post-title

Viktoriya Tokareva: Öz həqiqətin (III)

"Marina Bakıda doğulubdur, türk şivəsi, mədəniyyəti, yeməyi onun içinə hopmuşdu. O, bu sadəlövh gözəl xalqı sevirdi. O, Azərbaycan abu-havasından qidalanmış, özü də cüzi ləhçə ilə danışırdı. Bu ləhçədən əl də çəkmirdi, əksinə, onu bəsləyirdi. Rus ruhunu da — blinləri, mahnıları, sifətləri də sevirdi..."

 
 
(POVEST)
 
...davamı
 
Ananın xəstəliyi uzun çəkdi. Bir il. İkinci il. Nə etməli? Yaşlı qadındır...
Onun çıxıb getməsinə Marina yavaş-yavaş alışdı. Heçnə olmaz. Qayıdır gəlir ki...
Rüstəm həftədə iki dəfə gələrdi: bazar ertəsi və cümə axşamı. İki xidməti gün. Qalan günləri isə anasıyla keçirirdi. Bu rejim oturuşmuşdu. Bunun öz üstünlükləri də vardı. Uşaqlara daha çox vaxtı qalırdı.
Saşa, mart pişiyi kimi elə hey hardasa veyillənirdi. Evə ancaq yemək yeməyə gəlirdi. Əvvəl Marina narahat olurdu, sonra vəziyyətlə barışdı. Oğlanlar böyüyür, quşlar təki uçub yuvadan gedirlər.
Snejananın on üç yaşı var idi, yeniyetmə idi. Məktəb. Volodka, qanuni ata, uşaqlarla maraqlanmırdı. Öz erməni qadınıyla birlikdə hardasa İrkutskda yaşayırdı. Orda da iki uşağı vardı.
Marina başa düşmürdü: adam öz ciyar parasına, həm də belə gözəl və keyfiyyətli doğma qızına necə laqeyd ola bilər? Başqaları ona heyrət edirdi, özününkünün isə vecinə deyildi. Müsəlmanlar belə eləməz. Cənub xalqlar evladsevər xalqlardı. Kaş Rüstəmə doğardı. Amma  deyərlər, “kaş”ları əkdilər, bitmədi...
Snejana küncdə oturub məktəb bayramına Yeseninin “Hoy, qutsal Rusiyam mənim...” şeirini əzbərləyirdi.
Soruşdu:
“Hoy” nə deməkdir?
Marina izah etdi:
“Ehey” deməkdir.
Onda niyə “hoy”?
 
Marina fikrə getdi. Rusiyada yaşasaydılar, belə sual yaranmazdı. Köksünü ötürdü, amma ağrı-acısız. Marina Bakıda doğulubdur, türk şivəsi, mədəniyyəti, yeməyi onun içinə hopmuşdu. O, bu sadəlövh gözəl xalqı sevirdi. O, Azərbaycan abu-havasından qidalanmış, özü də cüzi ləhçə ilə danışırdı. Bu ləhçədən əl də çəkmirdi, əksinə, onu bəsləyirdi. Rus ruhunu da — blinləri, mahnıları, sifətləri də sevirdi...
Marina əsl beynəlmiləlçi idi. Onunçün yaxşı və pis insan vardı. Milliyyətin isə nə fərqi...
 
