post-title

Dünyanın ən böyük filosofları: Adam Smit

Adam Smit (İng: Adam Smith) günümüzün ən böyük dilemmalarından birini çözməyə çalışan və bizə bu yolda bələdçilik edən iqtisadçılardan biridir. Dilamanın mahiyyətini isə bir sual təşkil edir: Necə etmək olar ki, kapitalist sistemi daha insani və mənalı olsun?

 
 
Adam Smit 1723-cü ildə Şotlandiyanın kiçik sənaye şəhərciyi Kirkaldidə (ing: Kirkcaldy) dünyaya gəlib. Anasına bağlı və çalışqan bir şagird kimi tanınan Adam qısa müddətlik olsa da, qaraçı tayfaları tərəfindən oğurlanır, amma daha sonra azad edilir. Gənclik illərində dövrünün ən parlaq arsitokrat gənci ilə Fransaya səfərə çıxan Adam bu səyahət müddətində həmin gənclə çox yaxın dostluq qurur. Daha sonra akedemik filosof olan Adam Smit simpatiya haqqında ən böyük kitabını yazır. Adam Smit kitab yazmaqla paralel məntiq və estetika haqqında mühazirələr də deyirdi. 
 
İqtisadiyyat tarixininin ən böyük fikir adamlarından biri olan Adam Smitin yazdıqları, yalnız iqtisadiyyatla məhdudlaşmır və onun sərhədlərini aşaraq fəlsəfi mətnlərə çevrilirdi. Pul sistemini anlamağa çalışan Adam Smitin əsas ambisiyası isə insanları və xalqları xoşbəxt etmək idi. Öz dövründə Adam Smit kimi eyni hədəfə çatmağa çalışan insanlar bunun üçün əsasən din və dövlət sistemi ilə maraqlanırdılar. İntellektual debatlarda, müzakirələrdə əsas mövzunu kilsənin insan həyatındakı rolu və dövlətin əsasları təşkil edirdi. Ancaq Adam Smit düşünürdü ki, filosoflar iqtisadiyata daha çox diqqət ayırmalıdırlar. Pulun necə qazanılması, xərcənilməsi və gördüyü işə görə kimin nə qədər qazanması onu narahat edən mövzuların başında gəlirdi. 
 
Daha yaxşı kapitalizim sistemini qurmamız üçün Smit bizə bələdçi kimi dörd ideya verir: 
 
1. İxtisaslaşma 
 
Müasir dövrdə insan əməyinə diqqət etdikdə iki faktor önə çıxır: 
 
- Müasir iqtisadiyat heç bir dövrlə müqayisə edilməyəcək zənginlik yaradıb (elita üçün); 
- Bir çox insanlar iş həyatını darıxdırıcı hesab edir və şikayətlərinin əsasında da gördükləri işlərin mənasız olması durur. 
 
Adam Smit ixtisaslaşma nəzəriyyəsində bu iki fenomenin bir biri ilə bağlılığını üzə çıxardıb. O iddia edirdi ki, müasir iş həyatında bir insanin bir günə görə biləcəyi iş bir neçə insan arasında bölünərək daha effektiv şəkildə görülə bilər. 
 
O, buna mühüm irəliləyiş kimi baxırdı. Adam Smitin proqnozuna görə, milli iqtisadiyyatlarda əmək bölgüsü (ixtisaslaşma) artdıqca onlar daha da varlanacaq.   Əgər bir ölkədə insanlar çörəklərini özləri bişrəcəksə, evlərini özləri təmir edəcəksə, yemək hazırlamaq üçün balığa özləri gedəcəksə, uşaqlarının təhsilini özləri təşkil edəcəksə, o zaman həmin ölkənin insanlarının kasıblaşması qaçılmaz olacaq.  Ən yaxşı yol, işləri insanlar arasında ixtisasına görə bölmək və onların ehtiyaclarının, istedadlarının mübadiləsini təşkil etməkdir.
 
Müasir dövrdə zənginliyin göstəricilərindən biri odur ki, biz tanımadığımız biri ilə qarşılaşanda onun nə iş gördüyünü anlaya bilmirik. Məsələn, indiki zamanda biz anlaşılmaz iş adları ilə qarşılaşırıq: Lojistik Təminat üzrə Menecer, Yükləmək üzrə Kordinator, Komunikasiya və Öyrənmə üzrə Rəhbər. Bütün bu ixtisaslar Adam Smitin məntiqinin və öncəgörməsinin sübutu kimi qarşımızda durmaqdadır. 
 
