post-title

Cəlil Məmmədquluzadə - Usta Zeynal

Kultura.az görkəmli Azərbaycan yazıçısı, Cəlil Məmmədquluzadənin "Usta Zeynal" hekayəsini oxucularına təqdim edir. "Usta Zeynal" klassik Azərbaycan ədəbiyyatının şedevr hekayələrindən biri sayılır.

 
 
 
Usta Zeynal 
 
Muğdusi Akop adlı erməniyə böyük oğlundan teleqraf gəldi ki, Tiflisdən çıxdı. Bu cavan Moskvanın darülfünununda dörd il yarım təhsil edib, dərsini itmama yetirib, vətənə gəlirdi və həmin dörd il yarımın müddətində ancaq üç il bundan əqdəm bir dəfə valideynini görməyə gəlmişdi. 
 
Bu xəbər Muğdusi Akopu, övrətini, xırda oğlunu artıq dərəcədə  şad etdi: üç ilin ayrılığından sonra universitet dərsini qurtaran övladla görüşmək xoşbəxtlikdir. 
Muğdusi Akop övrətinin əlindən yapışıb, başladı otaqları gəzməyə, ər və arvad məsləhəti bu yerə qoydular ki, xırda otaqda əziz qonaq üçün kravat qoysunlar ki, bu otaq yatmaq otağı olsun; haman otağa yapışıqlı kiçik otağa yazı stolu qoysunlar, əziz qonağın yazı otağı olsun; böyük otağa fərş salıb zal və qonaq otağı eləsinlər; dördüncü otaq nahar otağı olsun; beşinci otağı özləri üçün yatmaq otağı eləsinlər və altıncı otağı kiçik oğlanlarına təyin etdilər. 
 
Otaqların bir qüsuru yox idi; çünki divarların kağızı təzə və təmiz idi, taxta fərşlər təzə şirlənmişdilər. Və lakin bir neç gün bundan irəli çox şiddətli yağışdan zal otağının səqfinin bir parça gəci lampa asılan çəngəlin bir tərəfindən akoşkaya səmt uçub tökülmüşdü. 
Muğdusi Akop və övrət məsləhət etdilər ki, bir bənna çağırsınlar və danışsınlar ki, səqfin uçan yerini gəclə suvayıb düzəltsin. Muğdusi oğlunun bu tezliklə gəlməyini gözləmirdi. O səbəbə ki, oğlu Moskvadan çıxan zaman yazmışdı ki, Tiflisdə iki həftə dayısı evində qonaq olacaq. 
Yağışın rütubəti səqfin uçan yerindən çəkilməmişdi və Muğdusi Akop fikrində qoymuşdu ki, səqf quruyandan sonra təmir etdirsin və illa oğlunun bu tezliklə gəlməyini bilsə idi, təxir etməyib səqfi piş əz vəqt qayıtdırardı. 
Tiflisdən buraya üç günlük yoldu. Akop övrəti ilə məsləhəti bu yer qoydular ki, nə qədər mümkün isə, tezliklə usta çağırıb, iki günün müddətində səqfi təmir etdirib qurtarsınlar. Muğdusi çoxdan bilirdi ki, onun qonşuluğunda Usta Cəfər adlı məhartli bənna və səliqəli gəc çəkən var. Muğdusi, Usta Cəfərin evinə gedib və qapısını döyüb ustanı soruşdu. Ayaqyalın bir arvad qapıya çıxdı və cavab verdi ki: 
 
-“Usta Cəfər gedib Məhəmməd Ağanın evində işləməyə və axşam gələcək.” 
Muğdusi bir az bikef oldu; çünki dəxi ümidi yox idi ki, bekar usta tapa və sabaha kimi də gözləmək istəmirdi: bir günün içində səqfi təmir etmək və sonra otağın toz-torpağını təmizləmək mümkün olmazdı. 
Muğdusi Akop gedib dükan qonşusu Hacı Rəsula dərdini söyləyəndən sonra Hacı Rəsul Təzə İrandan gələn Usta Zeynalı Muğdusiyə tərif etdi.
 
Adam göndərdilər, Usta Zeynal gəldi və boynuna çəkdi günü iki manata Muğdusi Akopun səqfini təmir etsin; bu şərtlə ki, bu gün başlayıb, sabah axşama kimi işini tamam edib, otağın gəcini və torpağını təmizləyib qurtarsın. Muğdusi Akop əhd elədi ki, əgər Usta Zeynal bu şərti vaxtında əmələ gətirsə, ustaya daha altı arşın yarım mahud versin. 
 
