Kultura.az yazıçı Sabit Rəhmanın Mirzə Fətəli Axundovdan bəhs edən maraqlı məqaləsini təqdim edir.
Azərbaycan xalqı Mirzə Fətəli Axundovun, bu böyük yazıçının adını hər zaman hörmət və iftixarla çəkir. Mirzə Fətəli böyük ədib, filosof, mütəfəkkür və ictimai xadimdir. Mirzə Fətəli altı ölməz komediyanın müəllifidir, satira və yumor ustasıdır, dramaturgiyamızın, teatrımızın banisidir.
19-cu əsrin ikinci yarısında, 1873-cü ilin martında ilk dəfə Azərbaycan teatrının pərdəsi Mirzə Fətəli Axundovun əsərilə açıldı. Teatrımızın ilk tamaşaçıları öz ilk aktyorlarını qəhqəhə ilə qarşıladılar. Onlar Mirzə Fətəlinin komediyalarına tamaşa etdikdən sonra oğurluqdan və quldurluqdan başqa heç bir şey bacarmayan Heydərbəy və Əsgərbəylərlə, xəsis, acgöz, tamahkar Hacı Qaralarla, dərviş Məstəlişahlarla, fırıldaqçı Molla İbrahim Xəlillərlə, mürtəce vəkillərlə əhatə olunduqlarını gördülər. Onlar gördülər ki, fırıldaqçı Molla İbrahim Xəlillə yalnız Xaçmaz dağlarında deyil, bütün məscidlərdə, minbərlərdə rast gəlmək olar. Başına əmmamə qoyub molla adını daşıyan hər kəs mahiyyət etibarilə bir Molla İbrahim xəlildir və molla İbrahim xəlillər də təkcə avam, savadsız nuxalıları yox, bütün avamları, bütün mövhumat təsirinə düşənləri aldadırlar.
Mirzə Fətəlinin gülüşü Azərbaycanın hər bucağında səslənməyə başladı. Mirzə Fətəlinin adı geniş kütlələrin ürəyində özünə əbədi yuva tapdı. Amma o biri tərəfdən də bu gülüş qəzəb əmələ gətirdi. Hacı Qara hirsləndi, dərviş Məstəlişah özündən çıxdı. Molla İbrahim Xəlil qəzəbləndi, onlarla bərabər bütün hacılar, kərbalayılar, mollalar, dərvişlər Mirzə Fətəli adından, komediyadan, gülüşüdən, teatrdan oddan-yanğından qorxan kimi qorxdular. Mirzə Fətəlinin gülüşü onları addımbaaddım təqib etməyə başladı.
Yaxşı yadımdadır, yaşbaşı, Nuxa ağ paltarını dəyişib, bəzəkli yaşıl paltarını geyinəndə, biz həmişə dərsdən sonra qalanın yanındakı çəmənliyə gedər, orda top-top, dirədöymə oynardıq.
İlini deyə bilmərəm, ancaq yaz aylarından biri idi. Bizim topumuz xəndəkdən o tərəfə düşdü. Mən onu gətirməyə gedəndə xəndəyin kənarında daşın üstündə qoca bir kişinin oturduğunu gördüm. Qoca topun hara düşdüyünü mənə göstərdi və sonra öz-özünə dedi:
- Hey dünya!.. Bir vaxtlar vardı, mən də bu küçədə top-top oynardım.
Mən topu götürüb qayıdanda qocanın bu sözünü yoldaşlarıma danışdım. Giləhli məhəlləsində evi olan yoldaşımız dedi:
- O kişi Mirzə Fətəlinin qohumudur.
“ Mirzə Fətəlinin qohumu”. Bu söz o zaman bizə nağıl kimi gəldi. Topu, oyunu yaddan çıxardıb, gözümüzü daşın üstündə oturmuş qocaya zillədik. Uşaqlardan biri dedi:
- Bəlkə Hacı Qaradır?
- Sus!—deyə yaşda bizdən böyük olan o biri yoldaşımız bu sözü deyənə acıqlandı. – Hacı Qara Mirzə Fətəlinin qohumu deyil ki, yaratdığı tipdir.
Qoca yəqin bizim ona baxmağımızdan darıxıb getdi. Biz də o gün daha oyunu davam etdirməyib, evə yollandıq.
Sabahı günü bu hadisəni ədəbiyyat müəllimimizə danışdıq. Müəllim bütün dərsini Mirzə Fətəliyə həsr elədi, onun həyatından, təhsilindən, əsərlərindən bizə danışdı və günlərin birində bizi onun evinə baxmağa apardı.
... Tanış xəndəyin üstündəki daş körpüdən keçib, dar bir doqqaza girdik və təzəcə rənglənmiş bir darvazanın qabağında dayandıq. Müəllim qapını döydü. Haman qoca – Mirzə Fətəlinin qohumu qabağımıza çıxdı. Müəllimi görən kimi xoş-beş elədi və bizi içəri apardı.
Bura iki hissədən ibarətdir: kiçik bağça, ev həyəti. Aşağıda hovuz var, çoxlu ağac əkilib. Əlbəttə, bu ağaclar cavandır, o dövrdən qalma deyil. Ancaq bircə darvazanın yanındakı armud, - qoca qırışmış və hər tərəfdən qırılıb tökülmüş armud ağacı, yəqin ki, o böyük yazıçını çox görüb. Əgər dili olsaydı, danışsaydı, yəqin bu ağac Mirzə Fətəlinin, hətta biz yaşdakı vaxtından belə söhbət eləyə bilərdi. Yuxarı həyətdə o vaxt çoxlu gül-çiçək vardı, indi bu çiçəkliyin yerində yazıçının büstü qoyulub.
