post-title

Viktoriya Tokareva: Öz həqiqətin (VI)

"Ay pəncərədən boylanırdı. Oleq tir-tir əsirdi. Dişləri bir-birinə dəymirdi. Snejana onu əlləriylə, ayaqlarıyla, dodaqlarıyla, dərisinin hər qarışıyla qucaqlayırdı. Ona yazığı gəlirdi. Ona inanırdı. Bilirdi, günlərin bir günü quldur toru dağılacaq, hər şey qorxulu yuxutək unudulub gedəcəkdir".

 
 
Qaçqınlar düşərgəsində təşviş başlamışdı. Sanatoriya rəhbərliyi, evi boşaldıb qanuni sahiblərinə verilməsini tələb edirdi.
Hər tərəfin öz həqiqəti var idi. Qaçqınlar, dövlətin qurbanı olduqlarını bəyan edirdilər. Onlar da insandır, evsiz it sürüsü deyillər.
 
Növbədəkilərin həqiqəti o idi ki, onlar sanatoriya üçün on il, demək olar ki, pulsuz işləmişdilər. Mənzil xətrinə. Onlar bu mənzilləri allahdan bir tikə çörək payı kimi gözləyirdilər. Bəlkə ondan da çox. Bir tikə çörəklə ac qarnı doyuzdurarsan, evdə isə ömrünün sonunadək yaşayacaqsan. Bu qanuni növbə gözləyənlər də dövlətin səhvlərinə  cavabdehlik edəsi deyillər. Qoy qaçqınlar varıb Neçernozemyeyə getsinlər. Heçkəsin olmayan o boş torpaqlara. Başqalarının mənzil sahəsini tutmaq yerinə, orda özlərinə ev tiksin, fermer təsərrüfatı yaratsınlar.
Professorun Dövlət Dumasında tanışı var idi. O dedi: evi verməyin, qanun sizin tərəfinizdədir.
Beləcə, Fələstində, Qəza bölgəsindəkitək qarşıdurma başladı.
Qaçqınlar mənzillərində barrikada qurub durdular, növbədəkilərsə qaynayan kütlələr şəklində aşağıda yığışır, hədələr yağdırır, hətta daş da atırdılar.
Marinanın mənzilinə qanuni sahiblər — gənc cütlük, ər-arvad qalxdı. Sakit-sakit başa saldılar ki, Marina üç günün içində burdan çıxmasa, ailəsinin üstünə gedəcəklər.
“Üstünə gedəcəklər” sözünün mənasını Marina bilmirdi deyə, sözü məcazi deyil, əsil mənada, “maşınla əzəcəklər” kimi anlamışdı. Lüdkanı əzsələr, yenə eybi yoxdur. Bəs Aleçkanı əzsələr necə?...
Marina qaçıb qəsəbəni dolaşdı. Stansiya yaxınlığında aynabəndli bir otaq kirayələdi. Vladimir Konstantinoviçdəki kimi, tualetsiz, hamamsız evdir. Ancaq baha deyildi. Qadın, əşyalarını bağlamalara doldurub gün ərzində hamısını bir-bir yeni mənzilinə daşıdı.
Verka atmaca atdı:
— Qoyunun yanında qurd olursan. Qurdun yanında isə qoyuna dönürsən.
Marina soruşdu:
—  Sən özün kimsən?
Mən heçkəsdən qorxmuram. Həyatda görmədiyim qalmayıb...
Verka qaldı. Gerçəkdən də, onun mübarizə və qarşıdurmada böyük təcrübəsi var idi. O, qorxusuz və həyasızdır — sağ qalmaq üçün iki vacib keyfiyyəti var.
Professoru arvadıyla birlikdə sanatoriyada saxladılar. Tanrı onu aşpaz yaratmışdı. Bu peşədə həvəskarlar peşəkarları ötüb keçir.
Mühasib Qalinanı saxladılar. Onun bütün sənədlərdən başı çıxırdı, onunla heç bir vergi təftişinin qorxusu yox idi.
Yaxşı ixtisasçılar işə yaradılar. Qorxmazlar və riskə getməyi bacaranlar özləri  yerindən tərpənmədi. Qalanları Kimrıya, fermer təsərrüfatı yaratmağa getdilər. Bu Kimrının harda yerləşdiyini düzəməlli bilən yox idi, ancaq bu “Kimrı” sözündən adamın nəsə gözü heç su içmirdi.
 
