post-title

«Oğuz qardaşım 'Çornajopaya Çurka'»

Xaricdə yaşadığım müddətdə çox şey öyrənmişəm və onlardan biri də: nədən qaçırsan qaç, "mən"dən və "Azərbaycanlı"dan heç vaxt qaça bilmirsən. Onlar sənin ya dostların, ya da düşmənlərindir.

 
 
"Biz Azərbaycanlılar və Suriyalıların başqaları ilə (Avropalılarla) eyni evi bölüşməsinə üstünlük vermirik."
 
"Biz Azərbaycanlı istəmirik. Sağ ol."
 
Gərək bunları heç kim yalnış anlamasın və İstanbulda Erasmus semestrini oxumaq üçün yaşamağa ev axtardığım zaman aldığım bu mesajlar bütün Türkiyəyə aid deyil, amma tendensiya var. Əvvəla bunu yazan adam bir nəfərdi, ünvanı da bir nəfər, yəni mən. Ev axtarışında təxminən yüzə yaxın evə internetdən məktub yazdım. Sonunda bircə ev mənə otaq verməyə razılaşdı. Onu da Almanam deyə aldatmışdım və tanışlıq görüşümüzdə məyus olmasına baxmayaraq imtina edə bilmədi. Hərçənd bərəlmiş gözlə ifadə etdiyi ilk cümləsi "bəs sən Alman deyilsən axı, bilirsən, mən problem istəmirəm" idi. Məsələnin mənbəyi əslində qınayanda yox, qınanılandadır - yəni Azərbaycan(lı)da. Bu yazı da həmin mənbə haqqındadır.
 
Erkin Qədirli bir dəfə ölkənin simasının vacibliyindən danışmışdı. O, bu məsələdə çox haqlıdır. Bilmirəm sizdə olubmu, ya yox, mən hava limanlarında qeydiyyatlardan keçəndə həmişə sərnişinlərin pasportlarına fikir verirəm və pasportun rənginə və ölkənin adına görə həmin adamlara münasibətim fərqli olur. Mən də aldığım mesajları göndərənlər kimi düşünürəm, onlardan fərqli deyiləm, amma dəqiq bilirəm ki, bu, bir insanı tanımadan ona qarşı edilən səhv yanaşmadır. Bunu anlamaq üçün, eyni cür çətinlikləri yaşamaq şərt deyil.
 
Erkin Qədirli ölkə simasını siyasi motivasiya ilə əlaqələndirir. Mən də təxminən elə düşünürəm, amma başqa müstəvidə - məsələn, hakimiyyəti...yox, daha hərfi tərcümə edəcəm: güc xalqdan gəlir. Hər halda böyük əksəriyyətin "siyasət" sözünə allergiyası üzündən bunu "mən"lə anlatmaq istəyirəm. "Mən", ömrümüz boyu qaça bilmədiyimiz, onunla uğraşmalı olduğumuz yeganə obyektdir. Bir ölkə milyonlarla "mən"dən ibarətdir. Demək onlar təkcə öz daxillərində inqilab etməklə böyük bir ölkəni dəyişə bilərlər və heç bir şəxsiyyətdən ölkənin simasını və həyat fəaliyyətini dəyişmək üçün xarici inqilaba gərək yoxdur.
 
"Mən" bu gün, bu dəqiqə "Azərbaycanlı" olaraq kiməm? Aldığım mesajlar məni bir neçə sual verməyə məcbur etdi. Məsələn, "mən"ə Rusiyada niyə "черножопый" (qaragöt) və "чурка" (mərkəzi Asiyadan və Qafqazdan gələn, səviyyəsiz, mədəniyyətsiz bir şəxs) adlandırırlar və Türkiyədə "oğuz qardaşım" adlandırılmağımıza baxmayaraq niyə qəbul etməkdə çətinlik çəkirlər?
 
Yuxarıda qeyd etdiyim kimi hava limanında mən pasportlara baxıb ölkələrin tanıdığım ümumi mənzərəsinə və tendensiyalarına görə onların vətəndaşlarını qruplaşdırıram, onların obrazlarını yaradıram. Daha doğrusu, təcrübə və dünya görüşüm çərçivəsində həmin individlərə qarşı məndən asılı olmayan müəyyən gözlənti yaranır. Onların davranışında, xüsusiyyətlərində və s. Gözlənti isə insan davranışı üçün yaranan motivasiyada ən təhlükəli və əksər hallarda məyusedici amillərdən biridir. Ətraf mühiti yalnış anlamamaq üçün ona qarşı gözləntinin azaldılması və daxili tələbin/gözləntinin artırılması (hamı dahi ola bilmir, amma daxili tələb nisbəti uyğun gələrsə hamının təxminən eyni potensialı var) haqqında həmişə düşünmək lazımdır. Təbii ki, bunu etmək öhdəliyini heç kim üzərinə götürməyib. Ona görə də ümumi kütlədə insanlar adlandırıldıqları kimi adlandırılırlar, çünki, insana münasibət, hər şeydən əvvəl onun özünün özünə qarşı davranışından qaynaqlanır.
 
