post-title

Viktoriya Tokareva: Öz həqiqətin (IV)

"Rüstəm kömək etmirdi. Hardan edərdi? Qohum-əqrəbadan gələn natürmortlar ailəyə daşındı. O, iki ev saxlaya bilmirdi. Səkkiz martda dəvə yunundan hazırlanmış yaşıl, qara və qırmızı damalı şərf bağışladı. Tünd, gözəl bir şərf. Rüstəmdən pay bircə bu oldu. Marina heç bir pay-puş da ummurdu. Rüstəm onun həyatına yaraşıq və məna vermək üçün gəlibdir. Onun rolu-işi budur. Marina özünü yalnız Rüstəmin yanında vəhşi öküz kimi aparmırdı. Onun yanında göyərçinə dönürdü".

 
 
(povest)
 
...davamı
 
 
Snejana Moskvaya getdi. Marina isə körpə uşaqla qaldı. Həftədə iki dəfə də Rüstəmlə görüşürdü.
Marinanın Alyanı sevməsini demək — heç nə deməməkdir. O, uşağı ilahiləşdirirdi. Balaca qız eynən atası kimi qarayağız, dümdüz kəsilmiş iri qaragöz idi. Gözlərinin ucu nə aşağı, nə də yuxarı, ikonalardakıtək dümdüzdür. Burnu düz, ağzı isə pişik balası ağzıdır. Snejananın ağzıdır. Ola bilsin, Oleq gözəldir. O vaxt nifrət hissi Marinanı elə bürümüşdü ki,  oğlana heç düzəməlli baxmamışdır. O isə, yəqin, gözəl və kövrəkdir.
Snejana Oleqi atandan sonra Marina indi ona qarşı daha mülayim idi, ancaq görmək istəmirdi. Niyə də görməlidir? Uşağı da göstərmək istəmirdi. O, Aleçkayla heçkəslə paylaşmaq istəmirdi. Doğmaca atasıyla da. Düzünü desək, Oleq də heç israr etmirdi. Ot yeyən heyvan, özündən daha böyük heyvandan, məsələn, vəhşi öküzdən, qorxduğutək, Oleq də Marinadan qorxurdu. Yeməsə də, tapdalayıb keçər.
Hamilə Snejanaya yağdırdığı qarğışları yada salanda, Marina utanıb dəhşətə gəlirdi. Bəs Tanrı eşitsəydi? Şükür, allah səfeh dualara baş qoşmur. O, bu duaları qulaqardına verir. Səfeh nənəni bağışlayıbdır.
Aleçka böyüyür, inkişaf edir, hər ay yeni bir şey bacarırdı: “nənə”, “ver” deyirdi, əl çalırdı.
 
 
Payız gəldi, məktəb başladı. Aleçkanı körpələr evinə verməli oldular. Sonra uşaq bağçasına. Hərşey otuz il bundan öncə olduğutək yenidən başladı. Həyatın əvvəlindəkitək eyni kasıblıq da.
Rüstəm kömək etmirdi. Hardan edərdi? Qohum-əqrəbadan gələn natürmortlar ailəyə daşındı. O, iki ev saxlaya bilmirdi. Səkkiz martda dəvə yunundan hazırlanmış yaşıl, qara və qırmızı damalı şərf bağışladı. Tünd, gözəl bir şərf. Rüstəmdən pay bircə bu oldu. Marina heç bir pay-puş da ummurdu. Rüstəm onun həyatına yaraşıq və məna vermək üçün gəlibdir. Onun rolu-işi budur. Marina özünü yalnız Rüstəmin yanında vəhşi öküz kimi aparmırdı. Onun yanında göyərçinə dönürdü. Rüstəmin Marinagildə keçirdiyi iki gün bütün həftəni tarazlayıb işığa bürüyürdü.
Düzdür, kişilər var, dərk də edir, pul da qazanır, evlənirlər də. Amma başqalarının kişiləri.
 
