post-title

Andre Morua - Yad qadına məktublar

«Yad qadına məktublar» – insan qəlbinin mahir bilicisi adlandırılan görkəmli fransız yazıçısı Andre Moruanın (1885–1967) xüsusi janrda qələmə alınmış ən yaxşı əsəri, ədəbiyyat mütəxəssislərinin yekdil fikrincə, tayı-bərabəri olmayan sənət incisi sayılır. Bioqrafik romanlarından fərqli olaraq, ümumilikdə 56 essedən ibarət olan bu məktubları böyük sənətkarın «bəşər övladına səmimi ürək sözləri», yaxud «gələcək nəsillərə tövsiyələri» kimi də dəyərləndirmək mümkündür.

 
 
İzdivac uyğunsuzluğu haqqında
 
Uyğunsuzluq – iki insanın heç cür razılığa gələ bilmədiyi və deməli, birlikdə yaşamağı bacarmadıqları bir vəziyyətə gətirib çıxaran xarakter və temperament ziddiyyətidir.
 
Uyğunsuzluğun həqiqətən baş verməsi üçün aradakı ziddiyyət kəskin və barışmaz olmalıdır; əks təqdirdə, yəni əgər bu, belə olmasaydı, onu heç uyğunsuzluq adlandırmazdılar. Elə hallar olur ki, birgə ər-arvadlıq dövrünün ilk vaxtlarında bir-birinə qarşılıqlı vərdişetmə tamamilə qeyri-mümkün olmasa da, çox çətin alınır. Bəzən bu, ərlə arvad arasında sevginin olmaması səbəbindən baş verir. Kişi və qadın mühakimə əsasında nikah bağlayırlar; onlardan hər biri sərbəst və tənha həyata vərdiş edib; biri digərinin qəfil peyda olan istək və şıltaqlığı ilə hesablaşmaq zərurətini pis keçirir. Sevgi bu cür fədakarlığı asanlaşdırardı və təzə vərdişlərin yaranması özünü ləngitməzdi. Arada əvvəldən məhəbbət olmayanda isə ərlə arvad arasındakı qarşılıqlı müqavimət daha şiddətli şəkildə üzə çıxır. Amma hər necə olsa, əgər birgə həyatın gedişatında qarşılıqlı maraq yaranırsa, yaxud düşüncə barışdırıcı rol oynayırsa, onda hər şeyin qaydasına düşməsi mümkündür. Amma əgər nikahın üstündən keçən bir neçə aydan, yaxud hətta bir neçə ildən sonra da məlum olanda ki zaman heç nəyi yaxşılığa doğru dəyişmək iqtidarında deyil (ona görə ki, ərlə arvad arasındakı ziddiyyətin kökləri artıq çox dərinlərə işləyib), bax onda bu vəziyyəti tam şəkildə uyğunsuzluq adlandırmaq olar.
 
Burada səbəblər müxtəlif ola bilər. İlk növbədə – zövqlərin əksliyi. Ərlə arvadın birgə həyata uyğunlaşmasından ötrü onların arasında ən azından minimal oxşarlığın olması lazımdır; misal üçün, Jorj Sandın nikahı, onun ailə həyatı üzərində düşünün. O, hələ lap gənclik çağında – on səkkiz yaşında – baron Kazimir Düdevana ərə getmişdi. Kazimir gözəl bir gəncdir və xanımını xoşbəxt eləmək istəyir; öz növbəsində, Jorj Sand da xoş niyyətlə nikah bağlayır və birgə ailə həyatına qədəm qoyur. Lakin o, ədəbiyyatı və musiqini qızğın ehtirasla sevən savadlı bir qadındır, Kazimir isə kitabın bircə səhifəsini çevirməmiş, yuxu onu tutur. Bir məsələ də var ki, Kazimir öz arvadına heyrandır və buna görə də xanımının xoşuna gəlməkdən ötrü var gücüylə çalışır, az qala, lap dəridən-qabıqdan çıxır. Jorj Sand ona Paskalı oxumağı məsləhət görür, elədirmi? Eybi yox, Kazimir bunu sınaqdan keçirər. Amma heyhat! Kitab onun əlindən sürüşüb yerə düşür və bu, arvadında ona qarşı ikrah yaradır.
 
Bundan başqa, Jorj Sand çoxlu roman oxuyub və fikirləşir ki, həyat bu romanlara uyğun gəlməlidir; o, ehtiraslı məhəbbətin həsrətini çəkir, istəyir ki, bu sevgi ən yüksək bir şəkildə ifadə olunsun. Bədbəxt Kazimirə isə zərif ehtirasların dili qətiyyən tanış deyil. Ondan ötrü ailədə sevgi – ərlə arvadın təbii hüquqlarıdır. Ər arvadı öz ağuşuna alır və bununla da hər şey ifadə olunur, hər şey deyilmiş olur. Uyğunsuzluqdurmu? Bəli, uyğunsuzluqdur. Qabaqcadan söyləmək əsla çətin deyil ki, lap hər iki tərəfdən vaxtaşırı olaraq yetərincə xoş məramlar ortaya çıxsa belə, həmin nikah gəmisi ilk sualtı qayaya rast gələn kimi hökmən qəzaya uğrayacaq – o «sualtı qaya» isə hər hansı romantik bir gənc ola bilər.
 