Bir saatdan sonra Usta Zeynal şəyirdi Qurbanla Muğdusi Akopun evində hazır oldu və əlindəki xurcunu balkona qoyub girdi otağa və başını yuxarı qalxızıb, üzünü tutdu 
Muğdusi Akopa: 
- “Xozeyin, qorxuram sabah axşama kimi başa gətirə bilmiyim”. 
Muğdusi Akop cavab verdi ki, burada nə bir o qədər iş var ki, sabah axşama kimi qurtarmaya. Usta genə diqqətlə səqfə baxıb başladı ki: 
-“Bu gün axşama kimi ancaq gəc ələnib hazır ola, pilləkan gələ, taxta bağlana, qab-qaşıq gətirilə.... Bunlar hamısı uzun işdi.” 
Mudusi Akop söz verdi ki, bu işlər bir saatın işidir və Usta Zeynaldan çox artıq təvəqqə etdi ki, bir az səy edib təxirə salmasın. 
Muğdusi Akop Qurbana pul verib göndərdi, bir yük yaxşı gəc alıb gətirsin və özü, övrəti və xırda oğlu başladılar ustanın fərmayişlərini birbəbir əmələ gətirməyə. Usta Zeynal balkonda əyləşib çıxartdı çubuğunu və başladı çəkməyi. Muğdusi Akop kiçik oğlu ilə həyətdən nərdivanı gətirib qoydu otağa, Muğdusinin arvadı otaqdan bir paçka papiros və bir qutu spiçka gətirib qoydu Usta Zeynalın qabağına. Muğdusi oğlu ilə həyətdən bir neçə böyük və kiçik taxta gətirib qoydu otağa. Usta Zeynalın buyurmağına görə Muğdusi oğlu ilə gedib qonşudan bir nərdivan da alıb gətirdilər. 
Bir saatdan sonra həyətə bir yüklü ulağ girdi. Üstü-başı gəclə tozlanmış ulağçı, ustanın şəyirdi, hərəsi bir tərəfdən yükün çuvallarını qucaqlayıb, ulağın üstündən götürüb, gətirdilər otağa və gəci boşaltdılar yerə. Ulağçı çuvalları ulağın üstünə atıb, heyvanın ombasından bir dəyənək yendirib həyətdən çıxdı. 
 
Usta Zeynal çubuğu çəkib külünü boşaltdı və durdu ayağa, yarım mahuddan tikilmiş köhnə geyməsini çıxardıb bükdü və qoydu bir səmtə və Muğdusinin arvadından ələk istədi. Arvad ələyi gətirəndən sonra Qurban oturdu otağın bir küncündə və başladı gəci ələməyə. Muğdusi Akop, Usta Zeynalla köməkləşib nərdivanın birini dayadılar otağın bir divarına, o birini dayadılar müqabildəki divara və Usta Zeynal taxtaların bir uzununu və möhkəmini götürüb qoydu nərdivanların uca pillələrinin üstünə və çıxıb, balkondan bir papirosla spiçka qutusunu götürüb, papirosunu yandırdı, üzünü tutdu Muğdusi Akopa: 
 
-“Xozeyin, bu otaqları hansı usta tikib?”- Muğdusi Akop cavab verdi ki, bilmir hansı usta tikib; çünki bu otaqları onun atası tikdirib və bilmir hansı ustaya tikdirib. 
Usta Zeynal börkünü başından götürüb içindən çirkli araxçınını çıxardı, qoydu keçəl başına, börkünü qoydu akoşkanın içinə və Muğdusi Akopdan soruşdu:
 
 
-“Xozeyin, Urusetdən gələn oğlun neçə yaşında olar?” - Muğdusi Akop cavab verdi ki, Urusetdən gələn oğlu iyirmi dörd yaşındadır və Usta Zeynaldan təvəqqə elədi ki, bir az əcələ etsin . (Cəld olsun, tələssin)
 
-“Xozeyin heç narahat olma, niyə ürəyini sıxırsan? Mən ölü də olsam, günortaya kimi qurtarram.” 
 
Sonra Usta Zeynal bir qədər fikirləşib üzünü tutdu Qurbana: 
 
-“Qurban, bir şey yadıma düşdü, tez dur ayağa. Dur, oturma. Get bizdə saxsı ləyən var, Küpə var, onları və bir parç da götür gəl.” 
 
