Bununla belə, baxmayaraq ki, stabil bir müdriklik halına çatmaq mümkün deyil, arzu olaraq müdriklik, özünü yenidən tanımlamağa və qarşımıza qoya biləcəyimiz məqsədlər arasında özünə yer eləməyə layiq bir fenomendir.
Müdriklik ağacının çox budağı var:
Realizm
Müdrik insan ilk olaraq və hər şeydən əvvəl realistdir. O, bir çox şeylərin zəhmətlə əldə edilə biləcəyini bilir. Bəzi hallarda özlüyündə ağılasığmaz görünməsinə baxmayaraq, heç vaxt ümidini itirmir, qarşılaşdığı məsələnin mürəkkəbliyini dərk edir. Çətinliklərlə boğuşmaq onları hədəflərindən sapdırmır, əksinə, onları daha dayanıqlı, soyuqqanlı və qarşılarına çıxan qaçınılmaz problemlər qarşısında təmkinli edir.
Minnətdarlıq
Bir şeylərin yolunda olmadığından və tərs getdiyindən xəbərdar olan müdrik, qeyri-adi dərəcədə, dinclik və gözəllik anlarını yaşamaqdan ozünü məhrum etmir. Şüurunda mövcud olan təhlükə və faciələrə rəğmən, tək adi bir günəşli gündən, səkidə bitən gözəl çiçəklərdən, bağçada oynayan 3 yaşlı cocuğun füsunkarlığından, hətta dostlar arasında xoş zarafatdan zövq alacaq qədər yetkindir. Bu onların sentimental və sadəlövh olmaları anlamına gəlməz, tamamilə əksinə, onlar yaşayıb görüblər ki, problem nə qədər ağır olarsa, dinclik və sevinc həyata bir o qədər dəyər qatar.
Axmaqlıq
Müdrik anlayır ki, özləri də daxil olmaqla insanlıq dərin bir ağılsızlıq girdabına yuvarlanıb: onların qeyri-rasional arzuları, ziddiyətli niyyətləri var, bir çox şeydən xəbərsizdirlər, dəyişkən əhval ruhiyyəlidirlər, hər cür fantaziyalara və illüziyalara qapılırlar və ən əsası bitib tükənmək bilməyən seksual tələbatlarına görə həmişə zərbə alırlar. Müdrik insan, qeyri-kamillik və ədəbsizliklə kamillik və əxlaq kimi insani keyfiyyətlərin davamlı olaraq bir yerdə mövcud olmağına təəccüblənməz. O anlayır ki, biz hardasa meymundan təkamül etmişik. Ən azından həyatın yarısının irasional olduğunu bilərək, o, harda olur-olsun dəliliyə varan axmaqlıq halları ilə qarşılaşdıqda özünü itirmir.
Müdrik özü özünə gülmək işinə ciddi yanaşır. Bəyanatlarında həddi gözləyən, gəldiyi nəticələrdə isə skeptikdir. Əgər bir şeydən əmindirsə, bu əminlik başqalarında olduğu kimi müvəqqəti deyil. Müdrik, görməyi arzu etdiyi nəcib davranışlarla reallıqda qarşılaşdığı bayağılıq və yüngülfikirliliyin daimi toqquşmasını təbəssümlə seyr edər.
Nəzakət
Müdrik sosial münasibətlərdə realistdir. Xüsusilə də bu, özünü insanların düşüncəsini dəyişməyin və onların həyatına müdaxilə etməyin çətin olduğunu anlamaq məsələsində göstərir. Ona görə də müdrik insan, başqalarına açıq şəkildə nə düşündüyünü demək barədə hədsiz dərəcədə təmkinlidir. Başqalarından hər şeyi tələb etməyin nadir hallarda fayda verəcəyini yaxşı bilir. Hər şeydən artıq - o, istəyir ki, hətta daxildə başqa cür düşünməklərindən asılı olmayaraq, insanlar bir–birinə qarşı nəzakətli olsunlar. O, müxalif siyasi baxışlı insanla bir yerdə oturar, ancaq onun fikrini dəyişdirməyə çalışmaz. Hətta oponenti ölkədə, təhsil sistemində aparılacaq yanlış islahatlar barədə, hətta onların şəxsi həyatına müdaxilə edəcək tədbirlər barədə danışdıqda belə, müdrik adam öz nəzakətli üslubunu qoruyub saxlayar. O başa düşür ki, eyni məsələyə insanlar müxtəlif prizmadan baxa bilərlər. Ona görə də müdrik, insanları birləşdirən dəyərlər axtarışındadır, nəinki insanları ayıran.
