post-title

Özündə Asiya ilə haranısa birləşdirən İstanbul

Yazdıqlarımın yalnış təəssürat yaratmaması üçün demək istəyirəm ki, mənimçün yaxşı, yaxud pis mədəniyyət yox, fərqli mədəniyyət var. Digər tərəfdən, bu yazı qısa müddətli müşahidələr və söhbətlər əsasında yazılıb və bəzi məsələlərdə dartışıla bilər.

 
Almaniyada bir universitet və film şəhərində oxuyuram. Hazırda İstanbuldayam, Yeditepe Universitetində bir Erasmus semestri oxumağa gəlmişəm. Böyük və özəl bir universitetdir. Şəhərin kənarında, yeddi təpədən birinin üzərində tikilib. İstanbula gəlməzdən əvvəl oxuduğum universitetdə deyirdilər ki, Erasmus semestri tətil kimi bir şeydir. Gələndə gördüm ki, bu doğrudan belədi. Hər iki gündən bir partilər və ekskursiyalar təşkil olunur. Ancaq gərək çoxlu pulla gələsən. Dərslərin adları gurultulu səslənə bilər, amma içi boşdur. Adam bilmir nə öyrənir. Demək olar ki, bütün Erasmus tələbələri belə düşünür. Semestrin əvvəli görüşəndə ən maraqlı söhbətlərimiz müəllimlərin gülməli bəyanatlarını bir-birimizə danışmaqdan ibarət olurdu. Adamların dediklərinə görə Universitetin qurucusu İstanbulun keçmiş icra başçısı olub. Dövlətə qarşı çıxdığından Avropada siyasi sığınacaq alıb. Bizim ən çox təəssüf etdiyimiz isə, bir semestrə dörd min dollar civarında pul verib bu universitetdə ixtisaslaşmaq niyyətində olan tələbələrdir. 
 
Bir türk tələbə yoldaşımla danışdıq. Adam dedi ki, AKP İstanbul Opera və Balet teatrını və sonra da digər teatrları bağlamaq istəyir və konsert zallarını ənənəvi musiqi ilə doldurur. Mədəniyyət və incəsənət həyatının passiv, yaxud konservativ olması Türkiyəni narahat etmir. Əhali dinlə yaşayır, yaxud, yaşadılır. 
 
AKP-nin kütlə psixologiyasını çox yaxşı tanıması, Erdoğanın isə oratorluq bacarığı bugünkü Türkiyənin əsas hissəsidir. İnsanlar doğrunu yox, eşitmək istədiklərini eşidir. Türkiyənin təsəvvüründə onun dostdan çox düşməni var. Xristyan dünyası və İsrail dövləti. Ölkəni bu təhlükədən qoruyan isə AKP hesab edilir. Əhali buna inanır və bunun ətrafında birləşir. İlk günlərdə mən də inanırdım ki, Türkiyə, dağılma potensialı ən yüksək olan ölkələr sırasındadır. Media senzurunu yaşadığımdan sonra inanmıram.
 
İctimai passivliyi əhalinin bir vacib xüsusiyyəti ilə əsaslandırıram. Əhalinin dindar olması, onların dini həyatlarındakı axirətə ümid məqamı, onların gündəlik həyatlarında sabaha ümid psixologiyasını oturdub. Sabah isə bəşəriyyətin yaranışından indiyədək sabah olaraq qalır, yaşadığın anda o yoxdur, təsəvvürdür, illüziyadır.
 
Məncə bu yalnız İslam ölkələrində mümkündü. Bunu "müsəlman etikası" adlandırmışam. Hər şey "etibar" üzərində qurulur, kağız yox, hakim yox, varsa da mahiyyəti yox, çünki, dini cəza anlayışı, axirət qorxusu, məhkəmə cəza anlayışından daha ciddi qəbul edilə bilir. Ara sıra belə elanlarla da rastlaşıram: "Ətrafı zibilləməyin. Cəzasını axirətdə çəkəcəksiniz". Bu cür idarə imkanının xaricə çıxmaması üçün yüksək media senzurası var. Erasmusa diktə etdikləri bürokratiya şərtləri təkcə AB-də sima üçündür məncə.
 
