İslamın reaksion, radikal, şəkilçi (zahirçi) və gözəllik düşməni olan qanadına vəhhabilik deyilir. Şiələr, ortodoks əhli-sünnə bunları dindən saymaya bilərlər, öz işləridir. Adamlar isə “ən doğru islam”ı təmsil etdiklərini manifestasiya edərək, sürətlə özlərinə tərəfdar toplayırlar. Çox pis, deyərdim hətta, çox axmaq yayılıblar.
Vəhhabilər təpədən dırnağa anti-estetikadır. “Obyektiv gerçəklik” bu sonsuz kainatda nə məna kəsb edir bilmirəm, mən bu fani dünyamızın hüdudlarındakı “obyektiv gerçəkliyə” söykənib deyirəm – vəhhabilər gözəllik düşmənidir. Elə ancaq ingilis imperializminin məhsulu olacaq qədər qorxunc bir layihədir vəhhabilik. Bu layihə iştirakçılarının 99 faizinin Allahın rizasını qazandığına, cənnətə gedəcəyinə, huri ilə yatacağına inanmaları layihə olduqları gerçəyini dəyişmir.
İrfanın, sufiliyin sehrinə qapılmaq üçün müsəlman olmaq şərt deyil - ateist şərqşünaslar, ezoteriklər, tarixçilər, erudit deistlər və ümumən intellektuallar üçün islam həm də Mövlanadır, Nəsimidir, Sədidir, İstanbuldur, İsfahandır, əl-Hambradır, Tac Mahaldır. Qərb dünyasında islamın bir də bu üzü tanınır.
Götürək İranı. İran deyəndə təkcə qara çarşablı qadınlar yox, həm də nəhəng bir mədəniyyət göz önünə gəlir. Əli Şəriəti dini qapı, sənəti isə pəncərə adlandırır. Nəzərə alın ki, Şəriəti cəfəri məzhəbində hörmət edilən bir fikir adamıdır. İstənilən vəhhabinin nəzərində isə Əli Şəriəti, qanı halal olan müşrikdir.
Sözümün canı - şiəlik incəsənətə, məntiqə, fəlsəfəyə açıqdır. İranda cinayətkarları krandan asırlar, amma eyni zamanda ölkənin tibdə, kinoda, fizikada böyük nailiyyətləri var. Persopolisi buldozerin qabağına verməyiblər, amma vəhhabilər Budda heykəllərini dağıdır. İran radikallıq fazasını bitirib, ehtiraslar çoxdan soyuyub, artıq dünyanı və reallığı dərk edir; bərabərhüquqlu tərəfdaş olmaq mübarizəsi aparır. Adamlar dünya ilə hesablaşırlar. İnternetə nəzarət edirlər, amma kökündən kəsmirlər. Türk dilində məktəb yoxdur, amma türklərin də başını kəsmirlər. İran kültürü mənə doğma deyil, təmasım 90-ların ortalarında Şəriəti ilə olub, onunla da bitib. Amma İranın tarix və kültürünün zənginliyini anlamayacaq qədər beyinsiz deyiləm.
İndi bu İranın və ümumən şiəliyin guya alternativi kimdir? Vəhhabilik, İŞİD? Ondansa məni Tehranda krandan assınlar. Bir zamanlar modern, nümunəvi bölgə olan Zaqatalanı da vəhhabilər basıb, ən çox buna yanıram. Meşə çaqqalları, dağ keçiləri, bostan siçovulları. Hökumət özü ölkəni bunlara arendaya verdi, indi də guya mübarizə aparır.
Azərbaycan hökuməti, vəhhabiliyin ölkədə cücərməsinə və ölkəni istila etməsinə birbaşa cavabdehdir. Balanslı siyasətin bir hissəsi, ərəblərin pul kisəsi və həyatın acı cilvəsi – bu da sizə nəticə, vəhhabilər Azərbaycanı ələ keçirdilər. Şiəliyin və İran təsirinin qarşısına çıxardıqları bu qüvvədən həm də gəlir mənbəyi kimi istifadə olunurdu. Doxsanların əvvəlindən, iki minlərin əvvəlinəcən (ölkəyə neft pulları axana qədər) Küveyt, Qatar və Səudiyyəli emissarlar yuxarılara fantastik paylar çatdırdılar. Bu günə qədər Azərbaycan hökumətində adamları, üzvləri, himayədarları var. Vəhhabilər BP-də də sağlam mövqeyə malikdirlər. Çoxsaylı işadamı vəhhabilər var. Hətta Bakıda, SOROS fondunda bunlardan bir neçəsi işləyirdi.
Vəhhabilər şiələrə təqiyyəçi deyirlər, amma özləri lazım gələndə yaxşı “krısa”lıq edirlər. Soruşanda da deyirlər ki, hərbdə hiylə etmək caizdir. İşlətdikləri restoranlarda içki verirlər, çünki “dar-ul hərb”də bu əməl halaldır. Fətva çıxarırlar ki, “dövlət başçısına üsyan etmək haramdır”. Tipa bunlar rejimə loyaldırlar. Kimsə bunlara inanırsa, deməli o adam maldır.