 
Saşadan məktub gəldi. Oğlu olub. Adını Maksim qoyublar. İndi oğlanların hamısı ya Denisdir, ya da Maksim. Yermolay adlı bircə adam da yoxdur. Təkcə Soljenisində var.
Snejana yaxşı bir olana ərə gedib, adı Oleqdir. Yenə Oleq. Rusdur, əlləri qızıldır, avtomexanik işləyir.
Marina gözlərini məktubdan çəkdi. Avtomexanik  də professor deyil. Fəhlə sinfidir. Saşa bazarda tərəvəz satır. Uşaqlarının həyatı samballı olmadı ki, olmadı.
Ən maraqlısı isə — Snejana Alyanı soruşmurdu: necədir, ölübmü-qalıbmı, nəcə dolanırsız? Snejana, Alya ilə birlikdə öz keçmiş həyatını kəsib atmışdı, çünki Alya da onun keçmiş həyatının bir hissəsi idi. Belə-belə işlər...
Marina, nənəsindən başqa heçkəsə gərək olmayan balaca nəvəsinə çox acıdı. Amma heçnə olmaz... Nənəsinin canı sağ olsun. Nənəsi ölməyib ki...
 
 
Səhər tez qalxırdılar. Marina məktəbə, Aleçka bağçaya gedirdi.
Birinci Marina qalxırdı. Nəvəsi, əllərini yanağının altına qoyub şirin-şirin yatırdı. Adamın oyatmağa ürəyi gəlmirdi. Marina işığı yandırırdı. Aleçkanın göz qapaqları qımıldayırdı. İşıq siqnalı onu dərin yuxudan dartıb çıxarırdı.
Sonra Marina otaqda o tərəf-bu tərəfə gedir, döşəmə cırıldayır, servantdakı qab-qacaq yavaşca cingildəyirdi. Bu səs siqnalları Aleçkanı dərin yuxudan çəkib çıxardırdı. Nəhayət, o, gözlərini açırdı. Biraz ağlayırdı. Yuxusu gəlirdi. Böyüməkdə olan orqanizm  yatmaq istəyir. Ancaq qalxmaq lazımdır. Bu lənətə gəlmiş “lazımdır” sözü. İstəmirsən, amma lazımdır. Soruşan gərəkdir: kimə lazımdır?...      
Rüstəm də Aleçkanı sevirdi, ayağında yelləyir, türkcə mahnı oxuyurdu. Marinanın ürəyi düşürdü: birdən uşağı əlindən salar. Yanında durub nəzarət edirdi.
Rüstəm gülməli oxuyurdu. Marina mahnının sözlərini anlamırdı. Alya sevinirdi. Marina rahat-rahat gülümsəyirdi. Müqəddəs ailə.
Adama elə gəlirdi, həmişə belə olacaq. Ancaq heçnə həmişə olmur. Qonşu qarı dediyi kimi: “Nə qədər təmizləsən də, kirlənəcək, nə qədər içsən də, yenə suzacaqsan...”
 
 
Perestroyka gəldi. Sumqayıt hadisələri baş verdi.
 
