post-title

Təbiətin intiqamı

...Söhbət əsnasında müəllim Taqorun “Təbiətin intiqamı” əsərinin adını çəkdi. Marağım yarandı. Axtardım. Nobelli hind yazıçısının seçilmiş əsərləri metronun “Elmlər akademiyası” stansiyası yaxınlığında yerləşən zirzəmilərdən birindəki bukinistdə qarşıma çıxdı. Ucuz qiymətə xeyli kitab vardı. “Təbiətin intiqamı” pyesdir, seçilmiş əsərlərin 6-cı cildinə daxildir. Yazıçı xatirələrində həmin əsəri yada salır, onu dramatik poema, qalan əsərlərinə bir növ müqəddimə adlandırır. 23 yaşda yazılmış bu əsər kitabın axırında verilmiş şərhlər bölməsində qəribədir ki, “bir çox cəhətdən kamil olmayan pyes” kimi qiymətləndirilib.

 
 
Əsərin qısa süjetini yazım. Bir zahid ya dərviş tərki-dünya həyat keçirir. O kamilliyə çatmaq, ehtiraslara, arzulara – bir sözlə, təbiətə qalib gəlmək üçün çəkilib bir qaranlıq kahada, mağarada tənha yaşayır, zülmət içində düşüncələrə dalır, özünü və dünyanı unutmaqla məşğul olur. Onun yeganə silahı idrakdır. Zahid düşünür ki, azadlıq yalnız inzivaya çəkilməkdədir, Allahı və insanları rədd etməkdədir, insanlara qarışmamaq, təbiətdən qaçmaqdadır, boşluqdadır. Çünki dünyanı, aləmi duymaq – eşitmək, görmək, ləzzət almaq, ümidlər, arzular, xəyallar hamısı illüziyadır, bunlar insan üstünə düşmüş bir daşdır, azadlığa can atan kəs o daşdan xilas olmalıdır. Günlərin bir günü o dolaşarkən qarşısında yiyəsiz bir qız çıxır. Qızın atası allahsız olduğuna görə hamı ondan üz döndərib, hamı ona nifrət edir. Təkcə zahid qızı özündən uzaqlaşdırmır. Ona görə ki, qəzəb və məhəbbət ona məchuldur, onun üçün xoşbəxtlik də bədbəxtlik də boş şeydir, hamı bərabərdir. Beləliklə, qız zahidə qoşulur, gəlib onun kahasında özünə sığınacaq tapır. Bir müddət keçdikdən sonra zahid özündə qıza qarşı maraq yarandığını hiss edir. Lakin zahid başa düşür ki, bu hiss əslində onun düşmənidir, əleyhinədir.
 
Nəticədə, zahidin daxilində bir növ ikiliəşmə yaranır: hiss ağıla qarşı. Pyesdə belə bir yer var. Zahid yenə bir gün zülmət kahasında meditasiya edərkən qız əlində şam içəri girir. Qız zahidə işıq gətirir. Bu işıq dünyanın işığı idi. Zahid sevinir, o yavaş-yavaş dəyişilməyə başlayır. O eyni zamanda görür ki, bu belə davam edə bilməz, qızı özündən kənarlaşdırmaq qərarına gəlir, əsəbiləşir, qızı “təbiətin göndərdiyi iblis” adlandırır, onu qovur. Qız huşunu itirir. Zahid çıxıb gedir, ancaq o başa düşür ki, o artıq əvvəlki adam deyil. O dərk edir ki, azadlıq heç də insanlardan qaçmaqda deyil, onlardan biri olmaqdır, yaşamaqdır, azadlıq da, əbədiyyət də sevgidə gizlənib. Əsərin sonunda zahid kahasına qayıdıb qızı ölmüş tapır və deyir: “...Sənin intiqamın budur, təbiət!”. Zahid təbiətin ona qalib gəldiyini acı bir təəssüflə anlayır. Beləliklə, adi bir qızın sevgisi zahidin bütün fəlsəfəsini alt-üst edir, o sıradan bir adama çevrilir. Geriyə yol yoxdur. Yazıçı hamını yaşamağa və sevməyə çağırır. Taqor xatirlərində bu əsərindən danışarkən şeirindən belə bir misranı yazır: “Ehtiraslardan məhrum olmaqla qazanılan azadlıq – mənə əl verməz!”. 
 
Bu həcmcə kiçik əsərə qədər Taqordan cəmi bir-iki hekayə oxumuşdum. Pyes məndə Taqorun digər əsərlərini oxumağa həvəsləndirdi. Yadıma “Sergi ata” povesti düşdü. “Təbiətin intiqamı” ilə “Sergi ata” arasında bir bağlılıq duydum. Tolstoyun əsərində də bir zahidin həyatı təsvir olunur. Zahid ehtirasına qalib gəlmək üçün barmağını baltanın altına qoymaqdan belə çəkinmir. Yeri gəlmişkən deyim ki, Pelevinin “t” romanında bu səhnə əməlli başlı lağa qoyulub. Tolstoya vedrə bağlamağın bu qədərini mən bu vaxtadək görməmişdim. Uzun yazmayacam. Maraqlananlar axtarıb oxuya bilər. Povestə qayıdaq. Lakin Sergi ata da sonda hisslərinə məğlub olur. Təbiət onu da məğlub edir, o da yaşamaq istəyir, ən pisi isə başa düşür ki, yaşamağa gecikib. Başqa bir əsərdə - 18,6 cm-də yazıçı qəhrəmanın dilindən belə deyir: “Ən böyük möcüzə elə yaşamağın özüdür”. Məncə, “Təbiətin intiqamı”nı ibrətamiz bir əsər, bir pritça kimi qəbul etmək lazımdır, ona görə ki, insanlardan, cəmiyyətdən qaçan adamların gec-tez təbiətə uduzacağı, təbiətin onlardan müdhiş bir intiqam alacağı şübhəsizdir. Taqor özü də bu əsəri bitirdikdən az sonra ailə həyatı qurub. Bu qədər.
 
Elçin Mann
 
Kultura.az
Yuxarı