post-title

Gənc adamın azərbaycanlı yazar olaraq portreti və problemi

Ədəbiyyatın göylərdə gəzdiyi vaxtlardan miras qalmış bir yanaşma var ki, hər adam yazar, şair ola bilməz. Təbii, hər adam yazar ola bilməz, heç olması da lazım deyil. Yalnız ədəbiyyatla nə qarın doyar, nə dünya inkişaf edər, nə də insanlığı ən kiçik xəstəlikdən belə xilas etmək olardı. Lakin yazarlığı müqəddəsləşdirmək, əl çatmaz etmək ədəbiyyat kahinlərinin özünümüdafiə tədbiridir. Əslində, başqa peşələr olduğu kimi, buna da bir peşə gözü ilə baxılmalıdır.

 
 
Doğrudur, ədəbiyyat da daxil olmaqla yaradıcı peşələrin bir az fərqli havası var. Tarixdə yaradıcı insanların digərləri ilə müqayisədə daha çox fədakarlıq etdikləri, sənətin özünü onun şöhrətindən, gətirdiyi zənginlikdən daha üstün tutduqları, bu peşələrdəki insanların bəşəriyyəti, bəşəri dəyərləri digərlərindən daha çox düşündükləri dünyaya çoxdan məlumdur. Yaradıcılığa fərqli havanı verən də, yaradıcı insanları digərlərindən daha çox rəğbətə və heyranlığa,  xüsusi dəyərləndirməyə layiq edən də elə budur. 
 
Amma hər bir halda, yazarlıq bir peşədir. Və bütün peşələrdəki peşəkarlıq nərdivanının prinsipləri bura da aiddir (həvəs, zəhmət, intizam, məsuliyyət, bilgi və s.) Bunların hamısına riayət edən insanın peşəkar yazar olacağı mütləqdirmi? Xeyr! Necə ki, həvəsi, zəhməti, məsuliyyəti olduğu halda ömrünün sonuna qədər dünya səviyyəsində tanınmış peşəkara çevrilə bilməyən nə qədər həkim, tarixçi, fizik, İT mütəxəssisi var, eləcə də yazarlığa iddialı hər şəxsin də bu prinsiplərə riayət etməklə mütləq məşhur və sanballı yazar olacağını söyləmək olmaz. Yaddaş qabiliyyətindən tutmuş yaşadığı ölkəyə, doğulduğu ailəyə qədər bir sıra başqa faktorların da təsiri var. 
 
İnsan oxuduqlarının təsirindən yazmaq həvəsinə düşə bilər. Görüntüdəki məşhurluq və hamı tərəfindən sevilmək həvəsi də yazmaq üçün impuls ola bilər. Və ya, xüsusilə də basqı və sıxıntıların yaşandığı üçüncü dünya ölkələrində məhz bu basqı və sıxıntılar az-çox vicdanı qalmış insanı yazmağa təhrik edə bilər. Anarxist türk şairi Küçük İskender müsahibələrinin birində AKP hökumətinə təşəkkür edirdi ki, ölkədə basqı rejimi yaratmaqla vicdanlı insanları yazmağa, sənətlə məşğul olmağa təhrik edir. Çünki vicdanlı intellektuallar fəlakətin yaxınlaşdığını duyanda topluma həqiqəti çatdırmağın daha sürətli və effektiv yolunu sənətdə (yazıda, musiqidə, rəsmdə, filmdə)  görürlər. İntrovert (daxilə qapanmış görünən, əslində enerjisini öz daxilindən alan), tənha və qapalı uşaqlıq illəri keçirmiş, davamlı daxili monoloqlardan əziyyət çəkən, düşündüklərini danışmaqla çatdıra bilməyən insanların da yazar olmaq ehtimalı çoxdur. Belə insanlar adətən günlərin bir günü yazar olacaqlarına qərar verməzlər. Sadəcə  bir gün artıq yazdıqlarının fərqinə vararlar. 
 
Bunlar yazmağa başlamaq üçün səbəblər ola bilər. Amma sonrası yuxarıdakı prinsiplərdən və şəxsin bioqrafiyasından asılıdır. İndisə gəlin təsəvvür edək ki, gənc bir azərbaycanlı hər hansı səbəbdən yazmaq həvəsinə düşdü və qələmi aldı əlinə. Sonra? Sonra bir azdan söyləyəcəyimiz ssenarilərdən birini yaşayacaq, çox guman...
 