Bir gün Rüstəm Moskvaya gedir, iş məzuniyyətinə. Deyir: ixtisas artırmağa gedir. Rüstəmin vəzifəsi böyüyürdü, artıq o, polkovnik rütbəsində idi.
Moskvadan zəng edib üç gündən sonra, çərşənbə axşamı gələcəyini xəbər verdi. Marina sevinclə telefon dəstəyinə:
Nə bişirim: kələm dolması yoxsa şorba? — qışqırdı.
Rüstəm düşünmədən cavab verdi:
İkisini də.
Marina Rüstəmin ac olduğunu, yemək istədiyini anladı. Yazıq Rüstəm, yad, biganə adamların arasında hardasa gəzir. O isə sevgi və pərəstiş edilməyə alışıbdır. Anası, Marina, uşaqları, qardaşı Camal onu həddindən çox sevirdilər. O, sevgi içində üzürdü, sevgisiz isə üşüyüb donurdu. Sevgisiz qanı dayanırdı.
Marina qışqırdı:
Özün necəsən oralarda?
Rüstəm qışqırdı:
İxtisas artırmadı.
Telefon şıqqıldayıb kəsildi.
Axşam narahat halda Camal zəng etdi. Onlar Marinayla tanış idi, demək olar, dost idilər. Camalın arvadıyla Marina danışmazdı. Görürdü ki, o, bunu ikinci sort sayır. Cələb saymasa da, cələbə yaxın bir şey sayırdı.
Camal soruşdu:
Rüstəm zəng etmişdi?
Marina iltifatla xəbər verdi:
Hə. Çərşənbə axşamı gələcək.
Bəs uşaq?
Marina anlamadı:
Hansı uşaq?
Camal sorğu-sualını davam etdi:
Əməliyyata saxlayırlar ya yox? Professor nə dedi?
Marina heçnə anlamırdı:
Hansı professor?
Camal susdu. Dəstəyi arvadı götürdü. Dəqiq soruşdu:
Uşağı əməliyyata saxlayırlar yoxsa imtina etdilər?
Marina təkrarladı:
Hansı uşağı?
Bəs sən heçnə bilmirsən?
Nəyi bilməliyəm?
Qardaşının arvadı biraz susdu, sonra:
Yaxşı. Özünüz həll eləyin, — deyib dəstəyi asdı.
Telefonun yanında Marinanın ayaqları qatlandı... Ağzı qurudu. Fikrini cəmləşdirməyə çalışdı. Deməli: Rüstəm hansısa bir uşaqla Moskvaya gedib. İxtisas artırmağa yox, onu professora göstərmək üçün gedib. Əməliyyat lazımdır. Demək, uşaq xəstədir. Kimin uşağıdır? Camalın? Onda Camal elə özü gedərdi. Demək, bu — Rüstəmin uşağıdır. O, evlənib, uşağı da xəstə doğulub.
Marina məktəbin qapısında Rüstəmin ağlamasını yadına saldı. Elə o vaxt evlənib. O vaxtdan da gecələməyə evinə getməyə başladı.
Hər şey zəncirvari ard-arda düzüldü. Yalanın üstü açıldı.
 
Rüstəm qayıtdı. Söz verdiyi kimi, çərşənbə axşamı gəlib çıxdı. Onu kələm dolması və şorba gözləyirdi.
Rüstəm yeyir, yedikcə də dodaqları yağdan parıldayır, damcılar çənəsinə axırdı.
Marina onun iştahını qaçırmaq istəmirdi, amma boşqabı kənara itələyib arxaya çəkiləndə soruşdu:
Professor nə dedi? Əməliyyatı boynuna götürdü ya yox?
Rüstəm mavi gözlərini Marinaya dikib məsum-məsum baxırdı.
Marina onun dürüst mavi gözlərinin içinə:
Evlisən, bir uşağın da var.
Kim dedi?
Camal.
Sən də ona qulaq asırsan?
Həm də necə...
Yalan deyir hər şeyi. Mənə paxıllıq edir. O, arvadını sevmir, sadəcə qorxur. Heçkəsə qulaq asma.
Rüstəmin sifəti sakit, aydın idi, yalançılarda belə olmur. Yalan — görünür, qığılcım kimi gözlərin dərinliklərində gizlənir, dodaqlardan süzülür. Marina şübhəyə düşür: yalan deyən hansıdır — Rüstəm ya Camal? Soruşmaq, onları üzləşdirmək olar. Lap onun evinə getmək də olar. Deyək, arvadını və oğlunu görəcəkdir. Sonra nə? Marina deyəcək: aldatdın məni. Lakin aldadırdımı? Evlənməyinə söz vermişdimi? O, yalnız sevirdi. İndi də sevir. Xəstə uşağı qoyub bura, onun yanına gəlibdir. Qadına olan sevgi mərhəmətdən güclüdür. Rüstəm məşuq idi, məşuq da qalıbdır. Bununla belə, Marinanın anası haqlı çıxdı: onlar özününkülərlə evlənir.
Bircə mənə qulaq as, başqa heç kəsə! — Rüstəm əmr edib masanın arxasından çıxdı. — Hamı paxıllıq edir. Heç kəsin də belə sevgisi yoxdu...
İçqırıb duşa getdi.
Marina çarpayıda yer salır, əllərinin hərəkətləri isə yavaşlanmışdı. Əlləri artıq inanmırdı. Bu — yaxşı  əlamət deyil.
Sonra uzandılar. Rüstəmdən əvvəlkitək çiyələk ətri yox, yediyinin qoxusu gəlirdi. Ətlə soğan qoxurdu. Nəfəsi qadının düz üzünə vururdu. Marina dözməyib dilləndi:
Get ağzını yaxala.
Rüstəm ağır-ağır enib neandertal adam kimi çılpaq getdi. Adam ona baxmağa utanırdı. Bu da yaxşı əlamət deyil.
 