Azərbaycanlılar Qarabağı öz torpaqları sayırdı, çünki o, coğrafi olaraq Azərbaycanın ərazisində yerləşirdi. Ermənilər Qarabağı özününkü sayırdı, çünki əsrlər boyu bu torpağı şumlayıb becərmiş, orda məskan salıb yaşamışdılar.   
Hər şeyi olduğu kimi saxlamaq da olardı, qoy hər kəs özününkü saysın. Nə fərqi var? Dostluq içində yaşayırlar, vəssalam... Lakin dostluğu nifrət əvəzlədi.
Nifrət — sevgitək məşum duyğudur, ancaq mənfilik işarəsiylə. Nifrət —epidemiyadır. Bütün məkanı əhatə edir və heçbir sərhəd tanımır. Ermənilərdən ruslara keçdilər. Kafirlər müsəlman torpaqlarını tərk etməlidirlər. Azərbaycan azərbaycanlılar üçündür. Bütün başqalar öz yurdlarına getsin. Bu millətçilik mərəzi məktəbə də gəlib çıxdı. Məktəb müdiri-azərbaycanlı ağzını toyuq dalı kimi büzüb bir xeyli susurdu. Uşaqlar səbəbsiz-filansız dalaşırdılar.
Marina özünü nədəsə günahkar hiss edirdi. O, avtobusda getməkdən qorxurdu, dükana girməyə qorxurdu. Ətrafdakı baxışlarda ondan iyrəndikləri oxunurdu. Ona qarşı kobud davranırdılar. Yönələn təhqirlərdən ən yumşağı “rus cələbi” olardı. Bir gün iki üfünət qoxan gənc oğlan, Marinanı həyətin bir küncünə çəkib kərpic parçasıyla başına vurdular. Zərbə düz yox, sürüşən kimi olduğundan başının dərisi soyuldu. Qan elə fışqırdı, sanki, qoyun başı kəsilmişdi. Marina var gücü ilə çığırmağa başladı. Çuşkalar qadının çantasını  qapıb qaçdılar.
Çantada cəmi beş rubl və dodaq boyası var idi. Zərbə də — hiss edirdi — həyat üçün təhlükəli deyildi. Demək olar, canını yaxşı qurtarmışdı. Lakin Marina səsini kəsmirdi. Durub qışqırır, ağlayırdı — bu qışqırtıda isə hər şey var idi: şəhərin xəyanəti də, Rüstəmin xəyanəti də. Bir də aydınca anlayırdı: artıq heçnəyi dəyişmək mümkün deyil.
 
 
Marina çıxıb getmək qərarına gəlir.
Moskvaya. Uşaqlarının yanına. Onun yeri — uşaqlarının yanındadır. Evli Rüstəmin böyründə oturmaqdan nə çıxacaq?..
Rusiyaya. Moskvaya, Moskvaya...
 
Vidalaşma anı gəldi.
Rüstəm əşyaları yığmağa kömək edirdi, Marokko apelsinlərinin boş qutuları və paltar qurutmaq üçün işlədilən kəndir topası gətirmişdi. Nə qədər olmasa, köməyi dəyirdi.
Səssizcə kitabları, qab-qacağı qabqardılar. Rüstəm işğuzar görsənsə də, məyus idi. Sonra başını qaldırıb soruşdu:
Bəs mən necə olacam?
Marina:
Sən arvadınla yaşayacaqsan, oğlunu böyüdəcəksən.
Rüstəm anladı ki, o hər şeyi bilir. Avam, indiyədək elə bilirdi, Marina büsbütün ona  inanır.
Rüstəm başını aşağı saldı. Yalanı davam etmək istəmirdi. Daha doğrusu, istəyirdi, ancaq artıq bu yalanın  heç bir mənası yox idi.
Marina soruşdu:
Oğluna nə olub?
Anadangəlmə ürək çatışmazlığı var.
Təhlükəlidir?
Rüstəm:
Onbeş yaşadək yaşayırlar.
İndi neçə yaşı var?
Beş.
Deməli, on ili qalıb. Biri var öz davamçını böyüdəsən, biri də var... Marina bu haqda düşünməyə belə qorxurdu. O, özünü Rüstəmin yerində təsəvvür belə etmək istəmirdi. Yazıq Rüstəm...
Marina soruşdu:
Nə vaxt evlənmisən? Məktəbin yanına gələndə? Ağlayanda?
Hə...
Bəs niyə demədin?
Deyə bilmirdim. Bağışla...
Rüstəm ağlamağa başladı, ancaq əvvəlkitək yox, başqa cür. Adətən o ağlayanda uşaqtək ağlayardı, sanki istəyirdi ağlamağını görüb ona təsəlli versinlər, sakitləşdirsinlər. O — basqı ağlaması idi. İndi isə kişi kimi ağlayırdı. Üzünü gizlədirdi.
Marina:
Səni bağışlayıram. — Onsuz da  Rüstəm öz payını almışdı. İndi haqq-hesab çəkməyin yeri deyildi...
Marina onun başını qucaqladı. Rüstəmin saçlarından doğmalıq və xoş qoxu yayılırdı. Ümumi gələcək onları tərk etmişdi, keçmiş isə qalmış və hüceyrələrin hər birinə hopmuşdur. Nə də olmasa, məhəbbət əsl məhəbbətdirsə, insanda əbədi qalır. Xroniki xəstəlik kimi.
 