Bir də bu vəhhabilərin adlarından narazı qalıb, özlərinə ərəb adları götürməkləri yoxdurmu? Vay vay, adamın əti tökülür. Amma nə olsun? Lotuluq edirlər, onlara hər şey olar. Şiələrin İçəri Şəhərdəki məscidini əllərindən alıb, iki addımlıqdakı Ləzgi məscidini vəhhabilərin ixtiyarına verməyin adı çox ağırdır, ona görə yazmıram. Redaksiya icazə vermir.
Bir daha təkrarlayaq - hökumət, ideoloqu İbn-Teymiyyə olan bir dini sektanın, şiələrin dominant olduğu bir ölkədə və regionda qol-qanad açmasına şərait yaratdı. İbn-Teymiyyənin “Minhacus-Sünnə”sində nələr yazıldığını məmə yeyəndən, pəpə deyənə qədər, bütün vəhhabilər bilir. “Rafizilərin qanı halaldır” yazan adamın fanatları, Azərbaycanda “qanı halal” olan adamlarla bir binada, bir şəhərdə, bir ölkədə yaşamağa başladılar. Çoxaldılar, çoxaldılar, çoxaldılar. Saatlı bomba da demək olar buna. Bir gün, şiələrin qanının halal olması məlumatı praktikaya da keçməlidir ya yox? Hələlik Azərbaycanda şiə kəsə bilmirlər, gedib terorçu dəstələrin sıralarında – İraqda, Suriyada kəsirlər.
Bir nəfər “Zeynəbin itiyəm” qəzəlini oxudu, adamı biabır etdilər. Halbuki Zeynəbin, Hüseynin iti olmaq, İbn Teymiyyənin, Muhamməd ibn əbdül-Vəhhabın iti olmaqdan yaxşıdır. Nə Hüseyn, nə də Zeynəb - hər halda – qana və qətlə səsləməyiblər. Özlərinin də məzlum obrazları var.
Sünnilər də şiələr qədər vəhhabilərdən əziyyət çəkirlər. Vəhhabilər onları da müsəlman hesab etmirlər, çünki məzhəbə bağlı olmaq haramdır. Yazıq sünnilər, vəhhabilərə oxşamamaqdan ötrü, məscidlərdə əllərini az qala qasıqlarının üstündə birləşdirib namaza dayanırlar. Sanmayın ki, vəhhabiliyə sünnilikdən keçid daha asandır. Azərbaycanda şiə ailələrdən çıxmış nə qədər vəhhabi var, heç bilirsiniz?
Hökumət öz taleyinə görə narahat olanda konkret addımlar atır. N!DA-çıları, hüquq müdafiəçilərini özünə təhlükədir deyə həbs edib. Dövlətə təhlükə törədənlər üçünsə qorxu yoxdur. Dövlətin təhlükəsizliyini düşünən hökumət vəhhabiliklə dərhal mübarizəyə başlayardı. İlk növbədə dünyəvi, işıqlı, demokrat insanları həbsdən azad edərdi. Hüquq müdafiəçisinin hesabına həbs qoymaqdansa get vəhhabilərin maliyyə mənbələrini bitir, bizneslərini qapat, bank hesablarını dondur.
Dini Qurumlar idarəsi yaradıb, “qadağan olunmuş ədəbiyyat” siyahıları tərtib etmək, zərərli sektalarla mübarizə üsulu deyil. Kitab idxalına, ya da çapına qadağa qoymaqla, heç nəyə nail ola bilməzlər. Qadağan olunmuş bütün kitabların siyahısını mənə versinlər, mən onlara internetdə linkləri tapım verim. İlham Əliyev “Azərbaycanda internet azaddır” deyirsə, deməli hamı kimi vəhhabilərin də öz dini ədəbiyyatlarına rahat çıxışları var. Yoxsa Mübariz müəllim ekstremist dini ədəbiyyata internetdə filtr qoydurub?
Ərəbin Azərbaycanda heç bir humanitar fəaliyyəti ola bilməz, bizim ərəblərlə kimyamız uyğun deyil. Ərəb hara biz hara? Qonşumuz deyil, kültürümüz bir deyil, dilimiz bir deyil. Qaldı dinə, onun da ən insani, ən doğru yozumu bizdədir. Vəhhabilik isə hər şeyə təhqirdir – din anlayışına, kosmosa, ahəngə, kainata, nizama. Bəşəriyyətin keçdiyi əzablı yola və tərəqqiyə.
Fətva çıxarmaq lazımdır ki, hazırda Məkkə düşmən işğalı altındadır, ona görə də Həcc ziyarəti müvəqqəti olaraq, qeyri-müəyyən müddətə fərz deyil. Bundan başlamaq olar. Qadağan etmək, səyahət hüququnu məhdudlaşdırmaq olmaz, amma belə bir fətva vermək olar.
Yazar : Əli Əkbər
Musavat.com