Qurban "ya allah" deyib durdu ayağa və ətəklərinin gəcini silkib başmaqlarını geydi və yavaş-yavaş üz qoydu getməyə. Muğdusi Akop, Usta Zeynala dedi ki: 
 
-“Bu şeylərin cəmisi burada var. Daha nə lazım zəhmət çəkmək və vaxtı itirmək?” 
 
Usta Zeynal əvvəl bilmədi ki, nə cavab versin və əlindəki papirosu akoşkanın küncünə basıb keçirdib dedi: 
 
-“Xozeyin, heç eybi yoxdu, nə eybi var? Bu saat Qurban şeyləri gətirər. Nə eybi var?” 
Bu sözləri deyəndən sonra Usta Zeynal akoşkanın içinə əyilib, başladı diqqətlə həyətə baxmağa və Muğdusidən soruşdu: 
 
-“Xozeyin, həyətdə axar su var?” 
 
Muğdusi Akop cavab verdi ki: 
 
-“Haman görükən arxın suyu həmişə axır.”--Usta Zeynal "çox əcəb" deyib başladı şalını açmağa. Muğdusi Akop çıxdı getdi arvadının yanına. Arvadı bundan soruşdu ki: 
 
-“Ustalar nə işdədirlər?”- Muğdusi Akop cavab verdi ki, ustalardan gözü su içmir; çünki çox yava tərpəşirlər. 
 
Saat yarımdan sonra Qurban gəldi; küpəni, ləyəni, parçı və bir lüləyin gətirdi. Usta Zeynal başladı şalını açmağa və Qurbana dedi ki, durmasın, tez su gətirsin və gəc qayırsın. Qurban çıxdı balkona və küpəni götürüb yendi həyətə, arxdan küpəni doldurub gətirdi, ləyənə su tökdü və gəcdən ovuclayıb, başladı ləyənə tökməyə. Usta Zeynal arxalığını çıxardıb bükdü qoydu akoşkanın içinə, çıxdı balkona, xurcundan malanı çıxardıb gətirdi otağa və "Ya Əli" deyib nərdibanla çıxdı taxtanın üstünə. Qurban gəci qarışdırıb çıxdı nərdibanın dördüncü pillsinə və ləyəni taxtanın üstünə qoyub yendi aşağı. Usta Zeynal "Bismillah" deyib, sol əlilə gəci götürüb qoydu malanın üstünə və səqf vurub başladı suvamağı. 
 
Muğdusi Akop gördü ki, iş başlandı, bir qədər rahat oldu. Hətta övrəti şadlığından Usta Zeynala çay təklif etdi. Usta Zeynal çay barəsində razılıq edib ancaq təvəqqə elədi ki, zəhmət çəkib ona bir papirosla, bir spiçka versinlər; çünki Qurbanın əlləri gəcli idi. 
Muğdusi Akop papirosu və spiçkanı uzatdı Usta Zeynala. Usta papirosu damağına salıb, başladı işini və dedi: 
 
-“Xozeyin, oğlun neçə il dərs oxuyub?” 
 
Muğdusi cavab verdi ki: 
 
-“On dörd il oxuyub.” 
 
-“Maşallah, maşallah. Elədə, xozeyin, gərək çox kitab oxumuş ola.” 
 
-“Nə söz, çox oxuyub.” 
 
“Maşallah, maşallah. Elədə, xozeyin, gərək xətti də yaxşı ola.” 
 
Muğdusi Akop soruşdu: 
-“Necə xətti?” 
 
-“Yəni yazmağı, qələmi.”
 
-“Söz yox, yaxşıdı.” 
 
Usta Zeynal, malanı qoydu taxtanın üstünə və keçmiş papirosunu yandırıb çömbəldi taxtanın üstündə və başladı: 
 
-“Xozeyin, nə qədər yaxçı olsa, mən and içə bilərəm ki, bizim oxuyanların xətti kimi ola bilməz. And olsun hər ikimizi yaradana, vətəndə mənim qardaşımın bir oğlu var, olar 13-14 yaşında. Yəni deyəsən çox da dərs oxuyub? Xeyr. Əvvəl-axır yeddi-səkkiz il məscidə gedib, "Gülüstan"ın ancaq ikinci babına kimi mətnini oxuyub. Amma di gəl xəttin, allah bağışlasın, allah öz cəlalı xatirinə sənin də övladının dağını sənə göstərməsin, yazıqsan.” 
 
