post-title

Viktoriya Tokareva: Öz həqiqətin (II)

"Marina sakit səslə: Onu sevirəm. -Hə, nə olsun? Azərbaycanlılar yalnız özlərinkilərlə evlənər. Dinləri belədir. Ruslarla isə eləcə gəzirlər. Azərbaycan qızlarıyla gəzə bilməzlər. Bəribaşdan evlənmək gərəkdir."

 
(POVEST)
 
 
Əvvəlki hissəni bu linkə daxil olaraq oxuyun: http://kultura.az/articles.php?item_id=20141117113717280&sec_id=1
 
 
Marinanın böyük qardaşı Pavel öldü. Volodkanı döyən o həmin oğlan. Xəstəliyin adı uzun və  qəliz idi: limfoqranulematoz. Qan xəstəliyidir. Görən, nədəndir?
 
Ölüm haqda arayış almaq üçün Marina xəstəxanaya getdi. Qardaşının əşyalarını təhvil verdilər: pencəyi, şalvarı və saatını. Saat hələ işləyirdi. Marina ağladı. Rüstəm yanında dayanıb əzab çəkirdi. Paveli tanımırdı, ancaq ilk dəfə idi sevgilisini dərdli görürdü, ürəyi az qalırdı partlasın.
 
Sonra xəstəxananın parkından keçdilər. Birdən Rüstəm cığırın ortasında Marinanın üzünü, gözlərini, ağzını ehtirasla öpməyə başladı. Günün günorta çağında camaatın gözü qarşısında öpüşmək müsəlman əxlaqına zidd idi. Bura Fransa deyil. Amma Rüstəm əxlağı vecinə almırdı. Marina da ehtirasla ona cavab verirdi. Dərd, yersiz ehtirası arxa plana çəkməli idi. Ancaq qətiyyən belə deyildi. Həcmli bir əşyanı hovuza endirdikdə, suyun səviyyəsi qalxdığı kimi, Marinanın öz qəmini sevgidə boğması da sevgini daha yüksək, daha dolğun edirdi.
Bəlkə də dərd çəkəndə qanın içinə adrenalin buraxılır, xoşbəxtlik isə onu parçalayıb bədəndən çıxarır. İnsan da intuitiv olaraq sevgiylə müalicə olunur.
Çox ehtimal ki, xöşbəxtlik və dərd — bir çubuğun iki başıdır. Və bir bütünü təşkil edirlər.
 
Sevgini ağırlaşdıran xoşagəlməz bir şey var: abortlar. Onların qarşısını almaq mümkün deyildi. Marina, çox istəkli o ağuşlar içində nəticələr haqda nə düşünmək istəyir, nə də düşünə bilirdi. Zəriflik və ehtiras şüalarında  hər şey sönüb yox olurdu. Təbiət, səhlənkarlığın qisasını alırdı. Təbiətin öz qanunları var.
Marina abortlara Rüstəmdən qat-qat rahat yanaşırdı. Rüstəm, sevimli qadınını abort otağına yola salanda, ilan vurmuş at kimi başını bulayırdı:
 
— Məni evladsız qoyacaqsan.
 
Rüstəm uşaq istəyirdi, ancaq evlilik təklifi etmirdi. O, hər şeyi olduğu kimi saxlamaq, üstündən də bir uşaq, oğul istəyirdi. Məsələn, Fərhad adlı.
Günlərin bir günü Marina fikrə getdi: niyə də yox? Qoy balaca bir Fərhad doğulsun, iki uşaq olan yerdə üçüncü də olar.
Marina növbəti abortu gecikdirirdi. Sevgi barını öldürməyə ürəyi gəlmirdi. Anasının yanına məsləhətləşməyə getdi. Anası, Bakı kəndlərinin birində yaşayırdı. Marina elektrik qatarla yol gedir, getdikcə də uşağı saxlamaq qərarına yaxınlaşırdı. Bu fikir onu içdən gücləndirir, körpəni də indidən sevməyə başlayırdı.
Anası sərtcə:
Ağlına da gətirmə, — dedi. — Niyə atasız uşaq böyütməlisən? İkisi azlıq edir?
Marina sakit səslə: Onu sevirəm.
Hə, nə olsun? Azərbaycanlılar yalnız özlərinkilərlə evlənər. Dinləri belədir.
Ruslarla isə eləcə gəzirlər. Azərbaycan qızlarıyla gəzə bilməzlər. Bəribaşdan evlənmək gərəkdir. Ruslar isə burdakılar üçün cələbdi...
 
