İndiyə kimi Tofiq Əfəndiyev yaradıcılığı ilə tanışlığım yox idi. Yalnız yazıçı İlyas Əfəndiyevin qardaşı kimi tanıyırdım. Sakit keçən günlərimin birində kitablar içərisində köhnə cildli, saralmış vərəqli, qəmgin “baxışlı” kitab nəzərimi cəlb etdi. Sanki “məni əlinə al” deyə mənə səslənirdi. Mən bu “çağırışı” eşitdim, kitabı vərəqlədim, xoş qoxusu ruhumu təzələdi sanki və “bunu mütləq oxumalıyam” fikrini yaratdı məndə. Bu kitab Tofiq Əfəndiyevin “Qara qapılar” romanı idi. Əsərdə hadisələr 1982-ci ildə cərəyan edir.
Ciddi sosial-əxlaqi mətləblərin prinsipial bədii həlli Tofiq Əfəndiyev yaradıcılığının fərqləndirici xüsusiyyətlərindəndir. Yazıçı “Qara qapılar” romanında da öz yaradıcılıq prinsipinə sadiq qalıb. Əsərin baş qəhrəmanı gənc yazıçı Güntək, qohumu Köçəriyə olunan qəsdin məhkəmə prosesində iştirak etmək üçün hadisə yerinə yollanır. Xaraktercə qətiyyətli və narahat vətəndaş olan Güntək məhkəmənin gedişində insan taleyinə biganə münasibəti duyub, vicdan əzabı çəkir və obyektivlik naminə hadisələrin ümumi inkişafına müdaxilə edir.
Əsəri oxuyan anda o illərin daha səmimi, daha saf, daha həyəcanlı, daha doğma olduğunu özlüyümdə hiss etdim. Ürəyim atlandı o illərdə yaşamaq üçün. Vaxt keçdikcə özümüzü ifadə etməkdən, hisslərimizi, duyğularımızı bütün çılpaqlığı ilə dilə gətirməkdən qaçırıq. Bəzən qürur deyirik, bəzən utanırıq, bəzən səhv başa düşüləcəyimizdən qorxuruq, bəzən isə dəyərimizi itirməkdən qorxuruq, bəlkələr dənizində vaxtımızı, həvəsimizi boğuruq. Haqq vermədən haqq tələb edirik, vermədən almağı üstünlük bilirik, birindən haqsızlıq gördükdə digərlərini də onun gözünə qatırıq. Sonra isə oturub dərdlənirik “kimsə məni anlamır” deyə. Təkliyi seçərkən, görəsən, neçə adam öz quyusunu qazdığının fərqindədir?
Əsərdə məni cəlb edən telefonda yaranan məhəbbət oldu. İndiki zamanda bunu “virtual məhəbbət” adlandırardılar, çox güman. “Yağış yağanda bütün kainatı qucaqlamaq istəyirdi Güntək. Səbinəyə deyərdi ki, yağış yağanda ilahi bir arzu yaranır onda. İstəyir ki, Səbinə yanında olsun, yağışın altında, çır-çırpı yığıb, Səbinə üçün ocaq qalasın, dolçada çay qaynadıb, “Cumbulu”da oturub kəklikotu çaydan içə- içə yağan yağışa tamaşa etsinlər.” Gözəl deyilmi? Hər zaman səni düşünən, yalnız səsini eşidib, yalnız söhbətlərinə aşiq olan birinin qürur etmədən səninlə bağlı xoş, ruhu fəth edən xəyallar qurması. Bəli bütün bunlar mövcuddur, lakin “Qara qapılar” romanında.
Əsərdə dövrümüzlə uzlaşan məhkəmə prosesi bu günki günümüzü əks etdirməyə qadirdir. “Kasıbsansa, deməli, günahkarsan, varlısansa, yaxud səni qoruyan “dayı”n varsa, deməli, etdiyin hərəkətin mahiyyətindən asılı olmayaraq hər zaman haqlısan.” İnsanlara olunan istismarlar yetmir kimi, üstəlik boynuna günah atıb, həbsxanaya yollayan da bizik, bununla ürəyi soyumayıb əmlaklarını müsadirə etdirən də bizik. Guya qanun bunu tələb edir, gözünüzə girsin qanunlarınız! Görün insanlıq necə ölüb. Hamı özünü, öz dairəsini, öz adını düşünür, qoruyur.
Adamın biri qanundankənar iş görən kimi, doğruluğuna əmin olmadan, yalnız eşidilənlərə arxalanaraq hamımız baltalayırıq onu. Bəlkə edilən “cinayət” bir tərəfdən, sadəcə olaraq, sadəlövhlükdən, o biri tərəfdən yaranan ani çaşqınlıqdan əmələ gəlmişdir. Onlara bir kəlmə xoş söz lazımdır ki, bu fikirlərindən əl çəksinlər, səhəri isə sizə rast gələndə min dəfə “sağ olun” deyib baş əysinlər ki, siz onları bu səhv yoldan qaytarmısınız və sizin bu hərəkətiniz minləri “adam” edərdi. Özünü intihar etmək üçün dənizə yaxınlaşan adamın qarşısında kiminsə çıxıb, bir kəlmə söz deməsi kifayətdir ki, o adam özünü dənizə atmaq fikrindən daşınıb, geri qayıtsın və yüz il bundan sonra ömür sürsün həyatda. Lakin belə də olur: bir dəli quyuya bir daş atır, yüz ağıllı yığışıb onu quyudan çıxara bilmirlər.
Məgər katorqadan qaçmış dustağın- Jan Valjanın bütün ruhuna sirayət edən yepiskop Miriel Benvenü olmamışdımı? Oxuyanlar nə demək istədiyimi anlayarlar.
Tofiq Mir Məhəmməd Əfəndi oğlu 31 mart 1922-ci ildə Qaryagində (hazırki Füzuli rayonunda) dünyaya gəlmişdir. Orta məktəbi bitirəndən sonra Qaryagin Pedoqoji Texnikumuna daxil olmuşdu. Texnikumu tamamlayandan sonra müxtəlif məktəblərdə müəllim işləmişdi (1941-1948). Sonra “Azərbaycan müəllimi” qəzetində xüsusi müxbir vəzifəsində çalışmışdı (1948-1951). Azərbaycan Dövlət Pedoqoji Xarici Dillər İnstitutunun ingilis dili şöbəsində təhsilini davam etdirmişdi (1951-1955). Bir müddət Bakı şəhəri 7 nömrəli məktəbdə müəllim işləmişdir (1955-1959). Azərbaycan Dövlət Tele-Radio Verlişləri Komitəsində ədəbi-dram verlişləri baş redaksiyasında baş redaktor işləmiş, sonra yazıçı kimi bütün qüvvəsini ədəbi fəaliyyətə həsr etmişdi.
“Qara qapılar” romanını 1984-cü ildə yazıb. Humanist hisslər aşılayan əsəri oxumağa dəyər.
Leyla Depp
Kultura.az