post-title

Hekayələr - "Pişik və balaları" və "Sevgi"

Sevib evlənmişdi. Əkiz uşaqları olmuşdu qız və oğlan. Günelin valideyinləri tərəddüd etsələr də gənclərin sevgisi qalib gəlmişdi. Onlar sevişən zaman qonşular paxıllıqdan barmaqlarını gəmirirdilər, stəkan qoyub divara qulaq asırdılar. Yəqin o qonşulara başqasının sevişməsi ilə maraqlanmaq öz sevişmələrindən daha çox həzz verirdi.

 
Pişik və balaları
 
 
O yenicə balalamışdı. 4 balası olmuşdu. Hərbi hissənin tibb məntəqəsinin şəxsi heyyətindən biri kimi idi. Hərənin bir vəzifəsi vardı və onun da vəzifəsi siçovulları yemək idi. Təbii sanitar idi. O öz işini yaxşı bilirdi.
 
Xüsusi hörməti vardı, doğanda əsgərlər ona yer də düzəltmişdilər. Balalar böyüdükcə daha da sevimli olurdular. Bir-birləri və anaları ilə elə gözəl oyunlar oynayırdılar ki, onlara baxanda vaxtın necə keçdiyini bilmirdi əsgərlər. Bir birlərinə çox bağlı idilər, anaları da onları gözdən qoymurdu. Qayğısız və şən yaşayırdılar hərbi geyimlilərin arasında.
 
Tibbi xidmət üzrə komandir, orta boylu, zəhmli, əsgərlər arasında qəddarlığı ilə ad çxaran mayor Musayev bu balaca pişiklərin xoşbəxtliyini gördükcə daha da qəddarlaşırdı və əsgərlərə bunları məntəqədən rədd eləməyi dəfələrlə demişdi. Əsgərlər bir yolla həmişə bu tapşırığı yerinə yetirməkdən boyun qaçırırdılar. Və sonunda qəti olaraq əmr verdi. Pişik balaların azdırın!
 
Onları neylon kisəyə qoydular. Balacalar onlara həmişə sevgi ilə yanaşan əsgərlərin belə etməklərindən çaşqın idilər və bəlkə də bunu hansısa növbəti oyunların biri zənn edirdilər. Kisənin içində çırpınırdılar. 
 
Təcili tibbi yardım maşını işə düşdü və kisədəki balalar da onun içində. O maşında mən də vardım.
 
Hərbi hissədən bir neçə kilometr aralıda , hərbi hospitalın həyətində maşın dayandı və kisədəki pişik balalarını əsgərlərdən biri həyətə buraxdı. Həyətə də yox, daha doğrusu küçəyə. Dörd şirin bala. Nə edəcəkdilər? Anasız südəmər körpələr...
 
Mən hospitala çox gedirdim, əsgərləri müayinəyə aparırdım. Sonradan nə qədər axtardımsa onları tapa bilmədim. Bir gün təsadüfən rastıma çıxdılar. Hadisədən 10 gün keçirdi. İki bala qalmışdı. Halsız şəkildə bir birinə sıxılıb naməlum, vecsiz, ümidsiz, mənasız ifadəli gözləri ilə ətrafa baxırdılar...
 
Ana pişik isə onları çox axtardı hərbi hissədə. Çox çağırdı onları. Bir neçə aydan sonra yenidən balaları oldu. Əsgərlər onun balalarını görən kimi özü onları yedi.
 
   
Sevgi
 
25 yaşı vardı döyüşə gedəndə. Könüllü getmişdi. Ağdərə uğrunda gedən döyüşlərdə onların batalyonu xüsusi igidlik göstərmişdi. Namiq ilk məzuniyyətini 3 ay sonra  alıb evinə, həyat yoldaşının yanına qayıtdı.
 
Sevib evlənmişdi. Əkiz uşaqları olmuşdu qız və oğlan. Günelin valideyinləri tərəddüd etsələr də gənclərin sevgisi qalib gəlmişdi. Onlar sevişən zaman qonşular paxıllıqdan barmaqlarını gəmirirdilər, stəkan qoyub divara qulaq asırdılar. Yəqin o qonşulara başqasının sevişməsi ilə maraqlanmaq öz sevişmələrindən daha çox həzz verirdi. Qonşular manyak idi. Namiqlə Günel milyonlarla manyakın içində yaşayırdılar. Sevgililər 3 ayın həsrətinin acısını çıxarırdılar. Zamanları isə az idi, Namiq 5 gündən sonra hərbi hissəyə qayıtmalı idi. Məzuniyyətin sonuncu günü qonşularda çay içməyə stəkan tapmaq olmazdı... Ayrılanda bərk sarıldılar bir-birlərinə. Günel ağlayırdı, Namiqin də gözləri dolmuşdu. İlk dəfə  gedəndə heç bu qədər təsirli olmamışdı. Deməyə o qədər çox söz vardı ki, amma hamsı boğazlarında düyünlənib qalırdı. Sonuncu dəfə sarılıb öpüşdülər. Dodaqları bərk-bərk bir birinə sıxıldı. Bir neçə dəqiqə belə qaldılar. Namiq Günelin əlindən tutub dodaqlarını onun dodaqlarından ayırdı. Və arxasını dönüb getdi. Günelin ağlamaq səsi onun qulağından uzun müddət getməyəcəkdi.
 