Azərbaycanlı yazarın yazmağa başlaması adətən yuxarıdakı səbəblərdən yalnız ikisi nəticəsində olur: 1) Görüntüdəki məşhurluq və hamı tərəfindən sevilmə həvəsi; 2) Ətrafdakı neqativliyin kəskin artımı nəticəsində daxildən gələn yazmaq tələbatı. Kitab oxuyanların sayı kəskin şəkildə az olduğuna görə, oxuduqlarından təsirlənib yazar olanların sayı da çox azdır deyə, onlardan danışmayacağıq. İntrovertlər isə bizdə normal mühit olmadığına görə həyatlarını yaradıcı insan olaraq yox, adətən residivist kimi başa vururlar.   
 
Birinci hal, yəni məşhurluq və sevilmə həvəsi ilə yazmaq daha geniş yayılıb. Hələ sovet dövrünün yazıçı “qayğısı”ndan qalan nostalgiya bu həvəsi daha da ruhlandırır. İnsanlar hələ də yazarın dövlət tərəfindən mütləq sevilməli olduğunu düşünürlər. Dövlətin relslərindən kənarda hərəkət edə biləcək yazarın varlığına inanmırlar. Bu eşqlə ədəbiyyata gələn insan dövlət tərəfindən sevilməyin asan və əvəzsiz olmadığını tezliklə anlayır. Bir az vicdanı, əxlaqı olanlar vaxtında geri çəkilirlər. Olmayanlar isə “sevilmək” üçün bazara uyğun olaraq özlərini “təklif etməyə” razı olurlar. Nəticədə yaltaq, mənəviyyatsız, ədəbiyyatdan uzaq yazar kütləsi əmələ gəlir. Əksəriyyəti gözlədiyi kimi sevilmədiyindən, daha da iyrəncləşir. Tələb olunan və olunmayan hər yola baş vurur. Bəzən sonda ikiotaqlı bir ev alıb sakitləşirlər. 
 
Dövlət tərəfindən sevilmək fikri olmayan, sadəcə məşhur olmaq arzusu ilə ədəbiyyata gələnləri bir az fərqli nəticə gözləyir. Az-çox mədəniyyətdən anlayan, ədəbiyyatdan ümumi məlumatı olan, hələ məşhurluğu “manıslıq”da yox, ədəbiyyatda axtaracaq qədər deqradasiyaya uğramamış bir gənc yazar olmaq istəyir. Əlbəttə ki, təhsil 0 və 1 arasında gedib-gəlir (təhsilin vəziyyəti göz qabağındadır, əlavə yazmağa ehtiyac yoxdur). Hətta əksər peşələr üçün minimum baza hesab olunan bilgilərdən məhrum bir vəziyyətdə yazmağa girişir. Bədii mütaliə də çox aşağı səviyyədə. Təbii ki, ortalığa bayağı, ədəbiyyata aidiyyəti olmayan bir məhsul çıxır. Yazdıqları oxunmur. Gəmi boyda kitabları oxuyan yoxdur, kimdir kağızdan düzəldilmiş qayıq boyda kitabcığa yaxın duran? Məşhurluq, gündəmdə qalmaq ehtirası isə gənc yazarımızı yeyib-bitirir. Sadəcə yazmaqla bir yerə vara bilmədiyini görən gənc gündəmə gəlmək üçün ən əcaib yollara baş vurur. Nəzəri cəlb etmək üçün ilk iş seksdən yazmaqdır. Sonra intriqa. Qonorar verən-verməyən bütün saytlara qarmaq atıb intriqant yazılar, düşük atmacalar, böhtan, yalan, söyüş, özünü tərif, ağlına və ağzına nə gəldi yazaraq “mən də varam” deyə yalvarır. Əslində, yolun əvvəlindəki deqradasiyaya uğramamış halında “manıslıq”dan çəkinib ədəbiyyata baş vurmuş gənc elə yolun ortasındaca artıq “manıs” prinsiplərinə və təfəkkürünə böyük ustalıqla yiyələnmiş olur. Sonra da oturub-durub “bu xarabada məni başa düşən adam yoxdur” deyə şikayətlənir. Halbuki, məşhur olmaq istəyi normal bir həvəs idi, sadəcə əvvəldən bu qədər iyrəncliyə baş vurmaq əvəzinə, ciddi mütaliəyə girişsəydi, öz üzərində işləsəydi, zamanla bəlkə də istəyinə nail ola bilərdi. Heç olmasa ölkə səviyyəsində. 
 