Muğdusi Akop dinmədi ki, Usta Zeynal söhbəti müxtəsər etsin və işinə məşğul olsun. 
 
Qurban bildi ki, ləyəndəki gəc quruyub, zay olub, nərdibana qalxıb, ləyəni yendirib başladı gəci qaşıyıb yerə tökməyə və təzə gəc qayırıb qalxdı nərdibana. Usta Zeynal papirosun başını gəcə basıb, cızıltı ilə keçirdi və başladı suvamağı və bu söhbəti: 
 
-“Xozeyin, niyə sizin padşahuuz yoxdu?”
 
Muğdusi Akop cavab vermədi və otaqdan çıxdı. Yarım saatdan sonra Muğdusi Akop ustaların yanına gəlib gördü ki, Usta Zeynal yenib aşağı. Qurban parçla su tökür, usta əllərini yuyur ləyənin içinə. Muğdusi Usta Zeynaldan soruşdu ki, niyə bəs işləmir? Usta cavab verdi ki, günorta namazının vaxtı keçir; bu saat gedib namaz qılıb gəlib işləyəcək. 
 
Saat yarımdan sonra Usta Zeynal çıxdı taxtanın üstün və Qurban başladı gəc qayırmağı. Muğdusi gördü ki, ustalar işləməyi başladılar, bunların yanına gəlməyib, oturdu qabaq otaqda ki, bəlkə Usta Zeynal söhbətə məşğul olmayıb şirin işləsin. Muğdusi qəzetin vərəqini götürüb, dəmir yolun bu tərəfə hərəkət etməyinin hesabını öyrənirdi ki, görsün oğlu hansı qatarla çıxa bilər və vətənə nə vaxt gələ bilər. 
 
-“Qurban, gəc qayır....”- Usta Zeynalın belə səsi gəldi. 
Muğdusi belə hesab edirdi: dəmir yol qatarı Tiflisdən əgər sübh saat beşdə çıxmış olsa, axşam yetişər "Almalı" mənzilinə.
 
“Qurban, təqlidin kimədir?...”- Usta Zeynalın səsi gəldi. 
 
Qurbandan cavab çıxmadı. Muğdusi hesab edir: sabah axşam dəmir yol qatarı yetişər "Qurdlar" mənzilinə. Bu hesabla sabah yox, biri gün sübh saat doqquzda gələn maşınla gözləmək olar. 
 
Usta Zeynal belə söhbət edirdi: 
 
-“Sizin vilayətin müsəlmanları əgər müsəlmana bir tük qədəri oxşuyurlarsa, mənim atama lənət! Görürsən sizin o binamus Ağa Sadığı? Keçən həftə olarda işlyirdim. Məlunun dövləti həddən aşıb. Deyirəm, Ağa Sadıq, qardaş, bu dövləti nədən ötrü cəm edibsən? 
Niyə bir Kərbəla ziyarətinə getmirsən? Həyasız oğlu həyasız on iki imama and içir ki, mümkün eliyə bilmirəm. Niyə mümkün eliyə bilmirsən, ey ləvənd? Niyə bəs imarət qayıtdırmağı mümkün eliyirsən? Niyə bəs at saxlamağı, mahıt çuxa geyməyi, üç arvad almağı mümkün eliyirsən? Daha sənin ermənidən nəyin artıqdır? Qərəz, Qurban, sizin vilayətin müsəlmanları çox biqeyrətdilər. Gəc ver!...” 
 
Qurban pillələri çıxa-çıxa başladı: 
 
-“Usta, allah atana rəhmət eləsin. Ağa Sadığın heç taxsırı yoxdur. Ağa Sadıq neyləsin?  imam özü gərək adamı istəyə; əgər imam istəməsə, nə cür ziyarətə getmək olar?” 
 
Usta Zeynal hirsli kimi ucadan söylədi: 
 
-“A kişi, get işinə sən allah, axmaq-axmaq danışma! Necə gərək, imam istiyə? Əgər adamda imam məhəbbəti olmasa, dəxi imamın nə vecinə o cür məlunu istəsin?  İmama çox lazımdır ki, Ağa Sadıq kimi axmaqlar onun ziyarətinə getdi, ya yox?” 
 