Yay müddətinə Aleçka Marinaya verildi. Hər gün onlar ağac qoxusu gələn evdə oyanır, açıq pəncərədən çiçəklənən alma ağaclarını görürdülər. Marinaya elə gəlirdi ki, qış boyu uşaq aclıqdan sınıxıbdır. O, nəvəsinə keçi südü içizdirir, vitaminlərlə zəngin yeməklər verirdi. Aleçka həqiqətən də gültək açmışdı, sifəti əriktək buğdayı-çəhrayı olmuşdu. Adam qıza baxdıqca baxmaq istəyirdi.
Yayın ortalarında Snejana Oleq ilə gəlib baş çəkdilər. Marina otağı onlara verdi, özü isə Aleçkayla birgə aynabəndə keçdi. Ailənin bir yerdə olması Marinanı sevindirirdi. Hər şey hamıda olduğutək idi. Marina hətta Oleqin də başına fırlanmağa, qulluğunda durmağa hazır idi.
Oleq işə getmirdi. Snejana deyirdi — ezamiyyətdədir. Lakin nahardan sonra bağ evinin yanında bir maşın dayandı, içindən dazbaş və çüşkafason iki qaraşın adam çıxdı, tullanıb hasardan həyətə keçdilər.
Marina onları sərt səslə dayandırdı:
Hara? Uşaq yatıbdır.
Aleçka həqiqətən də yeməkdən sonra yatırdı.
Çuşkalar dayandı. Oleq göründü — onları pəncərədən görmüşdü. Üçü də hasardan o yana keçdi. Sinxron olaraq maşına oturub harasa getdilər. Hər şey — sakitcə. Kinodakı kimi.
Snejana sahənin ortasında dayanmışdı. Onların arxasınca baxırdı.
Marina soruşdu:
Onu hara apardılar?
Snejana tutqun səslə:
İşləməyə.
Marina işlərin  xarab olduğunu hiss etdi, qızından həqiqəti dartıb çıxarmağa başladı. Məlum oldu ki, bir il öncə Oleq böyük məbləğdə borc pul götürüb, vaxtında isə  qaytara bilməyibdir. Onu sayğaca otuzdurublar. Marina, pulun quldurlardan götürüldüyünü anladı. Təmiz adam olsaydılar, sayğaca oturtmazdılar.
Marina təəcübləndi:
Bəs quldurları hardan tapıb?
Snejana izah elədi:
İndi ölkənin yarısı quldurdur. İndi problem — təmiz adam tapmaqdır, quldur tapmaq yox.
Oleqin mexanik ustalığı allah vergisidir. O, maşını yaxşı həkimtək hiss edirdi. Dərhal diaqnoz qoyurdu. Belə ustalar qısa zamanda bərk getməyə başlayır, öz emalatxanalarını açır, pul əllərinə sel kimi axır. Quldurlar isə Oleqi öz əllərinə keçirib, ona oğurlanmış maşın nömrələrini sökdürürlər. Onlar Oleqi özlərinə əlbir eləyiblər, dəstələrini tutsalar, Oleq dirək türməyə düşəcək. Əslində isə onlar Oleqə heçnə ödəmirlər. Pul seli quldurların cibinə axır.
Oleq gizlənməyə qərar verdi. Qaçmağa. Bolşevoya qaçdı. Qaynanasının qanadı altına. Onu tapmayacaqlarını avamca düşünürdü. Quldurlar isə yerini tezcə tapdılar. Necə? Anlamaq olmur.
Marina:
Bəs borc pulu o nəyə görə almışdı?
Qaraj üçün.
Neçəyədir qaraj?
Altı minə.
Həmin o yanan altı min. Bunlara versəydi, daha yaxşı olardı.