Bəzi hallarda ərlə arvad arasındakı ziddiyyətin kökü heç də onların intellektual, yaxud emosional səviyyəsinin fərqində olmur, bunun əsasında vərdiş fərqliliyi durur. Ər qənaətcil və ehtiyatkar valideynlər tərəfindən tərbiyə olunub, arvad isə – kifayət qədər sərbəst həyat tərzi keçirən düşüncəsiz bir ananın tərbiyəsini görüb. Gənc xanımın ev işlərini, ailə təsərrüfatını idarə etmək vərdişi yoxdur, mədaxil və məxaricin haqq-hesabını aparmaq zərurəti onu darıxdırır, «ailə büdcəsi» anlayışı onunçün mənasız şeydir. Belə ailədə münaqişələr qaçılmazdır – onlar ara vermədən daim yaranacaq və çox tez bir zamanda xoşagəlməz problemə çevriləcək. Ər israr edəcək ki, ailənin bütün gəlir və məsrəfləri qeyd olunsun və bunlar bir-birinə uyğun şəkildə aparılsın, qadın isə bu qənaətcilliyi cılız qəddarlıq və acgözlük əlaməti sayacaq. Əgər onlardan heç biri öz vərdişlərini dəyişməsə, onda bu mübahisələr uyğunsuzluq törədə bilər. Eyni vəziyyət ərlə arvadın hər ikisinin həyat ritmi son dərəcə müxtəlif olduqda da baş verə bilər. Bir anlığa təsəvvürünüzdə işgüzar, çalışqan, əlindən hər şey gələn və öz həyatını bütün mümkün məşğuliyyətlərlə, müxtəlif maraqlarla doldurmağa çalışan, səyahəti xoşlayan, daim şən ovqatda olan bir ər surəti canlandırın və onu süst, solğun, ləng, daim yorğunluqdan gileylənən və rahatlıq, dinclik həsrəti çəkən fleqmatik bir qadınla eyni tərəzinin gözünə yerləşdirin. Ər həmişə lap dəqiqəsinə kimi dəqiqdir, arvad isə hər zaman gecikir, vaxtın qədrini qətiyyən bilmir. Həyat ritminin bu cür oxşarsızlığı ucbatından yaranan toqquşmadan necə qaçmalı? Ola bilər ki, qarşılıqlı təmkin yoluyla; lakin əziyyətsiz, iztirablarsız keçinmək, onsuz da, mümkün olmayacaq. Əgər umumi – yəni qarşılıqlı surətdə qəbul edilən  həyat tərzi yaranmasa, əgər yaxınlıq bir-birindən bu dərəcədə fərqli adamların cütlüyünü bir-birinə bənd edə bilməsə, bu halda uyğunsuzluq qaçılmazdır.
 
Hətta ərlə arvadın xarakter və zövqləri arasında çox və ya az dərəcədə oxşarlıq olduğu təqdirdə belə, bir-birinə daban-dabana ziddiyyət təşkil edən siyasi baxışlar, yaxud dini əqidələr birgə ailə həyatı üçün ciddi təhlükə yarada bilər. Elə dövrlər olur ki, buna çox da böyük əhəmiyyət vermirlər, lakin belə mərhələlər çox nadir hallarda olur və qısa çəkir. Bizim dövrümüz tələb edir ki, hər bir şəxs həyatda müəyyən mövqe tutsun. Əlbəttə, düşünmək olar ki, dindar arvad Allaha inanmayan ərə mərhəmətlə yanaşsın, yaxud mütəxəssis-ər mühafizəkar dünyagörüşlü arvada qarşı təmkin nümayiş etdirsin. Amma bu «mərhəmətin» ömrü çoxmu uzun çəkəcək? Ərlə arvaddan hər hansı birinin «əminliyi» öz ardınca müəyyən davranışlar da gətirəcək ki, bu da digərinin qınağına səbəb olacaq. Müəyyən siyasi oriyentasiya həmfikirlərdən ibarət böyük bir dost çevrəsinin əmələ gəlməsinə səbəb olur. Belədə ərlə arvaddan hansı birininsə dostları, sadəcə, digərinin düşmənlərinə çevrilir. Güclü məhəbbət hissi hətta bu halda da tədricən (vaxt ötdükcə) ərlə arvadın baxışlarının yaxınlaşmasına xidmət göstərə bilər. Bu «zərif» arbitrin yoxluğu şəraitində isə ən yaxşısı riskə cəsarət etməməkdir. Çalışın ki, həmişə vacib həyati problemlərə baxışları axıradək olmasa da, sizinkiylə üst-üstə düşən kişilərlə (yaxud qadınlarla) nikaha girəsiniz. Əks təqdirdə sizi uyğunsuzluq gözləyəcək. Əlvida.  
 
Tərcümə: Mahir N.Qarayev  
 
 
Yuxarı