Özünlə barışmaq
Müdrik öz dinclik dünyasını idealda necə olmaq istədiyi ilə əslində necə olduğu arasında dərin məsafə qoyaraq qurar. Onlar öz səfehlikləri, qüsurları, zahiri eybəcərlikləri, məhdudluqları və nöqsanları ilə barışıqdırlar, bütün bunlardan utanıb sıxılmazlar. Ona görə də, yalan danışmaq və başqaları qarşısında özünü fərqli göstərmək ehtiyacı da duymazlar. Öz yaxınlarına münasibətdə səmimidirlər və xoşlamadıqları şeyləri çox ehtiyatla, amma aydın ifadə edərlər.
Əfv etmək
Müdrik başqa insanlar barəsində də realistdir. O, hər kəsin öz ambisiyası ilə hərəkət etdiyini, öz şəxsi mənfəətini güddüyünü, daima bir məmnuniyyət, həzz hissi axtarışında olduğunu və bu yolda hədsiz səy göstərdiyini başa düşür. Bu xüsusiyyət insanları hədsiz dərəcədə qeyri-nəcib və pis göstərə bilər. İnsanın bu cür təbii halını şəxsiləşdirməkdən kənar qaçan müdrik, insanların bilərəkdən bir-birinə zərər yetirmədiyinə, incikliklərin isə məhdud resurslar dünyasında bir-biri ilə kor rəqabət içərisində olan eqoların daimi ziddiyyətindən qaynaqlandığına inanır.
Ona görə də, müdrik insan birinin üzərinə acıqlanmaqda və ya başqasını mühakimə etməkdə tələsməz. O, başqalarının xoş niyyətli olduğuna inanar və başqalarının səhvlərini qınamaz. Müdrik insan, alt-üst olmuş hədəflər, məyusluqlar və yerinə yetməmiş arzularla dolu həyatın nə qədər çətin olduğunu şəxsi təcrübəsindən yaxşı bilərək, həmişə bağışlamağa hazırdır. Müdrik, insanların həyatda iztirab çəkdiyini çox yaxşı bilir. Əlbəttə, onlar sizə bağıracaq, onlar sizinlə qaba rəftar edəcək, təbii olaraq onlar kəsə yolla sizi ötməyə çalışacaq…bu onların təbii halıdır –müdrik belə düşünür. Müdrik, insanların yaxşı ola bilməməsini şərtləndirən səbəblərə qarşı dözümlüdür. Başqalarının təcavüzündən və bədxahlığından təəssüflənməz, çünki bu eybəcərliklərin, “incidilmiş və kiçik düşürülmüş mən hissinin” özünü təsdiq etmək ümidi ilə ümidsiz çırpıntılarından başqa bir şey olmadığını çox gözəl bilir.
Elastiklik
Müdrik onu yaşadacaq dəyərlər barəsində aydın təsəvvürə malikdir. Nələrsə yanlış yöndə gedə bilər, amma dünya yerindədir, yaşamaq üçün hər zaman bir səbəb var. Müdrik olmayan insan isə özünü məmnun hiss edəcək sərhədləri həddindən artıq geniş cızır. O, nüfuz, pul, şəxsi münasibətlər, populyarlıq, sağlamlıq və sair özünün mütləqləşdirdiyi nemətlərdən həddən artıq asılıdır və bunlar olmazsa, o yaşaya bilməz. Müdrik insan isə bütün bu nemətlərdən sadəcə fayda götürür, taleyin seçimi onun gözləntilərini qarşılamadıqda isə öz məmnunluq sərhədlərini geri çəkərək daha aza qane olmağı bacarır.
