Türkmənistanda bir tədbirdə — ifadə azadlığına dair konfransda iştirak edirdim. Oksimorona görə çox üzr istəyirəm, amma həyatdır, adamın başına hər iş gələ bilər.
Bizdən bir şey tələb olunurdu: sakitcə oturub Türkmənistanda, Özbəkistanda, Tacikistanda, Qazaxıstanda azad mətbuatın uğurları haqqında optimist məruzələrə qulaq asmaq. Təkcə kiçik qardaş kimi qırğızların “şıltaqlıqlarına” göz yumurdular. Hər çoxuşaqlı ailədə bir qardaş mütləq “qara qoyun” olur, dözmək lazımdır. Beş barmağın birini necə kəsib atasan?
Məni də Azərbaycan rəiyyəti kimi dəvət etmişdilər, gedib qardaşlarımızın şad gününə şərik olum. Türkmən dilində “vətəndaş” sözü yoxdur, “rəiyyət” sözü var, Xəzərin o tayında bu baxımdan çox səmimidirlər, bizdən fərqli olaraq. Türk təbiəti, bozqırların ruhu saxtakarlığı qəbul etmir. Yəni, Türkmənistanda özün də rəiyyətsən, adın da rəiyyətdir. Azərbaycanda isə özün rəiyyətsən, adınsa vətəndaş.
Beləliklə, beş “stan”ın rəiyyətləri Aşqabada yığışıb ifadə azadlığından danışır. Bir-iki qonşu ölkənin rəiyyətlərindən də qonaq-qara çağırıblar. Naharda bizə ağ alaçıqda, qara alaçıqda yumşaq qoyun əti və kisel verirlər. Türkmən Prezidenti, şanlı oğuz elinin xanı bizi öz at ilxısına, axaltəkələrə baxmağa dəvət edir. Sadəcə bir problem var — onsuz da dial-up sürətində olan İnternetdə Facebook, Twitter, Youtube bloklanıb.
Tədbirin ikinci günü dözmədim, yüksək türkmən rəsmisinin çıxışı zamanı sadəlövh bir sual verdim – niyə Facebook, Twitter, Youtube bloklanıb? Hansı əsasla, hansı səbəblə, hansı prosedurla? Niyə bloklandığı istifadəçilərə bildirilmir, əvəzində 404 verir, güya belə saytlar mövcud deyil?
Pah! Aşqabadda böyük bir fırtına qalxdı, özü də stəkanda. Yerli koloriti nəzərə alsaq, masqurada. Mən də oldum qəhrəman, yəni masquranı qarışdıran qaşıq. Hətta Azadlıq radiosunun Orta Asiya xidmətləri bu barədə ətraflı yazdı, türkmən hökumətini sərt tənqid etdi. Axşam təntənəli banketdə Azərbaycan səfirindən Avropa Birliyinin nümayəndəsinə kimi az qala bütün diplomatik korpus mənimlə hal-əhval tutdu. Gecənin bir aləmi türkmən dissidentlər yerin hansısa deşiyindən çıxıb mənimlə görüşə gəldilər. (Sonra da məndən küsdülər, amma bu, başqa yazının mövzusudur.)
Bu əhvalatı niyə xatırladım, deyim. O konfransda bir rus xanım professor da iştirak edirdi. Rusiya liberal intelligensiyasınını tipik nümayəndəsi. Gertsenin, Belinskinin, Pasternakın, Orlovun, Alekseyevanın layiqli davamçısı. Konfransın sonuna yaxın mənə yaxınlaşıb dedi: “Əgər sən o sualı verməsəydin, bütün bu ikigünlük tədbirin heç bir mənası olmazdı. Deməli, biz nahaq yerə gəlmiş olardıq.” O zaman bunu niyə dediyini anlamadım, sözün düzü.
Üstündən bir müddət keçdi, yenə başqa bir konfransda həmin professorla rastlaşdıq. Yanında bir rəfiqəsi də var idi. Rəfiqəsi konfransın yoruculuğundan şikayət edirdi. Yenə də post-sovet rəiyyətləri yığışıb mətbuatlarının uğurlarından məruzə edirdilər. Rəfiqəsi ötəri dedi ki, bilsəydim heç gəlməzdim, nahaq yerə vaxt itirdim. Bu zaman xanım professor cavab verdi: “Sən tələsmə, hələ gözlə. Azərbaycan indi hamıya göstərəcək əsl vətəndaş cəmiyyəti necə olmalıdır”.