 
Marina Moskvaya əli boş getmirdi. Özünü toparlayıb mənzilini sərfəli qiymətə — altı min dollara — qonşularına satmışdı. O dövr üçün az pul deyildir. Rubla çevirsən — bir neçə milyondur. Hesab elə, milyonçu olmuşdur.
Marina hər şeyi öyrənmişdi: ya oğlunun, ya da qızının evində pasport qeydiyyatına düşə bilərdi. Müvəqqəti yox, daimi. Daimi qeydiyyatda olandan sonra öz ixtisası üzrə işə düzəlmək olar. Müəllimlərə ehtiyac vardır, çünki heçkəs az maaşa işləmək istəmir. Ancaq az pul da — puldur.  Marina qənaət etməyin ustasıdır. O, hətta “Fərdin müasir şərtlərdə sağ qalması” adlı dissertasiya da yaza bilərdi.
Gələcək həyat ona  belə görünürdü: Saşa arvadı ilə, iki uşaq — Maksim və Alya. Bir də özü — nəslin başçısı, təsərrüfatçısı və uşaqların tərbiyyəçisi. Cavanlar işləyir. Marina evi saxlayır. Hər şey məntiqlidir. Qarşıda — xoşbəxt qocalıq, çünki öz evladlarına xidmətdən daha böyük xoşbəxtlik yoxdur.
 
 
* * *
 
Qırx dəqiqədən sonra qatar yola düşürdü. Qutular, bağlamalar yerləşsin deyə, bütöv bir kupe alınmışdı. Yola salan Rüstəm idi. Ondan başqa kim olacaq?..
Marina vağzaldan Moskvaya zəng elədi. Moskva kodunu və Saşanın telefonunu yığdı.
Gənc yastı səs:
Alo. — Marina anladı, bu — arvadı Lüdkadır.
Marina qışqırdı:
Saşanı olar?
Marina texnikaya o qədər də bel bağlamırdı, səs yaxşı gəlsin deyə, qışqırırdı.
Evdə yoxdur. Kim soruşur?
Marina İvanovna. Anası.
Lüdka cansıxıcı səslə reaksiya verdi:
Hə... Nədir?
Saşaya çatdırın, gəlirəm. Sabah yox birisi gün səhər saat yeddidə məni qarşılasın, Bakı-Moskva qatarı, dördüncü vaqon, onaltıncı yer...
Marina gözləyirdi ki, Lüdka qələm götürüb hər şeyi yazacaq: qatarın gəlmə vaxtını, vaqonun nömrəsini. Lüdka isə narazı səslə:
Xeyir ola, qonaq gəlirsiz?
Qonaq niyə? Yaşamağa.
Bizə?
Marina təəcübləndi:
Bəs hara?
Lüdka kütbeyin imiş. Ana oğlunun yanına gəlir. Bu haqda uzun-uzadı danışmaq nəyə gərək? Lüdka isə, görünür, başqa cür hesab edirdi: fakt qarşısında qoymaq yox, əvvəlcə icazə almaq lazımdır.
Marina dəstəyi asdı. Vaqona sarı qayıtdı. Rüstəm Aleçkanın əlindən tutmuş, saatına göz atırdı. Marina Aleçkanın əlini öz əlinə alıb:
Get, — dedi.
Marina, qatarın tərpənməsini və ayrılığı bir neçə saniəyə barı gecikdirmək üçün vaqonun yanıyla Rüstəmin təngnəfəs qaçmasını görmək istəmirdi. Rüstəmə yazığı gəlirdi.
Özünə yazığı gəlməli idi — payız yarpağıtək yerindən qopub, nə evi, nə həyəti, heç bilinmir, orda onu necə qarşılayacaqlar. Heç qarşılayacaqlarmı?.. Özünə yazığı gəlməliydi, onunsa özünün üçüncü uşağı olan Rüstəmə yazığı gəlirdi. Görəsən, özünün də bir yazıq oğlu olan bu yazıq oğlan həyatdan necə baş çıxaracaq...
Gözyaşları gözlərini yandırırdı, lakin Marina dişlərini bərk-bərk bir-birinə sıxdı. Əmr verdi:
Get, Rüstəm. Get, arxaya da dönmə.
Rüstəm sözünə baxdı, ona tabe olmağa alışmışdı, geri baxmadan getdi. O, səadətin daha olmadığı, yalnız borc və əzabdan ibarət öz həyatına gedirdi.
Marina bütün gecə yatmadı. Özünə acıması, taleyini danlaması ürəyini yeyib qurtarırdı. Saşanın onu qarşılayıb-qarşılamayacağı da bir tərəfdən üzürdü.
Saşa vaqona yaxınlaşdı, dostlarını da gətirmişdi. Onlar bütün bağlamaları, qutuları cəld balaca “raf” maşınına doldurdular.
Bərk-bərk büründürülmüş Aleçka maşının yanında dayanmışdı. İqlim dəyişikliyinə görə Marina uşağın soyuqlamasından qorxurdu.
Aleçka:
Yuxuda balaca atlar gördüm, — dedi.
Saşa dərinə getmək istəmirdi, soruşdu:
Hə?
Marina anladı: gecə qatar tətrəyir, yırğalanırdı, Aleçkaya da elə gəlib, balaca atların üstündədir.
Marina əyilib öz qızı-nəvəsini öpdü. Yad, biganə adamların içində durmuş uşağa yazığı gəlirdi.
Moskva həyatı başlayırdı.
 
