Hələ təzə evlənmişdim, hardasa iki ay olardı. İki il də nişanlı qalmışdım. Türkan məndən altı yaş kiçik idi. Bir-birimizi dəli kimi sevir, nişanlı olduğumuz müddətdə işdən sonra hər günümüzü birlikdə keçirirdik. Gizli-gizli sevişirdik, hər dəfə sevişdikcə də düşünürdük ki, məhəbbətimizin pik nöqtəsinə çatmışıq. Ancaq, evləndikdən sonra elə bil, hər şey dəyişdi. Hər nə olmuşdusa, heç nə köhnəsi kimi deyildi. Davalarımız toydan cəmi bir həftə sonra başladı. Bunun səbəbini Türkan izah etməsə də, onu öz ata evindəki kimi nə yedizdirə, nə də geyindirə bilirdim.
İstəsəm dövlət işində də işləyə bilərəm. Özüm Arxeologiyanı oxumuşam. Hətta akademiyada bir müddət işləmişəm də. Sizcə nə kimi?! Məni qazıntılara aparırdılar, ancaq fəhləlik elətdirirdilər. Günə də 10 manat. Mən də işə tüpürüb oradan uzaqlaşdım. Elə gəlib supermarketdə işə düzəldim. Rahat iş gedirdi, maaşım pis deyildi. Amma işdən çıxarılmağıma görə Türkanın reaksiyasını bilmədiyimdən evə ilk dəfə çəkinərək getmişdim. Xəbəri dediyimdə Türkan belə demişdi:
– Sən başımıza nə oyunlar açırsan, ay Xəyal. Yaxşı bəs, indi nə edəcik? Hə denən, nə edəcik? – bunu deyib, qapını bərk çırpıb otağına qapandı.
Evdə bir butulka araq var idi, toydan qalmışdı. Soyuducudan arağı götürüb, başıma çəkməyə başladım. Quru-quru, heçnəsiz. Boğazımı yandırırdı, dadı məni birtəhər edirdi. İçdikdən sonra acdığımı hiss edib, soyducudan nə var idisə götürüb yedim. Sərxoş olub, hər şeyi unutmaq istəyirdim.
Elə içə-içə də masa arxasındaca yuxuya getmişdim. Türkandan əvvəl oyanmışdım və masanın üzərini yığışdırıb, əl-üzümü yuyub, çayı istilədib bir stəkan içdikdən sonra, iş axtarmaq üçün evdən çıxdım.
Səhər olduğu üçün hava hələ öz sərinliyini az da olsa qoruyub saxlamışdı. Günorta gəlməmiş, bir iş tapıb evə geri dönmək istəyirdim. Nə lazımdırsa, edə bilərdim. Dükan-dükan gəzdim, tikinti yerlərinə getdim, “satıcı axtarırlır” yazılan bütün qapıları döydüm, ancaq mənə ya dedilər ki, işçi tapılıb, ya da dedilər ki, qız işçi lazımdır. Kefsiz evə geri dönürdüm ki, gözümə çörək sexinin üstünə yazılan yazıya sataşdı: “Kündəçi axtarılır”. Heç tərəddüt etmədən, sexə daxil oldum. İçəridə üzləri-gözləri un olmuş qadınlar və kişilər durub gözləri ilə məni süzdülər. Başqa üstü təmiz, bığlı və keçəl kişi əlində dəftər mənə yaxınlaşdı:
– Buyurun, nə lazımdır? – ilk baxışdan anlamaq olurdu ki, bu sexi o işlədir.
– Gördüm kündəçi axtarırsınız, mən də iş axtarırdım.
– Hə? Lap yaxşı. Səhər tezdən axşama kimi işləyəcəksən, bəzən də gecə növbəsində işləyəcəksən. Bizim sexdən şəhərin xeyli yerinə çörək gedir. Bu səbəbdən çox işləməlisən – üzünü digərlərinə tutub – çox işləməliyik. – dedi.
– Mən razı, nə qədər maaş verirsiniz?
İrəliyə çıxmış qarnını sığallayaraq dedi:
– Hər kündə səkkiz qəpik. Yəni aylıq maaşın olmaycaq, etdiyin işə görə günlük və ya həftəlik pul veriləcək.