İnsafən, bizim deleqasiya da pis deyildi. Emin Hüseynov yenə bir çemodan bukletlə gəlmişdi, Gülnarə Axundova MacBook-unu açıb oturmuşdu, Rəşid Hacılı öz iti hüquqi arqumentləri, Mehman Əliyev də siyasi vicdanını özü ilə gətirmişdi. Ağır toplardan Xədicə İsmayıl ön sıralarda idi. Azərbaycan müzakirə edilən sessiyada balaca bir skandal qopdu, vətəndaş cəmiyyəti hökumət nümayəndələrini möhkəmcə sıxdı. Bizdən sonra gürcülər də bir az cəsarətlənib öz hökumətlərini sorğu-suala çəkdilər (Saakaşvili gethagetdə idi, amma gürcü cəmiyyətindən xof hələ tam çıxmamışdı).
Sessiyadan sonra xanım professor dedi: “Gördünüz, mən axı dedim, Azərbaycan indi hamıya göstərəcək əsl vətəndaş cəmiyyəti necə olmalıdır”.
Sizi bilmirəm, amma mənim nəzərimdə şəkərbura-paxlava, muğam-meyxana, Nizami-Füzuli ilə fəxr etmək mənasızdır. Bizim şəkərburamız var, fransızların ekleri; bizim Füzulimiz var, almanların Götesi; bizim muğamımız var, italyanların operası. Gürcülərin xaçapurisinə, Borjomisinə yox, Merab Mamardaşvilisinə paxıllıq etmək lazımdır. Rəiyyətin dünya qarşısında şəkərbura-paxlava ilə fəxr etməsindən kədərli heç nə yoxdur əslində. Bir xalqı tərif edən, onu fərqləndirən, onun qürur mənbəyi olan cəhət yalnız o xalqın nümayəndələrinin azadlıq, açıq fikir, proqress uğrunda necə mübarizə aparması ola bilər.
Azərbaycanın vətəndaş cəmiyyəti də belə bir fəxr yerimiz idi. Düzdür, indi bizim vətəndaş cəmiyyətini tənqid etmək, günahlandırmaq, təsirsizlikdə, impotentlikdə ittiham etmək dəbdədir, amma yıxılana balta çalan çox olar. Biz də bilirik ki, bu sektorda əliəyrilər də olub, macərapərəstlər də. Azərbaycanda hər sahədə, hər sektorda olduğu kimi. Amma bu vətəndaş cəmiyyəti bizə sanki Allahın bir lütfü idi, pis ya yaxşı cəhətlərinə baxmayaraq. Yadınıza salın, elə ölkələr var ki, orada sadəlövh bir sual vermək də qəhrəmanlıqdır, kımıs ilə dolu masqurada fırtına kimi. Azərbaycan kimi çətin, əndrabadi bir ölkədə bu fəaliyyətlə məşğul olmaq necə cəsarət və necə proqressiv vizyon tələb edirdi. Özünüz gördünüz, hökumət bir dəfə istəməklə bütün müstəqil vətəndaş cəmiyyətini məhv elədi. Vətəndaşlar isə laqeyd, bivec bir münasibətlə heç maraqlanmadılar da.
Türkmənistanda səhrada kondisionerli avtobus dayanacağı.
Bu inkişafı necə görməmək olar? (Foto: Ə. Novruzov)
Əslində bizim “vətəndaşla” türkmən “rəiyyəti”, özbək “füqərası” arasında o qədər də fərq olmadığı çoxdan aydın idi. Sadəcə bizim “vətəndaşın” üzünü həmişə ağ edən, onu türkmən “rəiyyətindən” fərqləndirən bir səbəb də (səbəblərdən biri) bizim fəal vətəndaş cəmiyyətimiz idi. Yoxsa vətəndaşı hələ də mənəvi olaraq Orta Asiya standartı ilə yaşayan bir ölkənin Şərqi Avropa səviyyəsində vətəndaş cəmiyyəti məntiqlə ola bilməzdi axı. Və hadisələr öz məntiqi sonluğuna çatdı. Bu gün Azərbaycanda vətəndaş cəmiyyəti artıq yoxdur. İndi onun yerində olan bir karikatura, travestidir. Adlar çəkməyəcəm, balaca ölkəyik, hamısını özünüz tanıyırsınız.