Oleq, bütün günü maşının altında uzanıb işləyə, sonra da evə gəlib duş almamış birbaşa Snejananın böyrünə girə bilərdi. Görünür, maşın yağının qoxsu ona, həmçinin Snejanaya da, mane olmurdu. Bəlkə, bu qoxu ona daha çox kişi qoxusu təəsuratı bağışlayır və ehtirasa gətirirdi.
Vasvası Marina buna dözə bilmirdi.
Qızına tapşırdı:
De, yuyunsun! Yoxsa özüm deyəcəyəm.
Snejana ərinin tərəfini vermirdi:
Qaranlıqda soyuq suyun altına necə girsin?
İş orasındadır ki, bağ evinin kanalizasiya sistemi yox idi. Duş həyətdə idi. Bu, üç metr hündürlüyə qaldırılmış sadəcə bir çəllək idi.
Marina çıxış yolu tapırdı:
Vedrədə qızdırmaq olar.
Snejana razı olmurdu:
O yorulub. Bundan başqa da... Axı sənin onunla nə işin var? O ki sənin yanına yox, mənim yanıma uzanır.
Belə olduğunda Marina özü işə keçir. O, Oleqin işdən evə gəlməsini gözləyir, evə girməyə imkan vermirdi. Öz geniş bədəni ilə girəcəyi qapayırdı.
Şərt kəsirdi:
Əvvəl duşa gir, sonra  keç.
Oleq güzəştlə gülümsəyirdi, qaynanasıyla dalaşmayacaqdir ki... Duşa gedirdi. Marina ona köhnə mələfə və paltar yuyucu tozu verirdi. Sanırdı, sabun kifayət etməz.
Yarım saatdan sonra donmuş-üşümüş Oleq Snejananın yanına girirdi.
Ay pəncərədən boylanırdı. Oleq tir-tir əsirdi. Dişləri bir-birinə dəymirdi. Snejana onu əlləriylə, ayaqlarıyla, dodaqlarıyla, dərisinin hər qarışıyla qucaqlayırdı. Ona yazığı gəlirdi. Ona inanırdı. Bilirdi, günlərin bir günü quldur toru dağılacaq, hər şey  qorxulu yuxutək unudulub gedəcəkdir.
Tor necə dağılacaq? Nə baş verə bilər? Quldurların həyatında isə HƏRŞEY olur. Onlar elə beləcə də yaşayırlar. Ya hər şey — ya heçnə. Bir gün heçnə olacaq. Snejananın ümidi də elə buna idi. Onun əminliyi də Oleqə keçirdi. O, ümidlə yuxuya gedirdi. Ümidlə də yaşayırdı.
Onlar xoşbəxt idilər. Heçnəyə baxmayaraq.
Marinanın öz dəlilləri var idi. O, qızını başa salırdı:
Onu atmalısan. Qoy çıxıb getsin, sənlə Alya isə burda qalın. Mən sizi saxlayacağam.
Snejana sakit-sakit münasibət bildirirdi:
Mən onu atmaq istəmirəm, burda qalmaq da istəmirəm. Mən Oleqlə olmaq istəyirəm.
Türməyə də dustaq payı aparmaq istəyirsən...
Lazım olacaqsa, pay da aparacağam.
Dekabrist qadın...
Bəs hansı yaxşıdır? Ömür boyu məşuqə qalmaq yaxşıdır?
Snejana ən ağrılı yerə, nəfəs kəsən yerə vurdu.
Marina cavab verdi:
Mən sevirdim.
Mən də sevirəm. Qarışma həyatıma. Nə istəyirsən? Boşanım, sənin ətəyindən tutum durum?
Marina ağladı. Aleçka mənəvi dəstək vermək istədi. O, göy flomasteri götürüb qayın ağacında çap hərflərlə “ Mən nənəmi sevirəm” yazdı. M hərfi tərs yazılmışdı.
 