“Cələb”ın nə olduğunu Marina yaxşı bilirdi.
Anası həmişəki kimi kobud idi. Ola bilsin, qızına görə əzab çəkirdi, bu əzab da ağızdan bu cür köpüklənib tökülürdü.
Marina ayağa qalxaraq:
Gedim. Evindən kələm qoxusu gəlir. Ürəyimi bulandırır.
Həqiqətən də, hər şeydən ürəyi bulanırdı. Doğma anasından da.
 
Marina, evinə qayıdarkən yolda anasının, əfsuslar, qadın xoşbəxtliyi görmədiyini, bunu heç təsəvvür də edə bilmədiyini düşünürdü.  Anası üçün sevgi — pasportda möhür və birgə yaşayış demək idi. Bəs birgə yaşamaq nədir? Ruhsuz-qanadsız əmək, qarşılıqlı qıcıqlanma, daimi neqativdən çıxış yolu kimi də — vodka. Dincəlmə. Ya da indikilərin dediyi kimi — relaksasiya. Xalq vodka ilə özünü müalicə edir, vodka ilə də öz kökünü kəsir.
Qadınlar kişilərdən güclü və davamiyyətlidir. Anası içmir, həyata tab gətirir. Bununla belə, yazıq, sevimli kişi qoxusunun  nə olduğunu bilmirdi belə.
Rüstəmdən fərqli qoxular gəlirdi: nəfəsi — çiyələk, qoltuğunun altı — qarağat yarpağı, qarnı — quru şərab ətri verirdi. Rüstəm, torpağın bütün ətirləri ilə, südəmər körpə təki təmiz və bihuşedici qoxuyurdu. Marina da bu ətri canına çəkməyə, canavar kimi isti dili ilə yalamağa və qorumağa hazır idi.
Volodka sevgidə xudbin idi. Solist kimi, təkcə özü haqda düşünürdü. Tək və əsas o idi, hamı da ona uyğunlaşmalı idi. Rüstəm isə tamam başqadır. O, duetə dəvət edirdi. Kişi və Qadın duetinə. İkisi də xoşbəxtlik almağa yox, xoşbəxtlik verməyə çalışırdı. Digərinin xoşbəxtliyindən özü də xoşbəxt olurdu.
Aah! Bu insanı necə də sevirdi. Onun necə yemək yeməsindən xoşu gəlirdi: çeynəməsindən, udmasından. Necə yatmasından xoşu gəlirdi: sakit nəfəs alırdı, qarnı da qadının əli altında tərpənirdi. Rüstəmin bəsit insan olmasına baxmayaraq onun söhbətlərini dinləməkdən xoşu gəlirdi. Rüstəm kitab oxumazdı. Nəyinə gərəkdir? Başqalarının fikirləri nəyinə gərək idi? Mahnı oxumaq olarsa, daha musiqidən baş çıxarmaq nəyə lazımdır ki? Rəsm əsərləri isə ancaq divardan asılmaq üçündür. Mütləq onlara baxmağa gərək yoxdur.
 