 
Moskva
 
 
Saşa arvadının şiddətli müqavimətini yatırtdı, Marinayla Alya da onların  Brateyevo rayonundakı iki otaqlı mənzilinə köçdülər. Brateyevo — keçmiş kənd adıdır. Marinaya elə gəlirdi, Moskvaya yox, bir-birinə bənzər darıxdırıcı binaları olan Şevçenko şəhərinə düşübdür.
Brateyevoda qalırsansa, Moskvada yaşamağının nə mənası var? Belə halda Tambovda, ya da Tulada da yaşamaq olar.
Snejanayla əri Ximkidə ev kirayələyirdilər. Ancaq Marina ora heç gedib çıxa da bilmədi, dəvət etmirdilər deyə. Snejanayla əri özləri qonaq gəldi, tortla bir şüşə şampan gətirdilər. Aleçkaya — heçnə.
Hiddətdən Marinanın dili də tutulmuşdu. Dörd il qızını görməyəsən, özün də əli boş gələsən. Bu heç cür ağıla sığmırdı.
Moskvaya yola düşəndə Marina qorxurdu ki, Snejana Alyanı onun əlindən alacaq.  Bu isə Snejananın ağlına da gəlmirdi. Onun bütün fikri-zikri yeni Oleq idi.
Yeni Oleqin saqqalı və gözləri Çe Qevaranınkına bənzəyirdi. Ancaq beretkasızdır. Təvazökar görünürdü.
Oleq ilə Snejana nəfəslərini yenicə dərmişdilər ki, Marina maraqlanıb mənzil məsələsini  öyrəndi: onlar kommunal evin bir otağını kirayələyirdilər. Marina Oleqdən soruşdu:
— Bəs əvvəllər harda yaşayırdınız?
Oleq:
Valideynlərimlə.
Onda da kommunal evdə?
Yox. Bizim üç otaqlı mənzilimiz var.
Marina sorğu-sual edirdi:
— Orda qeydiyyatdasınız?
Hə...
Üç otağın birində yaşamaq daha yaxşı olmazdımı? Bəyəm kirayə daha yaxşıdır? Pulu havaya sovurmaq yaxşıdır?
Snejana sıxıldı. Görürdü: anasının vəhşi öküz ruhu yenə oyanıb, yoluna nə çıxsa, kim çıxsa — fərqi yoxdur — tapdalayıb keçəcək.
Oleq təmkinlə cavab verdi:
Mən ayrı yaşamağa üstünlük verirəm. — Oleq, qaynanasının xoşuna gəlmədiyini görüb çəkinirdi.
Marina başa düşdü: Oleqin valideynləri onun uşaqlı qadınla nigahından narazıdırlar. Snejananı qeydiyyata alsalar, Alya da avtomatik olaraq qeydiyyata düşməlidir. Onlar yad uşaq istəmirdilər. Yad uşaqlar kimə gərəkdir ki...
Marina yol göstərdi:
Mənzili iki başqa mənzilə dəyişə bilərsiz.
Valideynlərim dəyişdirmək istəmir. Oraya alışıblar. Onlarla məhkəmədə  çəkişmərəm də.
Niyə? — Marina məhkəmədən savayı başqa yol görmürdü.
Oleq sərt baxışla qaynanasına baxdı:
Çünki bu, mənim prinsiplərimə ziddir. Valideynlərim artıq qocadır, mənsə cavanam. Peşəm var. Hər şeyi özüm qazanacağam.
Lüdka Oleqi dəstəklədi:
Düz eləyirsən.  Kişi adamsan...
Lüdka üçün əsas məsələ — debatları bitirib badəni qaldırmaq idi. İçmək həvəskarı idi, üstəlik də masada Marinanın hazırladığı əla zakuska var: qara ciyar paşteti, üç cür salat, “şuba altında selyodka” salatı, isti yeməklərdənsə — sobada bişirilmiş ballı ördək. Yeməyin ətri bütün evi bürümüşdü.
Ailə birləşməsi sağlığına!  — Saşa sağlıq deyib badəni başına çəkdi.