– Yaxşı, – deyib əlimi uzatdım. İşləri başa saldılar mənə. Ən əsası isə təmiz olmalıyıdıq ki, satılan çörəklər öz keyfiyyətini qoruyub saxlasın. Sabahdan işə başlayacaqdım. Sexdən sevinclə çıxıb, evə gedirdim və düşünürdüm:
"Bir kündə 8 qəpikdirsə, mən 10 kündə eləsəm, edəcək 80 qəpik. Əgər gündə yüz kündə hazırlasam olacaq 8 manat. Günə 8 manatdırsa, ayına da edəcək 240 manat. Köhnə maaşımdır bu mənim. İmkan olsa yüzdən artıq da edərəm, bir az əlavə pul götürərəm".
Bu xəbəri Türkana vermək üçün səbrsizlənirdim. Qapını açıb içəri girdim ,ancaq evdə heç kim yox idi. Yəqin bazarlıq etməyə gedibdir. Vaxtında evə gəlmişdim. Əks halda istidən bişə bilərdim. Masa arxasına oturub, qələm və kağız götürüb özüm üçün hesablama apardım. Üst evə yeni insanlar köçmüşdü. Deyəsən, gənc ailə idilər. Uşaqları dayanmadan ağlayırdı. Qəribə olan o idi ki, elə bil uşağın səsi evdə idi. Bu səs əsəblərimə toxunmağa başlamışdı. Ancaq, yeni işimi düşündüyümdən, uşağın səsini eşitməz olmuşdum. Elə bu vaxt, Türkan öz açarı ilə qapını açıb, içəri daxil oldu. O bəzənmiş, nədənsə yubkası bir qarış yuxarı qalxmış, dekolteli köynəyini bədəninə keçirmiş, saçını isə belindən aşağı sallamışdı. Rəngi isə istidənmi və ya bilmədiyim başqa bir səbəbdən qızarmışdı. İçəri girər-girməz mənə dedi:
– Paltarlara baxmağa getmişdim.
Birinci düşündüm ki, paltarlara hansı pulla baxır, axı?! O bilir ki, bu dəqiqə düzəməlli qarnımızı doyurmağa pulumuz yoxdur. Ancaq, mən yubanmadan ona xəbəri verdim:
– Təzə iş tapmışam, şəhərdə çörək sexi var, orada çörək kündəliyib sobaya atacağam. Maaşım da demək olar ki, keçmiş maaşımla eynidir. – həyəcanla və bir qədər sevinclə dedim.
– Necə yəni kündəçi? Sən kündəçi olacaqsan indi də?! Başqa iş yox idi? İndi deyəcəklər ki, kündəçi arvadıyam.
– Əşi, işin fərqi nədir? Çox axtardım, başqa iş tapa bilmədim. Əsas odur ki, xoşbəxt olaq. Xoşbəxtlik pulda deyil. Lakin yenə də əlimdən gəldiyi qədər sənə yaxşı baxacağam. – Türkana yaxınlaşıb, belinə sarıldım dodaqlarımı qulağına yaxınlaşdırıb dedim: “Çox gözəl görsənirsən”. Daha sonra isə qulağından öpə-öpə astaca dodaqlarına yaxınlaşdım. Uzun zamandır, onunla yatmırdım. İndi isə ürəyimdə sevinc olduğundan və bugün digər günlərdən daha gözəl görsəndiyindən ehtiras hissi məndə baş qaldırmışdı. O mənim dodaqlarımı öpmürdü, aktif olan mən idim. O eləcə quruyub qalmışdı. Sadəcə gözlərini yummuşdu. Onu bütün vücudumla istəyirdim, içərinin səssizliyini pozan dodaqlarımızın səsi və yuxarı mərtəbədəki uşağın ağlamaq səsi idi. Əlimi köynəyinin altından salıb, belindən döşlüyünü çıxarmaq istədim. Buna müvəffəq oldum da. Bu zaman Türkan əllərimdən tutub dedi: ” Dayan”.