Digər mədəniyyətləri qəbul etməmək İstanbul əhalisinin bir xüsusiyyətinə çevrilməkdədir. Əhali çox konservativdir və sözəbaxandır. İqtisadi asılılıq, insanları iflic vəziyyətində, dövlətdən daima asılı vəziyyətdə saxlayır. Çox maraqlıdır ki, indiyədək eşitdiyim solçu söhbətləri kommunizmin ətrafındadır. Demək, solçuların da əksəriyyətinin (Çin, Şimali Koreya, Rusiyadan başqa) digər mədəniyyətləri qəbul etməmək potensialı var. Türkiyənin başağrısı da məncə elə budur: Osmanlı hofu, daha güclülərin olmasını inkar etmək. 
 
Dinin elmi rədd etməsinin, savadsızlığın adi həyat tərzi kimi qəbul edilməsinin şahidi olmuşam. Ədirnənin ən böyük məscidində müəzzinin yağış əhvalatını - Tanrının bu dəqiqə o yağışı yağdırmasına inanmayanların, yağışın fiziki proses olmasına inananların kafir olduğunu danışması eşidəndə mat qaldım. Müəzzini eşidənləri, yağışın yağma səbəbinin dini açılışını danan insanlarla dostluq etməmələrinə çağırması...heç indi də bilmirəm necə təsvir edim. İslam dininin, tarixdə ilk Universitet yaratmağı ilə yanaşı, bəşəriyyəti dəyişmiş saylarla elmi açılışlar etməsi, yazı mədəniyyətini yüksəltməsi də başqa bir məsələdir. Maləsəf, o vaxt. İslamın "bu gün"lə uğraşdığı vaxtlar. 
 
Türkiyə ədəbiyyatında da olmamış olmaz, hər halda "kefli İskəndər" Azərbaycanın sekulyarlığını saxlayan dərin və diqqət yetirilməsi vacib olan obrazlarından biridir. Fantastik "Artuş və Zaur" ekstremi insanları neytrallaşdıran vasitələrdən biridir. Azərbaycanda Nəsiminin ədəbiyyat, Atəşgahın vacib mədəniyyət obyektləri olması sekulyarlıqda, yaxud ümumiyyətlə "standartlara" fərqli yanaşmada fikir vermədiyimiz (bir çoxları ilə yanaşı) çox böyük amillərdir, istifadəsi gərək. 
 
Hüququn genderi də adətən (İstanbulun konservativ məhəllələrində) islamın təklif etdiyi kimidir. Qadının istənilən sahədə hüququ adətən çox aşağıdır. Qadınla bağlı ən çox narahat edən nüanslardan başqa birisi qısa donlu bir qadının nəhəng ictimai diqqətə tuş gəlməsidir. Saniyələr ərzində gözləri ilə qızın ayaqlarından tutmuş ana bətninin dibinədək səyahət etməyə çalışan kişilər, etdiklərini gizlətmir. Cəmiyyətdə belə bir tendensiya var ki, istənilən üzv digərini istədiyi vaxt mühakimə edə bilər. Ona görə də, küçədə öpüşən və qısa don geyinənlər əslində/əksər hallarda cəmiyyət tərəfindən "persona non grata" hesab edilirlər. Xüsusilə də qadın bu problemlə üzləşir. Ona görə də cəmiyyətin "sevgi aurası", bununla yanaşı bir-birinə cinsi hörmət, mənəvi rahatlıq və daxili sülh yoxdur, yaxud çox azdır. Əksər hallarda (xüsusilə konservativ ərazilərdə) başı bağlı olmayan qadın seks obyektidir, amma heç biri kişiyə bərabərhüquqlu varlıq ola bilməz. İstər kişi, istər qadın, birinin həyatı cəmiyyətin baxışından asılıdır. (Bu mövzunu ümumiləşdirməyimdə səbəb, müşahidələrimlə yanaşı, adaların birindəki turistlər çox olan kafedə, insanlar arasında öpüşən cütlüyün "bunu şəhərdə edə bilərdikmi?" deməyidir.) Adamlar əslində daxildə çox ciddi stres keçirirlər. 
 