Birinci Saşa çıxıb getdi. O, Azərbaycanlı tərəvəz alverçilərinə qoşulub Moskvaya yollandı. Moskva bazarında alver edirdi. Azərbaycanlılar onu özlərinki hesab edirdi. Ləhçəsi doğma idi.
Elə oradaca sarısaç bir qızla tanış oldu, Marina da tezliklə toy şəkilləri aldı. Fotoşəkillərdə Saşa, gənc gəlinin barmağına nişan üzüyü taxırdı.
Gəlin gözəgəlimli deyildi, xırda gözlü, sərçəburun idi. Marina öz Saşasına belə arvad arzulamırdı. Özü bilər...
Marina ağlayıb-ağlayıb bütün ümüdlərini Snejanaya bağladı. Qız uşağı anaya daha yaxındır.
Snejana məktəbi bitirirdi. Sinif yoldaşı Maqsud Hüseynov ona vurulmuşdu. Maqsudun atası nazir idi.
Marina şirin xəyallar içində idi. Qızı varlı, nüfuzlu evə gəlin gedəcək.  Marinanın statusu da birdən-birə qalxacaq. O — ibtidai sinif müəlliməsi, boşanmış  qadın, rus cələbi olmayacaq. O — Hüseynovların qudası olacaq, onların ortaq nəvələri olacaq. Hüseynovların pulu uşaqlara da, nəvələrə də, üstəlik gələcəkdəki dörd nəsilə də bəsdir. Əlavə məşqlərdən imtina etmək, hətta məktəbi atmaq da olar. O, Rüstəmin valideynləri — general və aktrisanın fırlandığı çevrədə görünəcək, onlarla rahatca  salamlaşacaq.
Ancaq dəhşətli hadisə baş verdi. Snejana qonşu həyətdən Oleq adlı bir tatar oğlana aşiq oldu. Oleq — ailənin ilkidir, on qardaş-bacısı var. On ac-yalavac tatar balası bütün günü həyətdə sürünür, tırtıl yeyirdilər.
Bu necə baş verdi? Bunu Marina necə gözdən qaçırdı? Qonşulardan eşitdi. Sən demə, həmin bu Oleq hər gün qızını yola salır, hər gün də onlar ön qapıda dayanıb mırt vururlar. Anası cələbdi, qızı da özünə oxşayıb...
Marina anladı, üzülməyə vaxtı yoxdu. Snejananı dərhal olduğu mühitdən qoparıb Oleqdən uzağa göndərmək lazımdır. Moskvaya. Saşanın ailəsinə. Saşa ona tibb texnikumu tapıbdır. Həkim olmaz, tibb bacısı olar. Yenə də pis deyil.
Sənədləri göndərdilər. Qəbul imtahanlarına dəvət gəldi.
Moskvaya uçmaq lazım idi.
Marina qızını yola salmağa getdi. Təyyarə  gecikirdi. Bufetə girdilər. Qızını əzizləmək üçün Marina Snejanaya pirojna aldı. Yad qızın yanında qızı necə olacaq? Ağrıdan ürəyi dayanırdı. Snejana ağzı yumulu çeynəyirdi. Onun ağzı balaca və pişik ağzıtək incədir. Gözləri böyük, yumru, narahat baxışlıdır. Bu üzü, bu uşaq əllərini Marina necə də sevirdi. Ancaq qızına olan sevgisi qəlbinin dərinliklərində gizlədilmişdi, çölə isə zəhərli tüstütək kobudluq çıxırdı. Eynən öz anasındakı kimi. Yaşlandıqca Marina sifətdən də, xasiyyətdən də anasına daha çox bənzəyirdi. Öz məqsədinə çatmaq üçün vəhşi öküz kimi hər şeyi yarıb keçməyi bacarırdı.
Marina:
Moskvaya getdiyini Maqsud bilir?
Snejana:
Əşi, rədd olsun...
Deməli belə. Hər şey aydındır. Statusu yerində qalacaq, hətta enəcək də. Hüseynovların pulu başqalarına xidmət edəcək.
Bəs o...  — Marina, “Oleq” adını tələffüz belə etmək istəmədi. — O bilir?
Snejana:
 Yazacağam ona. — Ətraflı danışmaq istəmədi.
Marina nəzakətlə:
Xahiş edirəm, de,  səni zibilxanaya çəkən nədir?
