Diqqəti çəkən məqam isə, yazıçının oxucularına müraciəti olub. Rusdilli oxuculara müraciət edən Əli Əkbər, azərbaycandillilərdən bu işdə bir dəstək gözləmədiyini qeyd edib.
Əməkdaşlıq xahişi ilə müraciət yayan yazıçı musavat.com-a danışıb: "Artıq iki ildir ki, Müslüm Maqomayevin yaradıcılığı ilə dərindən maraqlanıram. Onun ifa etdiyi əsərlərin demək olar ki, hamısını dəfələrlə dinləmişəm. Yazdığı kitabları oxumuşam. Verdiyi bütün müsahibələri ilə tanışam. Eyni zamanda haqqında deyilən, yazılan nə varsa, araşdırmışam. Yəni, Maqomayev haqqında roman qələmə almaq üçün nə bilmək lazımdırsa, hər şeyi bildiyimə inanıram. Əlbəttə, İrvinq Stounun Van Qoq haqda yazdığı "Həyat yanğısı" romanı da mənim üçün ciddi təkan oldu. Bu romanı bioqrafik janrda yazılmış ən uğurlu əsər hesab edirəm".
Əməkdaşlıq üçün edilən müraciətdə "azərbaycandillilər" və "rusdillilər" kimi diskriminasiyanın nə üçün edilməsinə də aydınlıq gətirən yazıçı bildirib ki, Maqomayev daha çox rusdilli azərbaycanlıların sənətkarıdır: "Bu, faktdır və bu faktı görməzlikdən gəlmək olmaz, bunu diskriminasiya adlandırmaq isə heç olmaz.
Tarix boyu belə olub - sənətkarların arxasında hər zaman incəsənətə, mədəniyyətə təəssübü olan imkanlı şəxslər dayanıb. Ötən ay İsveçrədə nəşr olunan romanımın işıq üzü görməsini də mən bu cür insanlara, xeyirxah dostlarıma borcluyam. Onların sayəsində tərcümə mümkün oldu.
Amma bu dəfə mövzu Maqomayevdir və ilk dəfə qərar verdim ki, belə bir cəhd edim, oxucularıma üz tutum. "Rusdilli" ifadəsi də bu kontekstdə işlədilib. Maqomayev haqqında romanın yazılması Moskvaya səfərləri, görüşlər keçirməyi, tərcümə fəaliyyətlərini vacib edir.
Nəşriyyat sarıdan problemim yoxdur - xoşbəxtlikdən həm Rusiya, həm də Avropada məni məmnuniyyətlə nəşr edəcək nəşriyyatlar var. Amma əsər ərsəyə gələnə və naşirlərə təqdim olunana qədər mənə dəstək olacaq insanlara ehtiyacım var. Bu səbəbdən də belə bir müraciət edildi və maraqlanan hər kəsə [email protected] ünvanına yazmaları təklif olundu".
Əli Əkbərin verdiyi məlumata görə, romanın plan və strukturu, hətta qaralama formasında bir neçə hissəsi tam hazırdır.
Romanda Müslüm Maqomayevin həyatının Bakı, Moskva, Avropa və ABŞ səhifələri, eləcə də məhəbbətləri, dostluqları, əsərləri və bəstəkarlarla iş birliyi əksini tapacaq.
Roman rus dilində qələmə alınır. Sinxron olaraq alman və Azərbaycan dillərinə tərcümə ediləcək və eyni zamanda Rusiya, İsveçrə və Azərbaycanda nəşr ediləcək.
Musavat .com