 
Ancaq ixtisaslaşmanın doğurduğu ən önəmli problem görülən işin mənalı olub-olmamasındadır. İş bölgüsü artdıqca onun mənalı olması bir o qədər azalır. Çünki insan gördüyü işin hansısa dəyişiklik yaratdığını, digər insanlara xeyr verdiyini hiss etmirsə, o zaman onun gördüyü iş də mənasını itirir. Biznesin kiçik və kompakt olduğu zamanlarda insanlar başqalarına kömək etdiklərini duya  bilirdilər. Kiçik paltar dükanı sahibi, çörəkçi belə - böyük işlər görməsə də -  lazımlılıq hissini duya bilirdi. Ancaq hər şeyin sənayeləşdiyi indiki dövrümüzdə insan  özünü böyük bir maşının (fərqi yoxdur siz bu maşında adi işçi və ya menecersiz) kiçik çarxı kimi hiss edir. Dörd qitəyə yayılmış 150 minlik bir şirkətin işçisi son məhsulu görməsi üçün 5 il gözləməli olur. Bu müddət kifayət edir ki, işçi nə üçün və hansı məqsədlər uğruna çalışdığı hissini tamamilə itirsin.  
 
İxtisaslaşmanın yaratdığı dəhşətdən sarsılan 19-cu əsrin bəzi filosofları çıxış yolu kimi insanların əl (kustar) əməyin olduğu dövrə qayıtmalı olduqlarını iddia edirdilər. Ancaq Adam Smit problemin həllinə yanaşmada daha yaradıcı idi. O dərk edirdi ki, müasir iqtisadi sistemdə insanın əməyə yaddlaşmasının qarşısını almaq üçün insanlara öz fərdi əməklərinin, böyük bir planın bir hissəsi kimi, cəmiyyətə xidmət etməsi və digər insanlara yararlı olması hissini aşılamaq, onlara bunu izah etmək lazımdır. Məhz buna görə müasir ixtisaslaşmış şirkətlərin rəhbərlərinin əlavə bir məsuliyyəti daha var: işçilərinə gördükləri işin məqsədini izah etmək, onların əməyinin bu məqsədə çatmaqda nə qədər vacib və dəyərli olduğunu xatırlatmaq. 
 
2. İstehlakçı cəmiyyət 
 
Adam Smit bizim indi istehlak kapitalizmi adlandırdığımız dövrün başlanığıcında yaşayıb. Artıq həmin dövrdən başlayaraq istehsal sahələri lüks məhsullarını orta təbəqəyə satır, mağazaların görünüşü daha cəlbedici olur, moda jurnalları artır, brendləşmə vüsət götürürdü. Bəzi şərhçilər gördüklərindən dəhşətə düşmüşdülər. Məsələn, Jan-Jak Russo yaşadığı Cenevrə şəhərində bu lüksun qadağan edilməsini və onun Sparta kimi sadə həyat tərzinə qayımasını arzulayırdı.
Russonun fikirləri ilə qəti razılaşmayan Adam Smit qeyd edirdi ki, lüks məhsullar və axmaq istehlakçılıq cəmiyyətdə son dərəcə vacib funksiyaya sahibdir. Belə ki, nail olunan bu məhsul artıqlığı sayəsində cəmiyyətlər öz kasıb üzvlərinin təməl ehtiyaclarını qarşılamaq imkanına sahib olub. Bəli, doğurdan da istehlakçı cəmiyyətlər Sparta kimi ciddi əxlaqi təməllərə sahib olmaya bilər, ancaq onların əxlaqi dəyərləri də başqa təməllər üzərinə oturmaqdadır. Məsələn, bu cəmiyyətlərdə uşaqların və yaşlı nəslin ac-yalavac yaşantısına son qoyulub. Bütün bər-bəzəkli əl dəsmalları, brilyantla dolu mücrülər, qaymaqlı, şokaladlı desertlər doğurdan da mənasızlıq təsiri bağışlayır, ancaq heç şübhə yoxdur ki, məhz bu kimi şeylər sayəsində ticarət genişlənmiş, iş yerləri açılmış və böyük zənginlik yaranmışdır. Bu kimi inkişafa görə istehlakıçı sistem müdafiə olunmalıdır.
 
 
Əgər Adam Smit söhbəti bu hissədə bitirsəydi, o zaman onun özü də çox çətin seçimlə üz-üzə qalardı (Belə ki, o, ya axmaq istehlakçı kapitalizmi ya əzici ciddiyyət tələb edən Sparta həyatını, ya da adının hər şeyi ifadə elədiyi Şimali Koreyanı seçməli olacaqdı). Ancaq Adam Smitin gələcəklə bağlı ümidləri böyük idi. O hesab ediri ki, istehlakçı sistem daima mənasız və gərəksiz əşyalar yığını yaratmayacaq. Onun müşahidəsinə görə, insanın bir çox “ali” ehtiyacları var. Onlar mahiyətinə görə yaxşı və dəyərlidirlər. Ən önəmlisi, bu kimi ehtiyaclar kapitalizim sistemindən kənarda yer almaqdadır. Bunların arasında insanın təhsilə, özü-özünü dərk etməyə, gözəl şəhərlərə və dinclik bəxş edən sosial həyata olan ehtiyaclarını göstərmək olar. 
 
İndiki müasir kapitalizm, hələ də, Russonun və Adam Smitin müzakirəsini açdığı problemləri  həll edə bilməyib. Ancaq biz ümid edirik ki, biz sonsuza kimi çoxlu pul qazanıb çoxlu istehlak etmək arzusunun içində boğulub məhv olmayacağıq. 
 