Bütün gecəni Marina o böyrünə-bu böyrünə çevrilərək gözü açıq keçirdi.
Yatmaqdan əvvəl Marina Lüdkanın qonşusuna zəng eləmişdi. Qonşu məlumat ötürmüşdü: Lüdkayla Saşa barışıb, can deyib can eşidirlər. Saşa işləyir, uşaq böyüyür, Lüdka içir. Hər şey yaxşıdır.
Snejana öz taleyini dəyişdirmək haqda eşitmək belə istəmir. Deməli, beləcə də davam edəcək. Gəlin — əyyaşdır. Kürəkən — cinayətkarlarla əlbirdir. Qohumlara bax da.
Niyə hamı insan kimi yaşayır, onda isə – hər şey tərsinədir?
Nədir düzgün eləmədiyi? Günahı nədən ibarətdir? Rus ziyalılarının klassik sualı: kimdir günahkar və nə etməli? Ağlına da gəlmirdi ki, heçkəs günahkar deyil, heçnə də etmək lazım deyil. Hərkəs öz həyatını yaşayır. Başqasının təcrübəsini  isə heçvaxt heçkəs nəzərə almır.
Səhərə yaxın elə bil vəhy gəldi. Bir təhər özünü saxladı ki, hamı yuxudan oyansın. Səhər yeməyində təntənəli elan etdi:
Oleq! Mən bilirəm nə etməlisən. Gedib sənin o quldurların haqda milisə xəbər verməlisən. Onları tutarlar, sən də quş kimi azad olarsan.
Oleqin hal-əhvalı kök idi. Şən səslə:
Nə quş, anacan... Yığışdırın bazarı.
Marina anlamadı:
Nə?
Snejana tərcümə elədi:
Yəni danışığını bil.
Bəs niyə bazar?
Bazar — ziddiyyətlər deməkdir.
Nə dilində?
Alya  açıqladı:
Oğru dilində.
Aman allah...
Marina qorxdu. Altı yaşlı Alyanın oğru dilindən başı çıxır. Bəs böyüyəndə bu qız nə olacaq?
Oleq açıqladı:
Onları satsam, gəlib bütün ailəmi biçərlər.
Marina dəqiqləşdirdi:
Biçərlər? Yəni zorlayarlar?
Snejana dəqiqləşdirdi:
Öldürərlər.
Marinanın qanı dondu:
Kimi?
Oleq şən səslə yekun vurdu:
Hamını. Gəlib hamımızı qanımıza qəltan edərlər.
“Qanımıza qəltan edərlər”i Marina izahsız da anladı. Aydındır — öz qanımızda boğarlar.
Yemək yediyi yerdə Marina xıp dayandı. O, ağzındakını sadəcə uda bilmirdi. Tüpürə də bilmirdi. O, ağzı yemək dolu oturduğu bu anda ağcaqanad tutmuş qurbağaya bənzəyirdi.
Oleq, qaynanasına baxıb ciddi şəkildə dedi:
Marina İvanovna, siz qanuna tabe olan insansınız. Düşünürsüz: mənim milisim məni qoruyur. Hə? İndi isə başqa zəmanədir. Milis də başqadır. İndikilər mentdir. Banditləri satacam, mentlər də məni satacaq. Aydındır?
Nəhayət, Marina udqundu. Qızına sarı çöndü. Sözləri bir-bir tələffüz edərək:
Ya mən. Ya o.
Snejana cavab verdi:
O.
Marinanın nəfəsi kəsildi:
Doğma ananı yad bir kişiyə dəyişirsən?  
Snejana sakit səslə xatırlatdı:
Axı biz danışmışdıq...
Vəssalam-şüttamam.
 