Marina fikir verdi ki, oğlu içmir — ard-arda başına çəkir. Öyrəşib. Bundan başqa  Marina onun kişiləşdiyini, çiyinlərinin genişləndiyini, boyu atasınınkından uca olsa da, bədəninin Volodkanın bədəninə bənzəməyə başladığını gördü.
Ailə, zakuskaların üstünə düşdü. Maksim, davranış qaydalarına uyğun olaraq çəngəllə yox, daha çox yemək yesin deyə xörək qaşığıyla yeyirdi.
Marina çəngəli onun tərəfinə yaxınlaşdırdı, üstəlik də uşağın əlinin üstündən yavaşca şappıldatdı. Lüdkaya oxşadığına görə Marina Maksimi sevmirdi. Kopiyası idi. Anasındakı kimi balaca gözləri və sərçə burnu vardı. Öz nəvəsini sevmədiyini Marina özü özünə də etiraf etməyə utanırdı. Alyanı özündən də çox istəyirdi, Maksimə isə qanı qaynamırdı. Elə bil o uşaq yaddır. Lüdka bunu görüb inciyirdi: bir uşaqla gəlib bunlarda lövbər salması, beş adamın iki otaqda sığınması sanki azmış. Yataqxanadır. Yataqxanadan başqa da — Maksimi sevmir, sevməməyini heç gizlətməyə də çalışmır. Yad ərazidə öz qayda-qanunlarını yeridir. Evin yiyəsi Lüdka da bunların hamısına dözməlidir...
Ancaq indi kefi kök idi, qabağında gerçək içki, zakuska və desert üçün qızılgüllərlə bəzədilmiş tort var.
Marina şampan içkisini sevməzdi, içəndə gəyirərdi. Qara ciyarın zayını çıxaran ağır, yağlı tortlar da yeməzdi.
Marina ayağa qalxıb mətbəxə keçdi. Mətbəxin işi bitən deyil: sobada pıqqapıq ördək  bişirdi. Marina sobanın ağzını açdı. Qaynar hava üzünə vurdu.
Düşündü: “Qazanacaq. Görəsən, nə vaxt qazanacaq? Buna on il gedər. Bütün cavanlığı pul qazanmağa sərf olunar. Pul yığmaq... Hər şeydə qənaət etmək, boğazından kəsmək... Bəs nə zaman yaşayacaqsan?”
Snejana mətbəxə girdi. Susub dayandı. Sakitcə soruşdu:
Ərim xoşuna gəlmir?
Marina təəcüblənmiştək:
Nə işimə qalıb?! Onunla yaşayan sənsən.
Snejana sərt şəkildə:
Ay sağol. Səndən artıq dərəcədə xahiş edirəm, qarışma. Yaxşı? Ondan xoşun gəlmirsə, bir də bura gəlmərik.
Deməli, Snejana öz anasını və balasını yad dilənçiyə dəyişməyə hazırdır. Sövdələşməyə gəlmişmiş ki, vəhşi öküz onun taxılını tapdamasın.
Marina dikəlib Snejana baxırdı. Beş il bundan qabaq aeroporta geyindiyi həmin o qara kostyum. Deməli, indiyədək başqasını ala bilməmişdilər. Həmin pişik ağzı, uşaq gözləritək narahat gözləri. Bunun hamısı əvvəllər də vardı... Bu, keçilmiş dərsdir.
Marina qızını qucaqladı, qızının cücə çiyinlərini hiss etdi. Snejana bir az kənara çəkilərək:
Səndən ördək qoxur.
Bu da olmuşdu — Marinayla öz anası  arasında. Ancaq onda kələm qoxusu gəlirdi...
Axı niyə ən yaxın, ən lazımlı insanlar bir-biriləri ilə dil tapmır? Çünki Rusiya Azərbaycan deyil. Orda böyüklərə hörmət var. Yaşca böyük olana müəllim deyirlər. Burda isə — səfeh qarı...
 