Onun əsas realizasiyası sevgi idi. Bax, burda o, nəhəng idi. Böyük duyğularla aşıb daşmaq, böyük duyğuları da qəbul etmək də istedaddır.
Marina üçün üç dəyər mövcud idi: uşaqları, təsərrüfat və Rüstəm. Yaxşı biş-düş edirdi, qazanların başında cadügarlıq etməyi bacarır və sevirdi. Qadındı. Anasının yeməkləri yaxşı alınmazdı. Uşaqlarını yarımçıq sevərdi. Sevərdi, amma onlar üçün heçnə etməzdi. Kişiyə qarşı sevgini palçıq sayardı. Soruşan gərək: insan nə üçün yaşayır?
Marina, hər şeyə rəğmən, anasıyla söhbətdən sonra gedib yenə də abort elətdirdi. Biri az, biri çox.
Rüstəm başını silkələyir, soruşur:
İçindəki bir insanı öldürməyə necə cürət edirsən?
Marina cavab vermirdi. Deyə bilərdi: “Evlən, ondan sonra tələb et.” Gəl ki, bu, kobudluq olardı. Rüstəm onunla evlənmək istəsəydi, deyərdi. Təklif etmirsə, demək —istəmir. Bu haqda danışmaq da təhlükəlidir. Danışıb-danışıb münasibətləri məhv etmək olardı. Həqiqət ilə birgə, ancaq Rüstəmsiz qalardı. Nə ilə bitəcəyi bilinməyən bu xöşbəxtliyin içində qalmaq  daha yaxşı idi.
Marinanın cəsarəti bircə suala çatırdı:
Məni atmayacaqsan ki?
Rüstəm, qadının əllərini ürəyinin üstünə qoyub gözlərini bərəldirdi:
Səni heçvaxt atmaram... Həmişə bir yerdə olacağıq. Ölənədək.
Qadın da rahatlaşırdı. Ölümə çox var. Hər günün içində də Rüstəm var.
 
 
* * *
 
Günlər həqiqətən də bir-birinin ardınca qaçırdı.
Saşanın on səkkiz yaşı tamam oldu. Əsgərliyə çağırdılar, harasa apardılar. Kazarmada yer verdilər.
Yarım il keçmişdi ki, Saşa qaçdı. Qatara minib Bakıya gəlib çıxdı. Qapının ağzında peyda oldu. Marina hər şeyi anlayıb yerindəcə dondu. Ayaqları saxlamırdı. Əsgərlikdən qaçmaq — maddədir. Türmədir. Türmənin on səkkiz yaşlı oğlanın başına nə açacağını təsəvvür etmək çətin deyildi.
Marina Rüstəmdən kömək istəyir. Rüstəm də — öz general atasından. General, lazım olan yerə zəng edir. Saşa geri qayıdır. Hərbi hissədə bunun yoxa çıxmasını guya heç görməmişdilər. Sanki xəstələnmişdi, indi isə sağalıb qayıtmışdı.
Üç aydan sonra bir zəng də lazım olur ki, Saşanı Bakı ətrafındakı hissələrin birinə dəyişsinlər. Saşa, hərbi sanatoriyada başını girələyir, cığırları süpürür, boru, kərpic daşıyırdı. Muzdurluq edirdi. Həftəsonları evə gedirdi. Sonralar isə tədricən evdə gecələməyə başladı. Hamı rahat idi. Kimin sayəsində? Rüstəmin.
Rüstəm ailə büdcəsinə pul gətirmirdi. Onun maaşı öz cib xərclərinə güclə çatırdı. Amma buna baxmayaraq, rayonda yaxın qohumları yaşayırdı deyə, Rüstəm ayda bir dəfə  bir dolu maşın, keyfiyyətinə söz olmayan ərzaq — ev çaxırı, kəsilmiş hind toyuğu və çoşqa, mer-meyvə, hələ diri, əsnəyən osetrina balığı gətirirdi.
Rüstəm bunların hamısını masanın üstünə boşaldırdı, elə gözəl natürmort alınırdı ki, adamın onları yeməyə heyifi gəlirdi. Belə anlarda Rüstəm özünü müftəxor yox, əsil kişi, ailə başçısı hiss edirdi.
Snejana fikirli-fikirli ölmüş donuz balalarının sifətlərinə, məğlub edilmiş simurq quşunun — hind toyuğunun — ağarmış boynuna baxırdı, hələ bərkiməmiş başına qəddarlıq haqda fikirlər gəlirdi. Görünür, qəddarlıq, həyat sxeminin tərkib hissəsi kimi daxil edilibdi.
 
