Nədən "Salo"? Çünki hər bir insan həyatında bircə dəfə də olsa son həddi görməlidir. Tarixi-siyasi-ictimai hadisələrin həqiqi əksini yalnız incəsənət, xüsusilə də kino kontrastlar, mübaliğələr vasitəsilə göstərə bilər; hərçənd hərdən çaşıb qalırsan ki, mübaliğə daha çox haradadır - kinoda, ya həyatımızda?
Daxilən dörd hissəyə bolünən bu filmdəki bölümlər Dante Aligyerinin "İlahi komediya"sının başlıqlarını daşıyır: Cəhənnəmin astanası (Antinferno), Mania çevrəsi (Girone della manie), Nəcis çevrəsi (Girone delle merda), Qan çevrəsi (Girone del sangue). Tarixi-məcazi proobraz kimi 1943- cü ildə Mussolini üçün yaradılmış oyuncaq faşist "Salo respublikası"na, oradakı zor atmosferinə müraciət edən rejissor, əslində, tarix boyu hökm sürən əzən və əzilən, zorlu və zorlanan, cəllad və qurban probleminin ifadəsi üçün bunlardan daha uğurlu başlıqlar, daha uğurlu bir tarixi əsər tapa bilməzdi. Faşizmin son nəfəsi gedib-gəldiyi zaman bir neçə əsas "qəhrəman" (magistrat, bankir, hersoq və monsinyor) qapalı bir qəsrdə yığışaraq zorlanan gəncliyin rəmzi kimi 9 oğlan və 9 qız üzərində sado-mazoxist oyunlara başlayır. Son nəfəsinə qədər gəncliyi zorlamağa davam edən "qocaların" tam dominasiyası bütün film boyu xəyali bir totalitar ölkəni və ya zor üzərində qurulmuş cəmiyyəti təsvir edən bu qapalı məkanda keçir. Şübhəsiz ki, burada italyan klassikasının incilərindən olan "Dekameron"a da apelyasıya var, əlbəttə ki, əks mənada.
"Salo və ya Sodomun 120 günü" filmindən kadr
Bu dəhşətli filmin süjetini danışmağa ehtiyac yoxdur, çünki burada baş verən homoseksual aktlar, zor və zorlama səhnələri, hekayətlər, qətllər, nəcis qonaqlığı, əslində, bütün XX əsr boyu totalitar ideologiyaların insanlar üzərində sınaqdan keçirdiyi zorakılıqların dolğun məcazi əksi, ideallara sadiq görünməyə çalışan totalitar cəmiyyətin daxili anatomiyasıdır. Kəskin ifşaedici xarakter daşıyan bu əsəri yarandığı zamandan indiyədək özünün provokativ potensialını saxlamış anti-utopiya janrına da aid etmək olar.
Hazırda cəmiyyətimizin köklü islahatlara ehtiyacı var. Ölkədə baş vermiş ictimai kolliziyaların, dərin mənəvi böhranın, faktiki siyasi kollapsın fonunda həyatımıza yeni gözlə baxmağın zərurət olduğu hamıya gün kimi aydındır. Mədəniyyətə, mədəni anlayışlara, incəsənət tariximizə, "ziyalı" adlanan təbəqəyə ictimai baxışda lüstrasiya, təftişçilik baş verməzsə, ciddi sosial dəyişikliklərin, o cümlədən siyasi islahatların baş tutma ehtimalı sıfıra bərabərdir. Buna görə də, ilk öncə aqrar feodalizm quruluşunun ölkədə yenidən oturuşması üçün olmazın xidmətlər göstərmiş müqəddəs qocaman kötüklərimizin, onların cəmiyyətdəki iyerarxik pillələri şərtləndirən mədəniyyət anlayışlarının yenilməsi gərəkdir.
Haqqında danışdığımız filmin bu mənada yeni gəncliyimiz üçün "silkələyici" effekti ola bilər. Cəmiyyətimizdəki proobrazları, hökm sürən atmosferi, gələcəkdə baş verə biləcək faciələri ölümündən bir qədər əvvəl öncəgörmə kimi lentə alan dahi italyan rejissoru Pazolini gənclərimizə bu imkanı verir.
Dəhşətli və iyrənc olsa da, baxın. Alleqoriya olmağına baxmayaraq oradakı bir çox obrazlar sizə tanış gələcək. Bəs süjet necə, tanışdırmı?
Elmir Mirzəyev
"Toplum" jurnalı