 Onu sevirəm. Sənin o Maqsudundan isə zəhləm gedir. Onun barmaqları elə bil donuz sardelkalarıdır.
Barmaqların bura nə dəxli var?
Bəs nəyin dəxli var?
Marina hecalayaraq:
Perspektivlər. Sənin bu kəndçi tatarının nə perspektivi var? Süpürgə? Görəsən,  sizdən olan uşaqlar nə olacaq?
Snejana gözlərini qırpdı, çay fincanına iki göz yaşı düşdü.
Marina köynəyinin düyməsini açdı. Havası çatmırdı:
Bacarmıram...
Cəmilə adlı ofisiant qız yaxınlaşdı, Marinanın keçmiş şagirdi idi. Şəhər, onun şagirdləri ilə dolu idi. Qızlar, bir qayda olaraq, ali təhsil almağa can atmırdılar.
Cəmilə salamlaşdı:
Salam, Marina İvanovna. Xəbər verdilər – reys yenə gecikir. Eşitmisiniz?
Snejana şəfqətlə təklif etdi:
Sən qayıt. Özüm minib gedəcəm.
Marina çaşqın-çaşqın Cəmiləyə baxdı.
Gedin, gedin... Mən ondan muğayət olaram.
— Balaca uşağam ki, mənə baxsınlar? — Snejana çiynini çəkdi.
Marina anladı ki, qızıyla ciddi söhbət alınmayacaq. Qəlbləri bir-birinə həddindən artıq yaxındır. Snejana bu sıxlığa dözə bilmir. Marina  incitməyini bitirib getsə, qız da bir qədər sakitləşər.
Marına çıxıb getdi. O, avtobusda yol gedir və səssiz-səssiz ağlayırdı. Yanaqlarından axan göz yaşlarını götürürdü. Günlər necə də ləng keçirdi. On yeddi il isə bir andaca uçub yox oldu. İndi də, bax, Snejana gedir. Elə yaxşı ki, gedir. İlk məhəbbətin ömrü qısa olar. Gözdən uzaq, könüldən iraq.
Yarım saatdan sonra Marina mənzilinə girən kimi zəng çalındı. Cəmilə idi. Xəbər verdi ki, Snejana təyyarəni gözləmədi. Qızın dalınca uzunboylu qaraşın bir oğlan gəldi və  harasa birlikdə yoxa çıxdılar. Minişdə də Snejana yox idi.
Özünü-sözünü itirmiş halda Marina:
Bəs bilet?
Cəmilə:
— Hə də... — Bundan başqa nə əlavə edə bilərdi?
Bilet batdı. Snejana Oleqlə qaçdı.
Marinanın sifəti odtək yanırdı, elə bil sifətinə qapı çırpmışdılar. O, dəqiqəbaşı “hə də...” deyirdi.
Anası sevgi nədir, bilmirdi, Marinanı da başa düşmürdü. Marina isə sevgi-ehtirasın nə olduğunu bilir, ancaq yenə də qızını anlamır. Bu nədir? Nəsillərin toqquşmasıdır? Yox. Snejana, tərbiyyəli, kitab oxuyan oğlanı, qızıl medalçı Maqsudu seçsəydi, heçbir nəsillər toqquşması da baş verməyəcəkdi.
Özü də iş pulda deyil. Məsələ ünsiyyətdədir. Ailənin abu-havasındadır. Digər tətəfdən, Rüstəm də heç filosof deyil. Bu isə onunla xoşbəxt idi. Hətta indi də, o yalandan sonra da xoşbəxtdir.
Marina mənzildə o yana-bu yana gedir, qaçmaq istəyir, amma hara qaçacağını bilmirdi. Lənətə gəlmiş o Oleqin harada yaşadığını bilmirdi. Marina, təsadüfən içəri uçub girmiş quştək çırpınıb özünü divarlara vururdu.
Rüstəm gəldi — həmişəki kimi aydın və ürəyiaçıq idi. Marina özünü Rüstəmin üstünə atdı. Rüstəm onu tutub qucaqladı, isitdi. Onun qucağında Marina sakitləşdi. Rüstəm filosofyana söylədi:
Nə olar — olar. On yeddi yaş nədir ki? Bu — sadəcə başlanğıcdır. Günəş şəfəqidir.
Şəfəqdən də qabaqdı. Günəşin ilk şüasıdır. Qoy Oleq olsun. Sonra başqası. Zorla qoparıb ayırmaq olmaz! Özü qopacaq.  Bircə uşağa qalmayaydı.
 