 
* * *
 
Həftəsonları Marina, Rüstəm və Snejana dənizə gedərdilər.
O vaxtlar Xəzər dənizi təmiz, şəfalı idi. Rüstəm uzaqlara üzürdü, adam lap qorxurdu. Snejana çimərlik paltarında, yaş qumdan qala düzəldirdi. Marina burda da boş durmurdu: tərəvəz təmizləyir, salfetkaların üstünə düzürdü. İsti yemək termosta idi. Birinci və ikinci yemək üçün geniş boğazlı xüsusi termosu var idi.
Rüstəm üzməkdən soyuq, ac və darıxmış qayıdırdı. Tüklü sinəsiylə qadının  günəşdən istilənmiş bədəninə sarılırdı. Qum dənəciklərinin qonduğu sifəti öpüşlərə bürüyürdü. Xoşbəxtlik — bax — budur! Xöşbəxtliyin təsviri: qumlu boş sahildəki qadın və kişi...
 
Rüstəmin anası isə hələ də yaxşı Azərbaycan ailəsindən yaxşı bir qız axtarırdı. Tapır  da. Qızın iyirmi yaşı vardı. Adı İradə idi.
Adı Rüstəmin xoşuna gəldi. Qız da xoşuna gəldi: başıaşağı, hətta bir qədər hürkmüş görünürdü. Rüstəmin qıza yazığı gəlirdi. Ümumiyyətlə, Rüstəm ürəyi yumşaq adamdı. İradənin əndamı yetişmişdi, böyük sinəsi və möhtəşəm kök budları vardı, amma qadınlıq onda hələ oyanmamışdı. O, akvariumdakı qəribə balığa tamaşa edərcəsinə maraqla, ancaq soyuq-soyuq  Rüstəmə baxırdı.
İradənin iyirmi, Rüstəmin otuz altı yaşı, Marinanın qırx iki yaşı var idı. Qırx iki yaşda daha doğmazlar. İyirmi yaşda isə — doğarlar, həm də bir dəfə yox, istədiyin qədər. Məsələnin bu tərəfi hər şeyi həll etdi. Rüstəm uşaq istəyirdi. O, atalıq üçün artıq yetişmişdi, Marina isə bütün imkanları əldən vermişdi. Marina riskə getmək istəmirdi. Riskə getməyən isə qazanmaz.
 
Rüstəmin anası səbirsizliklə nəvə istəyirdi, Rüstəm də onun istəyini nəzərə almalı idi. Müsəlman dünyasında ananın istəyi qanundur.
Hər şey zaqsla, bir də sadə toy ilə bitdi. Toydan sonra — yataqla. İradə ilə yaxınlıq, əlbəttə, alındı. Duet alınmadı ancaq. Moçart alınmadı. Elə-belə... köpək valsı oldu.
Yuxuda Rüstəm ağlayırdı. Səhər anası soruşdu:
Dedin ona? — “Ona” sözünü xüsusi vurğuladı. O, Marinanı heçvaxt adıyla çağırmazdı.
Rüstəm boğuq səslə:
Yox,— dedi.
Anası qətiyyətlə əmr ələdi:
Get de. Onsuzda biləcək. Qoy səndən eşitsin.
Rüstəm trolleybusa oturub məktəbə getdi. Sözünü hazırlamaq istəyirdi, amma alınmırdı. Düşündü: hələ getsin çatsın, sonra vəziyyətə baxar. Sözlər öz-özünə gəlib dilinə çıxar. Marina deyə bilər: “Ruslarla gəzirsiz, özününkülərlə isə evlənirsiniz.” Bu da həqiqət olacaq, ancaq bütöv həqiqət yox. Deməli, yalan olacaqdır. Marinaya deyəcək ki,  yalandır. O da cavab verəcək: “Onca gün tanıdığın bir qızla evləndin. Məni isə on ildir tanıdığın. Söz də vermişdin — ölənədək atmayacaqsan...”
Rüstəm məktəbə yaxınlaşdı, içəri girməyə isə cürət etmədi. Bura Marinanın ərazisi idi, riskə getmək də istəmirdi. Ona elə gəlirdi ki, kimsə burda arxasına bir təpik qoyacaq, həyətdən top kimi başı irəli çıxacaq.
Bədən tərbiyyəsi müəllimi Heydər bayıra çıxdı. Tanış idilər. Rüstəm salamlaşdı. Heydər cavab verdi:
Salam. Marina lazımdır? Onun əlavə məşqələləri var.
Rüstəm xahiş etdi:
— Çağır da, nə olar!
Heydər qapıdan içəri girib az sonra yenə görsəndi.
 