Ancaq, mən dayanmadım. Düşündüm ki, naz edir. Bu səbəbdən, danışmaması üçün dodaqlarını daha bərk öpməyə başladım. Ona qarşı məhəbbətim o qədər güclü idi ki, üzərindəki ucuz ətir qoxusu belə, dünyanın ən bahalı ətirinin insana bəxş etdiyi ikrah hissi ilə eyni idi. Onun boynundan, boğazından öpür, daha sonra yenidən ləziz dodaqlarına qayıdırdım. O yenidən dedi: ” Dayan”. Yenə məhəl qoymadım. Əlimlə dar ətəyinin üzərini sığalladım, bir az onu özümə doğru sıxdım, bu dəfə isə o məni var gücü ilə itələdi və dedi:
– Sənə dedim axı dayan! Əl çək məndən!
– Səbəb?
…. Hava çox istidir. Həvəsim yoxdur.
– Nə əlaqəsi var? Mən səni istəyirəm. – ona bir addım yaxınlaşdım. Ancaq o fikrindən daşınan kimi görsənmirdi.
– Həm də lənətə gəlmiş bu uşağın səsi, mənim diqqətimi pozur. Başqa vaxt…
– Hə, uşaq mənim də əsəbimi pozub.
Əynini dəyişməsi üçün üzərindəkiləri çıxarıb, içəri keçdi və yataq otağından qışqıraraq mənə səsləndi:
– Yaxşı ailədirlər, ancaq gəl ki, uşaqlarının beyin daxili təziqi var. Demək olar ki, həmişə ağlayır. Müalicə edirlər uşağı – bu gün səhər anası dedi. Yaxşı gəlindir.
Artıq başa düşmüşdüm ki, bu gün məhəbbətimin fövqünə çata bilməyəcəyəm. Bu səbəbdən, televizorun arxasına keçib, qeyri-ixtiyari onu işə saldım. Xəbərləri verirdilər.
Sabah tezdən işə gedəcəkdim deyə, həmin günü tezdən yatmışdım. Ertəsi günü kündəçi olaraq gözümü dünyaya açmışdım. Çörək sexində dörd qadın, dörd kişi işləyirdik. Onlar ilk öncə mənə işi öyrətdilər, həyatımda ilk dəfə çörək kündələyirdim, ancaq, onlar buna inanmırdılar. Çünki, dediklərinə görə çox gözəl hazırlayırdım. Ancaq, təndirin və digər sobaların istisi hamımızı bir təhər edirdi. Çöldə zatən 40 dərəcə isti var idi. İlk öncə düşünmüşdüm ki, günə yüz çörək kündəliyərəm, ancaq, bu mümkün olmurdu. Əlli çörəkdən sonra nə taqət qalırdı, nə də bədənimdə su. Elə tərləyirdim ki, elə bil başımdan aşağı su töküblər. Elə iş yoldaşlarım dedi ki, bəs burda yayda işləməyə gələn hər kəs elə buna görə on günə işdən çıxırlar. Onlar isə qalır, səbəbləri isə mənimki ilə eynidir: Ailə dolandırmalıdır.
Ayımı iki yüz qırx manata gətirmək üçün nə gecəm qalmışdı, nə də gündüzüm. Səhər otuz-qırx kündə edirdim, günorta beş-on, gecələr isə çalışırdım yüz kündəni tamamlayım. Hər gün gecə saat beşdə evə gedir, saat səkkizə kimi yatırdım. Düşünürdüm ki, bir neçə ay sonra qış olacaq. Qışda isə yüzəlli-ikiyüz kündə edə bilərəm. Bu səbəbdən də işi tərk etmir, gündə üç saat yatırdım. Bəli, bu işgəncə idi. İyirmi saat işləyirdim. Niyə? Çünki, Türkan kimi gözəl həyat yoldaşım var idi. Onu istədiyi kimi saxlamalıyam. Onu itirməkdən qorxur, bunu gözümün qarşısına gətirdiyimdə isə bədənim tir-tir əsirdi.
Bayaq dediyim kimi, hər gecə saat beşdə gedirdim yatmağa. Ancaq səhər saat altı olanda lənətə gəlmiş üst qonşumun uşağı yenə zarıldamağa başlayırdı. O qədər yorğun olurdum ki, hətta yatılı vəziyyətdə də onun səsini eşidirdim. Səhər durub işə gedəndə də, gün boyunca o uşağın səsi mənim beynimdə hakim kəsilirdi. Bir də ayaq səsləri… O uşağı sakitləşdirmək üçün, anası uşağı qucağına alır, otağın o başına gedib gəlir ki, yatsın. Bu səbəbdən səs otağın hər yerinə yayılırdı.
