post-title

Son 40 ildə vəhşi heyvanat aləminin 50%-i məhv olub

Ümumdünya Vəhşi Təbiəti Mühafizə Fondu (WWF) və London Zoologiya Cəmiyyətinin alimləri tərəfindən aparılan böyük miqyaslı araşdırmanın nəticələrinə əsasən, son 40 il ərzində Yer kürəsindəki vəhşi heyvanların sayı yarıya enib.

 
 
Bu iki təşkilat tərəfindən yayımlanan “Living Planet Report” adlı hesabatda bildirilir ki, 1970-2010-cu illərdə planetimizdəki məməlilər, quşlar, sürünənlər, suda-quruda yaşayanlar və balıqlarının 50%-dən çoxu məhv olub. İnsanların qida üçün heyvanları kütləvi şəkildə öldürməsi, onların yaşadığı təbii mühiti kirlətməsi və məhv etməsi quruda, çay və dənizlərdə yaşayan heyvanların belə misli görünməmiş sürətdə və miqyasda məhvinin əsas səbəbidi.
 
WWF-unun araşdırması zamanı 3 mindən çox heyvan növü və 10 min müxtəlif heyvan gözdən keçirilib. Ən çox heyvanat aləmi itkisinə məruz qalan Cənubi Amerika regionu olub. Buradakı quruda yaşayan vəhşi heyvanların sayında 83% azalış qeydə alınıb. Bu araşdırmadan sonra əldə edilən məlumatlar əsasında WWF elmə məlum olan 45 min onurğalı növünün hal-hazırda hansı vəziyyətdə olduğunu göstərən “Living Planet İndex”-ini yaradıb.
 
WWF-un yaydığı hesabatdakı ikinci indeks isə insanların “ekoloji ayaq izi“ni (ecological footprint) hesablamağa kömək edir. Ekoloji ayaz izi, sadə dillə desək, insanların təbii resusrlardan istifadə miqyasıdır (bu və ekoloji ayaq izini necə azaltmaq barədə ayrı yazı yazacam). Bu indeksə görə, hal-hazırda qlobal miqyasda ağacların kəsilməsi yeni ağacların əkilməsindən, balıq tutulması okeanın özünü yenidən balıqla tədarük etməsindən, çay və akiferlərin suyundan insanların tələbatları üçün istifadənin yağışın çayları yenidən suyla doldura bilməsindən daha sürətlə baş verir. İnsanlar okeanların və meşələrin uda (əmə) biləcəyindən daha çox karbon dioksid istehsal edir ki, bu da nəticədə Yer kürəsini böyük təhlükə altına salan qlobal istiləşmə və iqlim dəyişməsinə səbəb olur.
 
Hesabat sonda bildirir ki, hazırki global istehlak səviyyəsini (average consumption rate) təmin etmək üçün 1.5 Yer Kürəsi lazımdı. Yəni, Yer kürəsi hazırki global istehlak səviyyəsinə tab gətirə bilmir. Hələ təkcə, ABŞ əhalisinin istehlak səviyyəsini tarazlaşdırmaq üçün 4 Yer kürəsinə ehtiyac var.
 
 
Qayıdaq heyvanat aləminə
 
Heyvanlar aləmi arasında ən sürətli məhv olma halları şirinsu ekosistemlərində yaşayan heyvanlarda müşahidə olunub. Balıqlar, ördək, qaz, qurbağa və səməndər kimi şirinsu hevyanların sayı 1970-ci ildən bəri 75% azalıb. Şirinsu heyvanlarının sayının belə misli görünməmiş şəkildə azalmasının səbəbi ekoloji kirlənmə ilə yanaşı, həm də su anbarları və su axının qarşısını alan süni manelərin tikilməsidi. Hal-hazırda dünyada 15 m və daha da hündür olan 45 mindən çox su anbarı var. Bu anbarlar/səddlər çayı minlərlə hissəyə bölür və çayın təbii axınının qarşısını alır.
 
Yer kürəsində əhalinin sayının artımı ilə birlikdə, şirin sudan istifadə də artır. Keçən əsr ərzində dünya əhalinin sayı 4 dəfə artıb, bununla müqayisədə sudan istifadədə yeddi dəfə artım müşahidə edilib.
 
1970-ci ildən bu yana quruda yaşayan heyvanların sayı 40% azalıb. Mərkəzi Afrikadakı meşə fillərindən (bu fillərin qeyri-qanuni ovlanma həddi doğuş həddindən daha yüksəkdir) tutmuş, Banqladeşdə hulok gibbona, Avropada çəmən və asp gürzüsünə kimi bir çox heyvanların sayı kəskin şəkildə azalıb.
 
Dəniz heyvanlarının da sayı həmçinin 40% azalıb, bundan ən çox əziyyət çəkənlər isə tısbağalar olub. Ovçuluq, yuvalarının məhv olması və balıqçıların torlarına ilişərək boğulmaları nəticəsində dəniz tısbağalarının 80%-i məhv olub. Saylarındakı kəskin şəkildə azalış halları quşlardan da yan keçməyib. 1970-ci ildən bəri kənd təsərrüfatının intensivləşməsi səbəbindən, Birləşmiş Krallıqdakı boz kəkliklərin sayı 50% azalıb, eyni zamanda Avstraliyadakı qulluq cüllütlərinin sayları 2005-ci ilə qədərki 20 il ərzində 80% aşağı düşüb.
 
 
Heyvanat aləminin ən çox məhvə uğradığı ölkələr isə əsasən inkişaf etməkdə olan kasıb ölkələrdir. Daha varlı olan inkişaf etmiş ölkələrdəki mühafizə tədbirləri heyvanların kütləvi şəkildə azalmasının qarşısını müəyyən qədər ala bilib. Ancaq heyvanat aləminin məhvinin böyük hissəsi 1970 (hesabatın başladığı ildən) çox çox əvvəl baş verib (məsələn, Britaniyadakı axırıncı canavar 1680-ci ildə öldürülüb).
 
İnkişaf etmiş ölkələr inkişaf etməkdə olan ölkələrdən qida məhsulları idxal etməklə, həmin ölkələrdəki heyvanat aləminin qida məqsədilə məhv edilməsində dolayısı yolla iştirak etmiş olur. Məsələn, 1990-cı ildən 2008-ci ilə kimi meşələrin qırılması nəticəsində istehsal olunan meşə materialları, mal əti və soya kimi məhsulların üçdə bir hissəri Avropa Birliyi ölkələrinə istehsal edilib.
 
Bunu qeyd etməkdə məqsəd inkişaf səviyyəsindən asılı olmayaraq bütün ölkələrin heyvanlar aləminin və vəhşi təbiətin məhv olunmasında rol oynadığını vurğulamaqdır.
 
Ən çox nəsli kəsilmək təhlükəsi ilə üzləşən növlər:
 
Delfin 
Dəri geyimli tısbağa (dəri kürəkli tısbağa)
Efiopiya canavarı
Afrika meşə fili
Daraqlı çəkic balığı
Hulok gibbonu
Liman suitisi
Afrika dişi aslanı
Ağ kərgədan
Begemot
Çəmən/Orsini gürzəsi (vipera ursinii)
Avropa ilan balığı
Gəzən albatros
Benqal pələngi
Su səməndəri
Qumluq cüllütü
Boz kəklik
 
Mənbə: http://metallady90.wordpress.com/ (Nərmin Məmmədovanın bloqu)
 
Kultura.az
Yuxarı