Qurban gəc ləyənini yuxarı qalxıza-qalxıza başladı:
 
“Usta, hər nə deyirsən de, amma imam adamı istəməyincə ziyarətə getmək olmaz.” 
Usta Zeynal acıqlı baxdı Qurbanın üzünə, taxtanın üstündən çömbəlib başladı papirosunu yandırmağa və əl-qolunu ata-ata dedi: 
 
-“Bax, məni görürsən, bir kasıb bənnələrin biriyəm. Bir mala və bir xurcundan savayı özgə bir mal-dövlətim yoxdu; çünki əvvəldən mən dünya malı fikrində olmamışam. Çünki dünya malı dünyada qalacaq. Allah-taala özü qurani-məcidində buyurub: "Cahan, ey bəradər, nəmandə bə-kəs...."  ( Tərcüməsi: ey qardaş, dünya heç kəs qalmayacaq.) 
Allah sənin də ölənlərinə rəhmət eləsin, rəhmətlik atam zənganlı Hacı Heydər, Zənganda mötəbər adamların biri idi və özünə görə yaxşı dövlət qazanmışdı. Elə ki, atam vəfat etdi, onda mən on iki yaşında idim. Məni istədilər evləndirsinlər. Hamıdan artıq bu fikirdə əmim Kərbəlayı Qulamli idi ki, qızını versin mənə. Qızı da hələ bir az uşaq idi. Gəl ləyəni götür, gəc qayır.... Qızı olardı altı, yeddi yaşında; mən dedim ki, əgər məni dar ağacından assanız da, çəhardəh məsumu ziyarət etməyincə evlənmənəm; çünki qız da hələ bir az uşaq idi. Hərçənd əmimin ziyarətə getməyimə bir sözü yox idi; amma mən görürdüm ki, əmimin xahişi əvvəl məni evləndirmək, sonra ziyarətə yollamaqdır. Dedim vallahı və billahı istiyirsiz məni öldürün, istiyirsiz ac qoyun, ancaq gedəcəyəm.” 
 
Muğdusi Akop girdi içəri və gördü ki, Usta Zeynal taxtanın üstündə çömbəlib söhbət edir. Muğdusi qaş-qabaqlı başını qalxızdı Usta Zeynala tərəf və hər iki əlini yuxarı tutub dedi: 
 
-“Ay Usta Zeynal, sən allah, işinə məşğul ol, bəlkə sabah axşama kimi qurtarasan. Yoxsa sabah qurtarmasan, gərək işi yarımçıq qoyaq, çünki biri gün tezdən qonaqlar gələcək.” 
 
Usta Zeynal durdu ayağa və malanı götürüb, əlini vurdu bərkimiş gəcə və Qurbana dedi. 
“Qurban, gəc qayır.” 
Və sonra üzünü çöndərdi Muğdusi Akopa:
 
-“Ay xozeyin, axı mən başıma nə daş salım? Bu cür axmaqlar adamı dəli-divanə eləyir. Qoyurlar ki, adam başını salıb aşağı, işinə məşğul olsun?” 
 
Muğdusi Akop qaş-qabaqlı üzünü tutdu Usta Zeynala: 
 
-“Ay rəhmətlik oğlanları, axı siz buraya işləməyə gəlibsiniz, ya davaya? Bəs siz dava eliyəcəksiniz, işi kim görəcək?” 
Usta Zeynal Mudusiyə tərəf çönüb əlindəki malanı iki dəfə öz döşünə vurub dedi:
 
 
-“İşi mən görəcəyəm, mən! Ürəyüvi niyə sıxırsan, xozeyin? Canın sağ olsun. Bu nə işdi ki, mən sabaha qurtara bilmiyim? Mən ölməmişəm ki, sənin işin yarımçıq qalsın. Əgər mən sənin işini sabah qurtarmasam, mən səndən bir qəpik də istəmirəm.” 
 
-“Yaxşı, Usta Zeynal, tutaq ki, sən məndən bir qəpik istəmədin; bəs mənim xeyrim nədi ki, iş yarımçıq qalsın və qonaqlar gəlib evi bu şəkildə görsünlər?” 
 
-“Heç ürəyüvi sıxma, xozeyin. Allah kərimdi. Ümidüvi bir allaha bağlaki, yeri-göyü yox yerdən xəlq edibdi. Ürəyüvi niyə sıxırsan? Əgər allahın iltifatı olsa, belə iş olmasın ki, on belə iş olsun, bir dəqiqdə qurtarram; əgər olmasa, dəxi mənim günahım nədi?... Qurban, gəc ver.” 
 