Həftəliklərimin hamısını gətirib Türkana verirdim. Daha doğrusu, mən evə gələndə Türkan yatmış olur. Bu səbəbdən pulu hər dəfə masa üzərinə qoyub gedirdim. İşlədiyim bu həftələr ərzində Türkana heç cürə vaxt ayıra bilmirdim. Gecələr evə gələrkən, başını yastığından qaldırır, yuxulu-yuxulu : ” Xəyal, gəldin?” – deyib yenidən yatırdı.
Yenə həftə ortalarından bir günü işdə idim, dayanmadan kündə edirdim, digər işçilər danışır, ancaq mən ağzımı açmırdım. Bədənimə elə bir yorğunluq çökmüşdü ki, heç vaxt özümü bu qədər pis hiss etməmişdim. Üzümə gələn isti isə özümü cəhənnəmdə hiss elətdirirdi. Bunun başqa adı yox idi. İyirmi saat qırx beş dərəcə istidə işləmək bilirsiniz nə deməkdir?
Bəli. Gözlənilən hadisə baş verdi və mənim vücudum buna tab gətirə bilmədi. Elə oradaca yıxılıb qaldım.
***
Gözlərimi açdığımda iş yoldaşlarım və müdirim üzümə dəftəri yelləyirdilər ki, hava gəlsin. Onların üzlərini bulanıq görürdüm. Səsləri başıma düşürdü. Məni ayağa qaldırdılar, bir müddət büdrədim və sonra onlara dedim: “Yaxşıyam, başım hərləndi sadəcə. İndi çəkilin işimə davam edim.” Hərə bir ağızdan “Yox olmaz, evə gedib dincəlməlisən” – dedi. Hətta müdir əlini cibinə salaraq mənə iki həftəlik pulu əvvəlcədən verdi.
Deyəsən həfətlər sonra günorta evə gedib iki gün boyunca dincələ biləcəyəm. Ən əsası Türkanı görə biləcəyəm.
Etiraz etmədim, pulu cibimə basıb büdrəyə-büdrəyə evə yollandım. Binamızın qaranlıq blokundan uşağın zəhlə tökən səsi gəlirdi. Qapını açıb içəri girdim. İçəridən qəribə səslər gəlirdi. İlk öncə eləbildim ki, televizordan gəlir. Yox… Bu səs yataq otağımdan gəlirdi. Qapını açıb içəri daxil oldum. Türkan cavan sarıyanız oğlanın altında idi. Onlar məni görüb dik atıldı. Bir müddət donub qaldım. İkisi də çırıl-çılpaq rəngləri qaçmış halda ayağa qalxdılar. Nə Türkan, nə oğlan, nə də mən… Heç birimiz danışa bilmirdik. Ağlıma gələn ilk şey, ikisini də elə otaqdaca öldürmək oldu. İlk öncə oğlanı boğub öldürəcəkdim, buna görə yerimdən bir başa oğlanın üstünə hücuma keçdim. Boğazını bərk-bərk sıxmışdım. Gözüm heç bir şeyi görmürdü. Türkanın yalvarış səslərini eşidirdim. Amma yenə birdən başım hərləndi, elə yıxılıb yerimdəcə qaldım. Üzərimə çox ağır yorğunluq çökmüşdü.
***
Bu dəfə isə gözlərimi açanda xəstəxanada idim. İynə ilə damarımı deşib qoluma sistem taxmışdılar. İlk öncə bura necə gəldiyimi xatırlamağa çalışdım. Beynimdəki neyronlar məni Türkan və oğlanın yataq otağında sevişdiyi səhnəyə apardı. Bu mənim yenidən içimi ağrıtdı. Bütün bədənim dartındı. Həkim içəri keçib mənə dedi:
– Şiddətli yorğunluq, yuxusuzluq, əsəb sizin bütün immunitetinizi zəyiflədibdir. Bir müddət vitamin qəbul edib istirahət etməlisiniz. – deyib nəsə yazdı və daha sonra kağızı mənə uzadıb əlavə etdi: Gedə bilərsiniz.