Çox keçmədi, ortaya uşaq məsələsi çıxdı. Snejana hamilə idi. Marina bunu yadlardan öyrəndi. Snejana nə zəng edir, nə də gözə dəyirdi. Görünür, qorxurdu.
Marina gözlərini yumub dua edirdi ki, uşaq dünyaya gəlməsin, bətndə ölsün. Tanrıdan belə şey istəmək günahdır, günah. Uşaq isə bərk-bərk Snejananı Oleqə bağlayacaq. Marina isə Snejananı geri qaytarmaq, yuyub-bəzəyib təmiz və işıqlı başqa həyata adlatmaq istəyirdi. Heminqueydəki kimi.
Snejana bir il yarımdan sonra əlində səkkiz aylıq uşaqla peyda oldu. Demək,  aeroportda o, artıq hamilə idi.
Snejana dilənçi cır-cındırları açdı, ordan soxulcan kimi nazik balaca qız çıxdı. Adı rus adıdır — Aleksandra, Alya. Körpə, Marinaya baxıb gülümsədi, elə bil tanıdı. Və bu dişsiz təbəssüm, bıçaq kimi düz ürəyə batdı. Marina da onu tanıdı. Doğma ruh kosmosdan uçub gəlmişdi.
Marina qızcığazı qucağına aldı və bir daha vermədi. Snejana geri istəmirdi də. O, Moskvaya getməyə, tibb texnikumunda oxumağa hazırlaşdı.
Anası haqlı çıxdı. İndi Snejana Marinanın dəlilləri ilə razılaşırdı. Oleq — həyatın dibidir. Orda yaşamaq qeyri-mümkündür. Orda heç it də yaşamaz.
Çexovun üç bacısı dediyi kimi — “Moskvaya, Moskvaya...”
 
 
Ardı var
 
Ruscadan çevirən: İlahə Ucaruh
 
Mənbə: Виктория Токарева “Своя правда”
 
Kultura.az
Yuxarı