Qibtə
Müdrik, boş-boşuna başqasına həsəd aparmaz. O, arzu etdiyi şeylərə nə üçün sahib olmadığının bir səbəbi olduğuna inanar. Müdrik insan bir mülti milyonerə və ya məşhur ulduza baxıb fikirləşər: bu ilk baxışda sanki bir təsadüf, ədalətsizlik kimi görünür, amma burada məntiqi bir izah olmalıdır – yəqin onlar məndən çox çalışıblar və ya məndən daha çox istedadlıdırlar. Amma insanın uğurunda və ya məğlubiyyətində taleyin, bəxtin, lap elə təsadüflərin də böyük rol oynadığını bilməyəcək qədər də sadəlövh deyildir. Bəzi insanlar bəxtəbəxt mükafatlandırılıblar. Şirkətlər bəzən layiq olmadığı halda birdən birə böyük korporasiyalara çevrilir. Bəziləri uğurlarını öz ailəsinə borcludur. Bəzən həyatının büsbütün dəyişməsi üçün doğru zamanda, doğru yerdə olmaq belə kifayət edir. Qaliblər bütün hallarda layiqli və yaxşı adamlar sırasından seçilmir. Müdrik, bəxtin rolunu qiymətləndirər, amma bəxtinə küsməz, arzu etdiyi uğuru əldə etmədikdə günahı ilk olaraq bəxtdə yox, özündə axtarar.
Müdrik, qalibiyyətin və müvəffəqiyyətin nəticələri barəsində realistdir. Onlar uğur qazanmağı ən az başqa insanlar qədər arzu edə bilərlər, ancaq nəticəsi nə olursa olsun, bir çox fundamental məsələlərin dəyişməz olaraq qalacağını bilirlər. Onlar həyatdakı dəyişikliklərin əhəmiyyətini şişirtmirlər. Onlar hansı işə sahib olmağımızdan, nə qədər var dövlət əldə etməyimizdən asılı olmayaraq, şəxsiyyətimizdə mövcud olan bir sıra sadə dinamiklərə bağlı qalacağımızı bilirlər. Müvəffəqiyyət və uğursuzluq bir-birini asanlıqla əvəz edəcək, amma bizi biz edən çox daha dəyərli keyfiyyətlərimiz dəyişilməz olaraq qalacaq.
Peşmançılıq
İddialı olduğumuz yaşlarda, hər bir halda doğru qərarlar qəbul etdiyimiz qüsursuz bir həyat yaşayacağımıza inanmağımız təbii haldır. Ancaq müdrik anlayır ki, qüsursuz həyat yaşamaq mümkün deyil. Hər bir şəxs öz həyatında hədsiz dərəcədə böyük və düzəldilməsi mümkün olmayan səhvlər edəcək. Maksimalizm(mükəmməlçilik) mənfur bir illuziyadır. Peşmançılıq isə qaçınılmazdır.
Səhv bütün insan nəslinə xasdır və peşman olmağımız etdiyimiz səhvi geri qaytarmaz. İstənilən həyat hekayəsi ilə tanış olun, səhvsiz ömür tapa bilməzsiz. Ancaq bu səhvlər struktur səhvlərdir, təsadüfi səhflər deyil. Bu səhvləri ona görə buraxırıq ki, qısa zaman kəsimində seçim etməliyik və bunun üçün ehtiyac duyduğumuz məlumata da malik deyilik. Gözü yumulu getdiyinizdə büdrəməməyiniz mümkün olmadığı kimi.
Dinclik
Səs-küy və həngamənin hər zaman bizi təqib etdiyini bilən müdrik insan, sakitlik və dincliyi ən ali nemət kimi qəbul edir. Onlar üçün sakit bir axşam, nailiyyət kimi qəbul olunur. Təşvişdən kənar bir gün, özlüyündə bir şadyanalıq səbəbidir. Özü ilə baş-başa olduqda və ya hüzur içində susduqda, zamanın cansıxıcı keçməyindən şikayətlənməzlər. Bu gündən daha pisi ola bilərdi və yəqin ki olacaq da…düşünər müdrik insan.
Mənbə: Philosophers Mail
Tərcümə: Nurlan Babayev
Kultura.az