Xəstəxanadan çıxdığımda düşündüm: Yəqin indi Türkan ata evinə gedibdir. Ev zatən mənim adıma idi. Atam gildən qalmışdı. Bu evdə bundan sonra tək yaşayacağam.
Evə gedib otağa daxil oldum. İçəri keçib uzandım. Tam səssizlik hökm sürürdü. İçim-içimi yeyirdi. Bütün günü sobanın yanında gecəmi gündüzümə qatıb, yatmadan, dayanmadan Türkanı xoşbəxt etmək üçün işləyirdim. Bəs o nə etdi? Qəhbə…. Bunu mənə niyə etdi axı? Qancıq… Axı mən onu çox sevirdim. İfritə… Cındır… – öz-özümə tavana baxıb danışırdım. Tavanla dialoqumu kəsən ev telefonun səsi oldu. Telefona götürəndə dəstəyin başında Türkanın anasının səsini eşitdim. Nəsə danışırdı. Fikrimi toplayıb ona diqqətlə qulaq asdım:
– A bala,bütün ailələrdə belə şey olur. Gəl sən barış, hələ cavansınız. Türkan mənə danışdı hər şeyi, razıyam, günah ondadır. Bir səhvdir edib. Axı sən onu çox sevirsən. Qızımdan boşanma, adına söz zad çıxacaq. Sən istəyirsən, o bədbəxt olsun? O bir qələt edib, bir ailə başçısı kimi bağışlamaq sənin boynuna düşür. Yenə deyirəm, hər bir ailədə olur.
– Məzələnirsən mənlə? Deyəsən, sən də evli ola-ola başqa kişilərin alətinin dadına baxmısan. Elə sən də qızın kimi cındırsan. Cəhənnəm olun həyatımdan. Hələ şükür elə, qızını gəlib doğramıram. Boşanmaq istəyirəm. Bir də mənə zəng eləsəniz, məni axtarsanız, səni də qızını da gəlib tikə-tikə edəcəyəm, ay qancıq.
– Tərbiyəsiz…. – Nəsə deyəcəkdi ki, artıq telefonun dəstəyini asmışdım.
Hansı üzlə zəng edirlər mənə?! Hər bir ailədə belə şey olur? Bu nə axmaqlıqdır?! Yəqin özü də başqalarının altından çıxıb gəlir. – bir qədər keçdikdən sonra – ahhh… mən bunu necə unudacağam?
Ayaqlarım məni soyuducu tərəfə apardı. Xoşbəxtlikdən araq var idi, onu bir göz qırpımında mədəmə boşaltdım. Keflənib hər şey unutmaq istəyirdim. Evdən çıxıb mağazaya getdim, cibimdə olan pula dörd butulka araq, iki paket ucuz siqaret alıb evə yollandım. Evə girərkən, yenidən məni qəhər basdı. İlahi, özü də mənim evimdə, mənim yatdığım yataqda … Bu nə fahişəlikdir, axı! Bir butulka arağı da içdim. Kiçik evimin, kiçik salonunda uzanıb tavana baxdım. İçkilər öz təsirini göstərmişdi. Bütün ev başıma fırlanırdı. Həyatımda heç vaxt başım belə hərlənməmişdi. Yerimdən qalxarkən yıxıldım, ayağa qalxdıb, divardan tuta-tuta özümü güclə tualetə saldım və içdiyim hər şeyi də qusmağa başladım. Türkanın üzünü unuda bilmirdim. Başımı unitaza soxub bir tərəfdən qusa-qusa ona söyür, bir təfədən də qeyri ixtiyari ağlayırdım. Üzümü yuyub yerimə uzandım, gözlərimi yumdum.
Səssizlik otağa hakim kəsilmişdi. Deyəsən yatacaqdım. Şiddətli yuxu bədənimi sardı. Artıq Türkanı da düşünmürdüm. Sadəcə yatmaq istəyirdim. Tam yatacaqdım ki, o səs mənim beynimi sirkələməyə başladı: uşaq ağlayırdı. İçki də içdiyimdən bu səs məni nəinki beynimi, bütün vücudumu sirkələyirdi. Yuxum qaçdığından yenidən Türkanı düşünməyə başladım. Sinəmi qəhər basdı. İkinci mərtəbədə uşaq ağlayır, birinci mərtəbədə isə mən. Aramızda iyirmidən çox yaş fərqimiz olmasına baxmayaraq.