Axşama bir saat qalırdı, ustalar əllərini yuyub işdən çıxdılar. Səqfin altı hissədən ancaq bir hissəsi qayrılmışdı. Ustalar gedəndə Muğdusi Akop onlardan ancaq bunu təvəqqə elədi ki, səhər iş tez gəlsinlər. Usta Zeynalın Muğdusiyə verdiyi cavab bu oldu: 
“Ürəyüvi sıxma, xozeyin, allah kərimdi.” 
Sübh təzə işıqlanırdı. Usta Zeynal və Qurban üz qoymuşdular Muğdusi Akopun evinə işlməyə və Usta Zeynal şəyirdinə bu sözləri deyirdi: 
 
-“Qurban, mən qəsdən səni bu tezlikdə çağırdım. Qardaş, bir az tez gedək, o kişinin işini qurtaraq; çünki idi, əgər qurtarmasaq, xəcalətlik çəkərik. Əvvələn budur ki, kişinin oğlu gəlir, qonağı-zadı olacaq; ikinci budur ki, axı, söz vermişik; kişi odur ki, verdiyi sözə əməl eləsin. Və bir də Hacı Rəsuldan da ayıbdı, o kişi də vilayətdə özünə görə bir adamdı.” 
 
Qurban bir söz söyləmədi və bir qədər keçəndən sonra soruşdu: 
 
-“Yaxçı, usta, indi sən bu işi podrata götürmüsən ki, bu gün axşama kimi qurtarasan. İndi belə tutaq ki, qurtarmadın, bəs necə olacaq? Puldan yana erməni bizi incitməyə?” 
 
-“A kişi, sən həzrət Abbas, boş-boş danışma! Elə söz danışırsan ki, pişmiş toyuğun gülməyi gəlir. Kişi, necə qurtarmasan? O nə işdi ki, qurtarmıyam?” 
“Axı, ay usta, mən demirəm ki, qurtarmayacaqsan; ancaq deyirəm ki, işdi, qurtarmasan?” 
“A kişi, sən imam Hüseyn, özünü dəsgaha qoyma.” 
Ustalar yetişdilər Muğdusi Akopun evinə və yarım saatdan sonra Usta Zeynal çıxdı taxtanın üstünə. Qurban başladı gəc qayırmağı və söhbəti. 
 
“Usta, bizim xozeyin yaxşı adama oxşuyur.” 
 
Usta Zeynal gəci ləyəndə sağ əli ilə götürüb cavab verdi:
 
 
-“Yaxşı adam olmağına yaxşı adamdı, allah dinə gətirsin; amma nə fayda?!” 
“Usta, mən bir şeyə mat qalıram. Yaxçı, ermənilər bu aşkarlıqda zadı görmüllər? Bunlar niyə bəs dönüb musurman olmullar?” 
 
Usta Zeynal gəci mala ilə səqf vurub dedi: 
 
-“Qurban, bu işlər hamısı sirrdir. Bunları heç başa dümək olmaz. Bunlar hamısı allah yanındadır; çünki belə fərz elə, ermənilərin hamısı çönüb müsulman oldu, -onda cəhənnəmi allah kimdən ötrü xəlq edib və kimi ora göndərəcək? Bu işlərin hamısının bir 
səbəbi var; yoxsa ermənilər çox yaxçı bilirlər ki, bizim məssəbimiz olarınkından yaxçıdı. Xüdayi-əzz və cəll. (Allah əziz və cəlallıdır.) 
 
“Usta, sözünü də kəsirəm, hələ deyək ki, musurman olmasınlar. Mən bilmirəm bunlar hələ necə donuz ətindən irgənmirlər?” 
 
Usta Zeynal malanı qoydu taxtanın üstünə; çubuğu götürüb başladı doldurmağa və alçaq səslə dedi: 
 
-“Mən deyirəm ki, ermənilər özləri də görürlər ki, donuz ətində bir ləzzət yoxdu; amma boyunlarına düşüb, ta əl çəkə bilmirlər.... Neyləsinlər yazıqlar? Adamın adam xörəyi olar, heyvanın da heyvan xörəyi. Və bir də bunlar hamısı allahdandır. Gəl ləyəni götür, gəc qayır.” 
Qurban çıxdı nərdibana və başladı: 
“Bəli, qıl körpüdən keçəndədi tamaşa!...” 
Usta Zeynal çubuğunu tüstülədib başladı: 
“Qurban, bilirsən nə var? İşin əsli, haqq yolu tanımaqdadır; insan ki, haqq yolu tapdı, insan ki, xüdayi-taalanın....” 
Muğdusi Akop içəri girib, dinməz-söyləməz baxdı Usta Zeynalın üzünə. Usta Zeynal üzünü Muğdusiyə tutub soruşdu: 
 
“Ay xozeyin, səni and verirəm incilə, bir mənə de görüm, o zəhrimarda nə ləzzət görübsünüz ki, yeyirsiz?” 
Muğdusi Akop hirslənib, iki əlini yuxarı qalxızıb qayımdan dedi: 
“A kişi, bir mənə de görüm, sən bura mollalığa ki, gəlməmisən?”
 