Baxçanı gəzdikdən sonra qoca bizi Mirzə Fətəlinin evinə apardı. Bu, çiy kərpicdən tikilmiş birmərtəbə evdir. Qabağında balaca bir eyvan var. Yeri torpaq, pəncərələri xırdadır. Biz onun çeşməyinə, qələmdanına və sair ev şeylərinə çox diqqətlə tamaşa elədik. Bu ev, bu həyət, bu qoca armud ağacı Mirzə Fətəlinin dərslikdə oxuduğumuz bütün tərcümeyi-halını gözümüzün qarşısında canlandırdı. Evi, həyəti gəzdikdən sonra da yazıçının sürəti mənim gözümün qabağından çəkilmirdi. O vaxt mən Mirzə Fətəlinin komediyalarını səhnədə görməmişdimsə də, hamısını oxumuşdum. Odur ki, uşaq xəyalım onun yaratdığı obrazlar dünyasında dolaşır və qabağıma çıxan hər kəsi onun tiplərindən birinə oxşatmağa çalışırdım. Kəblə Məhəmmədin,Hacı Səməd oğlunun baqqal dükanlarının qabağından keçəndə mənə elə gəlirdi ki, bunların özlərini olmasa da atalarını, babalarını bu dükanda Mirzə Fətəli mütləq görüb və Hacı Qarada bu tacirlərin hansınınsa sifəti var. Bir şair məllimimiz vardı, Hacı Nuruya oxşayırdı. Gündə qəzetdə haqqında bir felyeton çıxan Şabalutlu Şeyx, yəqin ki, dərviş Məstəli şahın nəvəsidir. Gündə keflənib dabbaqxanada şuluqluq eləyən və şəhərdəki bütün oğurluqlarda barmağı olan Mustafa bəy, yəqni ki, Heydər bəyin və ya Əsgər bəyin nəslindəndir... Qərəz, fantaziyam işləyir və hamını bu tiplərlə əlaqədr etməyə çalışırdım.
Mən xeyli böyüdükdən sonra, ali məktəbdə oxuyanda, yay tətillərinin birində Mirzə Fətəli haqqında atamın dayısı Rəşid bəy Əfəndiyevlə söhbət elədim. Rəşid bəy hansı ildə isə Hacı Qara rolunu oynamış və bu tamaşa haqqında Mirzə Fətəlinin özüylə söhbət eləmişdi. Həmin hadisəni o mənə təxminən bu cür nəql elədi:
- Bina olmadığından qala qırağında böyük bir at tövləsini kirayə elədik, baş hissəsini pərdə ilə bölüb səhnə düzəltdik və evlərdən yığdığımız xəli-xəlçə ilə “səhnənin” həm də “ salonun” divarlarını bəzədik. Yerə isə həsr saldıq.
On doqquzuncu əsrin yetmişinci illəri Nuxada dinin, mövhumatın ən çox hakim olduğu, ağalıq elədiyi illər idi. Odur ki, bu iş o zaman üçün dini, peyğəmbəri danmaq qədər dəhşətli idi. Bu zaman tamaşa göstərmək bir yana dursun, bu tamaşaya baxmaq belə böyük qəhrəmanlıq idi. “Salon” ağzına qədər adamla dolu deyildi, “ qəhrəmanlıq” eləmək istəyən az idi. Buna baxmayaraq, pərdə açılanda mən çox həyəcan keçirirdim. Yoldaşlarım da həyəcan içində idilər. Odur ki, Heydər bəy mənim əlimdən qəlyan alıb çəkəndə əli titrədi, qəlyanın üstündən od yerə düşdü və tövləyə döşədiyimiz həsir yanmağa başladı. Mən bunu görəndə özümü itirmədim, bir anlığa düşündüm ki, belə hadisə olsaydı Hacı Qara neylərdi? Əlbəttə, dükanını yanğından qurtarmaq üçün o özünü atıb həsiri söndürərdi. Elə də elədim. “ Ay aman, dükanım yandı”, - deyib yerə atıldım və odu söndürdüm. Tamaşacılardan heçbiri bunun təsadüfi olduğunu başa düşmədi. Hamı elə bildi ki, pyes üzrə elə-belə də olmalıdır. Bu hadisədən bir neçə vaxt sonra Tiflisə yolum düşdü və Mirzə Fətəlinin görüşünə getdim. “Hacı Qara” nı oynadığımızı ona danışdım, sonra da başıma gələn əhvalatı nəql elədim. Mirzə Mənim təsadüfi vəziyyətdən çox yaxşı çıxdığımı qeyd eləyib dedi: “Səhnədə bu və ya digər adamı təmsil eləyən şəxs gərək tutuquşu kimi sözləri əzbərləyib danışmasın, yaratsın, oynasın və tamaşa eləyənləri öz hərəkətinə inandırsın. Əgər səhnədə əmələ gəlmiş yanğını Hacı Qara yox, Əsgər bəy söndürsəydi və Hacı Qaranı oynayan şəxs bu əhvalata fikir verməsəydi, təbii çıxmazdı. Sənin yerə atılıb: “Ay aman, dükanım yandı” deyə çığırmağın düzgündür və Hacı Qaranın xislətindən doğur”.
Rəşid bəyin söhbəti eynilə mənim yadımda deyil, təxmini olaraq məzmununu yazmışam. Ancaq Mirzə Fətəlinin ona dediyi sözlər mənim yaxşı yadımda qalıb.
Azərbaycanda hələ teatrın adi belə eşidilmədiyi bir zamanda bu qədər dərin məzmunlu komediyalar yazmaq və səhnəni bu qədər gözəl hiss etmək yalnız böyük şəxsiyyətin və fitri istedadın nəticəsi idi. Mirzə Fətəli qaranlıqda işıq saçan parlaq bir gövhər idi.
Kultura.az