- Sən indi 11 il oxuyassan? - Heç meyit yarmısız? - İndi qurtarannan sora nə həkimi olassan?"
Demək olar, hər bir ATU tələbəsi qəbul olduğu gündən bu və burda dəyərli vaxtınızı almamaq naminə qeyd etmədiyim onlarla buna bənzər suallarla qarşılaşır. Biz tələbələr də qısa və çox zaman özünü sındırmamaq məqsədi güdən cavablarla bu tipli sualları yola verməyə çalışırıq. Sizcə, bu yersiz qürura tüpürüb həqiqətləri göstərməyin tam zamanı deyilmi, əziz kolleqalar?
6 il... 6 il biz rayonluyuqsa, kirayələrdə qalaraq, şəhərliyiksə, hər gün ictimai nəqliyyat vasitələrində cinsi və qeyri-cinsi travmalara məruz qalaraq yol gəlir, günün 8-10 saatını və gündəlik minimum 3-5 manatı bu universitetə həsr edir, hələ üstəlik bunun üçün universitetə ildə 3 min manat pul ödəyirik. Bəs bütün bu çəkdiklərimizin qarşısında əldə etdiyimiz nədir?
İlk öncə qeyd edim ki, universitetimizin əsas tələbə heyətini qızlar təşkil edir. Bu da haradasa sovet dövründən qalmış həkim qızlara rəğbət amili ilə bağlıdır. Valideyn istəyir ki, qızı həkim olsun, ağ xalat geyinsin, o da qohum-qonşu, tanış-biliş yanında öz həkim qızıyla fəxr etsin. Bir sözlə, əksər valideynlər üçün ATU özünü göstərmə vasitəsidir ki, bundan da çox zaman gənclər əziyyət çəkir. Valideyn başa düşmür ki, həkim olmaq müasir klinikada ağ xalat, qara kablukda mərmər döşəməni döyəcləyə-döyəcləyə gəzmək qədər bəsit deyil. Nəticə etibarilə, valideyn övladı vasitəsilə öz möhtəşəmliyini göstərmək naminə dəridən qabıqdan çıxır: bunker müəllimlərin bahalı hazırlıqları, nəzirlər, qurbanlar “əsas qəbul ol, sonrası asandı” şirnikdirmələri, qohumlara, iş yoldaşlarına söz verilən qonaqlıqlar və s. Sonunda tələbə qəbul olacaq, nəzirlər, qurbanlar, yemək-içməklər də bitəcək və hərkəs meydanı tərk edəcək. Meydanda ATU ilə təkbətək qalan tələbə isə boşluğa düşür, belə ki, təsəvvürlə reallıq arasında fərq tələbəni sındırır: xalatlı kalpaklı, əlində əlcək meyit yarmağı düşünən tələbə ən yaxşı halda 2 ya 3 dəfə meyit otağına, eləcə də yuxarı kursdadırsa, xəstə yanına, ya əməliyyat otağına girir. Bütöv bir qrup uşaq və bir obyekt. Məncə təfərrüatlara varmağa ehtiyac yoxdur.
Aşağı kurslarda dillərə, iqtisadiyyata, tarixə ayrılan vaxt anatomiyaya, yaxud fiziologiya kimi fənnlərə ayrılan vaxtdan çoxdur. Bir dəfə bir müəllimdən bunun səbəbini soruşdum, belə cavab verdi: xarici dil kafedrasında işləyənlərin çoxu qadındırlar, özləri də duldur. Bəs onlar ailələrini necə dolandırsınlar?!
Tibbi ədəbiyyat barədə danışmağa belə dəyməz. Bizim normal seviyyədə, dünya ədəbiyyatıyla uzlaşan cəmi 3-4 ədəbiyyatımız var. Elələri var köhnə rus ədəbiyyatının "google-translate"-indən heç bir redaktəsiz-filansız çıxmış formasıdır. Elələri də var ki, ümumiyyətlə köhnə və yararsızdır. Xatirimdədir 3-cü kurs yayda imtahanlara kənddə hazırlaşırdım, anam mənim imtahanına hazırlaşdığım patoloji fiziologiya dərsliyini görəndə dedi: “bu ki bizim imtahan verdiyimiz kitabdır.” Bəli təsəvvür edin, anamdan öncəki nəsil, anam, mən və Allahın izni ilə gələcək nəsil də bütün dövrlərdə orjinallığını qoruyub saxlayan bu kitabdan imtahan verib müasir biliklərə yiyələnmiş nəsil şəklində yetişəcəyik. Bu hələ harasıdır? Siz hələ əlimizə köhnə kitab verib bizdən müasir biliklər tələb edən müəllimləri görəsiz. Onlar bizim bu xəbərsizliyimizdən mənəvi həzz alırlar ,“kompüter əsridir, gedib araşdırıb öyrənərdin”, “sən filan şeyi bilmirsənsə, nə həkim olassan?!” deyərək əzirlər tələbəni. Heç bunlardan soruşan yoxdu ki, bəs sənin orta məktəb muəllimindən fərqin nədir? 20 müəllim bir tələbəni əzib sıxınca xarici ədəbiyyatdan hərəsi bir bölmə götürüb tərcümə edə bilməzmi? Yox, təbii ki yox. Axı o zaman həzz qaynaqlarını itirmiş olacaqlar.