- Xozeyin, qadan alım, ta niyə hirslənirsən? Bir sözdü ağzıma gəldi soruşdum. Qurban gəc qayır! 
 
Muğdusi dinmədi. Usta Zeynal çubuğunu taxtanın üstünə qoyub götürdü malanı və başladı işləməyi.
 
Muğdusi əvvəl istədi ki, işi yarımçıq qoyub, ustaların hesabını kəsib, rədd etsin; amma övrəti razı olmadı və dedi ki:
-“Daha bundan sonra haradan özgə usta tapılıb səqfi axşama kimi qurtara biləcək. Daha işi natamam qoymaq olmaz. Ya lazım idi təmirə heç başlamamaq; indi ki, başlanıb,qurtarmaq lazımdır.”
 
Ər və arvad məsləhəti bu yerə qoydular ki, Muğdusi Akop gedib Hacı Rəsula əhvalatı söyləsin ki, Hacı Rəsul ya özü gəlsin və ya bir adam göndərsin Usta Zeynalın yanına və təkid etsin ki, şərt olunan haqqından bir manat da artıq alıb, Usta Zeynal axşama kimi əlbəttə işini tamam etsin.
 
Muğdusi Akop getdi Hacı Rəsulun yanına və dərdi-dilini ona söylədi. Hacı Rəsul zahirən Usta Zeynalın rəftarından nəhayət dərəcədə narazı qalıb oğluna dedi ki, durmayıb getsin və flan-flan şüdəyə desin ki: "Əgər bu gün axşama kimi işini tamam etməsə, nə onun haqqı yetişəcək və nə də daha bundan sonra onu bir özgəsinə tərif edəcək". Hacının oğlu yarım saatdan sonra qayıdıb gəldi və cavab gətirdi ki, Usta Zeynal atasının qəbrinə and içib ki, Hacı ağa heç ürəyini sıxmasın; əgər allahın iltimatı olsa, bu gün axşama kimi səqfi tamam edəcək və əgər etməsə, bir qəpik də haqqı istəməyəcək.
 
Muğdusi Akop bu sözlərin qabağında daha bir söz söyləmədi və başını aşağı əyib, istədi dükandan çıxıb gedə. Hacı Rəsul Muğdusini çağırıb ona bu sözləri dedi:
 
-“Hara gedirsən, Muğdusi kirvə? Gəl bir az söhbət elə görək nəvar, nə yox? Davadan-zaddan 
 
Nə danışırlar?”
Muğdusi dükanın qapısında durub, bir cavab vermədi və saatı çıxardıb və cibinə qoyub dedi:
“Hacı, gərək gedəm bazara, bir az işim var. Evə gərək gedəm, görüm ustalar nə qayırırlar.”
 
“A kişi, sən məssəbin, boşla qoysun getsin. Muğdusi kirvə, görükür ki, mənim sözlərimi zarafat hesab eliyirsən. Mən ki, Usta Zeynala sifariş elədim, o ki, mənə söz verdi, eliyə bilməz sözünə əməl eləməsin. Lap arxayın ol və gəl otur, bir az söhbət eliyək.”
 
-“Doğrusu, Hacı, mənim ustalardan gözüm su içmir, qorxuram işi yarımçıq qoyalar.”
 
“Ay Muğdusi, səni dinin, boş-boş danışma, gəl otur görək.”
Hacı Rəsulun oğlu, Muğdusi Akopa bir stul təklif etdi. Muğdusi oturdu və Hacı Rəsul genə başladı and içib Muğdusini inandırmağa ki, Usta Zeynal sözünün üstündə möhkəm adamdır; Usta Zeynalı o çoxdan tanıyır ki, Usta Zeynal mömindir, allah bəndəsidir, qeyrətlidir, sadiqdir, iş görəndir, zirəkdir, ağıllıdır, artıq dərəcədə vəfalıdır və indiyə kimi bir dəfə də namazını-qəzaya qoymayıbdır.
 