Son yarım il Marina kotecdə, bankir evində işləyirdi. Bankirin bir neçə xidmətçisi var idi: sürücüsü, uşaq dayəsi və ev qulluqçusu. Qısaca: evqulu. Həmin o qul Marina idi. Məktəbdə müəllimlərin on dəfə az pul aldığı o vaxtlarda, ona ayda ikiyüz dollar maaş verirdilər.  Öz maaşıyla Marina özünə ev kirayələyir, qidalanır, üstəlik qara gün üçün pul da yığa bilirdi.
Marina həm qulluqçu, həm də aşpaz işini görürdü. Ərzaqlar onun sərəncamında idi.
Hər şeydən biraz götürmək — oğurluq yox, bölüşməkdir. Marina bəzi xırda-para şeyləri  Aleçka üçün dala atırdı. O, bunu “quru pay” adlandırır, payı təsərrüfat çantasında gizlədirdi. Çantanı, gözə sataşmasın deyə, dəhlizdə bir küncə qoyurdu. Sonra təmizlik işlərinə başlayırdı.
Ev böyük, beş yüz metr idi. Əvvəllər Marina yorulurdu, sonra isə alışdı. Yuyan tozsoran, müasir yuyucu vasitələr, hətta döşəməni silmək üçün əskilər də — hər şey xaricidir, rahatdır. Təmizlikdən ev par-par yanırdı.
Vanna otağına trenajorlar qoyulmuşdu. Zirzəmidə isti su ilə təmin olunan hovuz vardı. Burda hər şey sağlam olmağa və uzun ömür sürməyə hesablanmışdı. Xidmətçilər hovuza buraxılmırdı. Xidmətçilər üçün duş vardı.
Marina bankirin özünü görməmişdi. O, heçvaxt evdə olmur, pul qazanırdı. Oleq kimi. Lakin bankir özü üçün işləyirdi, Oleq isə — quldurlar üçün.
Yataq otağında bankirin fotoşəkli qoyulmuşdu: gənc və şkaftək kvadrat idi. Amma heçnə olmaz. Belə ağılla, belə pullarla şkaf da olmaq olar.
Evi idarə edən bankirin arvadı Sveta idi. Marinanın fikrincə, Sveta, korlar cəmiyyətində düzəldilmiş Barbi kuklasına bənzəyirdi. Sifəti — lazım olduğundan daha uzun, bədəni isə daha qısadır. Bununla belə — ağ düz saçları vardı, qışda da, yayda da dərin dekolteli paltarlar geyərdi.
Marina hiss edirdi ki, bu bankir ağzının dadını bilmir. Barbi onun komplekslərini aşkar edirdi. Beləsini istəyirmiş: sarısaçlı, böyük məməli, amma səhv dükandan almışdı.
Marina ağır-ağır nəfəsini ötürdü: bəyəm Snejana Svetadan əksikdir? Ondan daha da   yaxşıdır. Zərif, incə, böyük gözlü qızcığaz. Snejana bankirə ərə getsəydi, Marina da bu evdə sahibətək yaşayardı, trenajorlarda məşq edər, hovuzda üzər, Aleçkanı böyüdərdi. İndi isə Aleçkanın yerinə Ninoçkadır.
Ninoçka, Svetanın birinci nigahdan olan qızıdır, yekəsifət, yanaqları ətli, şahzadə qızlartək sevgi və vitamin içində böyüyürdü. Bu qıza ayrıca dayə və fərdi qulluq nəzərdə tutulmuşdu. O, istədiyi qədər yata bilərdi, sonra onu yedizdirib qumqabıya aparırdılar ki,  orda özü kimisilərlə oynayıb əylənsin.
Marina, səhərlər Aleçkanı necə oyadıb uşaq bağçasına aparmasını yada saldı. Aleçka oyanmaq istəmirdi, Marinanın qəlbində, Til Ulenşpiqelin ürəyindəki Klaasın külütək, ədalətsizliyə qarşı bir etiraz səsi döyünürdü. (Belçika yazıçısı Şarl de Kosterin (1827—1879) «Ulenşpiqel haqda əfsanə” əsərində Til Ulenşpiqel, tonqalda yandırılmış atasının ürəyinin külünü  balaca bir kisəyə doldurub öz boynundan asır, qisas simvolu kimi sinəsinin üstündə gəzdirirdi. - Tərc.) Kövrəlməmək üçün Marina dodaqlarını büzürdü. O, on yeddinci ildə bolşeviklərin xalqı inqilaba qaldırmalarının səbəbini anlayırdı. “Oğrudan oğruya halaldır.” İndi yeni bir Lenin qalxıb camaatı səsləsə, Marina ilk sıralarda olardı.
Svetanın anası gəlmişdi — Marinayla həmyaşıd. Sükan arxasında, mobil telefonla. Gah o zəng edirdi, gah ona zəng edirdilər. Hiss olunurdu ki, hamı ona lazım, o da, öz növbəsində, hamıya lazımdır.
Marina qaynanaya baxıb xəyallar qururdu. Bankir qaynanası olsaydı, o da özünə bir iş qurardı. Onun o qədər açılmamış istedadı var ki. Marina maşın sürməyi öyrənər, Moskvaya gedər, dəbli toplantılarda iştirak edər, onu da televizordan göstərərdilər. Ola bilsin, özünə pərəstişkarlar da tapar, onları əlində fırladardı. Manikürlü, saçları da melirovaniye edilmiş, cavan həyat sürərdi. Bəs nə? Bəyəm əlli yaş qocaqlıqdır? Adamı qocaldan illər yox, kasıblıq, bir də nankorluqdur.
Nankorluq yalnız uşaqlara yox, cəmiyyətə də aiddir. Çox sevdiyi Sovet ittifaqı, hardasan? Bu qadını evsiz-eşiksiz, qulluqçuya döndərmiş indiki ölkə, kimsən sən?
Marina köksünü çəkir, dodaqlarını yığır, özgələrin cah-calalına baxırdı. Keşkə yuxu olardı, oyanıb görərdin ki, hər şey əvvəlki kimidir. Hamı bərabərdir. Xristosun həvariləritək olan Politbüro üzvləri də öz yerində. Onlar haqda heçkəs heçnə bilmir.
İndi isə aşkarlıqdır. Hamı hər şeyi bilir: cavan kişilərlə dolu sualtı gəminin batmasını da, şaxtaçıların ac olmasını da, “məqsəddənkənar istifadə” adı verdikləri hakimiyyətdəkilərin oğurluğunu da.  Çeçenistanda hər gün insanlar bir-birini öldürür. Bununla da yanaşı kimsə hovuzda üzür, başqalarının əməyindən faydalanır...
Birilərinin hər şeyi var. O birilərinin heçnəyi yoxdur. ORADA, yuxarıda, bu işlərlə  məşğul olan kimdir? Yəqin, səma dəftərxanasında bilgisayar qırılıb, siqnallar da gedib çatmır.
 