İkinci hal, yəni neqativliyin təsiri ilə yazmağa başlayanları da bir ayrı uğursuzluq gözləyir. Neqativlik həm ictimai – ölkədə baş verənlər, haqsızlıq, ədalətsizlik və s., həm də ailə problemləri, yaxın çevrədəki problemlər, şəxsi uğursuzluq ola bilər. 
 
İctimai neqativliyin təsiri ilə yazmağa başlayanların əksəriyyəti digərlərinə nisbətən, müəyyən mütaliə bazasına malik olurlar. Zatən onların haqsızlığa qarşı gözlərini açan da elə bu kitablar olur və bu kitablar həqiqəti bağırmağın əsas yolu kimi onları yazmağa yönləndirir. Bu tip gənc yazarlar əvvəlcə meydana yüksək sürət və çığırtı ilə atılırlar. Tənqid edirlər, ifşa edirlər, tabuları qırırlar, insanları həqiqəti görməyə çağırırlar. Öz üzərilərinə maarifçilik rolunu götürürlər. Amma yenə də savadsızlıq, bəzilərində aqrarlıq, mütaliənin məhdudluğu və çeşidsizliyi, toplum tərəfindən məruz qaldıqları etinasızlıq, kitabların alınmaması, maddi problemlər nəticəsində onların yazıları getdikcə palçığa düşmüş təkər kimi yerində fırlanmağa, dəyərsizləşməyə, müəllifi isə yormağa başlayır. Üstəlik də, həqiqəti söyləməyin gətirdiyi təhlükə. Yuxarıdan edilən təzyiqlər, hədələr, şantajlar, bütün qapıların bağlanması, tez-tez təcavüzkar kütlənin hədəfinə çevrilmək...Bütün bunlar iddialı, coşqun, həqiqət uğurunda prinsipial bir insanı artıq uçurumun kənarına gətirir. Yazar bir gün özünü alqı-satqı meydanında görür. Ya təklif edilən qiymətə razı olmalı, ya da uğursuz çığır-bağırları ilə həbsə, sürgünə, ölümə, ən yaxşı halda zibilliyə doğru irəliləməlidir. Və çox düşünüb-daşındıqdan sonra alqı-satqı obyekti olmağa qərar verir. Beləcə şəxsi həyatını qaydaya salır, amma yazar kimi artıq dəfn olunmuşdur. Sonra da başlayır uğursuz təsəllilər, özünəhaqqqazandırmalar. Kənardan can verməkdə olan insan təsiri bağışlayır. Nə də yazılarının elə bir sanbalı yoxdur ki, şəxsiyyətini heç olmasa əsərləri xilas etsin. 2000-ci illərdən bəri ədəbiyyata üsyankar ruhla gələnlərin əksəriyyəti bu taleni yaşadı. Hələ ki, qurtulmağı bacarmış bir neçə insan qalıb. Elə bu gün beli əyilmiş ədəbiyyatımızı tamam çökməyə qoymayan, az-çox maraqla oxunan, şəxsiyyətini qoruyub saxlaya bilmiş, həm də yeri gələndə həqiqətləri söyləməyi bacaran da bu insanlardır. 
 
Dediyim kimi, həqiqət ehtirası ilə yazmağa başlayanlar ədəbiyyatla, kitabla digərlərindən daha çox bağlı olurlar. Bəziləri bir-iki yazı ilə səs-küy salandan, diqqət cəlb edəndən sonra mütaliəyə ehtiyac görmürlər. Bəziləri isə daha da irəli gedir, mütaliəni artırır, kitabların içinə daldıqca baş verənləri daha çox dərk etməyə başlayırlar. Amma paralel olaraq xaricdəki təzyiq, sıxıntı da davam edir. Həqiqəti söyləmək istəyir, amma təhlükəlidir. İnsanlar da lazımı qədər dəyər vermirlər ki, dözməyə özündə güc tapsın. Hər kəs, hər şey əleyhinədir sanki. Çox yaxınlığında olan alqı-satqı meydanının da fərqindədir. Lakin o biriləri kimi bunu qəbul etmək, ən əsası isə etiraf etmək istəmir. Nəticədə əsəblər tab gətirmir. Yoldan çəkilməyi də özünə sığışdırmır. Gülünc təsəllilər işə düşür. Ciddi mövzular öz yerini cinlərə, pirlərə, UNO-lara verir. Əsas şüar da: “həqiqət əslində başqa yerdədir”...
 