Yemək yemirdim, su içmirdim, ancaq araq içirdim. Hər dəfə də yatmağa çalışanda uşaq ağlayırdı. Evdən çıxmır, işə getmirdim. Ruhumu bədənimə, bədənimi isə evə qapamışdım. Sərxoş olmağıma baxmayaraq, bu günlər ərzində lənətə gəlmiş uşağa səbəb hər dəfə yatmaq istəyəndə, yata bilməmişdim. Ümumi mürgüləmək isə ayaq üstə də olurdu, ancaq iki dəqiqə sonra yenidən bütün bədənimi yorğunluq bürüyür, məni halsız və taqətsiz hala gətirirdi. Saata da baxmırdım. Neçə gün keçdiyini bilmirdim. Sadəcə bir dəfə güzgüdə özümə baxanda, elə bilmişdim ki, evə yad adam girib. Çünki tanınmaz halda idim. Dəhşət arıqlamış, saçım və saqqalım bir-birinə qarışmış, gözlərimin altı isə qap-qara qaralmış, içi isə al-qırmızı rəngə boyanmışdı. Nəsə bu gün uşağın səsi gəlmirdi. Deyəsən artıq yata bilərəm. Binanın həyətinə meyvə tərəvəz satan bir maşın gəlmişdi. Sadəcə onun səsi narahat edirdi: “Qarpız var! Qarpız! ” – deyə bağırırdı. Amma olsun! Uşağın səsindən ki bu yaxşıdır.
Günlər sonra gözlərimi qapadım. Səs yox idi. Bədənim təcrid olunacaqdı ki, mənim qəsdimə çıxmaq istəyən o uşaq yenidən ağladı. Qərara gəldim ki, durub əynimi geyinim və gedim qapılarını döyüb deyim ki, uşağın səsini kəssinlər, ya da buradan köçüb getsinlər. Paltarı əynimə necə geyindim, ayaqqabımı necə ayağıma keçirdim və ikinci mərtəbəyə necə çatdım, heç özümün də xəbərim olmadı. Qapının arası azca aralı idi. Qapını döydüm, gözlədim, ancaq heç kim gəlib açmadı. Uşağın səsi içəridən gəlirdi. Hələ də ağlayırdı. Qapını aralayıb içəri səsləndim: Ay qonşu, bir mənə baxın. – yenə də səs gəlmədi. Yəqin, ev sahibi düşüb qarpız almağa, qapını da açıq qoyub. Uşağın səsi isə daha yaxından gəldiyindən beynimi iynə ilə deşdiklərini zənn edirdim. Qapını aralıyıb, evə daxil oldum, uşağın yatdığı otağa girib, onun yatağının başında durdum. Təzə anadan olmuşdu – çox balaca idi. Ona başımı yaxınlaşdırıb dedim:
– Ömürümü-günümü qaraltdın! Xahiş edirəm sus! – uşaq məni görüb daha da şiddətli ağlamağa başladı. Qeyri-ixtiyari uşağın başının altındakı kiçik yastığı götürüb sifətinə sıxdım. Hə ondan qurtulacaqdım. Ölsün! Ölsün! Səsi çıxmır! Hə kimsə gəlməmiş ölsün! Hə tez ol! Öl! Hə! Hə! – səs kəsilmişdi. Yastığı qaldıranda uşaq artıq nəfəs almırdı. Gözündən çıxan son damcı üzündən aşağı süzülərək, pambıq örtüyə düşdü. Yastığı olduğu kimi uşağın başının altına qoyub evdən çıxdım. Aşağı düşüb qapını örtdüm. Dəlikdən baxdım və gördüm ki, üst qonşumuz əlində qarpız yuxarı qalxır. Elə dəhlizdəcə bütün paltarımı soyunub, bir neçə gün öncə Türkanın başqası ilə sevişdiyi yatağımızda uzandım. Tam sakitlik və budur! Mən yatdım!
Ardı var...
Nicat Kazımov
Gәncә Xatirәlәri...
Kultura.az