(Keçmiş günlərdən)
Keçən il payız fəsli idi. Mən də o məclisdə var idim. Şəhərimizin bir neçə ağsaqqalları, oxumuşları, tacirləri yığışmışdılar ki, öz aralarında məsləhət edib bir "klub" binası qoysunlar.
Həmin məclisdə bir neçə axund da var idi.
Məclis əhli tamam cəm olandan sonra cənab Cəfər bəy (dörd il bundan irəli Moskva darülfününün ədliyyə şöbəsində təhsil edib) ayağa durub başladı rus dilində "klub"un nədən ibarət olmağını bəyan etməyə.
Cəfər bəy sözünü qurtarıb oturdu. Amma heç kəsdən bir səs çıxmadı. Mən duydum ki, Cəfər bəyin sözlərini bir-iki yoldaşlarından savayı başa düşən olmadı. Mənim zənnim doğru imiş, çünki mollaların birisi üzünü Cəfər bəyə çevirib dedi:
Bəy, nitqiniz bəndəyə məfhum olmadı (aydın olmadı).
Cəfər bəy mollaya bir cavab vermədi, çünki mollanın dediyini qanmadı. Cəfər bəy gözlərini dirədi mollanın üzünə, molla da Cəfər bəyin üzünə. Axırda tacirlərin biri Cəfər bəyə dedi ki, ay bəy, sənin sözlərinə biz necə ki, lazımdı mültəfiq olmadıq. Çünki biz rusca o qədər bilmirik, əgər mümkündü, zəhmət olmasa müsəlmanca de. Cəfər bəy durdu ayağa və çeşməyini düzəldib dedi: “Qaspada pajalusta, mən bir az kak sleduet, müsəlmanca dildə abyasnitsya ola bilmərəm, proşu izvineniya (yəni müsəlmanca necə ki, lazımdı danışa bilmərəm, məni bağışlayınız). Oturanların çoxusu dedi: “heç eybi yoxdu, bəy, heç zəhmət çəkmə “.
Sonra Həsənağa durdu və bu cür danışdı:
Biz, müsəlmanlar lap bədbəxt olmuşuq: Hər bir millət özü üçün bir klub açıb axşamdan axşama yığışır ora və hər kəs hər nə kefi istəyir eləyir, biri görürsən qəzet oxuyur, biri tansavat eləyir, biri qumar oynayır, biri yeyir, biri içir. Qərəz dost dostu ilə, aşna aşnası ilə görüşür və xoşluq ilə vaxtını keçirir. Amma biz biçarələr otururuq evdə və bir yer tapa bilmirik ki, orada ürəyimiz istədiyi kimi günümüzü keçirək.
Həsənağaya mollaların biri belə cavab verdi; çox əcəb, bavücudi-həmə in (bütün bunlarla bərabər) gərək bunu nəzərdə tutasınız ki, "klub" dediyiniz yerdə gərək şərab istemal olunmasın və illa bizim üçün oraya gəlmək bir az müstəhsən olmaz. ( Yaxşı düşməz)
Molladan sonra bəylərin birisi tez ayağa durub bir qədər hirsli haman mollaya cəvabən dedi: necə, necə, nə olmasın?
Tacirlərdən biri dedi ki, "klubda" çaxır gərək içilməsin.
Bu sözü eşitcək bəylərdən bir neçəsi qeyzə gəlib və ayağa durub başladılar uca səslə deməyə: necə olmasın ? Nə danışırsınız ? Kak mojno, çaxırsız klub harda görüküb? Hər kəs gəlir gəlsin, gəlmir gəlməsin. Kak mojno, kto xoçet pust ne piyot. Heç kəsə zornan deyən yoxdu ki, çaxır iç.
( hələ qurtarmayıb )
Hop-hop
“Molla Nəsrəddin “ 16 iyun, 1906. N 11.