Şəxsi həyatın uğursuzluğu ilə yazmağa başlayanlar isə tezliklə sentimental türk seriallarının qəhrəmanlarına çevrilirlər. Onlar üçün yazarlığın əsas şərtləri uzun saç, saqqal, kədərli və həyatdan küskün görkəm, qəmli şeirlər və başı-ayağı bilinməyən cümlələr, tez-tez intihar şayiələri, siqaret, “sabahlara kadar” içki məclisləri, dağınıq otağın reklamı, həyatda onları heç kimin anlamamasından şikayətlənməkdir. Onlar çıxıb getmiş sevgililərinə, həyat yoldaşlarına yazılmış açıq məktub kimi baxırlar ədəbiyyata. 
 
Yazmaq kimi bir yola hər hansı səbəbdən olur olsun, qədəm qoyan insanın bu talelərdən birini yaşamasının səbəbi yalnız bu insanların özündə, öz tənbəlliklərində, prinsipsizliyindədirmi? Əlbəttə ki, yox! Problemin böyük bir hissəsi də yazmaq istəyən insandan kənardadır. 
 
Düşüncəmizin, yanaşmalarımızın ilk formalaşdığı yer ailələrimizdir. Çıxdığımız ailələrin durumu nə vəziyyətdədir? Hər min ailədən neçəsində kitab, ədəbiyyat, mədəniyyət haqqında söhbət gedir, neçəsində bu yolla gedən övladlar dəstəklənir? Neçəsində kiçik də olsa ev kitabxanası var? Neçəsində haqsızlığa qarşı baş qaldırmaq təbliğ olunur uşaqlara? Nəinki min, heç on min ailədən belə birində bunlara rast gəlmək artıq müşkül məsələdir.
 
Kitabla, mədəniyyətlə ilkin tanışlıq yeri olan məktəblərdə nə baş verir? Hamımıza yaxşı məlumdur nələrin baş verdiyi. Bircə gün bir məktəbin girişini izləmək, bircə dəfə dərsliklərə nəzər salmaq, bircə dəfə dərs deyən müəllimlərlə bir neçə dəqiqəlik təmas kifayətdir nələrin baş verdiyini anlamaq üçün.
 
Universitetlər məktəblərdən də bərbad. Ciddi mədəniyyətlə, ədəbiyyatla telekanalların arasında aşılmaz dağlar dayanıb. Hər yer bomboz. Heç kimin nə ədəbiyyat, nə kitab vecinə deyil. Ən cılız müğənninin də hörməti ən sanballı yazardan artıqdır. Nəinki yerli yazarların, heç illərlə “bestseller” olmuş xarici yazarların da satışı min nüsxəni keçmir. Kitab satılmır, qonorar sistemi yoxdur, maddi problemlər yazarı hər şeydən betər gücdən salır. Xarici dillərə tərcümə sistemindən heç danışmağa dəyməz. Bir yandan yuxarıların basqısı, bir yandan insanların etinasızlığı. Üzə çıxarılan ədəbiyyat da saray ədəbiyyatı. Sizcə belə toplumda sanballı yazarların, əsl intellektualların yaranma ehtimalı nə qədərdir? Belə bir mühitdə hələ də ultra-fədakarlığı sayəsində ayaqda qalmağı bacarmış bir-iki insan varsa, bunun özü də böyük nəticədir...
 
Xəyali bir gənc yazarı gözləyən bu həyat yolunu və içində olduğu bu reallıqları oxuyarkən kimsə özünü kənara çəkib “mən belə olmaram” söyləməsin. Yazmağa iddialı olan hər birimizin başına gələ biləcək ssenarilərdir. Çünki biz də bu mühitin içindəyik. Ola bilər ki, kimsə xilas olsun, ya da kimsə elə əvvəlindəcə tərk etsin. Amma hər halda qarşımızda yaxşı nümunələrin olduğunu unutmayaq: dünyada yüzlərlə, bizdə isə bir neçə nəfər olsa da. 
 
Rəşad Səfər
 
Kultura.az
Yuxarı