Onu bürüyən mənfi emosiyaların təsirindən yol boyu , Namiq nə sürücünün və digər sərnişinlərin boş-boş danışığını eşitmirdi, nə də yoldakı mənzərələri görmürdü. Hərbi hissəyə çatanda içini qəribə hislər bürüdü. Görəsən sağ-salamat ordan çıxıb Günelinin və uşaqlarının yanına qayıda biləcəkdimi?
 
Ağır döyüş gedirdi. Namiq kəşfiyyatçı olduğundan düşmən mövqelərinin tapılması, provakasiyaedici həmlələr onun bölüyünə tapşırılmışdı. Onlarla əməliyyat keçirdilər, itkiləri çox az idi. Günelin sevgisi ürəyinə qüvvət verirdi. Ən ağır əməliyyatları o üstünə götürürdü. Ancaq bir dəfə. Bir dəfə gecə düşmən tərəfdən əməliyyatdan qayıdanda... 
 
Gözlərini açdı ki hospitaldadır. Ayaqlarını hiss etmirdi. Həmən gecə minaya düşmüsdü Namiq. Ayaqları ilə yanaşı mina qəlpələri onun sidik yollarını da dağıtmışdı. Bunların hamsını o sonradan bildi. Özünü öldürməyə də cəhd elədi. Ancaq yaşamaq eşqi, bu halında belə Günelin ona məhəbbət dolu baxışları, heç nə olmamış kimi sevgili münasibəti, palatada heç kim olmayanda bağrına basıb ilk günki kimi öpüşləri Namiqə intihar etməyə imkan vermədi. 
 
Üstündən 5 il keçdi. Onlara heç kim kömək etmədi qohumlardan. Ailəvi dostların da ayağı kəsildi evlərindən. Məhlədəki dükana çoxlu borcları var idi. Qonaqpərvər, humanist Azərbaycan xalqı onların bu durumuna çox pis olurdular. Hətta o qədər pis olurdular ki, ürəkləri qan ağlayırdı və qulaqlarını çəkib, iraq olsun deyib keçirdilər. Namiqə dövlət tərəfindən verilən pul isə heç dərmanlarına çatmırdı. Əlil arabası belə ala bilməmişdilər. Günel cəmi 5 il keçməsinə baxmayaraq qocalmışdı. Dəli kimi sevişən cütlük artıq yox idi ancaq bir-birlərinə sevgi dolu baxışları, nəvazişli sözləri, oxşamaqları, ürəklərindəki eşq döyüntləri əvvəlki kimi idi, heç azalma yox idi.
 
Üstəlik vəziyyətləri çox pis olduğundan iş axtarıb tapmışdı Günel. Namiq etiraz etsə də başqa çıxış yolunun olmadığını da bilirdi. Günel işi restoranda tapdı- Qarabağ restoranında. Qabyuyan idi. Restoran müdiri Qarabağ ləhcəsi ilə danışan, vətənpərvər biri idi və müharibə dövründə Rusiyada işlədiyi pulla açmışdı restoranı. Vətənpərvər olduğundan adını da Qarabağ qoymuşdu obyektinin. Vətən, millət söhbətlərinə çox dözümsüz idi. Hər yerdə Qarabağın qaytarılmasının bir yolu var deyirdi, hərb yolu. Namaz qılan, Həccə getmiş mömin biri idi. Maşınının arxa şüşəsində "Maşallah" yazılmışdı. Günelə də çox qayğı ilə yanaşırdı. Vətənini sevən bir oğul olaraq Günelin agır vəziyyətdə yaşamasını bilib ona əlavə pul da verirdi. Hətta bəzən Güneli evə də o öz maşınında aparırdı...
 
Günel yataqdan qalxdı. Xeyirxah vətən oğlu isə hələ xoruldayırdı. Stolun üstündən  pulları götürüb otaqdan çıxdı. Günəşli bazar səhəri idi. Şəhər ümumi səs-küylü olsa da dərin bir sükut vardı Günelin içində. Heç nə fikirləşmirdi. Aptekdən Namiq üçün dərmanlar aldı, sonra isə bazara dönüb evə ərzaq aldı. Namiq və uşaqları onu gözləyirdi. Sevgi dolu baxışlarla bir birinə baxırdılar...
 
İlkin Quliyev
Yuxarı