Usta Zeynal haman vaxt Qurbanla belə söhbət edirdi:
 
-“Qurban, görürsən bu erməni millətini. İstiyirsən yüz min dəfə imama, peyğəmbərə and iç, qəsəm elə, heç vaxt sənin sözünə inanmayacaq. De ki, ay kafir olu kafir, burda nə bir o qədər iş var ki, sən mənim sözümə inanmayıb, Hacı Rəsulu iltimasçı salırsan? Gəl ləyəni götür, gəc qayır!”
Qurban nərdibana qalxa-qalxa başladı: “Usta, birisi allahı dandı, laməzhəb oldu, heç bir şeyə qayıllığı olmadı, çətindi onu inandırmaq.”
Qurban küpəni götürdü ki, ləyənə su töküb gəc qayırsın və gördü ki, küpənin suyu qurtarıb və bir az diqqət edəndən sonra gördü ki, su axıb tökülüb yerə. Küpənin o tərəfinə-bu tərəfinə diqqətlə baxıb gördü: küpə bir tərəfdən çatlayıb. Qurban üzünü Usta Zeynala tutub soruşdu:
 
“Usta, küpəniz irəlidən çatdaq idi, ya təzəlikdə sınıb?”
Usta Zeynal cavab verdi:
“Yox, bizim küpə sınıq deyil, yoxsa sən sındırmısan?”
Usta Zeynal başladı aşağı yenməyi və küpəni əlinə götürüb üzünü tutdu Qurbana:
“Qurban, bu küpə bizim deyil, bizimki köhnədi və bir az bundan yekədi.”
Qurban bir az fikir edib çıxdı balkona və əlində bir küpə gətirdi. Usta Zeynal haman Küpəni Qurbanın əlindən alıb, mat-mat baxdı Qurbanın üzünə və dərin ah çəkib dedi:
“Qurban, allah sənə lənət eləsin!”
 
Bu sözləri deyib, Usta Zeynal genə mat-mat baxdı Qurbanın üzünə. Qurban da habelə dinməz-söyləməz baxırdı Usta Zeynalın üzünə. Usta Zeynal bir ah çəkib dedi:
“Qurban, allah sənə lənət eləsin! Erməninin küpəsində su gətirib gəc qayırdın və dünya aləmi mırdar elədin. Allah sənə lənət elsin!”
Qurban dinməyib mat-mat baxırdı Usta Zeynalın üzünə. Usta Zeynal üzünü turşudub iki dəfə tüpürdü yerə, bir dəfə Qurbanın üzünə və həyətə çıxıb getdi oturdu arxın kənarında və başladı əllərini yumağı və sonra otağa gəlib Qurbana dedi ki, şeyləri yığışdırsın. Və akoşkanın içindən paltarını götürüb, genə Qurbanın üzünə bir dəfə tüpürdü və üz qoydu çıxıb getməyə. Qurban da kor-peşman başını saldı aşağı və xurcunu götürüb, düşdü ustanın dalına. Muğdusinin arvadı elə bildi ki, ustalar çörəyə çıxırlar.
Haman dəqiqə Hacı Rəsul dükanda Muğdusi ilə söhbət edirdi və Muğdusini inandırırdı ki, Usta Zeynalı o çoxdan tanıyır ki, Usta Zeynal mömindir, allah bəndəsidir, qeyrətlidir, sadiqdir, iş görəndir, zirəkdir, ağıllıdır, nəhayət dərəcədə vəfalıdır və indiyə kimi bir dəfə də namazını qəzaya qoymayıb.
 
Bu gün axşama kimi Muğdusi Akop, övrəti və kiçik oğlu otaqda nərdibanları, taxtaları və gəci eşiyə daşıyıb, otağı təmizləməyə məşğul oldular. Muğdusi  hərdən bir yarımçıq səqfə baxıb Usta Zeynalı yad edirdi.
Bu gün axşama kimi Usta Zeynalın arvadı ərinin paltarlarını yuyub qurutmağa məşğul oldu. Usta Zeynal çılpaq oturmuşdu evində və gözləyirdi ki, paltarları quruyandan sonra getsin hamama və təmizlənsin.
 
Sübh saat doqquzda dəmir yol ilə Mğudusi Akopun oğlu gəldi vətənə.
 
 
İyul, 1905-ci il, Tiflis
 
Cəlil Məmmədquluzadə
 
Kultura.az
Yuxarı