post-title

Ədəbiyyat üzrə Nobelə layiq görülən yazar kimdir?

Fransız yazıçısı Patrik Modiano bu il “nasist işğalı dövründə insanın daxili aləminin təsviri” mövzusuna görə ədəbiyyat üzrə Nobel mükafatına layiq görüldü.

 
 
Modiano 1945-ci il, İyulun 30-u Parisin qərb şəhərətrafı hissəsindəki Bulon komunasında, işadamı və aktrisa ailəsində doğulub. 
 
İlk romanı “Ulduz Meydanı” (La place de l’étoile) 1968-ci ildə işıq üzü görüb və müəllifə tez bir zamanda məşhurluq qazandırıb. Bugünə kimi 30-dan çox əsər (buraya romanlar, uşaq kitabları və ssenarilər də daxildir) yazan  Modianonun son əsəri “Sən məhəllədə azmayasan deyə” ( “Pour que tu ne te perdes pas dans le quartier”)  adıyla 2014-cü ildə nəşr edilib. 
 
Daha öncəki uğurları: 
 
1972-ci ildə “Bulvar üzüyü” romanına görə Fransa akademiyasının, 1978-ci ildə “Qaranlıq küçə dükanları”na görə "Qonkur" ( Fransa), 2010-cu ildə Çino del Duka beynəlxalq ədəbiyyat mükafatlarını alıb. 
 
 Nobel Komitəsininin Modianonu mükafata layiq bilməsiylə bağlı rəsmi bəyanatında deyilir: "Nasizm dövründə insanın daxili aləmini və ən heyrətamiz insan talelərini aça bildiyi üçün yaddaş sənətinə görə mükafatlandırılır”.
 
Demək olar ki, yazıçının bütün əsərləri Fransanın ikinci Dünya Müharibəsi zamanı işğalından bəhs edən avtobioqrafik əsərlərdir. Modianonun qəhrəmanları yaddaşını qurdalayan, günahlar, itkilər haqda düşünən və özünü axtaran kəslərdir. Tənqidçilər deyirlər ki, sanki onun romanları biri birinin davamıdır, bir kitabda təsvir olunmuş hadisələr digərində davam edir, eyni personajlar müxtəlif romanlarda qarşımıza çıxır. Nobel Komitəsi 1997-ci ildə yazılmış “Dora Bruder” adlı,  holokost qurbanı olan 15 yaşlı parisli qız haqda real hadisələr əsasında yazılmış romanı və 2005-ci ildə yazılmış “Soy” (“Un pedigree”) avtobioqrafik romanlarının adını çəkir.
 
Nobel mükafatı alması yazıçının kitablarının satışının bir neçə dəfə artmasına səbəb olub. Belə ki, indiyədək yalnız Fransada məhşurluq yaşayan, Avropada və Amerikada o qədər də geniş oxucu kütləsinə sahib olmayan Modianonun kitablarının təkrar nəşrləri haqda fransız naşir nüsxələrin şirkət tərəfindən 100000-nə qaldırılacağı haqda xəbər yayıb. ABŞ-da isə bu vaxta qədər Modianonun 3 kitabını çapdan çıxaran naşir Devid R. Qodin əlavə olaraq 15000 nüsxə də çap ediləcəyini deyib.
 
Nobel Komitəsi Nobelə layiq görülməsi barədə xəbər vermək üçün Modianonu tapa bilməyib, xəbər ona qızı vasitəsilə çatdırılıb.  P. Modiano xəbəri eişitməsini belə çatdırıb: “Qızım zəng edib qalib olduğumu deyəndə, küçədə gəzişirdim. Bir qədər təəccübləndim, ancaq yenə də gəzintiyə davam etdim”. 
 
Bundan əlavə o, mükafata layiq olduğunu da “qeyri-real” hesab edir, Kamyunun 1957-ci ildə, Sartrın isə 1964-cü ildə ədəbiyyat üzrə Nobel mükafatını aldığını xatırladan yazıçı öz seçilmə səbəbini aydınlaşdırılmasını istədiyini bildirib: “Onların öz seçimlərini necə izah edəcəklərini bilmək istərdim. Mən həmişə hiss etmişəm, həmişə bilmişəm ki, 45 ildir sanki eyni kitabı yazıram".
 
Qeyd edək ki, Modianodan əvvəl mükafata 2013-cü ildə kanadalı hekayə yazarı Alis Munro, 2012-ci ildə Çin romançısı Mo Yan, 2011-ci ildə İsveç şairi Tomas Transtromer və 2010-cu ildə Peru yazıçısı Mario Varqas Lyosa layiq görülüb.
 
Kultura.az
Yuxarı