Elə gün olur, bütün yaxşı şeylər bir yerə axışır. Əksinə də olur: tale zərbələri, hər tərəfdən  canavartək gizlənə-gizlənə gəlib birdən hücuma keçirlər.
Marina, beş saatını işləyib bitirib, həmişə olduğu kimi, evə gedirdi. Sveta onu artırmada dayandırıb dedi:
Xahiş edirəm, çantanızı verin.
Marina, özünü toparlayıb sakitcə soruşdu:
Nə üçün?
Yoxlamaq üçün. — Sveta izah edib çantanı özünə tərəf dartdı.
Marina razılaşdı. Dalaşmayacaqdır ki.
Sveta çantanı ağzı aşağı əyib boşaltdı. Döşəməyə quru iri Melitopol gilası, üç limon və üç alma düşdü. Üstəlik də folqaya bükülmüş balıq. Setter iti cumub xoşladığını oradaca yedi. Meyvələri iylədi sadəcə.
Sveta:
İşdən çıxardıldınız.
Marina pörtdü. Sifəti odtək yanırdı. Anladı: dayə xəbərçilik edib. Köpək qızı. Marina soruşdu:
Kəsiriniz gələcək? Bu, cüzi bir şeydir...
Sveta razılaşdı:
Cüzi olmağına cüzidir. Ancaq növbəti dəfə nə oğurlamaq istəyəcəyinizi  bilmirəm.
Marinanın xətrinə dəydi:
Mən oğru deyiləm. Ziyalı adamam. Ali təhsilim var.
Ziyalı adamlar soruşmamış heçnə götürməz. Ali təhsili isə hər bir cahil də ala bilər.  O qədər ali savadlı cahil var ki.
Sveta Marinaya son maaşını verdi. Zərfdə. Marina anladı: mübahisə mənasızdır. And-aman elədi:
Bir daha eləməyəcəyəm.
Eləyəcəksiniz ya yox — bu haqda düşünmək belə istəmirəm.
İşçi bazarı nəhəngdir. İş axtaranların sayı iş təklif edənlərdən qat-qat artıqdır. Marina kimilər Sveta kimilərdən  olduqca daha çoxdur. Svetaya, qırx yaşlı sadə bir xoxol qadını işə götürmək, daima köksünü ötürən, dodaqlarını büzən, gözü orda-burda olanı götürməkdən daha asandır. Sveta, boş çantanı Marinaya uzadaraq:
Sağ olun.
Marina  dinməzcə çantanı götürüb, gilası əzməmək üçün ayaqlarının altına baxa-baxa getdi.
Setter, darvazayadək yola sala-sala onun arxasınca qaçırdı. O, Marinanı sevirdi, hər dəfə də qadını öpmək üçün onun üzünə sarı hoppanmağa çalışırdı.
 