 
Lüdkanın iki çür əhvalı olurdu: yaxşı və pis. Lüdka univermağın ətriyyat şöbəsində işləyirdi. Gün ərzində adamlardan yorulurdu. Evə kefsiz gələrdi: yemək istəyər, bir də Saşanı qısqanardı. Ona elə gəlirdi ki, əri hamıya lazımdır. Əri bazarda sanki vitrində durub, hər qadın da — minlərlə qadın — yaxınlaşıb tərəvəzə toxunduğutək onun ərinə toxuna bilərdi. Lüdkanın gözündə Saşa şık, cazibəli idi, heç bir rəfiqəsinin əri Saşanın kəsilmiş dırnağı da ola bilməzdi. Kimsə Saşa haqda xoşagəlməz bir şey desəydi, Lüdka sevinərdi. Sanki ərini onun əlindən almaq istəyənlərdən biri azalırdı.
Lüdka evə taqətsiz gələr, keçib masanın arxasında oturardı. Masanın üstündə təmiz salfetkayla örtülmüş yemək olardı. Bu cür bir zamanlar Marina Rüstəmi gözləyərdi.  Salfetkanın altında isə — lobya, göyərti, paştet. Tavada —  qoyun ətindən lüləkabab. Marina Azərbaycan məktəbini keçmişdi: göyərti və ədva çox olmalıdır. Yazıq Lüdka heçvaxt belə qidalanmazdı. Onun gündəlik yeməyi kolbasayla yumurta, bir də dükan düşbərəsi idi.
Lüdka pis əhval-ruhiyyə içində dinməzcə yeyər, sonra tualetə gedər, ordan isə yüngülləşmiş, şıltaq, gumrahlaşmış qayıdardı.
Üzünü Marinaya tutardı:
Ana...
Sadə el tərzi ilə qaynananı “ana” çağırmaqdan Marinanın xoşu gəlmirdi. Ancaq boş verirdi.
Birinci mərtəbədə qonşumuz var — alkaş Dimka Prozorov.
Marina ürəyində tez qeyd edir: “Prozorov” aristokrat soyadıdır. Yəqin, Dimka səfil aristokratdır.
Deməli, onun üç otaqlı mənzili var, üstündə pul verib iki otaqlıyla dəyişə bilərik.
Marina anlamadı:
Hansı iki otaqlını deyirsən?
Bizimkini, əlbəttə. Bizim axı iki otağımız var. Üç olar. Hərənin bir otağı. Biri — Alya ilə sənə. Biri  — Saşa ilə mənə. Üçüncü də — Maksimə.
Marina:
Bəs televizor harda?
Sizdə. Yataq otağında olmayacaq ki.
Deməli, siz öz seriallarınıza baxıb qurtaranacan gözləyəcəyik? Uşağın rejimi var.
Lüdka mehribanca:
Yaxşı da, ana. Vallah, bu məsələni sonra həll edərik. Axı üç otaq iki otaqdan
daha yaxşıdır.
Lüdka qalxıb bir daha tualetə getdi. Oradan yanaqları pörtmüş, işləri xod gedənlər kimi kefi kök, damağı çağ çıxdı.
Marina alkoqolikin mənzilini təsəvvür elədi. O evə girmək asan iş olmaz.
Soruşdu:
Üstünə nə qədər qoymaq lazımdır?
— Beş min. — Lüdka çantasından bahalı siqaret çıxartdı.
Beş min nə ilə?
Necə yəni nə ilə?.. Əlbəttə ki, rublla yox.
Marina dəqiqləşdirdi:
Dollarla?
Lüdka siqaretini yandırdı:
Hə... — Evdə siqaret çəkmək yaxşı deyil — uşaqlar var, ancaq Marina susdu.  
Marina təəcübləndi:
Bəs üç otaqda o tək yaşayır?
Ailəsi var, amma qaçıb.
Lüdka ayağını ayağının üstünə aşırıb gözəl-gözəl siqaret çəkirdi. Ayaqları kapron corabda parıldayırdı.
— Qaçsalar da, qeydiyyatda vardılar ki, — məntiqlə Marina qeyd etdi.
 Bizimkinə düşərlər qeydiyyata. Biz onları küçəyə atmırıq ki. Onlara iki otaqlı mənzil veririk. Eyni blokda. Vərdiş də az şey deyil...
Marina ürəyində götür-qoy eləyir: “Beş min evin üstündə verilməlidir. Min də — təmirə. Bu da altı. Deməli, uşaqla bir qəpiksiz qalacaqlar. Xəstələnmək də olmaz. Qarşıda isə — tənha xəstə qocalıq gözləyir. Qacalıq həmişə tənha və xəstə olur, uşaqların əhatəsində olsa da.”
Marina qətiyyətlə:
Pulum-mulum yoxdur.
Yaxşı da, ana... Mənzilinizi satmısız. Sizdə bizdən çoxdur.
Hardan bilir? Yəqin, Aleçka ağzından qaçırıb. Aleçka qoca qarılar kimi burnunu hər yerə soxur. İki nəfərin bildiyini də, deyərlər, aləm bilər. Yəni Lüdka bilər.
Marina qətiyyətlə:
Vermirəm! Əlli yaşım var. Götü açıq qalmaq istəmirəm.
Ana... Axı bura gəlmisiz... Burda yaşayırsız. Sizi qovmuram ki. Niyə də köməklik etməyəsiz? Niyə də ailəyə öz payınızı qoymayasız?
Marina oğul böyüdüb, Lüdkanın ərini. Ödəyəcəyi pay da budur.
Marina:
“Yox” sözünü başa düşmürsən?
Yaxşı... Yoxdur — yoxdur. — Lüdka bunu fəlsəfi tərzdə deyib tualetə girdi.
Oradan çıxmaq əvəzi yerə yıxıldı.
Marina onun başının üstündə dayanıb nə edəcəyini bilmirdi. Lüdka at kimi ağırdır. Marina gəlinini kilimin üstünə sürüyüb, kilimin üstündəcə də, xizək kimi, yataq otağına sürüdü. Uşaqlar yanında qaçır, sevinirdilər. Elə bilirdilər — oyundur.
Sonra üçü birlikdə Lüdkanı çarpayıya dırmaşdırdılar. Maksim onun ayaqqabılarını çıxarırdı. Aleçka üstünə yorğan örtürdü.
Uşaqlar Lüdkanın xətrini istəyir, ondan qorxmurdular.
 
Ardı var...
 
Ruscadan çevirən: İlahə Ucaruh
 
Mənbə: Виктория Токарева “Своя правда”
 
Kultura.az
Yuxarı