Gəlir, — deyib idman meydançasına qaçdı. Orada yuxarı sinif şagirdləri cavan heyvan təki artıq ora-bura qaçışmaqdaydılar.
Rüstəm şeir oxuyan olsaydı, çox yaxşı bir şairə xanımın “Aah, ətraf cavanlarla doludur” sətrini yada salardı. Amma Rüstəm şeir haqda düşünmürdü. O, Marinaya bəd xəbər gətirmişdi. Qədimlərdə bəd xəbər gətirənlərin başını bədənindən ayırardılar, halbuki onların heçbir günahı yox idi. Onlar təkcə məlumat ötürücüləri idi. Rüstəm isə günahkardı, deməli, onun başı iki dəfə vurulmalı idi: günahkar kimi də, bəd xəbər gətirən  kimi də.
Boz Orenburq yaylığına bürünmüş Marina, məktəbin geniş qapısına gəldi. Mart ayının başı idi, külək acıqlı-acıqlı vıyıldayırdı. Rüstəm onun qadın zərifliyini və mühafizəsizliyini gördü. O, yaylığa eyni zamanda gənc qız kimi və qoca qarı kimi bükülürdü.
Rüstəm qəflətən anladı, apaydın gördü ki, bu qadını taleyin ümidinə atıbdır.  Ağlamağa başladı.
Marina onsuzda uca olan qaşlarını biraz da qaldırdı:
 Nə olub sənə?
Rüstəm hey ağlayır, ağzından bircə söz də çıxara bilmirdi.
Marina onun göz yaşlarına bələd idi. Rüstəm, sevişməkdən sonra, xoşbəxtliyin ağırlığına tab gətirməyəndə ağlayardı. Sevgilisi üçün darıxanda telefonda ağlayardı. Rüstəm sentimental və kövrək idi, adamın duyğularını tərpətməkdən xoşu gəlirdi. İndi də, on günlük iş məzuniyyətindən sonra hisslərlə oynayırdı. Səfeh.
Marina güzəştlə gülümsəyirdi. Məktəbin qapısı ağzında, yuxarı sinif şagirdlərinin gözü qabağında onu qucaqlaya bilməzdi. Ona görə də soruşdu:
Axşam gələcəksən?
Rüstəm:
Gələcəyəm.
Marina:
Qaçım gedim. Orda sinifdənkənar məşğələm var.
 
Dönüb getdi. Ağlına gəlmədi. Heçnə hiss etmədi. Qəribə idi də. Marina olduqca intuitivdir. O, sevdiyi insanda  baş verən hər şeyi duyurdu. Burda isə — sükutdur. Görünür, Rüstəmin özündə heçnə dəyişməmişdi. Pasportunda möhür peyda olmuşdu. Amma pasportda, qəlbində yox.
Marina çıxıb getdi. Rüstəm durduğu yerdə qaldı. Göz yaşları küləkdə quruyurdu. Fikirləşirdi: “Doğrudan da, niyə də axşam gəlməyim?” Nə olacaq? Heçnə. Keçmiş həyatının bütün kökünü birdən-birə qopara bilməz axı. Otuz altı yaş — yetkin yaşdır: öz dəyərlərin, öz bağlılıqların var. Eynən belə...
Axşam Rüstəm Marinagilə gəldi — mövsüm meyvə-tərəvəzi natürmortu ilə, Snejana üçün kukla ilə, Marina üçün də sevgi ilə. Bu sevgi, sözün əsil mənasında gözlərdən fışqırıb barmaqların ucundan süzülürdü. Ancaq, qəribə görünsə də, gecə saat on ikidə Rüstəm evə hazırlaşmağa başladı. O, həmişə Marinanın yanında gecələyərdi. Gecəboyu bədənləri bir-birinin ətrini alar, yeni səviyyədə, ilahi bir səviyyədə xüsusi  yaxınlıq yaranardı. Marina üçün bu yaxınlıq orqazmlardan daha vacib idi.
Rüstəm:
Qala bilmərəm. Anam xəstələnib.
Ana — müqəddəsdir. Marina inandı.
 
ardı var...
 
Ruscadan çevirәn: İlahә Ucaruh
 
Mәnbә: Виктория Токарева “Своя правда”
 
Kultura.az
Yuxarı