Gezi Parkı təxminən stadion meydanı böyüklüyündə bir yerdir. Belə bir dirənişin əslində daha çox simvolik rolu var imiş. Atatürkdən İstanbulda qalan təkcə onun portretləri, heykəlləri və xüsusilə ziyalı və dünyagörüşlü insanların beynində xəyal edə biləcək arzulardan başqa heç nə deyil. Onlar təkrarən 50-lərdən sonra (müharibədən çıxmış Avropaya işçi qüvvəsi axınından sonra) Türkiyənin çökməkdə olduğunu deyirlər. Sıravi insanların Atatürkü sevməsi, bugünkü Türkiyə sərhəddinə və cumhuriyyət formasında Türkiyənin dünyada mövcud olmasına görə milliyyətçi hissdən irəli gəlir.
 
Məncə II, III, IV Atatürk yetişsəydi (diplomatik təhlükə dərəcəsinə görə onun diktatorluq xüsusiyyətinin siyasi stabilliklə əvəz olunması və demokratik müstəvidə beynəlxalq nüfuzun getdikcə artırılması ilə) Türkiyə əvəzolunmaz/xüsusi bir dünya ölkəsinə çevrilə bilərdi. Bunun baş tutması üçün Türkiyə kifayət qədər böyükdür əslində, amma baş tutmaması üçün də kifayət qədər konservativdir.
 
Türklərin İstanbulda bir yarısının letargik (işdə olduqları zaman belə - Erasmus tələbələri arasında "Türk 15 dəqiqəsi" ifadəsi yaranıb, almancası: "akademisches Viertel", amma hərdən saatlarla uzanır və mahiyyəti də qəti anlaşıqdan irəli gəlmir) və digər bir yarısının bunun tam əksi, az qala 24 saat işləməsini müşahidə etdiyimə görə düşündüm ki, Türkiyənin mahiyyətində böyük "boşluq/sünilik" var. Effektivlik burada doğrudan sual olunası məsələdir. Bizim "taksi şikayəti" ilə arada rastlaşıram və bu adətən qorxudan edilir, çünki, məsələn Alman kimi Deutsche Bahn və Lufthansa"nı, bununla da ümumilikdə dövlətin logistika sistemini böyük qismini iflic halına salaraq dövlətdən istədiyini ala bilmir.
 
İstanbuldakı təcrübəm müddətində anladım ki, Almaniyadakı həyatdan effektiv istifadə etmək və bacarıq çərçivəsində uyğun nailiyyət əldə etmək olur. Buna səbəblərdən ən başlıcası isə zənnimcə Alman bürokratiyasının müharibədən bu günədək formasını dəyişib tarixə çevrilməsində və dövlətin məqsədindədir. Dövlətin vətəndaşlara daha yaxın olması, dövlət orqanlarının funksionallığının artırılması (yəni, mərkəzi ASAN Xidmət əvəzinə, hər institut özü müstəqil şəkildə asan xidmət göstərir), bu sahədə maliyyə israfçılığını azaldılması və bələdiyyələrin nəzərriyədə deyil, real ehtiyacları qarşılamağı bacarması üçün induktiv fəaliyyətə keçməsi və s. reformlar toplusu insanlar üçün münbit həyat təklif edir. Müşahidələrimdən və iki fərqli həyatımın müqayisəsindən belə bir nəticəyə gəlmişəm ki, 1. protestant etikası, 2. sosial bazar iqtisadiyyatı və 3. müstəqil ədalət məhkəməsinin nəzarət etdiyi hüquq dövləti, dünyanın hazırda ən ideal dövlətçiliyini formalaşdırır. Bunun nə olduğunu qismən hiss etmək üçün, həmin formatı qəbul etməyə ən yaxın olan qonşularımızdan Gürcüstanı misal gətirmək lazımdır.
 
Vazeh Mustafa/İstanbul
Kultura.Az
 
Yuxarı