Marina bağ evə yaxınlaşdı, Oleqin maşınını görmədi. Kandardan addımını içəri atdı  — şkaflar boş, hər şey ortalığa dağıdılmışdı, elə bil evə oğru girmişdi. Yola tələm-tələsik hazırlaşdıqları duyulurdu.
Marina ev sahibinin yaşadığı tərəfə keçib soruşdu:
Bizimkiləri görməmisən?
Ev sahibəsi cavab verdi:
Getdilər.
Bir söz dedilər?
Dedilər: sağ olun.
Marina öz tərəfinə qayıdıb yatağa uzandı.
Tale öz yekun nöqtəsini qoydu. Onun heçnəyi qalmamışdı: nə ailəsi, nə işi, nə evi. Görünür, ORDA kiminsə xoşuna gəlmirdi.
Marina uzanmış və heçnə düşünmürdü. Uzanmışdı, vəssalam. Nə yemək yemək, nə düşünmək — heçnə eləmək istəmirdi.
Dərin depressiya başlamaqdaydı.
Üç gün Marina uzanıqlı qaldı. Sonra isə baş tutmayan bu HƏYAT adlı tədbirlə haqq-hesab çürütmək qərarına gəldi. Şair Marina Svetayeva dediyi kimi, Yaradanın biletini ona qaytarmaq gərək. Bu dünyada nə səyahət etdi — bəsidir. Heçkəsi günahlandırmırdı. Başqaları qalsın bir tərəfə — özü özünə gərək deyil sadəcə.
Marina evdən çıxıb meşəyə yollandı. Nöqtəni necə qoyacağını hələ qərarlaşdırmamışdı. Özünü Rüstəmin hədiyyə verdiyi şərflə asmaq olar. Lakin hamının gözü qarşısında sallanmaq o qədər də xoş deyil. Yarğandan çaya tullanmaq olar, amma çay dərin deyil. Sür-sümüklərin xurtma-xaşıl olar, özün də əlil arabasında qalarsan. Nə oyana, nə bu yana. Nə ölürsən, nə yaşayırsan.
Marina yerə yıxılmış bir ağac gördü, dincəlmək üçün onun üstündə oturdu.
Quşlar oxuyurdu. Günəş, yarpaqların arasından öz yumşaq şəfəqini səpələyirdi. Qarışqa yuvasında qarışqalar qaynaşırdı. Hər birinin işi başından aşır. Marina, canlı, nəfəsli  təpəciyə baxıb fikrə getdi. Elə bu an ağacların arasından bir qadın görsəndi — gənc deyildi, amma baxımlı idi. Yaxşı saç düzümü vardı.
Qadın ağaca yaxınlaşıb soruşdu:
 
Olar?
Marina:
 
Buyurun, — deyib yer vermək üçün biraz çəkildi.
Marinanın ağlına da gəlmirdi ki, buna ORDAN qoruyan mələk göndəriblər. Mələk çox da cavan deyil, yaxşı saç düzümü vardır.
 
ARDI VAR...
 
Ruscadan çevirdi: İlahə Ucaruh
 
Kultura.az
Yuxarı