"Təcrübə və dünya görüşüm çərçivəsində başqalarına qarşı yaranan gözlənti" qeyd edilməsi çox vacib olan məsələdir. İnsanlar Azərbaycan haqqında oxuyanda, filmlərə, videolara, xəbərlərə baxanda aldıqları məlumat çərçivəsində onların təsəvvüründə "Azərbaycanlı" obrazı yaranır. Onlar bu obrazı bütün həyatları boyu özləri ilə daşıyırlar. Bu obraz, həmin obyektə, "Azərbaycanlı" daşıyıcısına qarşı davranışın motivasiyası üçün əsasdır. Azərbaycanlı ilə rastlaşanda onu həmin an topladığı məlumatlar çərçivəsindəki bir qrupa aid edir. Təəssüf ki, əksər hallarda bu müsbət təəssürat yaradan qrup deyil. Yuxarıdakı mesajdakı kimi, bir nəfər də hazırda müharibəli, dava-dalaşlı, qanlı, terroristli və s. kimi Suriya olan qrupa aid edir. Diplomatlar arasında olan münasibət tam başqa, sıravi vətəndaşlar arasında olan münasibət isə bir başqa müstəvidir. Azərbaycan kimi ölkə ilə diplomatik münasibət, xalqla münasibət demək deyil, çünki, belə ölkələrdə xalq, siyasətin təyinatında vacib, yaxud həlledici amil deyil. "Siyasət"ə görə üzrlər.
 
Hamımız bilirik ki, mənim həmyaşıdlarımın yaşadıqları çətinliklərdən və qeyri-konstruktivlikdən qaynaqlanan həm də savadsızlıq və cavabdehsizlik bu gün yaşadığı(n)ız ölkəni çox müxtəlif sahələrində (təhsil, iqtisadiyyat, mədəniyyət, idarəetmə, siyasət, din, hərb, və s.) çökdürüb və digər xalqlar arasında "Azərbaycanlı" obrazı (onun təhsili, iqtisadiyyatı, mədəniyyəti, idarəetməsi, siyasəti, dini, və s.) haqqında mənfi gözləntilər yaradıb. Xüsusilə məndən əvvəlki (yaşlı) nəsil düşünə bilər ki, mənim iddiam "sizin etdiklərinizə və etmədiklərinizə görə biz əziyyət çəkirik" kimi (əslində əsaslı bir) bəyanatdır. Söhbət təkcə məndən getmir. Yəni mən "sizə" görə bu gün İstanbulda yaxud ümumilikdə dünyada çətinlik çəkirəm məsələsi deyil bu. Yaşa dolduqca adamda növbəti nəsillər qarşısında cavabdehlik hissi yaranır. Onlara cavab verməli olur. "Siz mənə nə yaxşılıq etmisiniz?" sualını cavablandırmaq asan iş deyil. Oğulun ataya qarşı irəli sürəcək əksər hallarda ağıla sığmayan məhvedici bir ittihamdır. Çox adam bir şeyi səhv anlayır, yaxud dərk etmir: ata (metafor - yaşlı nəsil) əgər təkcə azadlıq (imkan və sərhədsiz məkan) verirsə, bu artıq çox böyük yatırımdır. Çox adam gözləyə bilər ki, ona "nəyin necə edilməsi" öyrədilsin, amma fikir verməyə bilər ki, ümumiyyətlə həmin "nə"yin təyin edilməsi çox vacibdir. Bizdə "Nə etməli?" sualı var...bir ara inanırdım ki, bu doğru sualdır. Əslində bu çox vacib sualdır, amma bu sualın verilməsi tam müsbət hal deyilmiş, səhv etmişəm. "Nə" artıq təyin edilməli idi. Bizim sualımız "Necə etməli?" olmalı idi. Çünki, müstəqillikdən ("Azərbaycanlı"lığın rəsmiləşməsindən) 23 il, müharibənin dondurulmasından isə 20 il keçir. Demək yuxarıda bəhs edilən nəsillərarası münasibətdə yarana biləcək ittiham doğru ola bilər.
 
"Mən" "Azərbaycanlı"nın formalaşmasında təhsilin çox böyük rolu var. Neft Akademiyasında oxuduğum zaman bir müəllimə bizi o qədər alçaltmışdı ki, onun bir misalı ilə "Azərbaycanlı" obrazını alnıma həkk etdim və faciə də orasındadır ki, biz hamımız bununla razılaşmağa davam etdik. Buyurun bu misal: 
 
"Sovetlər dövründə bizim dərslərdə müxtəlif millətlərdən tələbələr olurdu. Xüsusilə sizinçün demək istəyirəm ki, Azərbaycanlı tələbələrin valideynləri müəllimlərə 'hədiyyələr' təklif edirdilər ki, onların uşaqlarını 'əziyyətə salmayaq', işlərini asanlaşdıraq, imtahanlardan asan keçsinlər. Erməni valideynlər heç vaxt heç nə təklif etməzdilər, özləri uşaqların təhsilinə nəzarət edərdilər. Yəhudi valideynlər isə, müəllimlərə 'hədiyyələr' təklif edərdilər ki, biz müəllimlər onların uşaqlarını məcbur edib oxudaq."
 
Belə hallarda "əşi bura Azərbaycandı" demək terrorizm və soyqırımdır. "Mən fəxr edirəm ki, mən Azərbaycanlıyam" qürurunun arxasında əsas olmalıdı, amma bu gün, bu dəqiqə həmin bəyanat xaricdən müşahidə ediləndə əksər hallarda təxminən belə səslənir: "mən fəxr edirəm ki, mən 'çornajopaya çurka'yam". 
 
İndi, "mən"ə "çornajopaya çurka" adı verilməsində və Azərbaycanlı olduğuma görə imtina edilməyimdə kimdir günahkar və cavabdeh - "siyasət", mənimlə belə davrananlar, yoxsa "mən" "Azərbaycanlı"? Məncə bu gün günahkar ən sonuncudur.
 
("Siyasətə" görə yenə üzrlər. Gəlin ondan danışmayaq daha, "mən"dən danışaq).
 
Vazeh Mustafa
 
Yuxarı