Bugünlərdə iki tədbir diqqətimi çəkdi — bundan sonra baş verəcək proseslərin simptomları olduğu üçün. Biri Konrad Adenaur fondunun təşkil etdiyi “Azərbaycan-Gürcüstan-Türkiyə üçbucağı” konfransı idi — bu tədbirdə Azərbaycanı istisnasız olaraq ancaq hökumət və hökumətyönlü adamlar təmsil edirdi. Heç imitasiyaya ehtiyac da görməmişdilər.
İkinci tədbir isə Batumidə keçirilən qalmaqallı Şərq Tərəfdaşlığı ölkələrinin Vətəndaş Cəmiyyəti Forumu. Çex təşkilatı “People in Need” həmin tədbirdə Azərbaycanda insan hüquqlarının pozulması ilə bağlı stend təşkil etmək istəyib, bizim “müstəqil” qhtçilər hökumət nümayəndələrini qabaqlayaraq hamıdan əvvəl özləri skandal salıb, tədbiri az qala pozub, sonra da boykot edib. Deyirlər ki, ortada bir milli qürur söhbəti var, ona görə. Yeni Müsavat hətta çex təşkilatını “ermənipərəst” adlandırıb. Yəqin yadlarından çıxıb ki, əlavə etsinlər — o təşkilat həm də LGBT və ateist dərnəyidir. Beləliklə, ermənilər, geylər və allahsızlar növbəti dəfə ölkəmizin şərəfli adına ləkə salmağa çalışıb.
Bilirsiniz niyə belə olur? Əvvəllər belə məsələlərə çexlər, “daniyalılar və sair şvedlər-mvedlər” qarışmazdılar. Həmin tənqidi materialları, məs., Emin Hüseynov aparardı, bir çemodan, həmin tənqidi çıxışları da indi həbsdə olan başqa vətəndaş fəalları səsləndirərdi. Necə ki, həm ölkə daxilində bu tənqidləri, fəallığı göstərirdilər, eləcə də ölkə xaricində. İndi az qala bütün yerli tənqidçiləri susdurublar. Pisdir, yaxşıdır, bu barədə öz subyektiv rəyimi bildirməyim. Amma özünü tənqid etməyənləri həmişə başqaları daha sərt tənqid edir — bu da acı həqiqətdir.
Əgər XIX-XX əsrlərdə Axundov, Zərdabi, Mirzə Cəlil azərbaycanlıları amansız tənqid etməsəydi, kim bilir, bəlkə indi hansı əcnəbi soyadlı müəlliflərin azərbaycanlılar haqqında tənqidləri kitab şkaflarında yer tuturdu, gözlərimizi çıxarırdı? İndi də, əgər özümüzü tənqid edə bilmiriksə, “daniyalılar və sair şvedlər-mvedlər” bizi tənqid edəcək. Dostcasına, ya düşməncəsinə, burasını da bilmək olmaz. Əgər əvvəl Azərbaycan hamıya göstərirdisə ki, əsl vətəndaş cəmiyyəti necə olur, indi artıq Azərbaycana göstərəcəklər, özü də həmişə doğru iradları yox. Təkcə dostlar yox, həm də düşmənlər. Biz isə qırmızı sifət alıb optimist məruzələr edəcəyik, bezgin və içlərində bizə gülən auditoriyalar qarşısında.
O ki qaldı milli qürur məsələsinə, şəkərbura-paxlava ilə fəxr edən rəiyyətin bu məsələdə canfəşanlığı çox ürəkağrıdan görüntüdür. İstər Bakıda olsun, istər Batumidə. Necə ki, Markiz de Küstin deyirdi: “Milli qürur, mənim fikrimcə, yalnız azad xalqlara yaraşır”. Biz də əlavə edək, azad xalqlara yaraşır, rəiyyətə yox.
Mənbə: alinovruzov.com
Əli Novruzov
Kultura.az