunur. Bu da anlaşılmazlıqları şiddətləndirir və tətbiqdə dərhal gücə əl atmağı aktuallaşdırır. Çində gücə əl atmağa hazır olan silahlı qüvvələr olmuşdusa da, onları heç kim, hətta əsgərlərin özü belə ciddi qəbul etməmişdir. Onların müharibəsində az qala qan tökülməmişdi və bizim Qərbdəki daha şiddətli qarşıdurmalardan əldə etdiyimiz təcrübələrə baxanda, gözləniləndən daha az itki vermişdilər. Mülki idarəetmə də daxil olmaqla, xalqın əksəriyyəti gündəlik həyata elə davam etmişdi ki, sanki bu generallar və onlarn ordusu yoxdur. Gündəlik həyatda anlaşılmazlıqlar, çox vaxt üçüncü tərəfin dostyana vasitəçiliyi ilə həllini tapır. Kompromisə getmək məqbul hesab olunan prinsipdir; çünki hər iki tərəfin mənliyinə xələl gəlməməlidir. Bəzi yönləri yadlara məzəli görünsə də, mənliyin qorunması prinsipi son dərəcə dəyərli milli institutdur. Bu institut ictimai və siyasi həyatın qəddarlığını bizdəkinə nəzərən azaldır. 
 
Çin sistemində bircə, amma əhəmiyyətli bir çatışmazlıq var. Bu ondan ibarətdir ki, sistem Çinin daha müharibəsevər xalqlara müqavimət göstərməsinə imkan vermir. Bütün dünya Çin kimi olsaydı, hamı xoşbəxt olardı. Nə qədər ki digər xalqlar müharibə və güc tətbiqinə meyillidirlər, çinlilər də xarici dünyadan təcrid olmadıqlarına görə bizim pisliklərimizi müəyyən qədər imitasiya etməli olacaqlar, ən azından milli müstəqilliklərini qorumaq naminə. Lakin bu təqlidi inkişaf kimi başa düşüb qürrələnməməliyik.
 
Tərcümə: Orxan Əmrullayev
Kultura.az
 
Yuxarı