Mühazirələrə gəlincə, mühazirə materialına maraqlı məlumatlar toplamaq bir yana, heç bəziləri kompüterdən istifadə etməyi ümumiyyətlə bacarmır. 2-3 il öncə buna fikir vermirdik, çünki köhnə korpuslarda ayağımız altındakı siçanların hara qaçacağı bizə daha maraqlıydı.
Yuxarı kurslarda heç özümüz də bilmirik nəyin naminə dərslər 4-6 saat keçir. Müəllim gəlir qeydiyyat aparır,biraz sual-cavab edir. Bu hardasa 1 maksimum 2 saat çəkir. Sonra müəllim gedir, biz də kart gətiririk, mafiya oynayırıq, söhbət edirik və vaxt çatanda dağılışırıq. Bax belə.
Yəqin sizi də maraqlandırır ki, bəs tələbə niyə dözür? Nəyin naminə?
Hazırlıq vaxtı çəkdiyi əziyyətin, yuxusuz gecələrinin, əsəb, stress, qorxu naminə. Hər arxada qoyduğu ilə valideynin zorla yığıb ödədiyi 3000 manatın naminə. Valideynin gözündə qalmasını istəmədiyi arzularının naminə. “Qohum-qonşu yanında biabır olacağıq” “camaat görüb nə deyər”ləri eşitməmək naminə. Beləcə biz universiteti, universitet de bizi yola verməklə sonunda həkim oluruq. Xalatda şəkillər çəkdiririk, vinetka düzəldirik, Elarizlə Cavanşirin iştirakı ilə alqışlar altında diplom alırıq, beləcə tibb universitetini başa vururuq.
Terapevtik korpusumuzun yuxarısından baxarkən, həyətdə qarışqalar kimi sıx və nizamsız hərəkət edən ağ xalat üstündən qara palto geyən tələbələri görürəm. Düşünülməmiş olsa belə, bu tərz onları simvolik olaraq dəqiq ifadə edir. Ağ xalatları qara paltoya bükülmüş (ağ günü qara əskiyə bükülmüş kimi səslənir lap) bu gənclər qeyri-iradi olaraq, öyrəşdikləri yolları gedir, bir korpusdan digərinə tələsirlər. Yediyi nədir, içdiyi nədir, aldığı havanı belə hiss etmədən, onların əksəri həyat anlayışını belə itirib. Əgər bu və ya digər illərdən bircə nəsil qəbul olanlar bu sistem təhsilə etiraz etsəydi, hər şey tamam başqa cür, tamam fərqli olardı. Sonrakı nəsillər daha güclü təhsil alardı. Xarici dillərə ayrılan vaxt anatomiyaya ayrılan vaxtdan çox olmazdı. Tələbələr xəstə üzərində sərbəst işləyə, lazım gəlsə resept belə yaza bilərdilər. Müəllimlər məsuliyətli, ədəbiyyat müasir, mühazirələr yeni informasiyalarla dolu keçərdi. Tələbələr universitet bitirən kimi nəsə öyrənməkçün Türkiyəyə, Almaniyaya qaçmazdı. Nəticə etibarilə onlarla ana ölümü az olardı, onlarla uşaq səhv müalicə olunmazdı, onlarla ailə başçıları olan- qopanını satıb İrana, Türkiyəyə mualicəyə getməzdi. Olsun ki, bu nəsil arasında universitetden qovulanlar olardı, qohum-qonşu yanında “valideynin başını aşağı edənlər” olardı, tanışlar tərəfindən axmaq, gicbəsər kimi qiymətləndirilərək “camaat ora qəbul olmaqçün nələr edir bir bilsən” deyib məzəmmət olunaraq, bunlara dözməyib intihar belə edərdilər. Amma əvəzində bu, çox gözel və rahat ölüm olardı.
Şahanə Manafova
Kultura.az