3. Varlılarla necə davranmalı 
 
Dünənin olduğu kimi bu günün də ən böyük suallarından biri budur: hansı yollarla zəngin olmalı? Cəmiyyətin digər üzvləri öz zəngin insanları ilə necə davranmalı? 
 
Xristianlığın buna cavabı belədir: onları günah hissi keçirtməyə məcbur et; onlara kasıbların əzab dolu həyatın göstərərək vicdanlarının oyanmasına səbəb ol.  
Radikal solçuların cavabı: vergiləri yüksəlt.
 
Ancaq Adam Smit hər iki yanaşmanın effektivliyinə şübhə edirdi.  O düşünürdü ki, böyük ehtimalla varlıların ürəkləri buz kimi soyuq qalacaq, yüksək vergilər isə onları ölkəni tərk etməyə məcbur edəcək. Varlıların nə istədikləri ilə bağlı Adam Smitin gəldiyi nəticə orijinallığı ilə seçilirdi. O hesab edirdi ki,  adət olunmuş düşüncənin əksinə varlı insanların əsas dərdi heç də pul qazanmaq deyil. Varlı insanların axtardığı şan-şöhrət və hörmətdir. Varlı insanların daha çox pul qazanmaq motivlərinin əsasında heç də acgözlük durmur. Onları pul arxasınca sürükləyən emosional yaşamağa olan ehtiyaclarıdır.  Onlar bunu bəyənilmək və təsdiq olunmaq üçün edirlər. 
 
Varlı insanların bu şöhrətbazlığı ağıllı hökumətlərin əlinə yararlı bir vasitə verir. Hökumətlər varlıları vergi ilə yükləməkdənsə, onların daha çox ehtiyac duyduğu şan-şöhrətlə təmin edilməsinin yollarını öyrənməlidirlər. Təmin olunacaq bu şöhrətin əvəzində həmin bu varlı narsistlər normalda heç zaman diqqət etmədikləri məsələlərə - məktəblərin, xəstəxanaların tikilməsinə, işçilərinə yüksək əməkhaqqı verilməsinə - pul xərcləməyə başlayacaqlar. 
Adam Smitin dediyi kimi: “Təhsilin ən böyük sirri insanların şöhrət hissini lazımlı məqsədlərə yönləndirməkdə yatır”. 
 
4. İstehlakçıları maarifləndirmək 
 
İndiki zamanda böyük şirkətlər bizdə iblis təəsüratı yaratmaqdadır. İşçilərinə verdikləri aşağı əmək haqqı, ətraf mühiti çirkəndirmələri, istehsalda insanları zəhərləyən maddələrdən istifadə etmələri insanlarda onlara qarşı antipatiyanın yaranmasının əsas səbəbləri sırasındadır. Ancaq Adam Smit inanırdı ki, bu durumun yaranmasında günahkar olan biri varsa, o da insanın doymaz iştah hissidi.  Qeyri-müəyyən günahkarı axtarmağa çıxmağa heç bir əsas yoxdur. Belə ki, bu və ya digər həzzi seçən elə istahlakçıların özləri, yəni bizlərik. Əsas fakt müəyyən edildikdən sonra, məntiqi ardıcıllıq onun əsasında davam edir: dünyanı korlayan şirkətlər deyil, bizim işathımızdır. Şirkətlərin işi bizim iştahımız keçən şeyləri hazırlamaqla məhdudlaşır.  
 
Burdan çıxan nəticə budur ki, kapitalizmin islahatı istehlakçıların maariflənməsi ilə başlamalıdır. İnsanlara başa salamaq lazımdır ki, əgər onlar yüksək keyfiyyətli əşyalar almaq və zərərsiz qida istyirlərsə, o zaman bunun əvəzini də ədalətli – işçilərin gördüyü işin həqiqi dəyəri ölçüsü və ətraf mühitə düşən yük nəzərə alınaraq – ödəməlidirlər. Yaxşı kapitalist cəmiyyəti alıcılara yalnız seçim təklif etmir, o, enerjisinin böyük hissəsini - insanların seçimlərini ədalətli formada etməsi üçün - maarifənmə işlərinə də xərcləməlidir. Tələbin keyfiyyətini artırmaqla kapitalist sistemi xilas edilməlidir. 
 
Nəticə 
 
Dünyanın iqtisadi sistemi bizə son dərəcə yanlış və mürəkkəb göründüyü üçün biz ümidsizliyə, passivliyə yuvarlanırıq. 
Adam Smit isə bizə kömək əlini uzadaraq ümidimizin, inamımızın artmasına dəstək olur. Onun kitabları insani dəyərlər ilə biznesin ehtiyaclarını barışdırmaq ideyaları ilə doludur. İndiki zamanın ən önəmli problemlərindən birini  - iqtisadi sistemin həm səmərəli, həm də sivil olmasınının yollarını – bizlər üçün aydınlaşdırdığı üçün Adam Smitə təşəkkür etməliyik. 
 
Mənbə: Philosophers Mail
 
Tərcümə: Emin Aslan
 
Kultura.az
Yuxarı